Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:38

Cavanşir Yusifli - Kamal Abdullanın romanının üstünlüyü və qüsuru haqda


Tənqidçi Cavanşir Yusifli bu məqaləsi ilə yazıçı Kamal Abdullanın "Unutmağa kimsə yox..." romanının "Oxu zalı"nda keçirilən müzakirəsinə qoşulur.


Cavanşir Yusifli


Kamal Abdulla: “Unutmağa Kimsə Yox...”
Yaxud itən yaddaş haqqında roman


Kamal Abdulla, şübhəsiz ki, professional yazıçıdır. Onun bədii mətnlərini başqa bir bucaqdan baxıb qiymətləndirmək cəhdləri, son zamanların təcrübəsinin də göstərdiyi kimi sadəcə qeyri-professionallıqdır.

Bizdə “carilik” yarlığı altında istisnasız olaraq bütün bədii mətnlərin analiz edilməsi, ədəbi prosesin və tənqidin gündəminə çevrilməsi qarşısıalınmaz çaşqınlıq yaradır.

Hər şeydən öncə ona görə ki, ədəbi tənqidin başlıca meyarı – yalnız bədii mətn adına iddialı olan əsərlərdən yazmaq prinsipi elə tənqidin özü tərəfindən pozulur və bu da ədəbi tənqidlə məşğul olan isimlərin əbədi olaraq özünümüdafiə mövqeyində dayanması ilə nəticələnir.

Belə bir disbalans xüsusən nəsr yazan qələm əhlinə də güclü sirayət edib. Tənqidin “bostana atılan daş” qismində dəyərləndirilməsi ədəbi prosesin üzdə olan, üzü qarsıdan psixoloji durumudur.


Kamal Abdulla, şübhəsiz ki, professional yazıçıdır. Onun bədii mətnlərini başqa bir bucaqdan baxıb qiymətləndirmək cəhdləri, son zamanların təcrübəsinin də göstərdiyi kimi sadəcə qeyri-professionallıqdır.

Əslində ən gözəl mətn “müdafiəsiz”, müdafiəyə ehtiyacı olmayan mətnlərdir. Şkalanın ən yüksəkdə olmasıyla ən aşağı nöqtədə qərar tutması sadəcə bir məqamdan qaynaqlanır: kitablar və mətnlər oxunmur, yaxud düzgün oxunmur...

Kamal Abdullanın “Unutmağa kimsə yox...” romanı məlum trilogiyanın son və tamamlayıcı həlqəsidir. Ancaq söhbət bu romandan getdiyi üçün onu trilogiyaya daxil olan digər əsərlərdən təcrid edilmiş halda da analiz etmək mümkündür.
Fikrimizcə, “Unutmağa kimsə yox...” nəsr mətni üzrə məlum olan bütün aspektləri, təsəvvür və anlayışları özündə cəmləşdirməyə cəhd edən bir mətndir. Təhkiyə, süjet və kompozisiya mürəkkəb quruluşa malikdir. Belə olduğu üçündür ki, o, dünyada canlı nə varsa (dinamika...) əvəz etməyə, ölmüş nə varsa ... diriltməyə çalışır. Bu cəhdin bəlirtiləri özünü müəllifin “dil müdaxiləsində” göstərir. Mətndəki mötərizələr, sözlərin və sözcüklərin dalbadal şərh edilməsi, təhkiyə sintaksisinin xüsusi çalar və keyfiyyətdə meydana çıxması fikrimizcə, Azərbaycan romanı üçün yeni olan keyfiyyətlərdir və bu artıq yeni bədii rakursun imkanlarının genişlənməsi ehtiyacını bir sual kimi ortaya qoyur.

Kamal Abdullanın təqdim edilən mətnində “oynadılan” ideyalar, süjet motivləri, bununla sıx şəkildə nəfəs alan fabula kəsikləri şübhəsiz ki, orijinal deyil və ola da bilməz, - yəni, dünya nəsri indi elə bir inkişaf mərhələsinə yetişib, nə yazılmamış nəsnə, nə də işlədilməmiş fənd qalıb. Hər şey tükəndikdə ideyanı müxtəlif baxışlardan keçirib canlandırmaq, dünyanı, tarixi .... öldüyü, bitib tükəndiyi nöqtədən körükdürmək ehtirası yeni güc qazanır. Belə çıxır ki, bütün dünyada yeni roman dalğası yaranır və Azərbaycanda bu tendensiyanın ilkin nümunəsi elə “Unutmağa kimsə yox...” romanıdır. Bu mənada adı çəkilən mətndə iki tendensiya daha güclüdür: 1) müəllif naturasının canlandırılması və yeni texnologiyaların, ən müxtəlif, rəngarəng mətnlərin bir mətnin içində əridilməsi və şübhəsiz ki, digər cəhdlər. Bu mənada biz əsərdə Patrixarxın Stiks çayı ilə bağlı
Kamal Abdulla
Kamal Abdulla
F.Q.-yə dedikləri (aramla, onun anlaq səviyyəsindən qorxa-qorxa...- deyə bildim?) təhkiyə girdabında cərəyan edən olayları həm bağlayıb düyünləyir, həm də ayırır. Belə bir ikili (əslində vahid-!) funksiya bədii priyomdan çox, kompozisiya əlamətidir. “Çiçəkli yazı bizi Stiks çayının sahillərinə qədər apara bilər...”. “Stiks çayını keçən ruhlar – ölmüş adamların ruhları çayın ortasında yaddaşlarını itirirdilər. Onları o biri sahilə - ruhlar səltənətinə ötürən qayıqçı günlərin bir günü dözə bilmir, öz taleyinə qarşı çıxır, Allahların ona tapşırdığı işi görməkdən imtina edir. Çünki bu ruhlar çayın ortasında yaddaşlarını ona buraxır, özləri azadlıq tapır, o isə əzab-əziyyət, zülm içində bu yaddaşları əmanət kimi qorumağa məhkum olurdu. Qayıqçının adı Xaron idi... ”

Bir də: çiçəkli yazının sirrini kənarda, köməkçi dillərdə, .... yazılarında axtarmaq araşdırmaçıya heç nə vermir. Ona qədər tapılan, kəşf edilən yazıların sirri yaddaşımızda itməyən bir şeyə, bir xatirəyə, çox incə bir komponentə əsaslanmaqla açılıb. Çiçəkli yazıda bu imkanlar bəri başdan tükənir, bu elə bir sirdir ki, dünyanın başlanğıcı ilə sonunu, sıxılması ilə genişlənməsini bir nöqtəyə düyür. Müəllif bu məqamda dünya və gerçəkliyə, baş verən və verəcək olaylara epik mətn məntiqi ilə nəzər yetirir. Özü demişkən, rakursu bir balaca dəyişən kimi, müəyyən həddi keçdinmi, ənənəvi və daşlaşmış təsəvvürlər yerlə yeksan olur. Zamanları adlayıb keçmək, eyni zamanda müxtəlif dövrləri aşmaq, hadisələrin üfüqündəki təkrarlanma ardıcıllığını pozmaq əslində vahid düzümə qarşı çıxmaqdır və bu, epik mətnin məntiqi ilə cəzalandırılır. Canavarın gözlərindən keçib mağarada sirli mətni (çiçəkli yazını-!) oxumaq istəyən və onu demək olar ki, hiss edən Pirqulu uzandığı yerdə “daşlaşır” (özü bir “mətnə” çevrilir). Pirqulu adlı bilicinin (“Sirlərin sərgüzəşti”) hiss etdiyi mətn yazıdan çox üzü gələcəyə ünvanlana bir xəbərdarlıq mesajıdır: unutmağa bir kimsə qalmadı dəxi... XX əsrdə bu olayın bir neçə dəfə baş verməsi, mətnlə təmas qurmaq istəyən insanların qəfil və müəmmalı ölümü (Bəhram kişidən başqa – çünki bu, razılaşdırılmışdı), bu mətni açmaq istəyən mütəxəssislərin onu demək olar ki, hiss etməməsi (immanent struktur axtarışları, mətn özü isə bitməz-tükənməz variasiyalardan ibarətdir, burda ölüb orda dirilən folklor mətnidir) üzümüzə Stiks çayının o biri sahilinin uğultusunu çırpır. Dünya sona yaxınlaşır. Borxes yazırdı: “Şotland Karleyl əsərlərinin müxtəlif məqamlarında, xüsusən Kaliostro haqqında essesində deyirdi: ümumdünya tarixi elə bir müqəddəs yazıdır ki, onu fəhm edir və əllə yoxlayaraq yazırıq, amma... o da bizi yazır.” Daha sonra, Leon Blua yazırdı ki, “yer üzündə bir bəni-insan yoxdu ki, kim olduğunu dəqiq bilsin, bu dünyaya niyə gəldiyini, bax, bu hərəkətləri, bu addımları niyə atdığını heç kəs bilmir. Əsl adı nədir, aləmlərin kitabında pozulmaz adı hardadır... Tarix nəhəng liturgiya mətnidir, burada yota (yunan əlifbasında “y” hərfini əvəz edən işarə) və nöqtələr böyük-böyük fəsillərdən daha əhəmiyyətlidir”. Malarmeyə görə, dünyanı saxlayan kitablardır, Blua isə belə deyirdi: biz sətirlərik, yaxud sözük, və ya sehrli bir kitabın hərfləriyik – bu isə aramsız yazılan bir kitabdır... İndi bu mətn sona çatmaq üzrədir. Ancaq yalançı kod – açar söz gerçəkliyin öz məntiqini alt-üst edir.

Burada mükəmməl kompozisiya həll variantı kimi başqa bir özəlliyi də qeyd edə
bilərik. Çiçəkli yazı tapıldıqda mütəxəssisin verdiyi ilk sual belə olur: onun düzümü necədir, divar boyu, üfüqi düzülüb, yoxsa şaquli? XVII əsr bilicisi isə ilk olaraq belə bir məqamla maraqlanır: ustadım öyrədərdi ki, istənilən çətin mətni oxuyarkən birinci təkrarlanan hadisələrə diqqət elə. Bu iki cəhət – mətn ləçəklərinin divar boyu ardıcıllıqla sıralanması və onların müəyyən intervallarla bir-birini təkrar etməsi təhkiyə, süjet və kompozisiya quruluşuna da hopub. Müxtəlif dövrlərdə təkrarlanan hadisələr, bu müəyyən intervaldan sonra ləçəkli mətnin vahid bir orqanizm kimi, var qüvvəsi ilə çölə can atması (möhtəşəm ahəng...) romanın öz mətnində də hiss edilir.

Yuxarıda qeyd etdik ki, roman texnikası və fəlsəfəsi etiabrı ilə yenidir, orada ən müxtəlif səviyyədə bir sıra qüsurlar mövcuddur.

1) “Unutmağa kimsə yox” mətn etibarı ilə uzundur, fikrimizcə, bəzi əhvalatlar əsas mətnlə sadəcə assosiativ əlaqədədir. Onları ixtisar etsək, bizcə roman itirməz, əksinə daha mükəmməl struktur qazanar. Bütün bu “bolluq” əsərə bizcə, ağırlıq gətirir. Qısa roman janrın artıq keyfiyyət ölçüsünə çevrilib.

2) Bəzi motivlərin təsvirində qeyri-dəqiqliklər mövcuddur. XVII əsr bilicisi ilə bağlı deyilənlər, bizcə inandırıcı deyildir. Bu şəxsin təyinləri sırasında belə bir cümlə var ki, guya o, yuxuları idarə edərmiş. Yuxu idarə ediləndə o, yuxu olmur ki... Yəni, fantastik, ağlın almadığı hadisələr belə real müstəvidə təsvir ediləndə olmuşdan daha gerçək təsir bağışlaya bilər.

3) İkinci iradın davamı kimi, Bəhram kişinin ruhla razılığa gəlməsi və ölümü inandırıcı təsvir edilməyib və əsərin dinamikasına xeyli mənfi təsir göstərib. Yəni, Bəhram kişi romanda “öz əcəli” ilə ölmür.

Həmçinin oxu
İradə Musayeva - Kamal Abdullanın romanını tənqid edir
Kamal Abdulla: "Bizdə çox vaxt qarayaxma ilə tənqidi qarışdırırlar"
Tehran Əlişanoğlu. Xorda oxumağı sevmirəm
Kamal Abdullanı xorla tərifləmək...
XS
SM
MD
LG