Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:04

Aqşin Yenisey: "Ədəbiyyata ayrılan pul niyə 4-5 nəfərin cibinə getməlidir?"


"Pen klub" proqramının tam videoyazısı (27.10.2011)
Gözlə

No media source currently available

0:00 0:48:05 0:00
Direct-ə keçid

"Pen klub" proqramının tam videoyazısı (27.10.2011)

- Məsələn, Yazıçılar Birliyinin xarici əlaqələr şöbəsinə elə bir adam rəhbərlik edir ki, bu adamın heç e-mail ünvanı da yoxdur. Bax problem bundadır. Yazıçılar Birliyinin digər orqanlarına rəhbərlik edən elə adamlar var ki, son 10-15 ildə çıxan əsərlərdən, ümumiyyətlə, xəbərləri yoxdur. Və soruşanda da deyir ki, vaxtilə Mirzə İbrahimovun yazdığı romanlar var ki, indi yoxdur, ona görə mən oxumuram.

Bunu gənc yazar Cavid Zeynallı “Pen klub” proqramındakı müzakirədə deyib. Mövzu belə olub:

Yazıçılar Birliyində nəyi dəyişərdiniz? "Ulduz" jurnalının baş redaktor müavini Qulu Ağsəsin dediyi kimi yaşı 60-ı keçənlər birlikdəki vəzifələrindən istefaya göndərilsinmi? Qurultay gəlir - AYB-də, onun qəzet-jurnallarında hansı islahatlara ehtiyac var?

Proqrama şair Tofiq Abdin, Azad Yazarlar Ocağının sədri, şair Aqşin Yenisey də qatılıblar.


Tofiq A:

- Söhbət AYB-nin idarə heyətinin, işçilərinin 60 yaşlılarından gedir, ya üzvlərindən?



Yazıçılar Birliyində nəyi dəyişərdiniz? Bu mövzu "Oxu zalı"nın Facebook səhifəsində də müzakirə edildi. Müzakirəyə 10-dan çox yazar qatıldı.

İlqar R:

- Yox, üzvlərdən söhbət getmir. O qədər adamı bir dəfəyə hara göndərmək olar?..

Aqşin Y:

- Üzvlər ora gəlirlər ki, getsinlər də?...

Tofiq A:

- Hə, bu başqa məsələ, mən sadəcə sualı anlamaq istəyirdim...

Aqşin Y:

- AYB ilə üzbəüz “26 Bakı komissarı”na abidə qoyulmuşdu, onu oradan götürdülər. Eləcə də Məşədi Əzizbəyovun heykəlini götürüb yerində fəvvarə qurdular. Nərimanov parkından Nərimanovun büstünü götürdülər. Yəni müstəqillik dövründə sovetizmin izlərini yavaş-yavaş yığışdırırlar. Bunun ən bariz nümunələrindən biri, sovet imperiyasının abidələrindən - inzibati orqanlarından biri də Stalinin sərəncamı ilə bütün SSRİ məkanında yaradılmış Yazıçılar İttifaqıdır. Məndən olsa hökumət bu təşkilatı da o abidələrin gününə salardı. Çünki bu təşkilat Azərbaycan ədəbiyyatını buxovlamaqdan başqa bir işə yaramır. Yarayırsa, bir adam çıxıb bunu izah etsin....

İlqar R:

- Tofiq Abdin indi izah edər.

Tofiq A:

- Yazıçılar İttifaqı ilə yanaşı bəstəkarlar, rəssamlar, kinematoqrafçılar ittifaqları, teatr cəmiyyəti və digərləri var. Bu təşkilatlar da dövlət büdcəsindən maliyyələşirlər. AYB-nin qalıb-qalmamasının mənim üçün heç bir fərqi yoxdur. Üzvü olsam da, o təşkilatdan da heç bir təmənnam yoxdur. AYB üç jurnal
Tofiq Abdin
Tofiq Abdin
buraxır və bu təşkilat da bu jurnallara görə tanınır. Halbuki AYB -dən xeyli adam maaş alır. Amma AYB-nin kökündən dağılması məncə qeyri-mümkündür. Bəlkə də onun nəzdində AYO kimi bir birlik yaratmaq olar. Amma indi Aqşın stalinizm, sovet dövrü deyir, mənim üçün sovet dövrü ilə indiki dövrün qətiyyən fərqi yoxdur.

İlqar R:

- Nə mənada? İkisi də gözəldir, ya naqisdilər?

Tofiq A:

- İkisi də naqisdilər. Mən hər ikisində yazı yazırdım və maaş alırdım. Kitablarıma pul almıram. Dilənçi kimi kitablarımı dost-tanışa satmağa məcburam. Əsl müqayisəyə qalanda, harda ki, basqı var, orada gözəl ədəbiyyat var.

Aqşin Y:

- 20-ci əsr Avropa ədəbiyyatı heç bir basqının altında yaranmayıb. Milan Kunderaya hansı basqı var? Bu gün dünyanın ən gözəl yazıçısıdır. Siyasi basqı sovet ədəbiyyatından gələn bir şeydir. O Stalinin yumruğunun ağrı-acısı idi, cəmiyyətin yox. Amma Avropa ədəbiyyatını oxuyanda görürsən ki, orada cəmiyyətin. insanın ağrı-acısı var. Və bu ağrı sizin dediyiniz o totalitarizmin insana bəxş etdiyi ağrı deyil. Azərbaycan yazıçı və şairinin yaxşı əsərlər yazması üçün əsrlər boyunca başı üzərində bir totalitar yumruq olmasını arzulamağın özü də xətalı bir şeydir.

İlqar R:

- Cavid bəy, AYB-nin qurultayı var qarşıda. AYB mətbu orqanlarında hansı islahatları, dəyişiklikləri məqbul sayardınız?

Cavid Z:

- Məncə AYB ilə “26 Bakı komissarı”nın abidəsi müqayisəolunmaz şeylərdir. Əslində Tofiq müəllimin, Aqşinin və digərlərinin də AYB haqqında bu cür fikirlərinin bircə səbəbi var. Sadəcə, AYB bu gün ədəbiyyatın idarə olunması baxımından öz vəzifələrini kifayət qədər yerinə yetirmir. AYB üvləri özləri də orada islahatların vacibliyini dəfələrlə səsləndiriblər. Ümumiyyətlə, AYB-də rəsmən çalışan və heç bir işə yaramayan təxminən on-on beş nəfər adam var. Söhbət AYB-nin hər hansı bir jurnalında çalışan adamdan getmir. Onlar müəyyən işlər görürlər. Orada cəmiyyət üçün açıq olmayan elə ştatlar var ki, AYB-nin imicinin aşağı düşməsinə səbəb olanlardan biri də məhz orada çalışan və dövlətdən maaş alan həmin adamlardır. Və on beş, iyirmi il ərzində ortaya heç bir məhsul qoymayıblar. Əslində AYB-nin də tənqidə məruz qalmasının əsas səbəbi bu qurumun ədəbi proseslərə lazımınca təkan verə, nəzarət edə bilməməsindədir.


Aqşin Yenisey və Cavid Zeynallı (sağda)
Aqşin Yenisey və Cavid Zeynallı (sağda)
Yazıçılar Birliyi əgər ləğv olunarsa, deməli, Bəstəkarlar Birliyi də ləğv olunmalıdır, digər ittifaqlar da ləğv olunmalıdır, bu, absurd bir şeydir. Sadəcə olaraq, bu orqanlarda müəyyən islahatlar aparmaq lazımdır,

İlqar R:

- Hansı islahatlar?

Cavid Z:

- 3-4 jurnal fəaliyyət göstərir, elə bunlar, mən deyərdim ki, həmin bu ədəbi prosesə 50-60 faiz nəzarət edə və ayaqlaşa bilmirlər. Fərz edək ki, Azadlıq Radiosunun “Oxu Zalı” var, tərif olmasın, sözün əsl mənasında bir proses yaradıb. İnsanlar bura inanırlar, özlərini prosesin bir tərkib hissəsi kimi görürlər. Yəni bu, gündəmi saxlaya bilir. Yazıçılar Birliyinin orqanları isə gündəmi saxlaya bilmədiklərinə görə, insanlarda birbaşa Yazıçılar Birliyinin əleyhinə bir fikir formalaşır. Əsas problem budur.

İlqar R:

- Ordakılar təcrübəli adamlardır, niyə saxlaya bilmirlər gündəmi?

Cavid Z:

- Bilirsiniz, əslində bu, təcrübə məsələsi deyil. Mən fikirləşirəm ki, Yazıçılar Birliyində qurultaydan sonra 60 yaş məsələsi əslində gündəmdə olan məsələdir. Məsələn, Yazıçılar Birliyinin xarici əlaqələr şöbəsinə elə bir adam rəhbərlik edir ki, bu adamın heç e-mail ünvanı da yoxdur. Bax problem bundadır. Yazıçılar Birliyinin digər orqanlarına rəhbərlik edən elə adamlar var ki, son 10-15 ildə çıxan əsərlərdən, ümumiyyətlə, xəbərləri yoxdur. Və soruşanda da deyir ki, vaxtilə Mirzə İbrahimovun yazdığı romanlar var ki, indi yoxdur, ona görə mən oxumuram. Problem bundadır. Bütün bu insanların Yazıçılar Birliyinin adından çıxış edib bu mənzərəni formalaşdırması gətirib ona çıxarır ki, insanların bu quruma olan etimadı itirilir.

İlqar R:

- Tofiq bəy, kim yaradır bu şəraiti? Məsələn, Qulu Ağsəs keçən dəfə danışanda deyirdi ki, 60 yaşlılar getməlidir, ancaq, məsələn, Anara toxunmayaq...

Tofiq A:

- Sizə bir söz deyim, hər şey elə Anarın başındadır. Bayaq da misal çəkdilər, məsələn, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə haqqında mətbuatda pis şey oxumamısınız ki. Gör indi bizim Yazıçılar İttifaqı, yazıçılar nə günə qalıb ki, bunlar artıq dartışma obyektinə çevriliblər. Bunlar ürək ağrıdan şeylərdir. Və hətta bu dartışmanın ucbatından da indiki dövlət də Yazıçılar İttifaqına, yazıçılara artıq dayaq nöqtəsi kimi baxmır. Bayaqkı söhbətə qayıdıram, deməli, söhbət burda yalnız Anarın üstündə gedir.

İlqar R:

- Burda yox, ümumiyyətlə.

Tofiq A:

- Bəli, ümumiyyətlə. Bunlar islahat deyəndə Anarın oradan getməsini nəzərdə tuturlar. Mən də arzu edirəm ki, Anar öz xoşu ilə getsin, yaxud çıxsın. Ondan sonra ora gələn adamın Anardan yaxşı, və ya pis olacağını siz də sağ olarsınız, görərik. Onda elə olacaq ki, bəlkə heç bizi burda verilişə də buraxmayacaqlar. Anar bu məsələlərdə obyekt olduğu üçün bir az adamın ürəyini ağrıdır. İndiki vəziyyətdə Azərbaycan yazıçılarına bu cür biganə münasibət yuxarıdan gəlir. Uzağa niyə gedirsiniz, Azərbaycanın böyük şairi Rəsul Rzanın 110 illiyi oldu. Kim qeyd elədi? Göyçayda qeyd elədilər, Yazıçılar İttifaqında isə bilmirəm oldu, ya yox. Sentyabrın 1-də mənim 70 yaşım tamam oldu. Bu, 70 illik normal bir ömürdür. İndi bunu Yazıçılar İttifaqı qeyd eləmir, qardaş, mən niyə gileylənməliyəm Yazıçılar İttifaqından? Heç maraqlandırmır da məni. İndi
Cavid Zeynallı
Cavid Zeynallı
ədəbiyyata, mühitə baxış o qədər dəyişib ki. Özü də Yazıçılar İttifaqının üstündə ha. Biz gəlib o günə düşmüşük ki, bu dartışmaların nəticəsində bu ayolar-mayolar da bədbəxt olacaqlar. Çünki bunlara da qeyri-ciddi baxırlar.

İlqar R:

- Bəlkə elə dartışmaları edən bunlardır (Aqşınə işarə ilə verilir sual – İ.R.)?

Tofiq A:

- Yox, bunlar deyil, əslində elə bunlardan qabaq da orda dartışmalar var idi. Aqşin bəy bayaq gözəl dedi, Azərbaycan Yazıçılar İttifaqı 37-dən bəri yaranan bir təşkilatdır. Onun içərisində, siz çox gözəl bilirsiniz ki, kimlər necə öldürülüb. Yəni Yazıçılar İttifaqı qərib bir yerdir, buranı idarə etmək hər adamın işi deyil. Yazıçılar İttifaqının böyük bir nüfuzu var, obyektləri var, yaradıcılıq evləri var. Bu yaradıcılıq evlərini Anar müəllim özü ona-buna verməyib ki. Dövlət buna deyib, verib. Ancaq mənim düşüncəmə görə, Anar müəllim orda olmasa, onlar hamısı birər-birər satılacaq. Çox maraqlıdır, hamımız Anardan narazıyıq, ancaq Azərbaycanın ən ali mükafatını – Heydər Əliyev mükafatını Anara verirlər. Özü də necə verirlər, təqdim olunmadan. Azərbaycan ədəbi dünyasında nadir hadisədir ki, yazıçı təqdim olunmur, ona mükafat verirlər. Əgər pisdirsə, niyə verirlər?

İlqar R:

Aqşin bəy, mükafatlar göstəricidirmi?

Aqşin Y:

- Mənim aləmimdə yazıçının ən yaxşı mükafatı oxucudur. Yazıçı əgər evdə oturub mükafatlar haqqında fikirləşirsə, bu mükafatı əldə etmək üçün min dona girirsə, ona artıq yazıçı demək olmaz, o, artıq ayrı bir məxluqdur. Cavid bəy bayaq bir ifadə işlətdi ki, Yazıçılar Birliyi ədəbiyyatı idarə edə bilmədiyinə görə haqlı qınaqlara səbəb olur. Əslində, əziz dostum, ədəbiyyatı idarə etmək anlayışı özü düzgün deyil. Yazıçılar İttifaqının missiyası elə budur. Buna görə yaranıb ki, ədəbiyyatı inzibati şəkildə idarə eləsin. Bu təşkilatı yaradanda ümumi mahiyyət də bundan ibarət idi ki, Sovet ədəbiyyatını idarə etsin. Hansı yazıçı Sovet imperiyasının, Stalinin əleyhinədir, bu təşkilat yazırdı, verirdi KQB-yə və o yazıçını öldürürdülər, ölkədən qovurdular, Sibirə sürgün edirdilər. Bu təşkilatın quruluşunun bünövrəsində, Tofiq müəllimin dediyi kimi, intriqaçılıq, bir-birini satmaq, bir-birindən “donos” yazmaq dayanırdı. Bu ənənə də çox təəssüf ki, Azərbaycan Yazıçılar İttifaqının nəzdində və fəaliyyətində bu günə qədər də bu və ya digər şəkildə yaşadılır. Elementar bir şey deyim, biz təzə-təzə AYO-nu yaradanda Yazıçılar İttifaqının üzvləri elə 60 yaşından tutmuş 15 yaşına qədər, mətbuatda haqqımızda elə şeylər yazırdılar ki, sadəcə, dövr o dövr deyildi ki, bizi tutub güllələsinlər. Konkret yazırdılar ki, bu adamları ölkədən rədd eləmək lazımdır, bu adamları yazı yazmağa qoymaq olmaz, bu adamlar tərbiyəsizdir, xalqın mənəviyyatını pozurlar. Əgər dövr 37-ci il olsaydı, həmin yazılar bizim kimi azad nəfəs almaq istəyən yazıçıların güllələnməsinə, ən aşağısı, sürgün olunmasına gətirib çıxarardı. Yəni bu ənənə bu və ya digər şəkildə zəifləyib və yaxud artıq cəmiyyətin reaksiya vermədiyi şəkildə bu günə qədər yaşadılır. Mən deyəndə ki, sovetdən qalmış bu cür ittifaqları ləğv etmək lazımdır, bunun əvəzinə də bir şey təklif edirəm. Bu yazıçılar özləri öz cəmiyyətlərində, xüsusi təşkilatlarında birləşə bilərlər. Maliyyə qaynaqları haqqında fikirləşə bilərlər. Mən demirəm ki, “Ulduz”, “Azərbaycan”, “Qobustan”, “Ədəbiyyat” jurnalları bağlansın. Xeyr, qoy dövlət bunları maliyyələşdirsin, Bu jurnallar çıxsın, onların ədəbiyyata xətər vuracaq bir şeyi yoxdur. Sadəcə, bir məsələyə fikir vermək lazımdır, bu dörd jurnal, iki qəzet dövlətin hesabına çıxırsa və burda ədəbiyyat deyilən heç nə yoxdursa, onda bu pullar, xalqın sərvəti niyə ədəbiyyat adına 4-5 insanın cibinə axmalıdır.

İlqar R:

- Nə dərəcədə əminsiniz ki, heç nə yoxdur o dərgilərdə?

Aqşin Y:

- “Ədəbiyyat” qəzetinin bircə nömrəsini alın vərəqləyin, özünüz əmin olacaqsınız.

Cavid Z:

- Əslində, Aqşinin o dediyi fikirdə həqiqət var, Yazıçılar Birliyinin dövlət tərəfindən maliyyələşən orqanları bu gün gündəmi tuta bilmirlər. Bayaq gündəmi saxlamaq mənasında prosesləri idarə etmək dedim, o, qeyri-ixtiyari bir şeydir, əlbəttə, ədəbiyyatı idarə etmək olmaz. Fərz edin ki, lap “Ulduz”, “Azərbaycan” jurnalları da, ”Ədəbiyyat” qəzeti də, digər orqanlar da gündəmi saxlamaq üçün elə bir kampaniyalar başlaya, müsabiqələr keçirə bilər ki, gənclər üçün, başqa nominasiyalar da ola bilər ki, gündəmi saxlasınlar və cəmiyyətdə də, dövlət səviyyəsində də görünsün ki, yəni bu adamlar işləyirlər. Bu vəzifəni yerinə yetirə bilmədiyinə görə məhz bu problemlər yaranır. Yazıçılar Birliyinə qarşı formalaşan bütün fikirlərin başında duran məsələlər bundan ibarətdir. Mən Yazıçılar Birliyinin üzvüyəm, o təşkilatın ləğv olunmasının əleyhinəyəm. O təşkilat niyə ləğv olunmalıdır? Bu təşkilata yaranan naqolay münasibətin kökündə həmin bu Yazıçılar Birliyinin daxilində olan işçilər, orda heç bir işə yaramayan adamlar və bu jurnalların yarıtmaz fəaliyyəti səbəb olur.

Tofiq A:

- Aqşin bəyin diqqətinə bir şey çatdırım ki, mən Yazıçılar Birliyinin üzvüyəm, onun adından danışmıram, öz demokratiyamın adından çıxış edirəm. Aqşin bəy qəribə bir ittiham irəli sürdü ki, AYO-nun üzvlərinə hücumlar oldu. Ancaq, Aqşin bəy, vicdanımızı ortaya qoyaq, sənin başında olan uşaqlar var idi, məsələn, Elnur Astanbəyli və AYO-nun digər hər hansı bir üzvü özünə yazıçı deyib Anar müəllimin anası, atası haqında, şəxsiyyəti haqqında, lap deyək ki, arxivdə var, mən bilmirəm var, ya yoxdur, hər hansı bir şeyi yazırsa, axı bu nə dərəcədə düzdür? Ay Elnur Astanbəyli, axı bu Anardan nə qədər yazmaq olar. Axırda mən yazdım ki, Anarı Elnur Astanbəylidən xilas edin.
Məsələn, Rasim Qaracadan mən bir dəfə soruşdum ki, Rasim bəy, sənin bu Anar nəsli ilə nə ədavətin var? Rasimin mənə, mənim də ona böyük hörmətimiz var. Əksinə, Rasim məni həmişə Yazıçılar İttifaqından qoruyub. Dedi ki, Yazıçılar İttifaqı məni qapılarında çox süründürüb. Mən 70 yaşına qədər Yazıçılar İttifaqının qapısında sürünsəm də, heç vaxt ayağa durub deməzdim ki, küçədə gördüm ki, Əlağa Kürçaylı, Ağacavad Əlizadə filankəsə sataşırdı. Sən götür Anarın bir əsərini təhlil elə, de ki, bu, əsər deyil. Yoxsa Anarın anası haqqında, uşaqları haqqında yazmaq.... Anarın uşağı niyə səfir getdi? Qardaşım,
Tofiq Abdin
Tofiq Abdin
getdi də, indi neyləyək, vuraq özümüzü öldürək? Mən Məhərrəm kişinin oğlu ola-ola gəlib İstanbulda işləyə bilirəm, Aqşin, sən bir kişinin oğlu ola-ola gəlib AYO-nun başçısı ola bilirsənsə, Anarın, yaxud Fikrət Sadığın da oğlu gedər də. Bunlar özlərinin günahını demirlər. Sizin yazdıqlarınız var ha, Allaha and olsun, 37-ci ildə yazılsaydı, o yazdığınız adamların hamısını tutardılar.

Aqşin Y:

- Tofiq müəllim dedi ki, Yazıçılar ittifaqının üzvüyəm, amma öz şəxsi fikirlərini bölüşür. Mən də AYO-nun hazırkı sədriyəm, noyabrda təhvil-təslim olacaq

Tofiq A:

- Hə, sizdə kefdir.

Aqşin Y:

- Mən də burda AYO-nun adından danışmıram, öz adımdan danışıram. Tofiq müəllim deyir ki, bəzi AYO üzvləri Anar haqqında yazı yazırlar.

Tofiq A:

- Təkcə Anar haqqında yox, ümumiyyətlə, Yazıçılar İttifaqı haqqında, etikasız yazılar yazırlar.

Aqşin Y:

- Düzdür, AYO üzvləri içərisində bəziləri olmuşdu ki, Anara artıq şəxsi zəmində, patoloji nifrət səviyyəsinə gəlib çıxmışdı. Mən bu münasibətlə heç vaxt barışmamışam. Qaldı ki Elnur Astanbəyli, Qan Turalı nə vaxtsa yazıb, necə yazıb, bu onların öz münasibətidir. Mən ədəbiyyat mübarizəsinin o şəkildə aparılmasının həmişə əleyhinə olmuşam. Ancaq mən onu da bilirəm ki, AYO üzvləri, AYO-nun cavan yazıçıları təzə-təzə mətbuatda yazı yazmağa başlayanda, məsələn, Sevinc Pərvanə şeirlər yazmağa başlayanda, Sevinc Pərvanə barədə AYB üzvlərinin yazdıqları başdan ayağa təhqir idi.

Tofiq A:

- Ay sənin qadanı alım, AYB üzvünün yazdığı, Elçin Hüseynbəylinin yazdığı AYB-nin fikri deyil ki.

Aqşin Y:

- Bu oldu qarşılıqlı. Oldu 1:1. Tofiq müəllim, bir şeyi də deyim. AYO-nun üzvləri arasında Anar müəllimin yazıçı kimi heç bir problemi yoxdur. Anar yalnız inzibati məsuliyyətinə görə tənqid olunur. İdarə müdiri kimi, məmur kimi tənqid olunur. Necə ki Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi mətbuatda tənqid olunur,.

İlqar R:

- Aqşin bəy, onları mətbuat tənqid edir.

Aqşin Y:

- Biz də mətbuatda tənqid edirik də. Nəyə görə Nəqliyyat Nazirliyi, Baş Prokurorluq tənqid olunmalıdır, Anar tənqid olunmamalıdır. O da bir idarənin sədridir. Əgər o vəzifəsinin öhdəsindən gələ bilmirsə, deməli, tənqid olunmalıdır. İstər mətbuat, istər yazıçılar tərəfindən. Və nə etməli ki, bu təşkilat yazıçıların təşkilatıdır.

Tofiq A:

- Anar bəyi təşkilatçı kimi tənqid ediriksə, onu qurultay seçdi. Şəxsən mən seçmədim. Qurultay seçirsə, təşkilatın başçısı kimi Anar oranı idarə edə bilmirsə, bu, başqa məsələdir. Yenə deyirəm, bizim bəzi yazıçılarımızın hərəkəti, lap başda Süleyman Rəhimovun oğlu Şamo Rəhimov olmaqla, Azərbaycan yazıçısının əxlaqına uyğun şeylər deyil.

Aqşin Y:

- Bu yaxınlarda Vaqif Səmədoğlunun müsahibəsi çıxmışdı. Suallara cavab
Aqşin Yenisey
Aqşin Yenisey
verərkən dedi ki, bu günkü gənclər bu günkü qocalara qarşı nə edirlərsə, biz də öz dövrümüzdə özümüzdən əvvəlki qocalara qarşı etmişik.

Tofiq A:

- Vaqif Səmədoğlu düz demir. O, ömründə, bütün yaradıcılığı boyu heç vaxt Süleyman Rüstəm haqqında bir kəlmə də etiraz yazmayıb. Heç Vaqif Səmədoğlu Yazıçılar Birliyinin iclaslarına gəlmir.

İlqar R:

- Cavid bəy, sizcə, jurnallar necə işləməlidir? Deyirsiniz ki, açırsan, orda heç nə yoxdur. Nə olmalıdır?

Cavid Z:

- Əvvəla, deyim ki, yaradıcılığına görə hər kəs tənqid oluna bilər. Ancaq şəxsi müstəviyə gələndə, əlbəttə, bu, yolverilməzdir. Heç kimin atası, anası, yaxın qohum-əqrəbası haqqında mətbuatda yazı gedə bilməz, bu, birbaşa təhqirdir. Yazıçılar Birliyinin idarəçisindən tutmuş sıravi üzvlərinə qədər kimin yaradıcılığı tənqid olunubsa, buna heç vaxt sərt münasibət olmayıb. Ancaq məsələ şəxsi məsələyə keçəndə, əlbəttə, siz məndən yazırsınızsa, mənim də cavab vermək haqqım var. Jurnalın məsələsinə gələndə, düzünü deyim ki, bu, mənim yaralı yerimdir.

İlqar R:

- Aqşin deyir açırsan “Ədəbiyyat” qəzetini orda heç nə yoxdur. Orda nə olmalıdır?

Cavid Z:

- Bu məsələdə mən Aqşinlə razıyam.

Tofiq A:

- Orda olmayanlar “Alatoran”da çıxır da.

İlqar R:

- Mən inanmıram heç nə olmasın. Ancaq bunu izah etmək lazımdır axı.

Tofiq A:

- Mən də inanmıram. Aqşin bəydən də, sizdən də bir şey soruşuram. Azərbaycanda nə qədər istedadlı adam ola bilər?

Cavid Z:

- Bilirsiniz, Tofiq bəy, təkcə istedad məsələsi deyil. Məsələn, “Ədəbiyyat” qəzetində son on ildə görmüsünüzmü ki, hansısa bir məsələ müzakirə olunsun?

Tofiq A:

- “Ədəbiyyat” qəzeti tartışılmaz bir orqandır, bu, ayrıca bir orqandır. 20 ildir ki, biz deyirik ki, “Ədəbiyyat” qəzeti zəif çıxır. Anar müəllim çağırır baş redaktoru. Ayaz müəllimə (“Ədəbiyyat” qəzetinin baş redaktoru - İ.R) ziyalı kimi böyük hörmətim var, mən onun qəzetində illərlə çap olunmuram, heç çap olunmaq ümidim də yoxdur.

Cavid Z:

- Ümumiyyətlə, oxumursunuz, bilirəm.

Tofiq A:

- Oxumuram. İclasların birində Anar müəllim deyir ki, ay Ayaz, bu qədər tənqid edirlər, qəzeti bir tərpət də. Elə qəzeti açan kimi birinci dövlət xəbərləri, nə bilim, prezident Heydər Əliyev filan yerə getdi. Ayaz müəllim deyir ki, demək
istəyirsiniz, indi mən Heydər Əliyev haqqında xəbəri çap eləməyim? Yaxşı, buna nə cavab verəsən? Bu, iki yazıçı haqqında olan bir həqiqətdir. O da düz deyir, Anar müəllim də çəkilir geriyə. Yəni bizim bəzi şeylərdən xəbərimiz olmadığı üçün elə bilirik elə bir yerdə otursaq, hər şeyi həll edəcəyik. Əlinizdə gözəl bir “Alatoran” jurnalı var, mən də onu oxuyuram, istedadlı uşaqlar çıxardırlar. Qardaşım, siz bu yolla mübarizə edin, Anar getsin, jurnallar bağlansın....

Aqşin Y:

- Məsələ ondadır ki, qəzet “Ədəbiyyat” qəzeti adlanır və bu, Azərbaycan oxucusunun büdcəyə ödədiyi verginin əsasında maliyyələşir. Nəyə görə dövlətin ədəbiyyata qayğısı ola-ola mən “Alatoran” jurnalını Rasim Qaraca ilə boğazımızdan kəsib buraxmalıyıq ki, heç olmasa orda dünya ədəbiyyatından iki hekayə tərcümə edib verək? Sonra da dövlətdən inciyək. Dövlət bu qayğını ədəbiyyata göstərir. Büdcədən vəsait ayırır ki, ay yazıçılar, ay şairlər, gedin özünüzə qəzet buraxın. Ayaz Vəfalı bu qəzeti elə şəkildə buraxır ki, heç bir yazıçı o qəzetə 20 qəpik verib almaq istəmir. Niyə? Çünki o qəzetdə ədəbiyyatdan başqa hər şey var. Mən əminəm ki, heç bir dövlət orqanından Ayaz Vəfalıya demirlər ki, sən dövlət başçısının xəbərlərini orda çap elə. Ayaz Vəfalı özü vəzifəsini itirmək qorxusundan götürür “Azərbaycan”, “Respublika” qəzetində gedən xəbərləri “Ədəbiyyat” qəzetində çap edir. Mən inanmıram ki, hansısa məmur Ayaz Vəfalıya tapşırıq verib ki, sən orda şeir çap eləmə, dövlət başçısının səfərini çap elə. O, sadəcə “Ədəbiyyat” qəzetindəki vəzifəsini itirmək istəmir, bunun da həll yolunu belə görür.

Cavid Z:

- Əlbəttə, onu heç kim Ayaz Vəfalıya demir. Məsələ ondadır ki, rəsmi xronikanın o qəzetdə çıxmasının heç kim əleyhinə deyil...

Aqşin Y:

- Ancaq onun böyründə bir hekayə də, dünya ədəbiyyatından maraqlı bir tərcümə də olsun. 20 ildə “Ədəbiyyat” qəzetinin Azərbaycan ədəbiyyatına bir yaxşı şair təqdim etdiyini görmüsünüz?

Tofiq A:

- Mən bilmirəm, Aqşin aparıb Ayaz Vəfalıya bir şeir verib ya yox.

Aqşin Y:

- Niyə verməliyəm, o qəzeti kim oxuyur ki.

Tofiq A:

- Məsələn “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə bu dəqiqə bizim yanımızda olsaydı, deyəcəkdi ki, bala, sən nə vaxt mənə əsər gətirdin ki, mən çap eləmədim.

Aqşin Y:

- O orqanların içərisində ən yaxşısı elə “Azərbaycan” jurnalıdır.

Tofiq A:

- Mən “Qobustan” jurnalında məsul katib işləyəndə baş redaktorumuz Fikrət Qoca idi. Mən İstanbuldan qayıdandan sonra o jurnalda nələri eləmədim. Məsələn, Elçin Hüseynbəyli də deyə bilər ki, nə zaman “Ulduz” jurnalına əsər gətirdin, çap eləmədim.

Aqşin Y:

- Tofiq müəllim deyir ki, sən ora əsər aparmısan, onlar çap etməyiblər? Bizim iş yerinin yanında bir qəzet köşkü var. Ora “Ulduz”, “Azərbaycan” jurnalları, “Ədəbiyyat” qəzeti də gəlir. Mən hər gün orda qəzetləri oxuyuram. Satıcıdan soruşuram, bu jurnallar, qəzet gəlir, alan var? Deyir ki, yox, ayın axırında yayım firmasından gəlirlər, qaytarırlar geri. Əgər mənim şeirim gəlib köşkdə yatacaq, sonra da aparıb anbara atacaqlarsa, mən öz şeirimi niyə onlara verməliyəm?

Tofiq A:

- Ay Aqşin, oxucu heç vaxt meyar olmayıb.

Cavid Z:

- Aqşinin dediyi o köşkdə belə şeylərin mən də şahidi olmuşam. Bir dəfə eyni sorğunu keçirmişdim, ordan qəzetlər, jurnallar doğurdan da geri qayıdır. Ancaq
Yazıçılar Birliyinin Natəvan klubunda müzakirə
Yazıçılar Birliyinin Natəvan klubunda müzakirə
baxın, “Ədəbiyyat” qəzetinə Yazıçılar Birliyinin sədri Anar da, Elçin Əfəndiyev də, digərləri də yazı vermir. Məsələn, Vilayət Quliyev nüfuzu olan bir adamdır, bu gün yazılarını “525-ci qəzet”ə göndərir. Niyə? Aqşinin dediyində həqiqət odur ki, oxunmaq məsələsi var. Biz niyə yazırıq? Oxunmaq üçün. Bizim buna ehtiyacımız var. Aqşinin dediyi həmin köşkdən mən soruşmuşam, səhər-səhər gəldim dedim “525-ci qəzet” verin, məndən satıcı soruşdu ki, bu “525-ci qəzet” nə olan şeydir ki, hamı gəlib bunu soruşur. 1-2 dənə gəlir, gün ərzində 10 nəfər soruşur. Nəyə görə? Çünki artıq həm seçilən imzalar, həm də gənclər bu qəzetin ətrafında yığışıblar. Və bütün yaxşı yazıları da bura verirlər. mən özüm də “525-ci qəzet”də yazıram. Çünki reaksiya görürəm, görürəm ki, oxucu var.

İlqar R:

- Gələn həftə yığın şeirlərinizi, göndərin “Ədəbiyyat” qəzetinə, deyin ki, verilsin.

Aqşin Y:

- Bax, bu informasiya şəklində saytlarda çıxdı, bir dəfə elədik biz, bəs sonra necə olacaq?

Tofiq A:

- 2000-ci ildə bizim uşaqlardan çoxuna, başda Elnur Astanbəyli olmaqla, dedim ki, sizin qəribə rəftarınız var. Siz Azərbaycan Yazıçılar İttifaqından ərizə yazıb çıxırsınız. Gedib kənarda onunla mübarizə edirsiniz. Siz təşkilatda qalıb mübarizə edin onunla. İclaslarında durun fikrinizi deyin. Dedim, sən Yazıçılar İttifaqından gedirsən, sənin hüququn, deyək ki, sənə veriləcək prezident mükafatını götürüb verirlər məsələn, Tofiq Abdinə. Sonra da başlayırsan ki, istedadsızlar gəldi, istedadlılar getdi.

İlqar R:

- İndi təşkilatın içərisində istedadlılar, mübarizə aparanlar var, ya yox?

Tofiq A:

- Yazıçılar İttifaqında elə bir şey yoxdur ki, mübarizə aparsınlar.

İlqar R:

- Dediniz, qalın, burda mübarizə aparın, ona görə dedim. İclaslarda aparan olur o mübarizəni?

Tofiq A:

- Yəqin ki var. Məsələn, mən bildiyimə görə, Elçin Hüseynbəyli deyir mən hər dəfə nə isə təklif edirəm, qəbul eləmirlər. Məsələn, mən açıq-açığına keçən qurultaydan sonra Yazıçılar İttifaqı ilə əlaqə saxlamıram. Allah qoysa, bunlar hələ cavandılar, görəcəklər, Yazıçılar İttifaqı da dağılacaq, şübhəsiz dağılacaq. Ondan sonra elə bilirsiniz ki, Azərbaycan ədəbiyyatı güllük-gülüstanlıq olacaq? O yazıçılar daha pis günə qalacaq.

İlqar R:

- Əgər xeyri yoxdursa, onda niyə orada qalıb mübarizə aparmalı idilər ki?

Tofiq A:

- Sual verirəm sizə, Vaqif Səmədoğlu necə şairdir? Azərbaycanda ən gözəl şairlərdən biridir. Müsahibəsində deyir ki, 50 oxucusu var. Oxucu heç vaxt ədəbiyyatda meyar olmayıb.
AYO-nun üzvləri çox xoşbəxt adamlardılar. Bilirsiniz niyə? Bunu dəfələrlə demişəm, intəhası vaxtım yoxdur ki, araşdıram. Dünya poeziyası bu dəqiqə həmin bu AYO-çular var ha, bunlar onların yox, onlar bunların üstündə gedir. Mən həmişə demişəm ki, bu düşüncə mütləq qələbə çalacaq.

İlqar R:

- AYB-də, onun mətbu orqanlarında hansı islahatları məqbul sayırsınız?

Aqşin Y:

- Mən bu fikirdə qalıram ki, Sovet dövründə yaranmış bu cür təşkilatlar bağlanmalıdır, yazıçılar da dünyada necədirsə, o şəkildə də təşkilatlanmalıdılar. Özləri bildikləri kimi, azad şəkildə. Dövlət ki, o jurnallara pul ayırır, qalmaqları yaxşıdır, ancaq indiki şəkildə yox.

Cavid Z:

- Ümumiyyətlə, dağıdıcılığın əleyhinəyəm və hesab edirəm ki, hər şeyi yalnız islahatla həll etmək olar. İslahat isə kosmetik olmamalıdır, kökündən bir islahat olmalıdır.

Tofiq A:

- 40, 50, 60, indi də 70 yaşım var, mənim üçün heç fərq eləməz.

Aqşin Y:

- Ancaq bizim üçün fərqi var, Abi, qoyun yaşayaq...


Proqramı tam şəkildə BURDA dinlə
XS
SM
MD
LG