Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:43

Rafiq Tağı: "Mən həbsdə olanda Röya bizə “peredaça” yollamışdı"


"Aygün Kazımovada yüksək talantı dəyərləndirirəm. Di gəl, yaradıcılıq axtarışları sıfır həddindədir. Meyxana onu yıxdı..."


Yazıçı Rafiq Tağının "Xural" qəzetinə müsahibəsi

Pozitiv enerjisi ilə insanı yormayan Rafiq Tağı ilə musiqimizdən, onun musiqi zövqündən düz dörd saata yaxın danışdıq.

Məlum oldu ki, Rafiq Tağı musiqimizi sevən, formalaşmış zövqə malik kifayət qədər diqqətli dinləyicidir.

- Rafiq müəllim, necə mahnılara qulaq asırsınız, əgər qulaq asırsınızsa?

- Kim mahnıya qulaq asmaz... Bunsuz yaşamaq olmaz ki.

Özü də bu iş məndə az qala planlı tərzdədir. Mahnı insan həyatındakı parlaq rənglərdən biridir. Qaldı... hansını dinləmək - bax, bu, ovqatdan aslıdır.

Minordan majoracan, lirik və kədərlisindən tutmuş, şən və oynağınacan. Oynayanda ayaqları görünməyən insanlara ürəyimi verərəm.

Kənd yerlərində bu cür oynağan adamları görəndə, qələbələrə inanmış kimi olursan. Mahnılar kef çəkmək üçün yox ki - həyati vacib hərəkətlərə

Moskvada yaşadığım dövrdə, Azərbaycanın, indi səfirlik adlanan, Daimi Nümayəndəliyində, bayramlarda, xüsusən də novruzlar vaxtı, Vətəndən gələn konsert briqadaları məni daim yetim kimi ağladardı. Tar səsi eşidən kimi gözlərimdən su şoruldayardı.
köklənmək üçündür.

Təkcə psixi xəstələr eyni tonda musiqilərə uyur. Onların içində İlahi harmoniya pozulmuş olur, ona görə. Yaxud İlahi harmoniyanın pozulması psixi xəstəlikdir.

- Maraqlıdır, daha çox klassik estradaya qulaq asırsınız, yoxsa müasir estradaya? Məsələn, Şövkət Ələkbərova, Rəşid Behbudov səviyyəsində, yoxsa Aygün, Röya səviyyəsində?

- Adını çəkdiyiniz klassik estrada müğənniləri hər bir azərbaycanlı qəlbinin qızıl fondudur.

Ancaq mən digər müğənniləri də, məsələn, Lütfiyar İmanovu, çox xoşlayıram. Onun nadir səs tembri var.

Mahnılarını daim İnternetdən arayıb tapıram. Xoşlayıramsa da, nədənsə, Bülbülün heyranı deyiləm. Onda bir az saxtalıq və quramalıq görürəm.

Müasirlərə gəldikdə isə, artıq seçim eləməli olursan. İnsanın melodik qəlb strukturu oldusa, qalan hər şey su asanıdır.

Hər bir mahnı hansı həyat məqamı, ya hadisələrinəsə bağlı olur. Mahnılar həyatı səhifələmək vasitəsidir.

Hətta qulduru da mahnı vasitəsi ilə uşaqlığına qaytarıb, onu cinayətdən xilas etmək olar. Bizdə musiqinin ictimai mənasını ya anlamır, ya da anlasalar belə, qulaqardına vururlar.

Mahnılar ictimai terapevtik əhəmiyyətlidir. Musiqi ilə insanı dəyişdirməyə ictimai qurumlarda həvəs yoxdur.

Ordularda bunu az-çox anlayırlar. Rusların müharibə mövzusunda mahnıları insanları qələbəyə gətirib çıxardı.

Klavdiya Şuljenko və Mark Bernes sovet adamlarının içindəki optimizmi formadan düşməyə qoymurdu.

Hələ Lidiya Ruslanovanın oxuduğu “Valenki” və “Katyuşa” mahnıları. Şuljenkonun “Siniy platoçek”, “Davay zakurim” və “Druzya - odnopolçane” mahnılarını kim sevməzdi ki. Mark Bernesin oxuduqları az qala sonsuz sayda idi, hamısı da yarandığı gündən klassik nümunələr – “Xotyat li russkiye voynı”, “Vraqi sojqli rodnuyu xatu”, “S çeqo naçinayetsya Rodina”, “Juravli”.

Bizdə müasir estradaya bəzən ironik yanaşırlar. Düzgün iş deyil bu. Müasir estrada hələ inkişafdadır, tam formalaşmayıb. Müğənnilərdə yaradıcılıq bütövləşməyib.

Yeni-yeni gözəlliklərin təqdimi hələ qabaqdadır. Səbirsizlik göstəririk.

Səhv və alçaldıcı qiymətlər veririk. Zaman bu səhvləri redaktə etməli olacaq.

Mən gənclikdə Elmira Rəhimovanın heyranı idim. Bir dəfə Baba Vəziroğlu ilə Beşmərtəbədə onu gördük.

Artıq yaşlı arvad şəklinə düşmüşdü. “Sevgilin” budur, Baba mənə dedi. Az qaldı onu elə ordaca oğurlayıb, bir talisman kimi özümə götürəm. “Sən yadıma düşəndə” – onun bu mahnısından doymaq olmur.

- Bəs, muğamlar? Muğamlara qulaq asmırsınız?

- Elxan bəy, ehtiyatlı olun, burda mən sizin suallara yalan cavablar da verə bilərəm. Belə suallarla millətə özünü asanca sevdirmək olur. Bəxtiniz onda gətirib ki, mən işlərimi sevilmək üçün qurmuram.

Yalançı sevgi doğruçu nifrətdən pisdir.

...Muğama sevgilərim bəzi anlamazlara məni mühafizəkar göstərir.

- Hansı muğamları bəyənirsiniz? Kimlərin ifası xoşunuza gəlir?



- Muğamlara sevgi həyatımın ən xoş tarixçəsidir. Rəhmətlik atam hər bazar, günorta saat 2-dən 3-dək, Azərbaycan Radiosunda gedən “Muğam saatı”na qulaq asardı.

Əlində də - “Azərbaycan müəllimi” qəzeti; onsuz muğamlar onu qəzet oxumağa qoymazdı.

Ola bilsin, muğam rəngləri onun üçün qəzet fasiləsi idi.

Çay da qabağında; bir saatlığa heç kəs onu dindirə bilməzdi. İndi başa düşürəm ki, bax, bu muğam saatları bizim uşaq qəlbimizə ötürülən sevgi kodları imiş. Sevgiyə dair mənəvi irsiyyət mövcuddur.

Yeri gəlmişkən, bəzən muğamlar barəsində, dostlarımız olan bəstəkar Firudin Allahverdi, Seymur Baycan və Əli Əkbərlə mübahisələrimiz qopur.

Muğama – öz milli tanıtım nişanımıza, gülürlər.

Bizim işdə də “rusdilli” bir azərbaycanlı xanım vardı, oğlu muğamı “ulartı” kimi qavrayırdı. Onun bu qavrayışı, ola bilsin də, eşşəyin muğam qavrayışına yaxın olub. Bunlara deyirəm: bə sizə nə olub?

Dostlarımın evini eybəcər ədəbiyyatlar yıxdı. Asif Atanın gözəl bir sözü var – “Ədəbiyyatla tərbiyələnmiş nəsil tərbiyəsiz olar”. Bəyəm siz, onlardan soruşuram, Üzeyir Hacıbəyovdan artıq yenilikçisiniz?

Üzeyir bəy Şərqdə ilk operanı muğamlar üzərində yaratmışdı.

Bu sözümü dostlar özünə götürməsin, hər kəsin muğamı sevməməyə ixtiyarı var, heyvanın da buna ixtiyarı olduğu kimi.

Muğamı dəyərləndirmək insandan qabiliyyət tələb edir. Muğamsızlıq Azərbaycanın geriliyi olardı.

Muğam əslində əbədi modern sənətdir. Axtarsan, posmodern musiqi zənginliyi var tərkibində.

Bütün yeniliklər muğamlar içrə əbədi çağlayandır. Muğamlar daim yenilənir və həmişə parlaqdır. Bir tək forma cəhətcə dünyanı tənzimə sala bilər.

Hirslənib də Firudin Allahverdiyə dedim: burda günahkar sən yox, təxminən yüz kiloluq müəllimin Xəyyam Mirzəzadədir ki, sənə muğam sevgisi aşılamayıb. Firudin Allahverdinin Konservatoriya təhsili boşuna gedib.

Rektoru erməni budaq cümləsi ilə danışan, yəni Fərhad Bədəlbəyli olan bir musiqi idarəsinin məzunu milli sevgilərsiz yaşar.

Konservatoriya öz tarixi boyu qohum-əqrəba protejesi yeri olub. Kosmopolitizm onun məğzindədir. Amma kakofoniyanı dahi musiqi nümunəsi kimi təqdim etməyi bacarırlar.

Deməyim nədir: muğam insanın içində dərinliklərə, xəyalında ucalıqlara səbəb olur. Diapazon genişlənir, qəlb strukturlaşır. “Çahargah”a qulaq as, həyatını qur. Asif Ata muğamı “Kamil Yaşamaq” sənəti adlandırırdı.

Burda mən ondan iqtibaslar gətirməsəm olmayacaq – “Muğam ruhani mövcudluq haqqında dahiyanə musiqi hekayətidir”, “İnsan özündən böyükdür, İnsan özündən kənara çıxanda özünə çatır”. “Yalnız əxlaqi olan – Həqiqətdir, deyir Muğam”, deyirdi Asif Ata.

Milli simfonik sənətimizi də muğam formalaşdırıb. Niyazinin “Rast” simfonik muğamını yalnız ölülər dinləmək istəməz. Firudin Allahverdinin anlamında Niyazi aciz-avaranın, geriqalmış, gerizəkalının birisiymiş. Bizdə “Kürd Ovşarı”, “Bayatı- Şiraz”, “Füzuli Kantatası”, “Karvan” simfonik qravürləri də muğam kökənlidir.

Muğamlarımız millətimizin gələcəyini təmin edir.

- Aşıq musiqisinə münasibətiniz necədir?

- Sizcə, yaxşıdan özgə bir şey ola bilərmi?

Rəhmətlik dostum, həkim-onkoloq Məhərrəm Əliyev mənə “proqressiv retroqrad” adı qoymuşdu.

Nədənsə, bunu dostumdan mənə qalan söz yadigarı, xoş bir şey kimi xatırlayıram.

Ancaq atmacalı sözlər də qulağıma çatır: millisən, demək, gerisən. Sözə bax: milli və geri. Soruşuram: bəyəm millilik ayıbdır? Axı, millilik ayıblıq növü ola bilməz.

Alman, ya ingilis olsam, irəli sıçramış sayılaram? Bir dəfə də mən özüm birini dolayası oldum: “Afərin, sən həddən artıq hollandsan!” (gülür)

O məşhur sözü mən Heydər Əliyevdən 15-20 il əvvəl demişəm: mən fəxr edirəm ki, azərbaycanlıyam, hələ əlavə də edirdim - fransız deyiləm. Əslində Vətəni sevən hər kəsin sözüdür bu.

Vətəni sevməyən insan boş dağarcıq kimi bir şeydir. Bəlkə də həşəratdır. Başqa insanların Azərbaycan haqqında xoş xatirələri ola bilər, ancaq heç kəs onu bizim kimi ağlamaqlıq şəklində sevə bilməz.

Moskvada yaşadığım dövrdə, Azərbaycanın, indi səfirlik adlanan, Daimi Nümayəndəliyində, bayramlarda, xüsusən də novruzlar vaxtı, Vətəndən gələn konsert briqadaları məni daim yetim kimi ağladardı.

Tar səsi eşidən kimi gözlərimdən su şoruldayardı.

Əhlikef dostlarım mənə lağ edərdilər. Hə, Azərbaycan musiqisini eşidəndə, elə bilirdim ki, yer ayağımın altından qaçıb, havadayam.

Vətənə bir daha dönməyəcəyini düşünməkdən böyük faciə ola bilməz. Və qayıdıb gəldim.

Həbsdən çıxandan sonra burnundan uzağı görə bilməyən adamlar məni dürtmələməyə başladılar: çıx get Avropaya, şansdır.

Mənə belə şans lazım deyil, onlara dedim. Dedilər, məşhur olacaqsan, dedim yox, şöhrət Vətən sevgisini üstələyə bilməz.



Mən Vətəni özümə sevgili seçmişəm. Mən perspektivi coğrafi yerdəyişmədə görmürəm. Coğrafi yerdəyişmədə xoşbəxtlik axtarışları gənclik səhvləri sırasındadır.

Perspektiv, məsələn, Berlində yaşamaqda yox, yaradıcılıqdadır. Moskvada 11 il yaşamağımın xeyri bu oldu: dərk etdim ki, bir daha Vətəni tərk etməyim. Bu dünyada boyun ucalmağından savayı ucalmaq yoxdur.

Elə bu təcrübə əsasında da həbsdən çıxandan sonra ölkədən getmədim. Getməməyim qəlbiqaralara da ibrət oldu.

Özü nə yollasa vətəni Türkiyədən qaçıb Avropada məskunlaşmış, yumşaq döşəkçələr üstündə “525-ci qəzet”ə köşələr yazan Orxan Aras adlı birisi həbsimin ilk həftələrində haqqımda namərdcəsinə böhtan yazası ki, “Rafiq Tağı “Avropa və biz”i Avropada sığınacaq almaq üçün yazıb”. “Bayıl” siçovullarının ciyiltisi altında bu söz mənə çox ağır gəldi.

Doğrudan da, əxlaqın hüdudu olmadığı kimi, əxlaqsızlığın da hüdudu olmur. Mən burada qalmaqla bir çox insanlara ədəb-əxlaq dərsi vermiş oldum.

Bax, divarları qopuq bu çayxanada oturub dərdləşmək mənə Londonda - parlaq bir guşədə oturmaqdan daha xoşdur. Dünyanın parlaq interyerləri Azərbaycan evinin həsir döşənəcəkli, üstü maral şəkilli palazlar asılmış divarlarının yerini verməz.

Bülbül də qızıl qəfəsləri sevməz.

Söhbət uzandı; bayaq siz aşıq musiqisi barədə soruşdunuz...

Aşıq musiqisini də, saz havalarını da çox xoşlayıram. Yəqin təəccüb edirsiniz: buna noolub, nəyi soruşursan, sevir.

Elə uşaq da ona ağrı verməyən hər şeyi sevir. Sevgiləri uşaqlardan öyrənməyimiz gərək.

Hə, aşıq musiqisinə uşaqlıqdan aşiqəm. Kəndə aşıq ancaq toya gələrdi. Aşıq musiqisi məndə toy-bayram, el şənliyi, gümrahlıq və xoşbəxtlik assosiasiyaları doğurur. Bir də aşıq musiqisini mənə Azərbaycan Radiosu sevdirib.

Bəzən Azərbaycan Radiosunu pisləyirlər, amma radiolar içində rəngarənglik baxımından elə ən üstün olanıdır.

Orada poeziya da olur, aşıq musiqisi də, estrada və muğam da. Axşamacan amerikan-ingilis estradasına qulaq asmaqla deyil ki... Bayaqdan türməni-zadı xatırlamaqdayam.

Qoy bir detalı deyim. “Bayıl” Təcridxanasında bir müddət əslən Qazaxdan olan bir kişi ilə kamera yoldaşı olduq.

Özü narkodiler, ancaq süfrəsində bir tikə çörək kəsməyən adamdan tez küsən, “qulaq”, həmçinin aşıq havalarının ölüsü.

Canilərin də qəlbində gözəl insani axınlar olur. Cani, sadəcə, defektləri olan insandır. Ruslar dustaqlara bizdən daha çox mehr-məhəbbətlə yanaşırlar.

Bu onlarda yüksək əxlaqi keyfiyyətdir və xristianlıqdan qaynaqlanır. Xristian olsaydıq, bəlkə biz də daha çox əxlaqlı, daha çox insaflı olardıq.

Əxlaqımızda nə gözəl şeylər varsa, hamısı milli olandır. İslamdan bizə yaxşı heç nə keçməyib.

Ruslara görə, bəli, cinayət mütləq cəzasını almalıdır. Ancaq dustağa sevgini də unutmurlar.

Onlarda dustağa sevgi cinayətə yox, insana sevgidir. Hərdən bizdə də sanki xristiancasına hadisələr baş verir: bəzi hakimlər canini “aç-burax” edirlər. Əlbəttə, bu, humanizm deyil. Bunun adı adi rüşvətdir.

Cinayət cinayətlə silinir. Amma cəmiyyət cinayətə cəza və dustağa məhəbbət olanda gözəl olur. Cinayət var, cəza yoxdur, cəza var, cinayət yoxdur, belə cəmiyyət tezliklə dağılar.

Bunlar əslində məlum həqiqətlərdir. Yeri gəlib, təzədən danışırıq.

Hə, cinayətim olmaya-olmaya mənə 3 il iş kəsiləndə, humanizmdən danışan islam qruplaşmaları vaveyla qışqırdılar: azdır bu 3 il! “3” nədir ki.

Ölüm, ya heç olmasa 10-15 il! Ancaq yenə Allah onlara hidayət etsin, xristianlardan insansevərlik öyrənsinlər.

Bu insanlar başa düşmürdülər də ki, bizdə ölüm hökmü çoxdan ləğv olunub. Respublika Purokurorluğu, DİN və MTN islamçılara sübut edə bilmədi ki, Rafiq Tağı qatı, heç “duru” da, cani deyil. İslamçılarımız qanunla yox, daha çox təsəvvürlərlə yaşayır və işləyirlər.

Onlar üçün VII əsrdən bəri dünya dəyişməyib. Neynək, yenə Allahdan arzum
Aygün Kazımova

budur ki, işləri avand olsun, qəlbləri qəzəbdən təmizlənsin, ailə səadəti içində yaşasın və bir də onu başa düşsünlər ki, onların düşməni Rafiq Tağı yox, Azərbaycanın qərbində bizə dişlərini qıcayan və həm qarınlarındakı qurda görə gecə-gündüz dişlərini xırçıldadanlardır.

Bayaqkı söhbətə qayıdaq. Həmin qazaxlı hər axşam Azərbaycan Radiosunda saat 8-dən 9-dək verilən aşıq musiqisinə hökmən qulaq asardı. Narkotikdən uyanlar kimi də həzdən gözlərini yumardı.

Əvvəl kamerada sakitlik yaradardı. Aşıq musiqisini sevdiyimdən, bu sakitlik mənə havayı nəsib olurdu. Deməyim nədir: bizdə aşıq musiqisini belə sevənlər var.

Aşıq sənəti millətin xarakteri və həm yüksək istedadının göstəricisi kimidir.

Biz fəxr etməliyik ki, YUNESKO aşıq musiqisini də muğamımız kimi bəşəriyyətin qeyri-maddi sərvətləri siyahısına salıb. Yoxsa fəxr etməyək? Necə bilirsiniz?

Bəzən ağız büzənlər olur: Azərbaycan dili naqis dildir. Düzdür, əcnəbi sözlərlə dolu texniki-tibbi-hərbi dilimiz heç cür “milliləşə” bilmir. Terminlər - həminki, yenisi - türkcəsi tapılmır.

Lakin xalqın öz danışıq dili hədsiz zərif olmaqla, incəliklərlə, frazeoloji söz birləşmələri ilə zəngindir.

Xüsusən də Cənubi Azərbaycanda dilimiz korlanmayıb. Kompakt yaşayış yerlərinə fars dili gəlib çıxmayıb da; nəticədə dil energetikanı öz içindən almaqla daim təzələnib.

Dilin estetikası özündən törənib. İddiam absurd olardı ki, məsələn, həkim, ya hərbçi folklor dilində danışsın.

Həkimlər öz aralarında tibbi terminlərlə danışmalıdır, belə ki, razıyam, kənar adam lap heç nə başa düşməsin.

Yaxşı həkimlərin dili quş dili kimi bir şeydir. Gəlin, belə bir şey təsəvvür edək: həkim ölüm ayağında olan infarktlı bir xəstənin yanında Allaha and içir – bu xəstəni hökmən sağaldajam, yox, sağaldammasam, belə-belə olum, atam itnən yatsın.

Sizi gülmək tutmazmı? Yadınızdadırsa, Rəhim Qazıyev müdafiə naziri olan vaxtlarda hərbi müşavirələrə çıxıb, kişilik rəmzi olan köndələn papağı da başında, ana-bacılarımızın namusuna and içərdi ki, bağ belə, bostan belə, ay kərəni elə kürə eləyəcək, ay Şuşanı belə geri alacaq.

Yüksək çinli bir hərbçinin dilindən öz eşitdiyimi deyirəm: rəhmətlik Əbülfəz Elçibəy hərb işində - “taxta”, müşavirələrdə mat-mat onu dinləyirmiş.

Rəhim Qazıyev tapançasını, indi yadından çıxıb - sağmı, ya sol, gicgahına sıxacağını söyləyirmiş. Amma can baldan şirindir, müdafiə naziri yaşamağı, öz canının müdafiəsini üstün tutdu.

İnsafən, nazirin kişi-kişi, boş-boş danışmağı həm də bizdə milli hərbi dilin yoxluğuna dəlalət edirdi.

Lakin axı, ölkədə Akademiya var, Dilçilik İnstitutu var. Dilçilik İnstitutu sovet dönəmində də olub.

Oturub-durub daşlar üzərindəki ölü yazıları araşdırmaqla məşğul olmuşuq. Bugünümüz yoxmuş kimi yalnız keçmişimiz içində eşələnmişik.

Dilçilərimiz türk sözlərinin etimologiyasına çox uyurdular. Bəs onda tibb və baytarlıq dili, aqrar, hərbi, texniki terminologiyalar necə olsun! İnkişafımız naminə bu cür məsələlərdə dövlət zor göstərməli, tələbkar və təkidli olmalıdır.

Bunun üçün də milləti düşünən işıqlı məmur başları gərək. Əfsus, bizdə bütün məmurlar korrupsioner tiplidir. Millətə dair işlər barmaqarası görülür.

Oliqarxın milli marağı olmaz. Başdakılarda yalnız şəxsi maraqlar başdadır. Ziyalı məmurlarımız azdır. Dövləti işlərdə yaradıcılıq onlara xas deyil.

Atatürk böyük dil islahatı keçirdi. Bu sayaq işlərdə məcburi aktlar faydalıdır.

Di gəl, məcburi aktlari da yalnız xarizmatik liderlər həyata keçirməyə qadir olur. Bir sözlə, ilişmişik.

Gör hardan gəlib, hara çıxdıq.

Bir iş var ki, mən pessimist deyiləm. Böyük səylər göstərsək, düzələcəyik, inancındayam.

Yetər ki, ziyalılarımız nihilist, xalq da öz taleyindən bədgüman olmasın. Sapsağlam gənclər əsgərlikdən yayınmaq üçün “invalid” kağızı düzəltdirməsin. Sevgilər sahəsində çalışaq.

Bu barədə Vaqif Bayatlı Odərin həyatı və yaradıcılığı nümunədir: hamını bir-birinə sevdirmək planı qurub, bu amalla da yaşayır. Mən Vaqifin hətta mücərrədliyində də ictimai fayda görürəm. İnsanlarda çatmaq istədiyi bir ideal olmalıdır. Məsələn, günəbaxanın idealı Günəşdir. Bax, belə.

- Heç, sevdiyiniz müğənni var?

- Əlbəttə, var.

- Kimdi?

- İndi onları sizə deyərəm. ...Bəzən mahnı müğənnini sevdirir. Həmin mahnı olmasa, müğənni bir heç kimi olar.

- Deməli, mahnıya görə müğənniyə qulaq asırsınız?

- Yox, həmişə elə deyil. Bəzən də mahnı onu oxuyan müğənni sayəsində sevilir. Hə, sevimli mahnılarımdan biri – onu Ayaz adlı gənc bir müğənni oxuyur.

- Ayaz Qasımov?

- Dəqiq. Həbsdə mahnı seçmək üçün vaxt çox olur. Hansı radiodasa hər gecə saat 11-dən 12-yə qədər lirik mahnılar verilirdi. Gərək ki, Bürç FM idi. Verilişin də adı - “Gecəyə doğru”. Ayaz Qasımovu orda kəşf etdim.

- Düzdü, deyəsən, Bürç FM-də elə bir veriliş vardı...

- Orda gecələr ancaq lirik mahnılar gedir...

- “Damar” mahnılar?

- Döy başına, ağla. Ayazın o mahnısı “Peşmanam” adlanır.

- Sözləri Qənirə Paşayevanın, musiqisi Aygün Səmədzadənin...

- Bilirəm. O mahnını bu yaxında “Facebook”da dostlarla paylaşdım. Bəzi bəstəkarlar Ayazı öz vulqar mahnıları ilə korlamasalar, perspektivi böyükdür.

- Qənirə Paşayevanın şeir yaradıcılığı xoşunuza gəlir?

- İzləməmişəm. Məncə, o, şairliyə iddialı deyil. Mahnı mətni ayrı şeydir. Ola bilsin də ki, mahnı sözlərinin müəllifi, məsələn, Baba Vəziroğludan fərqli olaraq, şair deyil. Bəzən hətta bəstəkarlar, ya müğənni özü, mətn yazır. Poetik baxış hər bir insan üçün xasdır.


Niyazi

Açığı, Könül Kərimovanın mahnıları da məni kövrəldir. Teymur Əmrahın oxuduğu mahnılar artıq klassikadır. Hərdən bədxahları ona ilişir: evi yoxdur. Ev nədir bəyəm, içində ölmək üçündür dəə - bunu da ona çox görürsünüz?..

- Teymur Əmrahın hansı mahnısı xoşuna gəlir? Hansısa bir sözünü deyin, heç olmasa...

- Hamısı. “Gecələr bulaq başı”, “Təki sən səslə məni”, “Gəl barışaq”. Yenə deyim? “Sənsizləmişəm”. Əsas da – “Əlvida”. Onun lirik mahnıları daim yada düşür. İnsanlar 40-50 ildən sonra da onu arayacaq. Sonra bax, Mübariz Tağıyev də çox gözəl estrada müğənnisidir.

Nadir səsi var. Lakin məncə, onun yaradıcılığı üçün xas olan təzə mahnılar yox dərəcəsindədir.

Müğənniləri çox sadalaya bilərəm.

- Onda belə çıxır ki, Röyaya, Aygün və Brilyanta, Tünzaləyə qulaq asmırsınız?

- Niyə ki. Tünzalə Ağayevanı daim axtarışda olan müğənni kimi tanıyıram. Səməd Vurğunun sözlərinə silsilə mahnılar yazıb. Onun özünəməxsus yaradıcılıq üslubu var.

Aygün Kazımovada yüksək talantı dəyərləndirirəm. Di gəl, yaradıcılıq axtarışları sıfır həddindədir. Meyxana onu yıxdı.

- Röya Ayxan Hüseyn Abdullayevin bir mahnısını oxuyur - “Sənə görə”. Eşitmisiniz? Orda bəstəkar özü də oxuyur.

- Mən Röyanı çox sevirəm. Həm yaradıcılığında ciddi olduğuna görə, həm də bir insan kimi. Bir dəfə belə bir söz demişdi: “Mən oyunbazlıq edəndə də ciddi iş görmüş oluram”.

Hərdən onu da dolamaq fikrinə düşürlər – açıq-saçıqlığına görə. Əslində estradanın öz atributları var.

Estrada müğənnisi xanəndə kimi dayanıb, ya oturub oxumamalıdır. Kiminsə yalançı namusuna görə estrada inkişaf eləməməlidir?

Estrada müğənnisində geyim ekstravaqant olmalıdır. Estrada dünyəvi bir sənətdir və bu dünyəvi sənətin öz prinsipləri var. İndi mən bir həkim kimi durub deyim ki, Amerika təbabətini xoşlamıram, çünki şanlı Azərbaycan oğluyam, yalnız Azərbaycan alimlərinin kəşflərini kəşf sayıram, bu, düz olmaz.
Ya Türkmənbaşı “Oksford”u bitirən həkimlərin diplomlarını tanımırdı. Gərək həkim Aşqabad Tibb İnstututunu bitirmiş olaydı. Elm milli yox, dünyəvidir. Elə estrada da elm kimidir. Bu, dünyəvi bir sənətdir. Röya öz sənətini qoçaqcasına cəmiyyətə tətbiq edə bildi.

Mən sizə Röyanın başqa cəhətlərindən də danışmaq istərdim. Mən həbsdə olanda Röya bizə “peredaça” yollamışdı. Demək belə. “Bayıl”dayam. 2007-ci il - Novruz bayramı günüdür.

Bir də gördük qapı şaqqıltıyla açıldı – hər dustağa iki dolu çanta, birində konfetlər, şəkərbura, paxlava və sair, digərində dəftərlər, qələmlər, corab, sabun, nə bilim nələr.

Təcridxanadakı 2200 dustağın hər birinə ayrı-ayrılıqda bu cür hədiyyə dolu çantalar paylandı. Kim göndərib bunları – sən demə, Röya Ayxan. Hamı bir ağızdan “Röya, sağ ol!” qışqırırdı. Dustaqlar onu çox sevirdi. Çox mərd və ürəyiaçıqdır Röya.

Deyirlər, Aygün Bəylər də elədir - kasıb-kusub anası.
Murdar adamların oxumağından nə çıxar...

- Bizdə qıcıq törədən müğənni varmı?

- Hərdən yekəbaşlıq edirlər. Ancaq inandırım, o yekəbaş da başı daşdan-daşa dəyəndən sonra dəyişəsidir. Çalışmalıyıq ki, heç kəsin oxumaq həvəsini öldürməyək.

- Maraqlıdır, Röya etdiyi yaxşılıqları heç harda demir. Eləsi var ki, cəmi bir dəfə qocalar evinə gedir, onu da çəkdirib televiziyaya verir.

- Etdiklərini car çəkib aləmə yaysaydı, Röya Röya olmazdı ki. Onda xarakter var. Baş-gözünü örtüb özünü əxlaqlı göstərənlərdən də tam fərqlənir. Əxlaq

hicabda-bürünməkdə yox, tamam başqa cəhətlərdədir.

- Müğənnilərin bir-biri ilə münaqişəsinə, onların maqazin verlişlərində bir-biri ilə atışmasına necə baxırsınız? Bu lazımlıdı, yoxsa biabırçılıqdı?

- Yox, biabırçılıq-zad deyil. Şou aləminin öz qanunauyğunluqları var. Əksinə, belə olmasaydı, təəccüblü olardı. Bu olmalıdır. Həm də kütlənin mənfi enerjisi belə şeylərlə heçə endirilir.

Müəyyən təbəqələr şou aləmi ilə yaşayır, onların bu hüququnu niyə əldən alasan. Bizdə belə şeylərə xor baxanlar əsasən lüzumsuz komplekslərdən qopa bilməyənlərdir.

Bir yazıçı kimi zaman-zaman mənim də üstümə çox düşüblər. Hətta kölgəmi də qılınclayıblar. Ancaq yaradıcılıq yeganə şeydir ki, onu heç kəs əlimdən ala bilməz. Bir dəfə biri qəzəblə yazmışdı: bu necə işdir, Azərbaycanda bir kişi tapılmır ki, Rafiq Tağını dirəsin divara, təpəsinə bir güllə. Sonradan o adam mənimlə dost oldu.

Hansısa bir hekayəmi oxuyandan sonra ağlayıb və özünə qəti söz verib ki, bir də mənim əleyhimə heç nə yazmasın.

Doğrudan da, daha heç nə yazmadı, məni darıxa-darıxa qoydu.

- İlhamə Quliyeva, yoxsa Flora Kərimova? Bu saat iki disk göstərsəm, hansını seçərdiniz? Hökmən birini seçməlisiz.

- Birini seçsəm, insafı itirmiş olaram. Hər ikisi sevimli müğənnimizdir. Ayrıca birini deməyəcəyəm.

İlhamə xanımın da yaxşı mahnıları var, Flora Kərimovanın da. Ancaq Flora xanımın oxuduğu “Bakının gecəsi” yaman ürəyimcədir.

Çox işıqlı mahnıdır. Elə bilirsən də par-par yanır.
Mən yeganə olaraq, bu iki yaradıcı xanımın didişmələrini xoşlamıram.

- Bəlkə o da şoudu?

- Təəssüf ki, şou deyil, kin-küdurətli bir şeydir. Əsl şouda kin olmur. Şou savaş deyil, dinamizmdir. Bəzən Flora Kərimova xırdalıqlara enir, bircə zarafatla ötüşəsi şeyləri məhkəməyə çıxarır. Məhkəməbazlıqdır bu və heç cür Flora xanıma yaraşdırmıram.

Mən bir dinləyici olaraq, onda belə hərəkətləri görmək istəmirəm. Ancaq yenə özü bilər. İnsanın gözəlliyi həm də güzəştə getməyi və bağışlamağı bacarmağıdır. II İohan Pavel ona güllə atmış Əli Ağcanı türmədə qucaqlayaraq ağlamışdı.

Sən yaradıcı insan kimi tənqiddən, yəni müəyyən səviyyədən aşağı olan sözlərə cavab verməməlisən.

Sonda onu deməliyəm ki, ən çox sevdiyim müğənnilərdən biri Sevda Ələkbərzadədir. Niyə onu soruşmadınız? Gəlin, onun bir mahnısını yada salaq – “Əlimi bıçaq kəsibdi...”

Elxan Xanəlizadə
“Xural” qəzeti,
XS
SM
MD
LG