Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:25

Azad Qaradərəli "Burda kişi var?" (Hekayə)



..Vətənimdir, vətənimdir, vətənimdir, vətənim.
M. Füzuli
Vətənimdir, vətənimdir, vətənim.
A. Səhhət
Vətənim idi, vətənim idi, vətənim.
K. Xudan.


Alatoran. Yenicə göz-gözü seçməyə başlayıb. Hələ küçələrdə sakitlikdi. Təkdənbir adam gözə dəyir və alatoranda əriyib itir.

Hərdən maşın səsləri eşidilir. Yaxında kimsə əsnəyir, sonra öskürüb donquldanır.

Bütün bunlar iri qoz ağacında gecələyən vəhşi quşun qadın çığırtısına oxşayan tükürpədici səsi ilə müşayət olunur. (Adına qaraqulaq dedikləri bu quşu hələ indiyəcən görən olmayıb.)

Sovetdənqalma köhnə bufetin ( üstündə “SƏRİN – KAFE” yazılsa da, hamı bura bufet deyir) qabağında bircə qaraltı gözə dəyir.

Deyəsən adamdı, qatdalanma oturub. Elə qatdalanıb ki, adamdan çox kötüyə oxşayır.

Üstündə ət doğrananına yox, nədən ki, eləsinin üstü dümdüz olur, bunun isə başıyla g...ü bilinmir.

Alatoranda hərdən açılıb-yumulan, açılıb-yumulduqca da zəif küçə işıqlarının təsirindən işıldayan gözləri olmasa adam olduğunu fəhm edə bilməzsən.

Bir küçə iti zəngildəyə-zəngildəyə qaçaraq gəlib özünü bufetin qabağındakı kolluğa soxur. Yəqin həmcinsinin, yaxud küçə süpürənin qəzəbinə gəlib. Bir an

2

sonra çıxıb “Kötüyə” tərəf gəlir, onu imsiləyir, sonra qıçını qaldırıb üstünə işəyir, çıxıb gedir.

Handan-hana “Kötük” tərpənir, üzü aşağı axan it sidiyini əlinin kəfəsiylə silib donquldanır: “Um...om...hum...mam...”

“Kötük” dilində bu deyəsən “Qoyun ölək də öldüyümüz yerdə” deməkdi. Çünki az sonra zəif işıqlar yenə sönür.

Elə gözlərini təzəcə qapamışdı ki, kimsə qışqırır: “Xudan, ay Xudan!”

Başqa bir səs onun ağzını əyirmiş kimi gumuldanır: “Xudan, ay Xudan... belə zəhrimar Xudan, çor Xudan! Xudan eşidir ki?! Get təpiklə, ayılsın!”

Birinci səsin sahibi alatorandan çıxıb gəlir “Kötüyə” tərəf. Əliylə, diliylə onu qandırmağa çalışır:

-Xudan, dur, müdür çağırır...

Xudan deyilənin gözləri açılsa da kötüklüyündə qalır. Key-key baxır.
-Ə, dur də, müdür çağırır axı!

Bir şey çıxmadığını görüb yüngül bir təpik ilişdirir. Kötük bu dəfə ayrı cür donquldanır: “Əəə, zzzeee... ır... ırt...”

Təpikvuran şaqqanaq çəkib gülür, sonra da dizini qatlayıb “kötüyün” üstündə sallatma oturur, cibindən siqaret çıxardıb yandırır və gülə-gülə durur ayağa, bir təpik də ilişdirib gedə-gedə əli ilə bufetə tərəf işarə edərək deyir:

-Tez gəl, odun gəlib.

Dişlərini ağardıb gülən (buna gülmək yox, bu tərəflərdə irişmək deyirlər) “Kötüyün” içindən əvvəl ayaqlar çıxır, sonra qollar ayrılır, daha sonra da bayaqkına oxşayan səslər qopur, nəhayət özü də ayağa qalxır və keçir bufetin arxasına.

***

Əlini gözünə günlük eləyib hərdən günorta yerinə tələsən günə baxır –deyəsən vaxtı müəyyənləşdirmək istəyir.

Bir maşın quru palıd qırmasını boşaldandan sonra bufetin arxasındakı nohurda yuyunur. Yuyuna-yuyuna bufetdən gələn aşığın səsini qulağı alır və aşıq oxuduqca o da dəm tuturmuş kimi mızıldanaraq aşığı yamsılayır.

Aşıq:-Azırbaycan, Azərbaycan...

Xudan:-Iı-ıııııııııı, Iı-ıııııııııııııı...

Mızıldaya-mızıldaya qurbağa çəmlərini əl-qolundan, üz-gözündən təmizləməyə cəhd eləsə də bir şey alınmır.

Ayı kimi tüklü bədəni bu yaşıl “ipləri” buraxmaq istəmir. Nəhayət, “hamamlanmaq” işi başa çatdıqdan sonra gəlib bufetin böyründəki bayaq itin təpildiyi kolluğun yanında yenə qatdalanma əyləşir.

Yox, bunun adı əyləşmək deyil, olsa-olsa elə bu, oturmaqdır. Elə o biri oturmaq kimi də başa düşə bilərsiniz.

Həmişə birisinin özü boyda “oturmağından” sonra qalan nəcisdən qalxan iydən də betər iy gəlir bədənindən.

3

Yavaş-yavaş bufetin həyətindəki stollar dolur. Müştərilər iki bir-üç bir nahara gəlirlər.

Bir az aralıda oturan dazbaş, yekəqarın iki gənc oğlan nə barədəsə danışır, sonra bir-birilərinin əllərinə şappıldadaraq gülüşürlər.

Qarşılarındakı kababdan, pivə fincanları və araq butulkasından görünür ki, nahara tez başlayan bu cavanlar bərk keflidirlər. “Sən öl, sənə sən öl deyənin canı ölsün, gördüm hərif keçib abqona, məni ötmək istiyir...

Ələngə Hundayıyla mənim arginalnı Mersedesimi keçmək fikrindədi oğraş...”

O biri “Yox, a!?” deyib başını bulayır. Bu lap coşur: “Verdim maşını yolun ortasına köndələninə, düşdüm yerə... Bu da düşdü. Doladım sillə-təpiyə... Nə yemisən, turşulu.

Yanında biri vardı, istədi bizi ayıra, ona da birin geydirdim, kəlləsi üstə gəldi yerə... Bir də görəm qayişniklər gəlir, əlimi atdım yanıma, nə təhər cumdum üstlərinə, atana lənət yalan deyən, kərkincək görmüş sərçə kimi hərəsi bir deşiyə təpildi...”

Bir-birinin əlinə şappıldadıb uğunub gedirlər gülməkdən.

Birinci gülməyinə ara verib barmağını qoyur gicgahına, müdrik görkəm alıb yenə gülür və gülməyi bu dəfə onu elə hala salır ki, gözlərindən yaş tökülür, elə bu halda deyir:

-Demiyəsən, kimsə bunları çəkibmiş, klip kimi düzəldib... Türkiyə televiziyasında bir veriliş var e... ha-ha-ha... “Filim kibi”...

-He-he-he... ha-ha-ha! Filim kibi!

-Hə, hə, eyzən eylə... Qoyub internetə... Baxmışam, uğunub getmişəm! Ha-ha-ha!

-Ha-ha-ha! Mən idim də, ha-ha-ha, mən, mən! Arxa maşında gəlirdim, qarabaqara səni izləyirdim... balaca kameram maşındaydı axı... ha-ha-ha! Çəkdim e! Sonra baxdım ki, əla klipdi... Qoydum e yutuba! Dedim, qoy millət baxsın qəhrəmanlarına, kef eləsin!

-Deynən, sən öl!

-Sənə sən öl deyənin canı ölsün! Özüm ölüm! İstiyirsən, arginalına baxarsan, saxlamışam!

-Ha-ha-ha! Oğulsan, vallah! Bu cəsarətinə görə məndən sənə bir şirinnik - yağ içində maşın olacax!

-Sağ ol, qardaş! Cibin dolu olsun! Allah başından töksün!

Bu dəm bir qız görünür. Ucuzvari geyimindən, necəgəldi yaxdığı ənlik-kirşanından bilinir ki, buraların kafe-restoran fahişələrindəndir.

Oğlanları görüb onların stoluna şığıyır. Bayaqdan odlu-odlu danışan gənc qızı təpədən-dırnağacan süzüb qəzəblə:

-Hardaydın, az?!-deyə bağırır.

Qız oğlanın ayağına düşür, baxışlarıyla yalvarır ona:

-Mamamgildəydim, telefonu ona görə söndürmüşdüm... bağışla...

4

Qızı ayağıyla itələyir, sonra sifətinə bərk bir sillə vurur. Qız “ıh” eləyib içini çəkir. Qolunda iri zəncirli bilərzik olan o biri oğlan “dayan, dəymə” deyib qızı qaldırır və hırıldayır. Barmağını Kötüyə tuşlayıb deyir:

-O kimdi?

Qız qanı qaçmış sifətini ovuşdurub:

-Xudandı, - deyir və yerə baxır.

-Səni bir şərtlə bağışlayırıq... Gedib Xudanı öpəcəksən. Sonra da şalvarının düyməsini açacaqsan, əlini salıb...

Qız “oyy” eləyib əti çimçəşmiş kimi özünü əzdirir.

-Ondansa qoy sənin...

Bilərzikli başını yırğalayır:

-Dedim, vsyo! Ya Xudan, ya da...

Qız tələsik dillənir:

-Yaxşı, yaxşı, hirslənmə...

Xudan dedikləri, bizim Kötükdür ki, içi sür-sümüklə dolu bir qab şorbanı elə oturduğu yerdəcə tez-tez qaşıqlayır, ağzının hortultusu on addımlıqdan eşidilir. Qabağındakı diri çörəyin yarısını yeyib, şorbanın da yarısını horttadıb.

Qızın ona yaxınlaşdığını görüb əlləri ilə çörəyini və içində şorba olan boşqabı qoruyurmuş kimi qollarının arasına alır.

Qız dizini qatlayıb onun qucağında oturur. Yox, bu daha oturmaq deyil, bunun adı əyləşməkdi...

Elə əyləşməyiylə də onun üz-gözünü tumarlayır, ağzını uzadıb tüklü sifətindən öpmək istəyəndə əli ilə qızı qucağından götürüb kənara itələyir, dikdaban ayaqqabının dabanı boşqaba girib onu aşırır, şorba yerə dağılır. Qızı hirslə itələyib yerə dağılan şorbanı əlləriylə tuturmuş kimi ovuclayır, şorbaya bulaşmış barmaqlarını üstünə silib zarıyır:

-Iııııı... zıııı... əh... əh...

Və ağlayır. Ağlaya-ağlaya boşqabı götürüb oğlanlara tərəf atır. (Əslində “haragəldi atır” demək doğru olardı, çünki o zarımağın, o ağlamağın yiyəsində o cəsarət çətin ki, olaydı) Tərslikdən boşqab oğlanlardan birinin ayaqları altda sınır və onun üst-başına şorba bulaşığı sıçrayır.

Qəzəblənmiş oğlan yerindən qalxır, hələ yerə dağılan şorbaya baxa-baxa zarıyan Xudana yaxınlaşıb təpikləməyə başlayır.

Qız yalvara-yalvara özünü qabağa verir və elə aldığı ilk təpik zərbəsindən qıyya çəkib yerə sərilir. İndi o biri dazbaş da ona qoşulub.

İki tərəfdən Xudanı təpikləyirlər. Stollarda oturanlardan biri ayağa qalxmaq istəsə də o birisi qolundan tutur:

-Otur, ölməz, qorxma... Amma sən dursan, səni də onlara qatacaqlar... Sonra da bizi...

Kafenin böyründən furajkalı bir baş görünüb xəyal kimi yox olur.

Xudandan indi səs çıxmır. Oğlanlar ondan əl çəkib stollarına qayıdırlar. Əllərini araqla yuyub otururlar. Qolu bilərzikli əlini stola çırpıb bağırır:

-Burda bir kişi var?! Var içinizdə kişi?!


5

***

Oğlanlar maşınlarına minib gediblər.

Bu uzaq rayona təzə-təzə gəlib çıxan nəm əlsilən kağızla Xudanın üzünün qanını təmizləyən qız arada dayanır, inək sağan arvadlar inəyi xoşallatmaq üçün oxuduqları eydirməyə oxşar nəsə oxuyur, elə oxuya-oxuya hələ də qaralıb şişmiş gözünü şorbasının dağıldığı yerdən çəkməyən Xudanın iri bədəninə uyuşmayan balaca başını sinəsinə sıxır:

-Yanasan allah... biz yanan kimi sənin də balan yansın... gözün çıxsın... bizimki kimi sənin də çörəyin kəsilsin, şorban dağılsın... dilin yansın allah...

Stollarda sallatma oturmuş kişi cinsindən olanlar başlarını aşağı salıblar.

Qabaqlarındakı şorba da soyuyub.

04. 06. 2011
XS
SM
MD
LG