Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 18:49

Masallıda nədən adamlar borca düşür?


Mirzəkişi Mirzəyev
Mirzəkişi Mirzəyev
Masallı rayon sakinləri Qaz İstismar İdarəsinin əhaliyə verdiyi «Bildiriş-xəbərdarlıq» qəbzində ödəniləcək məbləğin bir neçə dəfə şişirdildiyini deyirlər. Rayonun Ərkivan qəsəbə sakini, 1 saylı orta məktəbin müəllimi Mirzəkişi Mirzəyev deyir ki, abonentlər beləcə aldadılır:

«Belə abonent yüzlərlədir, bütün kənddir. Tək-tək adam var ki, onun üçün borc gəlmir. Məsələn, nümunə üçün mən özüm. Mənim üçün borc gəlməyib. Çünki qaz idarəsi və onun işçiləri gizli şəkildə deyirlər ki, Mirzəkişi Mirzəyevə borc yazılsa, bu işin axırınacan gedəcək».

O deyir ki, yazılan borcların məbləği sərf edilən qazın bir illik pulundan çoxdur. Hər ev üçün 30-40 manatdan 300-400 manata qədər borc hesablanıb.

SƏNƏ SƏNDƏN ŞİKAYƏTİM VAR…

Mirzəkişi Mirzəyev korrupsiya idarəsinə şikayət məktubu yazdığını da bildirir. Onun dediyinə görə, idarə həmin məktubu araşdırmaq üçün Nazirlər Kabinetinə göndərib. Nazirlər Kabineti də şikayəti «Azəriqaz» İstehsalat Birliyinə ünvanlayıb. «Azəriqaz» İstehsalat Birliyi isə öz növbəsində bu məktubu tədbir görmək üçün Masallı Qaz İstismar İdarəsinə yollayıb. Mirzəkişi Mirzəyev deyir ki, məktubu əsas gətirərək ona təzyiq edirlər:

«BUNU ƏLBƏTTƏ TƏZYİQ HESAB EDİRƏM»

«Mənim şikayətimdən sonra evimə böyük bir qrup da gəlib. Bunlar 4-gözlü qaz piltəmə baxıblar, hamamda radiatora baxıblar. Xətlərimə baxıblar ki, heç bir sızma yoxdur. Sayğac yerindədir. Pulunu ödəmişəm, sayğacın da nömrələri düz gəlir. Bunu əlbəttə təzyiq hesab edirəm».

Aftandil Məmmədov
Aftandil Məmmədov
Mirzəkişi Mirzəyevin deməsinə görə, Masallı Qaz İstismar İdarəsindən ona bildiriblər ki, idarənin 1 milyon 700 min manat borcu var. Bu borc onlara aiddir.

Masallı rayonun Ərkivan qəsəbəsində də olduq. Bir neçə evə baş çəkdik.
Ərkivan qəsəbə sakini Aftandil Məmmədov deyir ki, qaz pullarını hər ay ödəyib. Verilən bildirişdə isə onu borclu çıxardıblar:

«HƏR AY MƏNƏ 300-350 MANAT BORC YAZILIR»

«Hər ay mənə 300-350 manat borc yazılır. Dövlətə mənim necə borcum ola bilər? Qaz pulunu verməsəm, mənim qazımı kəsərsiz. Belə çıxır ki, bir il qaz yandırmışam, heç pulunu verməmişəm? Çeklər var, hər şey qaydasında. Bildirişi paylayan adama demişəm ki, haçan bunlar düzələcək? Deyir ki, bunlar boş şeydir, düzələcək».

Aftandil Məmmədov üstəlik qeyd edir ki, qış fəsli gəlməmiş qazın verilməsində problemlər yaranıb:

«QAZ ZƏİF GƏLİR…»

«Qaz zəif gəlir, çox vaxtı kəsirlər. Günlərlə kəsirlər, əsasən gündüzlər. Qaz zəif gəlir, qabaqkı kimi gəlmir».

Ərkivan qəsəbə sakini Gülağa Yəhyayevə 262 manat, Azər Rəfiyevə 284 manat, Rafiq Babayevə 152 manat borc yazıldığını aşkarladıq.
Qaz sayğacı
Qaz sayğacı
Halbuki, sakinlərdə qaz sərfiyyatı ilə bağlı ödənilmiş pulların qəbzləri var idi.

Masallı şəhər sakinləri də bu məsələ ilə bağlı narazılıqlarını bildirirlər. Şəhər sakini Tarverdi Babayev heç bir əsas olmadan onu da borclu çıxartdıqlarını deyir:

«SORUŞANDA DEYİRLƏR Kİ, İŞİNİZ OLMASIN, SİZƏ DƏXLİ YOXDUR»

«Bizim ondan xəbərimiz yoxdu. 100 manat yazılır. Bütün camaat üçün yazılır. Soruşanda da deyirlər ki, işiniz olmasın, sizə dəxli yoxdur».

«BİLDİRİŞLƏRƏ SƏHV DÜŞƏN RƏQƏMLƏR VAR»

Masallı Qaz İstismarı İdarəsinin rəisi Seyran Şahverdiyev isə deyir ki, bildirişlərə səhv düşən rəqəmlər var. Onun dediyinə görə, borcu olanlar borcunu ödəməlidirlər. Kimin problemi varsa, idarəyə müraciət edə bilər. Araşdırma aparıb vətəndaşa rəsmi cavab veriləcək. O qazın zəifləməsi ilə bağlı fikirlərlə də razılaşmır. Seyran Şahverdiyev deyir ki, əhaliyə verilən qaz gündən günə artırılır.
XS
SM
MD
LG