Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:53

2 aprel mitinqi nə vaxt olub?


Aprelin 2-də müxalifətin keçirdiyi etiraz askiyasında müxalifət fəallarından biri həbs edilir.
Aprelin 2-də müxalifətin keçirdiyi etiraz askiyasında müxalifət fəallarından biri həbs edilir.

Müsavat Partiyası Gənclər Təşkilatının sədr müavini Əhəd Məmmədli İctimai Palatanın bu il aprelin 2-də keçirdiyi mitinqində iştirak etdiyinə görə, iki dəfə cəza alıb. Halbuki Azərbaycan qanunları bir hərəkətə görə iki dəfə həbsi qadağan edir.

Bu, vəsatət avqustun 18-də 2 aprel mitinqi iştirakçılarından dördünün məhkəməsində vəkil Yalçın İmanov tərəfindən qaldırıldı. Amma vəkilin Əhəd Məmmədlinin azad edilməsi barədə tələbini hakim rədd etdi.

MƏHKƏMƏ PROTOKOLLARI YAZILMIR?

Saat 11:00-dan 17:00-dək davam edən məhkəmə prosesində dörd vəkilin qladırdığı çoxsaylı vəsatətlər təmin edilmədi. Məsələn, Rüfət Hacıbəylinin vəkili Elçin Namazov vəsatət qaldırıb, məhkəmə iclaslarının protokollarının saxtalaşdırıldığını bildirdi. Vəkil 9 və 16 avqust tarixlərində keçirilmiş proseslərin protokolları ilə tanış olmaq istəsə də, ona deyildi ki, yalnız 28 iyul iclası protokola salınıb. Elçin Namazov bildirdi ki, qanuna görə, protokol hər iclasdan 3 gün sonra hazırlanmalıdır.

İDDİAÇI İDDİASINDAN XƏBƏRSİZDİR

Məhkəmədə dörd zərərçəkmiş ifadə verdi. “Transqeyt” MMC şirkətinin təmsilçisinin çıxışı ən qısası idi. İddiaçı bir neçə cümləlik çıxışını vərəqlərdən oxuduqdan sonra vəkillərin suallarına cavab verə bilmədi. Şirkətə vurulan 1650 manat ziyanı əsaslandıra bilməyən iddiaçının məhkəmədən uzaqlaşdırılması ilə bağlı vəsatət qaldırıldı. Növbəti məhkəmə iclasına bu şirkətdən daha məlumatlı şəxsin iştirakı istənildi.

MÖHÜRSÜZ İDDİA ƏRİZƏSİ

Daha sonra Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfatının nümayəndəsi İlqar Məmmədov həm mülki iddiaçı, həm də zərərçəkmiş qismində ifadə verdi. O iddia edir ki, mitinq iştirakçısı Rüfət Hacıbəyli onun çalışdığı qurumun balansındakı avtomobillərə 658 manatlıq ziyan vurub. Vəkillər bunu göstərən dəlil tələb etsələr də, zərərçəkən heç bir sübut təqdim etmədi.

Müdafiə tərəfinin İlqar Məmmədova verdiyi suallardan sonra bəlli oldu ki, bu şəxsin, ümumiyyətlə mülki iddiaçı statusunu təsdiqləyən etibarnaməsi yoxdur. Onun nə iddia ərizəsi qanunauyğun tərtib olunmuşdu, nə də sənədlərində işlədiyi qurumun möhürü vurulmışdu. Bunu əsas gətirib vəkil Elçin Namazov ddiaçının uzaqlaşdırılmağını tələb etsə də, hakim vəsatəti təmin etmədi.

Ülvi Quliyevin vəkili Osman Kazımovla İlqar Məmmədovun dialoqu:

-Quliyev Ülviyə qarşı iddianız varmı?
-Yoxdur.
-Deməli, o, maşın vurmayıb?
-Bilmirəm.
-Bilmirsinizsə, necə deyirsiniz ki, iddianız yoxdur?
-...

HAKİM AZƏRBAYCAN DİLİNDƏN AZƏRBAYCAN DİLİNƏ “TƏRCÜMƏ” EDİR

Sonu sükutla bitən digər dialoqlarda olduğu kimi, burda da zərərçəkmişi vəziyyətdən çıxartmaq üçün hakim köməyə gəldi. Ümumiyyətlə, məhkəmə müddətində vəkillər tərəfindən verilən bir çox suallar hakim tərəfindən yenidən “emal” olunaraq, izah edilərək zərərçəkmişlərə çatdırıldıqdan sonra onların konkret cavabları eşidilirdi.

240 MANAT NECƏ 480 MANAT OLDU?

Digər zərərçəkən “EN Trans Çinar” MMC-nin nüməyəndəsi Elxan Qubadovu sorğu-suala tutan vəkillər üzə çıxardı ki, tələb olunan 480 manatlıq ziyan şişirdilib. O deyib ki, aprelin 2-də 24 ədəd 288 nömrəli avtobusun hərəsi bir dövriyyədə tıxacda qalıb və 10 manat ziyana düşüb. Yəni 240 manat. İddia ərizəsindəki 480 manat tələbinin hardan çıxmağı növbəti proseslərdə araşdırılacaq.

ƏRİZƏ HƏMRƏYLİYİ GÜNÜ – 31 MAY

Məhkəmədə aydın olur ki, bu dörd zərərçəkən ilk iddia ərizələrini eyni tarixdə yazıblar - aksiyadan təxminən 2 ay sonra. Nə təsadüfdürsə, elə hamısı da əlyazma ilə təqdim edilib. Üstəlik, yazılan iddia mətni nöqtəbənöqtə köçürülüb. Bu, hələ hamısı deyil. Bəlli olur ki, onların dördünün də iddia ərizəsi yanlış tərtib olunub, səhvlər də hamısında eynidir. Bundan əlavə, hər 4 qurumun ziyanla bağlı audit hesablamalarını da İsrafilov soyadlı şəxs imzalayıb.

“3 N-li Avtonəqliyyat Müəssisəsi” MMC-nin nümayəndəsi Ayaz Qasımov suallara cavabında bu bənzərlikləri “Ərizə həmrəyliyi günü” adlandırdı.

1 NƏFƏRİN 3 FƏRQLİ İFADƏSİ

Bir şahid ifadəsindəki təzadlı fikirlər, müxtəlif sənədlərdə faktların bir-birini təkzib etməsi halları da məhkəmədə müzakirə edildi. Məsələn, Elxan Qubadovun istintaqa ifadəsində deyilir ki, onun avtobusları 13:00-dan 15:00-dək tıxaca düşüb, istintaq sənədində mitinqin 13:30-da başlandığı qeyd edilir, iddiaçının istintaqa verdiyi başqa bir aktda isə mitinq vaxtı 13:00-14:00 kimi göstərilir.

Digər təzad “En Trans Çinar” MMC maşınlarına vurulan ziyanla bağlı tərtib etdiyi aktla bağlıdır. Aktın yuxarısında tərtib edilmə tarixi 2 aprel 2011-ci il, aşağısında isə 04 may 2011-ci il göstərilib.

GÜL BAYRAMINDA ZİYAN OLMUR

Elnur Məcidlinin vəkili Mənsum Bayramovla zərərçəkən Elxan Qubadovun dialoqundan:

-Bütün tıxaclarda ziyana düşürsünüz?
-Yox, kütlə ilə avtobusun qarşısı kəsiləndə.
-Bəs 288 nömrəli marşrutun ərazisində keçirilən Gül Bayramında da ziyana düşürsünüz?
-Xeyr. Onda əvvəlcədən bilirik.

2 SAATA 2255 MANAT ZİYAN...

“3 N-li Avtonəqliyyat Müəssisəsi” MMC-nin nümyəndəsi Ayaz Qasımov bildirib ki, onun işlədiyi şirkət avtomobillərin hərəkətinin 2 saat dayanması nəticəsində 2255 manat ziyana düşüb. Vəkil Yalçın İmanovun suallarına verilən cavabdan isə aydın olur ki, 12 saatlıq iş rejimi ilə gün ərzində 6100 manat gəlir götürən 1 marşrut xəttinin sən demə, qazancının 40 faizi 2-cə saata toplanırmış...

Nəsimi rayon məhkəməsində 2 aprel məhbuslarından Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəylinin məhkəmə prosesi avqustun 22-də davam edəcək.

İctimai Palatanın 2 aprel aksiyası ilə bağlı 14 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Onlar ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar. Əgər ittiham təsdiqlənərsə, təqsirləndirilən şəxsləri 3 ilə qədər həbs cəzası gözləyir.
XS
SM
MD
LG