Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:21

Naxçıvanlı sürücülər Prezident Administrasiyası qarşısında (VİDEO)


Naxçıvanlı sürücülər Prezident Administrasiyası qarşısında
Gözlə

No media source currently available

0:00 0:02:32 0:00
Direct-ə keçid

Naxçıvanlı sürücülər 1 aya yaxındır ki, yanacaq dolu maşınlarını Biləsuvar keçid məntəqəsindən keçirə bilmirlər. Onları iyunun 28-də Bakıda Prezident Administrasiyası və Dövlət Neft Şirkətinin qarşısına toplaşıblar.

«XALQI PREZİDENTİN ÜSTÜNƏ QALDIRIRLAR»

Bir aya yaxındır ki, Biləsuvar sərhəd məntəqəsindən keçib Naxçıvana yanacaq daşıya bilməyən sürücülər problemlərinin həlli tələbi ilə iyunun 28-də əvvəlcə Dövlət Neft Şirkətinin, daha sonra Prezident Administrasiyasının binası önünə toplaşıblar. Həmin sürücülərdən birini eşidək:

- 130 maşındır, qalıb keçid məntəqəsində, hər birində də 30-32 min litr yanacaq var. Buraxmayacaqdılarsa, niyə bunu bizə Naxçıvandan çıxanda demədilər. Desəydilər, heç kəs gəlməzdi. Niyə bizi incidirlər. Hamının 5-6 uşağı var, heç kimin də ailəsindən xəbəri yoxdur. İncidirlər bizi. Xalqı prezidentin üstünə qaldırırlar.

Naxçıvanlı sürücülərin dizel yanacağı ilə dolu maşınlarına iyunun 1-dən Biləsuvar sərhəd məntəqəsindən keçib Naxçıvana getməyə icazə verilmir. Sürücülərin dediyinə görə, onlara bunun səbəbi barədə də bir söz deyən yoxdur.

«DEDİLƏR BİZLİK DEYİL. ATIRLAR BOYUNLARINDAN»

Bundan öncə Nazirlər Kabinetinə müraciət ediblər, oradansa onları Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin üstünə yollayıblar. Sürücülərə deyiblər ki, suallarına cavab bu qurumdadır. Amma Neft Şirkətində də onlara qaneedici cavab verilməyib:

«Bizi aldadırlar, deyilər ki, «şofer»dirlər də. «Şofer» adam deyil bəyəm? Hamı atır bir-birinin boynuna, heç kim bizə sahib durmur. Nazirlər Kabineti atır Rövnəq Abdullayevin üstünə, o, atır gömrüyün üstünə, gömrük deyir bizlik deyil. Biri də çıxsın desin ki, mənlikdir də. Bir aydır «Kamaz»da yatırıq, camaat heç öz yerində rahat yata bilmir. Bu bizi - sakit Azərbaycanı ayağa qaldırmaq deməkdir».

YARI QƏBULA, YARI DA PARKA

Yanacaq daşıyan maşınlar
Naxçıvanlı sürücülər Dövlət Neft Şirkətindən üz tutdular Prezident Administrasiyasına. Administrasiyanın binasına çatmamış bu dəfə də polis səddi ilə qarşılaşdılar. Ərazini mühafizə edənlər dedilər ki, yalnız 5 nəfəri qəbul otağına buraxa bilərlər. Qalanlarını isə yaxınlıqdakı «Filarmoniya bağı»na göndərdilər. Qəbuldan qayıdan 5 nəfərinsə gətirdiyi müjdə belə oldu:

«Prezident aparatında bizi bir şəxs qəbul etdi, dedilər ki, prezidentin adına ərizə yazın verin bizə, sabah saat 2-də nəticəsini bilərsiz».

Sürücülər həm ölkə başçısının, həm də Naxçıvan rəhbərliyinin məsələdən xəbərsiz olduğunu düşünürlər. Hesab edirlər ki, məmur özbaşınalığı və oliqarx maraqlarının qurbanıdırlar. Deyirlər ki, qazanc dalınca gəlib illərdir bu yolla ailələrini saxlasalar da, indi ziyanlarını götür-qoy edirlər:

«Şəxsən mən 500 manat xərcləmişəm. Biləsuvar keçid məntəqəsində 200 qram suyu 1 manata satırlar, çaya 1 manat veririk. Maşını dayanacaqda saxlamağın günü 1 manatdır. Özümü dolandıra bilmirəm, onu haradan verim».

BİRCƏ KİBRİT ÇÖPÜ VƏ....

Sürücülərin dediyinə görə, nə maşınlarını burada Allahın ümidinə qoyub gedə, nə də ki, yanacağını boşaldıb boş maşınla qayıda bilirlər. Dediklərinə görə, İran gömrüyündən üzü Naxçıvana boş maşın buraxılmır. Keçid məntəqəsinə yığılan 100-dən çox içi yanacaqla dolu maşın isə bütün Biləsuvar üçün təhlükəyə çevrilib. Sürücülərin dediyinə görə, havalar isti olduğundan yanacaq maşınlardan aşıb yerə tökülməyə başlayıb. Yəni, bircə kibrit çöpü kifayətdir ki, od tutub yansın.

Prezidentə ərizə yazan naxçıvanlı sürücülər bildirirlər ki, bu dəfə onları dolu maşınları ilə Naxçıvana buraxsalar, icazə verilməzsə, daha bu işin dalınca bir daha Bakıya gəlməzlər. Təki onların evsiz-eşiksiz, pal-paltar sarıdan dəyişiksiz və pulsuz-parasız günlərinə son qoyulsun.

TƏLƏBATDAN ARTIQ YANACAQ HARA İŞLƏNİR?

Prezident Administrasiyasından sürücülərin müraciətinə iyunun 29-da cavab veriləcəyini bildirsələr də, Dövlət Gömrük Komitəsindən artıq bu məsələ ilə bağlı açıqlama gəlib. Komitənin sədri Aydın Əliyev deyib ki, problem araşdırılır:

«Hər il Naxçıvana dizel və digər yanacaqlar üzrə müəyyən kvota ayrılır. Naxçıvana dizel yanacağının daşınması həmin kvota çərçivəsində həyata keçirilməlidir. İndi bu kvotadan dəfələrlə artıq yanacaq aparılır və Naxçıvanda buna tələbat yoxdursa, onda bu yanacaq hara istifadə olunur? Bu məsələlər indi araşdırılmaq üzrədir», - deyə A. Əliyev qeyd edib.
XS
SM
MD
LG