Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:13

Taksi sürücüləri: «Rəqabətə dözməsək, özümüz çıxarıq»


Qazancı taksidən çıxan 55 yaşlı Əlmurad Günəşoğlu
Qazancı taksidən çıxan 55 yaşlı Əlmurad Günəşoğlu
«Deyirlər lisenziya verilməyəcək. Bizim ailəmiz var axı, neyləməliyik, acından ölməliyik? Milləti fikirləşən yoxdur. Bıçaq sümüyə dirənəndə insan nəyə desən qadirdir».

30 ildən çoxdur ki, qazancı taksidən çıxan 55 yaşlı Əlmurad Günəşoğlu deyir ki, artıq bir həftədir sanki tikan üstə oturub. Uzun illərdir müştəri gözlədiyi yer Nizami metrostansiyasının qarşısındakı taksi dayanacağıdır. Amma artıq şəhərin mərkəzi küçələrindəki taksi dayanacaqlarını ələ keçirən yeni London taksilərinin yeli buradan da yan keçməyib. Şəxsi avtomobili ilə xidmət göstərən sürücülərin dediyinə görə, ötən həftədən nəqliyyat müfəttişləri daha tez-tez onlara baş çəkməyə başlayıblar.

Taksi sürücüsü Abdin Əkbərov:

«Gəlib sənədləri yoxlayırlar. Maşının sənədlərini istəyirlər vermirik, çünki alırlar qaçıb minirlər maşınlarına, çıxıb gedirlər».

«SƏNƏDİMİZİ ALIB QAÇIRLAR»

Abdin Əkbərov deyir ki, müfəttişlikdən bir neçə dəfə fəaliyyətlərini dayandırmaqla bağlı xəbərdarlıq alıblar. Buna məhəl qoymadıqlarına görə, indi ya sənədləri əllərindən alınır, ya da fəaliyyətlərini davam etdirə bilmələri üçün onlara lisenziya verilmir:

«Deyirlər bazar iqtisadiyyatıdır. Biz də rəqabətə dözmərik, özümüz çıxarıq da. Niyə bizi məcburi sürüyüb atırlar bayıra? Qoy mən gəlim işləyim, maşınıma minən olmasa, çıxım gedim. 5 gün, 10 gün, 1 ay görərəm ki, rəqabətə dözmürəm, bir daha işə çıxmaram da. Bazar iqtisadiyyatı belədir də. Bunlar isə deyir ki, ancaq bizimki işləməlidir».

LONDON TAKSİLƏRİ İLƏ UZUN SÜRMƏYƏN SÖVDƏLƏŞMƏLƏR

Taksi sürücülərinin dediyinə görə, onlara bir neçə dəfə təklif olunur ki, Bakıya yeni gətirilən London taksilərində işləsinlər. Hətta bu təkliflə razılaşanlar da olub. Amma sürücü Rail Rəhimovun dediyinə görə, bu sövdələşmə uzun sürməyib:

Sürücü Rail Rəhimov
Sürücü Rail Rəhimov
«Təzə taksilər heç kimə sərf etmir. Tanıdığım bir neçə adam ki, götürüb, sonra qaytarıb. 50 manat planıdır, 10 manat da «salyarka» puludur. Bədbəxt oğlu 60 manatı haradan çıxarsın? Adi Yasamala bir müştərini aparıb gələnədək tıxaclarda 2 saat keçir, aldığın 5 manatı da benzinə verirsən. Bax, səhərdən burdayam, indi saat 1-dir, indiyədək 3 manat qazanmışam, onu da indi aparıb «obedə» verəcəm».

ŞƏHƏRİN MƏRKƏZİNDƏ YALNIZ LONDON TAKSİLƏRİDİR

Nəqliyyat Nazirliyinin də məlumatına görə, hazırda Bakıda şəxsi avtomobili ilə taksi xidməti göstərənlərin sayı 20 mindən çoxdur. Artıq şəhərin bəzi taksi dayanacaqlarında, məsələn, «Azneft» meydanında, Neftçilər prospektində köhnə taksilər gözə dəymir, ətrafda yalnız London taksiləridir. Sürücülərin dediyinə görə, müfəttişliyin əməkdaşları bu əraziləri nəzarətdə saxlayırlar ki, köhnə taksilər yenidən bu yerlərdə dayanmasınlar.

«Azneft» meydanındakı taksi dayanacağında fəaliyyət göstərən yeni London taksisinin sürücüsü Elnur deyir ki, 1 aydır ki, işə çıxır, hələ ki narazılığı yoxdur. Əvvəlcə «başımı ağrıtmaq istəmirəm» deyib mikrofona danışmaq istəməsə də, sonradan razı olur, amma suallarımıza da könülsüz cavab verir. Deyir hər gün plan vermir, sadəcə sayğac nə qədər yazırsa günün sonu həmin məbləği nazirliyin müvafiq əməkdaşlarına verir:

- Plan deyil, maaşdır bizdə. 248 manat alırıq. Sayğac nə yazır onu da veririk.
- Sayğac günə təxminən nə qədər yazır?
- Deyə bilmərəm. Hərdən bir cür olur. Təxminən 30-40 manat yazır da.

Yeni gətirilən taksilərin təqdimatı
Yeni gətirilən taksilərin təqdimatı
«EUROVİSİON»A YENİ TAKSİLƏRLƏ

London taksiləri Bakıya bu ilin əvvəlindən Nəqliyyat Nazirliyinin xəttilə gətirilməyə başlayıb.

Nəqliyyat müfəttişlərinin köhnə taksiləri sıxışdırmasına dair deyilənlərə nazirlikdən mövqe ala bilmədik. Nəqliyyat naziri Ziya Məmmədovun dediyinə görə, Bakıya artıq 500-ə yaxın yeni London taksiləri gətirilib. Gələn ilin mayında Bakıda keçirilməsi nəzərdə tutulan «Eurovision-2012» müsabiqəsinədək bu taksilərin sayının 3000-nə çatdırılması planlaşdırılır. Nazir bir müddət əvvəl yerli mediaya bildirib ki, yeni taksilərə fərdi şəxslərin sahib ola bilməsinə də imkan yaradılır. Bunun üçün, həm nağd, həm də kreditlə ödəniş imkanları nəzərdə tutulub. Bu proseslə paralel olaraq paytaxtda həm də köhnə taksilərin yığışdırılması prosesinə başlanıb. Nəqliyyat naziri bildirib ki, hazırda Bakıda fəaliyyət göstərən 20 mindən çox qanunsuz taksi tədricən yığışdırılacaq.
XS
SM
MD
LG