Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:45

Qarpızın 4 tonu 50 manata, kilosu 2-3 qəpik


Arxiv foto
Arxiv foto

«TƏRTƏMİZ, GÜL KİMİ, BİR MANATSIZ »

«Maşallah bu il bazarda bolluqdur. Keçən ilə baxanda bazarda qiymət də ucuzdur. Qarpızın kilosu ucuzdur, 10 qəpikdən aşağıdır. Yağ da, ət də düşsə, yaxşı olar».

Bazardakı bolluqdan və ucuzluqdan sevinə-sevinə danışan Səltənət Əhmədovadır. Amma o, bu bolluğun səbəbkarı olan fermerlərin bəzisinin müflisləşmə təhlükəsindən xəbərsizdir.

Sabirabadın Moranlı kəndində yaşayan fermer Ənvər Təhməzov deyir ki, bu il beş min manatlıq bostan bitkiləri, əsasən də qarpız-yemiş əkib. Amma məhsulun yarısı tarlada qalıb – gün yandırıb. Yarısını da dəyər-dəyməzə, kiloqramı cəmi 2-3 qəpiyə satıb:

- Əvvəl satırdıq 20 qəpiyə, 15 qəpiyə. Bu il onu 3 qəpiyə, 2 qəpiyə satdıq. Malı satdıq, verdik fəhləyə, özümüz də oyundan gül kimi tər-təmiz çıxdıq. Bir manatsız. Adam xəcalət çəkirdi vallah, elə puluydu ki, kalkulyatora da vurmaq olmurdu. Elə bil 4 ton malı 50- 60 manata verdik. O da fəhlə pulu, yol pulu... Bazara getdik, borcla qayıtdıq. Məhsul da yandı, qlobal istilər oldu, 50-55 dərəcə. Buna tağ dözər, qarpız dözər?

««MEYVƏLİ» BAZARDA SOYĞUNÇULUQDUR »

Ənvər Təhməzov deyir ki, adətən məhsulu Bakıda və Sumqayıtdakı bazarlarda, yarmarkalarda ya da yol qırağında satarmışlar. Amma bu il belə imkan yaradılmayıb:

- Şərait yaradılmadı. Binalar arasındakı, yol qırağındakı nöqtələri yığışdırdılar. «Meyvəli» bazarı yaratdılar. İki dağın arasına saldılar camaatı. O «Meyvəli» bazarda içəri girən kimi 30 manat, araba 10 manat, tərpəndin 7 manat. Onu yaradıblar camaatı soysunlar. Maşını qoyduq gəldik. Kirayə ilə yol pulunu çıxarda bilmədik. Soyğunçuluqdur.

Arxiv foto
«BİZDƏ 30 MANATDIR, BAŞQALARINDA 120 MANAT»

«Meyvəli» meyvə-tərəvəzlərin topdan və pərakəndə satış bazasıdır. Bakının Qaradağ rayonu, Lökbatan-Xocasən ərazisində yerləşir. İki ilə yaxındır açılıb.

«Meyvəli»nin meneceri Zahid Əmirovsa iddia edir ki, onlarda qiymət başqa bazarlarla müqayisədə çox aşağıdır:

- Bir «Qazel» malın girişi bizdə 20 manat, başqa bazarda 60 manatdır. Bizdə bir «Kamaz» malın girişi 30 manatdır, başqalarında 120 manat. Ondan başqa əlavə xərc yoxdur. Biz yeri icarəyə vermişik. Özləri satırlar. Başqa bazarda bu imkan yoxdur, alverçi kəndlini öz malını satmağa qoymur.

Kənd təsərrüfatı üzrə ekspert Vidadi Məhərrəmov yaranmış vəziyyəti inhisarçılıqla izah edir:

- Bir «Meyvəli» var, bütün fermerlər ora gəlir. Onlar da bundan sui-istifadə edirlər. Halbuki fermerin seçim imkanları olmalıdır. Hökumət inhisara meylli olduğu üçün bir inhisarçı da yaradır.

SABİR VƏLİYEV: «ÖZLƏRİ GÜNAHKARDIRLAR»

Kənd Təsərrüfatı Nazirliyində idarə rəisi Sabir Vəliyev isə deyir ki, «Meyvəli» özəl qurumdur, onun işinə qarışa bilməzlər.

O, baş verənlərə görə fermerləri günahlandırdı. Sabir Vəliyevin sözlərinə görə, bu il ölkədə həddən artıq bostan bitkiləri və meyvə istehsal olunub. Fermerlər də bunu əvvəldən hesablamalıydılar:

- Özlərinin günahlıdır. Kooperasiya haqda qanuna uyğun olaraq birləşib kooperativ yaradaydılar. Satış, tədarük qurumu yaratmalıdırlar ki, istehsal etdikləri məhsulu Rusiyaya, Belarusa aparsın. Özləri həll etməlidirlər. Dövlət dəstək verir, subsidiya, kredit verə bilər. Birləşmək lazımdır. Tək əldən səs çıxmaz. Məhsul istehsalı artıqdır. Dövlət neyləyə bilər ki? Dövlət yardım verib, istehsalı artırıblar, gərək bu deyilənləri çoxdan edəydilər.

FERMER YARDIM İSTƏYİR, NAZİRLİKSƏ YOX DEYİR

Ənvər Təhməzov dövlətdən yardım istəyir. Onun sözlərinə görə, bu il təkrar əkinə camaatın imkanı yoxdur. Sabir Vəliyevsə deyir ki, bu, mümkün deyil.

Kənd təsərrüfatı eksperti Vidadi Məhərrəmov:

- Kənd təsərrüfatı riskli sahədir deyə sığorta olunmalıdır. Məhsul istehsalından tutmuş satışa kimi sığorta müqavilələri bağlanmalıdır. Bunun bir qismini dövlət üstünə götürməlidir ki, hər hansı fors-major situasiyada fermer bu fürsətdən bəhrələnsin. Ancaq bizdə təəssüf ki, fermer sığorta müqaviləsi bağlaya bilmir. Fermerin imkanı yoxdur, hökumət də üzərinə götürmək istəmir.

Ekspertə görə, hökumət kəndliyə, fermerə şərait yaratmalıdır. Əks halda, onları müflisləşdirə, üstəlik də ruhdan sala bilər. Bunun acı bəhrəsini isə tək onlar yox, bütün ölkə dadacaq.
XS
SM
MD
LG