Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 05:59

Məhəmməd Məcidli ad gününü ilk dəfə məhkəmədə keçirib


Məhəmməd Məcidli. Məhkəmə zamanı
Məhəmməd Məcidli. Məhkəmə zamanı
«Bala, mənə bir ümid ver, de ki, Məhəmməd gələcək, o gedəndən bəri gözümün yaşı dayanmır». Bunu AzadlıqRadiosuna 2 aprel məhbuslarından Məhəmməd Məcidlinin anası Zinyət Məmmədova deyir. 6 aydır oğlunun üzünə həsrət qalmasından danışır, hesab eləyir ki, oğlu ötən parlament seçkisində millət vəkilliyinə namizəd olduğu üçün indi məhkəmə qarşısındadır.

«6 AYDI Kİ, GÖZÜMÜN YAŞI QURUMUR»

Məhəmməd Məcidlinin ailəsi- anası və bacıları Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşıblar. Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndilər. Ailədə səkkiz uşaqdırlar: altı qardaş, iki bacı. Qardaşlardan 4-ü evlidir, hərəsi bir yerdə qalır:

- Çörək dərdindən hərəsi bir yana dağılıb, elə bizi dolandıran Məhəmməd idi. Onu da məndən aldılar. 6 aydır ki, gözümün yaşı qurumur.

Zinyət xanım ibtidai sinif müəllimi olub. Elə 1989-cu ildə vəfat edən həyat yoldaşı da ədəbiyyat müəllimi imiş. Evin böyük oğlu Əli Məcidli danışır ki, Məhəmməd uşaq vaxtı dəcəl olsa da, həyat onu tez böyüdüb. Yeniyetməliyi milli-hərəkat dövrünə düşüb, tarixçi olmağı da könüllü seçib:

- Nə mənim qolumdan tutub dedilər ki, ədəbiyyatı seçim, nə də onun. Uşaqlıqdan millətin tarixini-kökünü araşdırmağı xoşlayırdı. Bir də görürdün gəlirdi hansısa dövlətlərin tarixindən danışırdı.

«MƏHƏMMƏD SEÇİMİNİ ÖZÜ EDƏ BİLƏN ADAMDIR»

Məhəmməd Məcidli aspirantdır, elmi iş üzərində işləyir. Hərçənd qardaşı onun dissertasiya mövzusunu bilmədiyini etiraf elədi. Dedi ki, ara-sıra görüşərmişlər, onda da ümumi söhbət edərmişlər.

«Sizi heç məhkəmədə görmədim, deyəsən, gəlmirsiz», - Əli bəydən soruşuram.
- İşlərim məhkəmə getməyə imkan vermir. Mənim də çiynimə həftədə bir dəfə ona yemək aparmaq düşür.

Əli bəy məhkəmə prosesini «məzhəkə», qardaşının həbsini isə «siyasi sifariş» sayır. Özü siyasi fəaliyyətlə məşğul olmur, amma qardaşını siyasi fəallığına görə qınamır da:

- Adam haqlı bir savaş yolunda savaşırsa, buna nə deyə bilərəm? Onu təqdir edirəm. Məhəmməd kifayət qədər ağlı başında olan, seçimini özü edə bilən adamdır. Əsas odur ki, Məhəmməd rüşvətxor deyil, yaltaq deyil.

Məhəmməd Məcidli 2 aprel aksiyası zamanı
Amma anası Zinyət xanım ona dəfələrlə «həvəsdi, bəsdi» deyib. Çünki balalarının ev-eşik, bir qulluq sahibi olmağını istəyir. «Bu vaxta qədər onu niyə evləndirməmisiz», - yarızarafat, yarıgerçək sualıma anası «ah» çəkdi ki, Məhəmmədin bu barədə fikirləşməyə vaxtı olmayıb:
- Gah dedi elmi işimi bitirim, gah deputatlığı düşdü ortalığa.

İLLƏRDİR AXCP ÜZVÜDÜR

Məhəmmədin gözaltısı olmayıb. Əli bəy deyir, yəqin Məhəmməd həbsdən azad ediləndən sonra subaylığın daşını atar. Amma o, Məhəmmədin tezliklə azadlığa buraxılacağına, yaxud məhkəmənin belə bir qərar verəcəyinə inanmır.

Məhəmməd Fransada yaşayan, sosial şəbəkələrdə aktiv olan və müxalifyönlü mövqeyi ilə seçilən jurnalist Elnur Məcidlinin əmisi oğludur. Məhəmməd Məcidli saxlanan ərəfədə Elnur Məcidli barəsində də Azərbaycanda cinayət işi qaldırılmışdı. Onun həbsini əmisi oğlunun adına bağlayanlar da vardı. Amma qardaşı Əli bəy bununla razılaşmır ki, Məhəmməd illərdi AXCP-nin üzvüdür, öz fəaliyyəti, mövqeyi ilə seçilib. Hətta anası Zinyət xanım da deyir ki, oğlunun müxalifətçi olduğuna görə, məcburi köçkün qəsəbəsində iki otaqlı evi də güc-bəla ilə alıblar.

AD GÜNÜ SÜRPRİZİ

Sentyabrın 7-də dostları 38 yaşını məhbəsdə qarşılayan Məhəmməd Məcidliyə sürpriz eləmişdilər, məhkəmə zalına qırmızı lentlə bağlanmış bir konfet qutusu gətirmişdilər. Məhkəmə başlayana kimi elə oradaca Məhəmmədin ad gününü qeyd elədilər. Qardaşı Əli Məcidli də deyir ki, onların ailəsində ad gününü keçirilməsi ənənəsi olmayıb, elə ilk dəfə Məhəmmədin təmtəraqlı ad gününü də məhkəmə zalında keçirmək nəsibmiş...

Məhəmməd Məcidli və ondan başqa 13 müxalifət fəalı ictimai qaydanı pozmaqda və hakimiyyət nümayəndəsinə qarşı müqavimətdə ittiham olunurlar. Onlardan altısına il yarımdan üç ilədək həbs cəzası kəsilib.
XS
SM
MD
LG