Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 13:56

Rəsmilər Ermənistanda 73 min adamın heç bir işi olmadığını deyirlər


Yerevandakı sənaye müəssisələrindən biri
Yerevandakı sənaye müəssisələrindən biri
Avqustun 1-nə olan məlumata görə, Ermənistanda 87 300 adam rəsmən iş axtarışındadır. Onların bir qisminin işi olsa da, əmək haqqından, şərtlərdən və başqa amillərdən narazıdırdlar.

Heç bir işi olmayanların sayı isə 73 200-dür.

İşsizlər əhalinin 6,6 faizini təşkil edir. Mütəxəssislər bu göstəricidən narahatdırlar. Bu hələ rəsmi rəqəmdir. Qeyri-rəsmi rəqəmlər isə daha yüksəkdir, bunu rəsmi statistikanı tərtib edənlərin özləri də etiraf edirlər. Dövlət Məşğulluq xidməti agentliyinin direktoru Sona Harutyunyan:

“İşsizliyin real səviyyəsi rəsmi göstəricilərdən yüksəkdir. Əgər bir nəfər sorğuya qədər 4 həftə ərzində daimi işi olmadığını, iş axtardığını və növbəti 2 həftədə işə başlamağa hazır olduğunu deyirsə, bu şəxs işsiz hesab olunur”.

İŞSİZLİYİN ƏN YÜKSƏK HƏDDİ 2009-CU İLDƏ OLUB

Statistikaya görə, Ermənistanda işsizliyin ən yüksək həddi 2009-cu ildə olub, yalnız 2010-cu ilin may ayından işsizliyin səviyyəsi sabitləşməyə başlayıb, daha sonra aşağı düşüb.

Ermənistan, Dövlət Məşğulluq Xidməti Agentliyinin direktoru Sona Harutyunyan
Sona Harutyunyanın dediyinə görə, dövlət əmək bazarında iş axtaranları istiqamətləndirmək üçün çoxsaylı proqramlar həyata keçirir. Məsələn, peşəkar təlimlərin, yenidən hazırlanma kurslarının keçirilməsi, əlillərin işə qəbuluna yardım, əmək yarmarkalarının təşkili kimi.

“Avqustun 1-nə olan məlumata görə, ilin əvvəlindən 6493 nəfər işlə təmin olunub. Onlardan 1697-si gənclərdir”.

Ancaq vakant iş yerləri ilə işsizlik arasında fərq narahat etməyə bilməz. Boş iş yerlərinin sayı bir neçə dəfə azdır. Üstəlik təklif olunan iş yerlərinin hamısına uyğun mütəxəssis tapmaq da olmur.

“Qeyd etdiyim kimi işsizlərin sayı 73-74 mindir, boş iş yerləri isə 18 min, 14 min. Fərq göz önündədir”.

“FƏHLƏ İXTİSASINA EHTİYAC VAR”

Dövlət Məşğulluq Xidməti Agentliyinin direktoru bildirir ki, fəhlə ixtisasına böyük ehtiyac var. Bölgələrdə isə həkim, müəllim, memar çatışmır. Ona görə də gənclər tələbat olan sahələr üzrə təhsil almalıdırlar. Əks təqdirdə, əksəriyyəti özəl şirkətlərə işə düzəlir. Özəl işədüzəltmə agentliklərindən birinin əməkdaşı danışır:

“Bizdə vakansiyalar əsasən xidmət sahəsində olur: ekspeditor, ofisiant, satıcı, sürücü, çilingər...”

İŞSİZLİK MÜAVİNƏTİ MİNİMAL İSTEHLAK SƏBƏTİNDƏN 3 DƏFƏ AZDIR

Ermənistanda bir ildən artıq işləyib, sosial ödənişlər edənlərin dövlətdən müavinət almaq hüququ var. Bu il müavinətin məbləği 18 min dramdır (50 dollar), bu isə minimal istehlak səbətindən az qala 3 dəfə azdır.

“Bu yoxsulluğa görə ailəyə verilən yardım deyil. İşsizliyə və iş axtarışı üçün verilən müavinətdir. Yəni işçi çalışdığı vaxt müəyyən sosial ödənişlər edib, beləliklə də, işsiz qalan zaman özünü 1 illik müavinətlə təmin edib”.

Sona Harutyunyan bildirir ki, dövlət proqramları əmək bazarındakı vəziyyətə əhəmiyyətli şəkildə təsir edə bilər. Əgər hökumət kiçik və orta biznesin inkişafına nail olsa , bəzi sahələrdə struktur dəyişikliklər etsə, işsizliyin artım tendensiyasının qarşısı alınacaq. Harutyunyan hazırkı vəziyyəti “bir o qədər qorxulu” saymır.

“DANIŞSAM ÜRƏYİM YATAR”

Hərçənd Yerevan küçələrində keçirdiyimiz sorğu fərqli təəssürat yaradır. Söhbətləşdiyimiz sakinlərin çoxunun ya işi yoxdur, ya da işlərindən narazıdırlar:
- Allaha şükür, işləyirik. Ancaq nə olsun ki, işləyirik? Aldığımız simvolik məbləğdir.
- İşiniz sizi qane edirmi?
- Yalnız mənəvi cəhətdən.
- İş axtarırsınızmı, harasa müraciət etmisiniz?
- Bir çox təşkilatda işləmişəm, ancaq bütövlükdə vəziyyət yaxşı deyil, əmək haqqı çox aşağıdır.
- Ermənistanda mənim kimi yaşayanlar qeyri-insani vəziyyətdədirlər. Əlillərin aldıqları təqaüd sadəcə gülməlidir. Bu pulla yaşamaq mümkün deyil. İşə isə götürmürlər.
- Bizim ixtisasımız fərqlidir, yenisini çətin ki, tapaq. Musiqiçiyik. Bu gün klassik musiqi əsri deyil.
- Altı ildir işsizəm. Müəlliməm. Həyat yoldaşım da eyni vəziyyətdədir. Evdə oturur. Bu ölkədə yaşamaq çətindir.
- Bu mövzuda danışmaq istəmirəm, ürəyim xəstədir, axırı pis bitər, istəmirəm...
XS
SM
MD
LG