Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:41

Ferrari «Xəzri» modeli buraxa bilər (VİDEO)


«Ferrari 2011 Beynəlxalq Dizayn Müsabiqəsi»ndə Samir Sadıqovun layihə
«Ferrari 2011 Beynəlxalq Dizayn Müsabiqəsi»ndə Samir Sadıqovun layihə

«Uşaqlıqdan avtomobilə həvəsim çox böyük olub. Dərslərdə, evdə, bir sözlə hər yerdə avtomobil şəkli çəkirdim. Anam həkimdir, çoxlu kitabları var idi. Hətta kitablarına gizlin-gizlin maşın çəkirdim. Atam həmişə mənə avtomobil jurnalları, afişalar alırdı».

900 LAYİHƏNİN İÇƏRİSİNDƏ İKİNCİ

21 yaşlı Samir Sadıqov uşaqlıqda bəlkə də ağlına belə gətirməzdi ki, çəkdiyi avtomobil şəkilləri nə vaxtsa onu beynəlxalq müsabiqənin qalibi edər, eskizləri əsasında dünyanın ən tanınmış şirkətləri avtomobil istehsal edər.

Samir Sadıqov 1990-cı il iyulun 20-də Gəncə şəhərində anadan olub. Dediyinə görə, onun üçün ad gününə ən yaxşı hədiyyə «Ferrari 2011 Beynəlxalq Dizayn Müsabiqəsi»nin ikincisi seçilməsidir:

«Müsabiqəyə dünyanın 50 ən yaxşı dizayn universitetindən ümumilikdə 900 layihə təqdim olunmuşdu. Mən müsabiqəyə bir layihə təqdim etmişdim. Layihəni hazırlamağa dekabrda başlamışdım. Ən böyük ilham mənbəyim isə külək olmuşdu. İdman avtomobilinin layihəsini hazırlayırdım. Yəni, avtomobil rahatlıqla havanın içində süzməli idi. Layihəmə ad seçərkən də Ferrariyə uyğun italyan adı yox, özümüzün milli adımızla, «Xəzri» adlandırdım».

FERRARİ «XƏZRİ» MODELİ İSTEHSAL EDƏ BİLƏR

İyulun 19-da başa çatmış müsabiqədən sonra Samir Sadıqova iş təklifi də gəlib:

Dizayner Samir Sadıqov, Formula1 pilotu Fernando Alonso və Ferrari şirkətinin rəhbəri Luca Cordero di Montezemolo. 19 iyul. 2011.


«Yarışmanın qalibi olaraq mənə təklif etdikləri mükafatdan başqa, Ferrarinin iş təklifi də var. Amma hazırda mənim başqa şirkətlə müqaviləm olduğu üçün onlara cavab verməmişəm. Ümumiyyətlə biz işə başlayanda Ferrarinin baş dizaynerləri bizim işi yoxlayırdılar. Və onlar mənə deyirdilər ki, rahatlıqla hansısa özəl müştərimiz üçün sənin eskizinə uyğun avtomobil istehsal edə bilərik. Əlbəttə, əgər edəcəklərsə, bu model «Xəzri» adlanacaq».

BAKI METROPOLİTENİN YENİ LAYİHƏSİ...

Samir Sadıqov İtaliyada yerləşən Avropa Dizayn Universitetini bu il bitirib. 3 il bundan əvvəl həmin universitetin birbaşa ikinci kursuna qəbul olunan Samir təqaüd proqramını qazanmaq üçün «Mənim ölkəm» adlı layihə hazırlayıbmış:

«Hər fakültə öz yönündə bir layihə hazırlamalı idi. Mənim fakültəm nəqliyyat dizaynı olduğu üçün mən Bakı Metropolitenin gələcək dizaynını hazırlamışdım. Və bu layihə ilə mən təqaüdü qazandım. Bakı Metropolitenində həmişə qatarda gedəndə yüksək səs gurultusu hiss edirdim. Layihəmdə həmin səs gurultusunu aradan qaldırmaq üçün qatarların relslərin yerinə maqnit dəmirlər üzərində hərəkətini təqdim etmişdim. Və əlbəttə ki, bu həm də qatarların daha yüksək sürətini təmin edirdi».

BAKIDA TIXAC PROBLEMİNİN SƏBƏBİ...

Dizaynerin fikrincə, Bakıdakı tıxac probleminin əsas səbəbi isə nəqliyyat vasitələrinin hərəkəti və daha böyük avtomobillərdən istifadə olunmasıdır:

Samir Sadıqov

«Mən Avropada yaşayıram, buradakı insanlar daha çox ekonomik maşınlara üstünlük verirlər. Biz layihələr hazırlayanda da ən çox diqqət yetirdiyimiz hissə avtomobilin ölçülərini maksimum kiçik etməkdir. Çünki bu, maşınların şəhərdə daha rahat hərəkəti və daha rahat parkinq olunması üçün vacibdir. Bundan başqa Avropada ictimai nəqliyyat vasitələrinin – avtobusların, taksilərin, dövlət maşınlarının hərəkət xətti ayrı, şəxsi maşınların yolu ayrıdır. Əminəm ki, əgər bu sistem Bakıda da tətbiq olunsa, tıxac problemi həll olunar».

Samir Sadıqov yeni müqavilə bağladığı avtomobil şirkətində tezliklə işə başlamağın həyəcanını yaşayır. Əmindir ki, onu gələcəkdə daha böyük uğurlar gözləyir. O, qazandığı uğura görə ailəsi və ölkəsinə minnətdar olduğunu deyir.

Samir Sadıqovun bir arzusu isə Azərbaycanda da dizayn kurslarının və ya fakültələrinin açılmasıdır.

«Ferrari Beynəlxalq Dizayn Müsabiqəsi» 5 ildən bir keçirilir. Müsabiqənin keçirilməsində əsas məqsəd 2025-ci ildə Ferrari dizaynın seçilməsidir.

XS
SM
MD
LG