Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:46

İslam Partiyası üzvlərinin məhkəməsi davam edir


Mövsüm Səmədov
Mövsüm Səmədov
Avqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakimiyyəti zorla ələ keçirməkdə və terrora hazırlıq görməkdə ittiham olunan İslam Partiyasının sədri və üzvlərinin məhkəmə baxışı davam etdi. Məhkəmə qarşısına partiyanın sədri Mövsüm Səmədov və bu partiyanın 6 üzvü çıxarılıb. Prosesi izləməyə gələn dindarlardan təqribən 30-a yaxını məhkəmə binasının qarşısında qalmışdı. Məhkəmə salonunda yer olmadığından binaya buraxılmamışdılar və buna etiraz edirdilər.

Məhkəmə qarşısına çıxarılan Firdovsi Məmmədrzayev partiya sədrinin qaynı, Dəyanət Səmədov qardaşı oğlu, Vaqif Abdullayev sədr müavini, Rufulla Axundzadə partiyanın Astara rayon təşkilatının sədri, Fəramiz Abbasovla Zülfiqar Mikayılov partiya üzvləridirlər. Müttəhimlərdən 6 nəfər həbsdə, 1 nəfər - Zülfiqar Mikayılov ev dustağı olaraq zamindədir.

AFRİKA MƏHKƏMƏSİ İLƏ MÜQAYİSƏ

Məhkəmə iclası başlanan kimi təqsirləndirilənlər və onların vəkilləri məhkəmə tərkibinə etiraz etdilər. Vəsatətlərini belə əsaslandırdılar ki, keçirilmiş üç hazırlıq iclasında onların heç bir vəsatəti təmin olunmayıb. Vəkillər hazırlıq iclaslarında tutulanların mənzillərindən çıxan silahlarla bağlı sübutların olmamasına görə cinayət işinə xitam verilməsi, barələrindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi, məhkəmə iclaslarında video və foto çəkilişlərə icazə verilməsi ilə bağlı vəsatətlər qaldırıblar. Mövsüm Səmədovun vəkili Anar Qasımov:

- Möhtərəm hakim, Afrika kimi yerdə Hüsnü Mübarəkin məhkəməsini canlı yayımlayırlar ki, xalq görsün, məlumatlansın. Sizsə məhkəmə zalında bircə foto çəkilməsinin də qarşısını alırsınız.

İTTİHAM

Təqribən 15 dəqiqəlik müşavirədən qayıdan hakim heyəti məhkəmə tərkibinə etirazla bağlı vəsatətin təmin olunmadığını elan etdi. Sonra prokuror Vüqar Quliyev ittiham aktını elan etməyə başladı. Əvvəlcə Mövsüm Səmədova qarşı ittihamlardan danışdı. İttihama görə, Mövsüm Səmədov rəsmi dövlət qeydiyyatı olmayan İslam Partiyasına daxil olan bir neçə nəfərlə ölkədə terrora hazırlıq işləri aparıb. Cihada çağırışa, mövcud hakimiyyəti dəyişməyə yönələn hərəkətlər edib.

İstintaq orqanı cinayət işinin başlanmasına əsas kimi Mövsüm Səmədovun yanvarın 2-də hicabla bağlı çıxışını göstərib. İttiham aktında qeyd olunur ki, partiyanın hazırda həbsdə olan üzvləri, o cümlədən Səmədovun həbsdə olan qohumları ətrafında aparılan əməliyyatlar zamanı silahlar aşkar edilib.

Prokuror ittiham aktının Mövsüm Səmədovla bağlı hissəsini elan etdikdən sonra hakim Mövsüm Səmədova müraciət etdi:

- Səmədov, qalxın ayağa. Dövlət ittihamçısı ittihamı elan etdi. Mahiyyəti sizə aydındır?

- Bəli.

- İttihamı qəbul edirsiniz?

- Xeyr.

ETİRAZ

Bu vaxt zaldan səslər eşidildi:

- Bismillahir-Rəhmanir-Rəhim. Siz burda məzlum insanların haqqını tapdalayırsız.

Hakim:

- Nəzarətçi, çıxart bu adamı.

Zaldan:

-Nə istəyirsiz bu millətin canından.

Təhsil Nazirliyinin qarşısında hicabla bağlı etiraz aksiyası
Məhkəmə salonunda prokurorun elan etdiyi ittiham aktına etiraz səsləri çoxalmağa başladı.

Mövsüm Səmədov:

- Ağa, səbrli ol.

Bir neçə nəzarətçi Ağa Seyid kimi çağırılan həmin şəxsi məhkəmə salonundan kənarlaşdırdılar. Bundan sonra salonda əyləşmiş hicablı qadınlar etiraz olaraq səslərini qaldırdılar.

Hakim nəzarətçilərə:

- Çıxarın onları da zaldan.

«QONDARMA İTTİHAMLARDIR»

Nisbətən sakitlik yarandıqdan sonra prokuror ittiham aktının digər tutulanlarla bağlı hissəsini elan etdi. İttihama görə, onlar terrora hazırlıq məqsədilə Mövsüm Səmədovun ətrafında birləşərək naməlum mənbədən odlu silahlar əldə ediblər. Həmin silahları yaşadıqları mənzildə, mənzilin həyətində, Mövsüm Səmədovun qohumu Dəyanət Səmədovsa işlədiyi mağazada gizlədib. Rufulla Axundzadə isə evində silah saxlamaqla yanaşı həm də İran İslam Respublikasının «Səhər» kanalına telefon vasitəsiylə verdiyi müsahibədə dövlətçilik əleyhinə çıxışlar edib. Bunları prokuror ittiham aktından elan etdi.

Hakim təqsirləndirilənlərdən ittihamları qəbul edib-etmədiklərini xəbər aldı:

Vaqif Abdullayev:

- Qondarma ittihamlardır. Bu qədər də olmaz axı.

Sonra hakim üzünü Rufulla Axundzadəyə tutdu:

- Axundzadə, sizə aydındır ittihamın mahiyyəti?

- Xeyr. Mənə aydın deyil. Eyni sözləri prokuror Hacı Mövsüm, Hacı Vaqif, Ağa, sonra da mənim haqqımda dedi. Mən bilmirəm mənəm təşkilatçı, yoxsa kimdir? Bilmirəm götürüm bu günahı boynuma, ya götürməyim. O qədər sözə ehtiyac yoxdur, bir kəlmə söz desin ki, mənim günahım nədir.

Hakim ona hansı maddələrlə ittiham olunduğunu təkrarladı. Və dedi ki, bu, hələ o demək deyil ki, o, bu cinayətləri törədib. Bunu məhkəmə araşdıracaq.

Rufulla Axundzadə:

- Deməli, bu hələ istintaqın qənaətidir hə?

Hakim:

- Bəli.

Rufulla Axundzadə:

- Onda heç olmasa saxlanc yeri yazmayaydı, yazaydı gedib camaatın həyətindən götürmüşük. Təxəyyüllərinin sirrini niyə ortaya qoyublar. Bu təxəyyüldür axı. Öz təxəyyüllərinə əsaslanıb yazıblar.

Hakim:

- Onu məhkəmədə aydınlaşdıracağıq.

YALNIZ CÜMƏ AXŞAMLARI

Məhkəmə iclası yalnız günün birinci yarısı keçirildi. Hakim məhkəmə iclaslarının həftədə iki dəfə keçirilməsini də təklif etdi. Lakin vəkillər dedilər ki, təqsirləndirilənlərin hamısı oruc tutur. Həftədə iki dəfə məhkəməyə gətirilib-aparılmaları onlara ikiqat çətinlik yarada bilər. Vəkillərin xahişini nəzərə alan hakim elan etdi ki, məhkəmə iclasları həftədə bir dəfə - cümə axşamları keçiriləcək və növbəti iclası avqustun 11-nə təyin etdi. Həmin gün təqsirləndirilənlər sərbəst ifadə verəcəklər.

İslam Partiyası fəallarına qarşı bu ittihamlar sübut olunsa, onlar on ildən on beş ilədək və ya ömürlük azadlıqdan məhrum edilə bilərlər. Amma özləri ittihamları rədd edirlər.

M. Səmədov bu il yanvarın 2-də partiyasının iclasında orta məktəb şagirdlərinə hicab geyməyin qadağan edilməsinə görə hakimiyyəti sərt tənqid etmişdi. Tərəfdarları onun və partiya fəallarının əslində bu çıxışa görə həbs olunduqlarını deyirlər.
XS
SM
MD
LG