Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:15

İnsan İnkişafı İndeksində Azərbaycan Türkiyədən öndə, İran və Ermənistandan geridə


Arxiv foto
Arxiv foto

Azərbaycan 187 dövlət arasında İnsan İnkişafı göstəricilərinə görə 91-cidir. BMT-nin İnkişaf Proqramı – UNDP-nin 2011-ci ilin İnsan İnkişafı İndeksində Azərbaycan 0.7 balla Türkiyədən (92) öndə, Gürcüstan (75), Ermənistan (86), İrandan (88) isə geridədir.

Azərbaycan 2010-cu ilə görə bu indeksdə cüzi də olsa irəliləyib, o zaman 0.69 olan balı 0.7-ə çatıb.

İnsan İnkişafı İndeksi ömür uzunluğu, təhsil və səhiyyə imkanları, adambaşına düşən gəlirlər, ətraf mühitin təsirləri, yoxsulluq və həyatdan razılıq kimi göstəricilərə əsasən hazırlanıb. Bu göstəricilər isə ya sorğular, ya da müxtəlif illəri əhatə edən rəsmi statistikadan götürülüb.

İNSAN İNKİŞAFI İNDEKSİ

Məsələn, İndeksə görə 91-ci olan Azərbaycnada insanların orta ömür uzunluğu 70.7 yaşdır. Azərbaycanlı ortalama 8.6 il təhsil alır, adambaşına düşən illik gəliri də 8 min 600 dollardır.

Azərbaycanlıların 99.5 faizi savadlıdır, hər 11.1 şagirdə bir müəllim düşür.

Amma BMT İnsan İnkişafı İndeksini Bərabərsizliklər İndeksi də əlavə edir və bu zaman ölkələrin indeksdə tutduğu yerlər dəyişir. Məsələn, ABŞ 4-cü yerdən birdən birə 25-ci yerə, Koreya 15-ci yerdən 32-ci yerə, İsrail 17-ci yerdən 25-ci yerə düşür.

Azərbaycan isə bərabərsizliklər nəzərə alınanda 11 pillə irəliləyir və 80-ci sıraya qalxır. İndeksdə onsuz da Azərbaycandan öndə olan Ermənistan bu vaxt daha da qabağa gedir və 73-cü olur.

Bərabərsizlik göstəricilərinə gender bərabərsizliyi və çoxölçülü yoxsulluq indeksləri daxildir.

GENDER BƏRABƏRSİZLİYİ İNDEKSİ

Azərbaycan gender bərabərsizliyi İndeksində 50-ci yerdədir. Hesabata görə, azərbaycanlı qadınların 65.5 faizinin ən azından orta təhsili var və 59.5 faizi işləyir

Ümumilikdə Gender bərabərsizliyi İndeksində ən yaxşı ölkə İsveç, ən pisi isə Yəmən sayılır.

ÇOXÖLÇÜLÜ KASIBLIQ İNDEKSİ

Çoxölçülü kasıblıq indeksinə görə isə, Azərbaycanda 461 min nəfər kasıb sayılır, yəni, əhalinin 5.3 faizi. Üstəlik, əhalinin 12.5 faizi isə kasıblıq həddinə yaxın sayılır.

Hesabata görə, azərbaycanlıların ancaq 1 faizi dünya üzrə mütləq yoxsulluq - aclıq həddi sayılan həddə yaşayır. Yəni günə 1.25 dollardan az qazanır. Amma ölkə üzrə qiymətlər nəzərə alınanda əhalinin 15.8 faizi isə minimum istehlak zənbilindən az qazanır.

Bu indeksə görə, dünyada ən kasıb ölkə Nigerdir. Həmin ölkədə əhalinin 92 faizi kasıb sayılır.

ƏTRAF MÜHİT, SAĞLAMLIQ

Bundan başqa, hesabatda ətraf mühitlə bağlı insan inkişafı rəqəmləri də var.
Bu hesablamalara görə, Azərbaycanda 5 yaşına qədər uşaqların 26.8 faizi, yəni hər 4 uşaqdan biri qısa boyluluqdan, 8.4 faizi – hər 12 nəfərdən biri isə çəki azlığından əziyyət çəkir.

Sənəddə qeyd edilir ki, Azərbaycanda ildə 212 nəfər suyun, 307 nəfər isə havanın çirkli olmasına görə tutulduğu xəstəliklərdən ölür. Ətraf mühitin təsiri və səhiyyə imkanları nəzərə alınanda Azərbaycanlıların ömür uzunluğu 70.7-dən 59-a düşür.

Əhalinin sayına gəldikdə isə, hesabata görə, artım templəri növbəti illərdə 1.5 faizdən 1.2 faizə düşəcək və 2015-ci ildə Azərbaycan əhalisi 10.8 milyon olacaq.

HƏYATDAN RAZILIQ

Hesabatda əhalinin həyatından razılığı da göstərilir. BMT-nin hesablamalarına görə, 10 ballıq sistemlə Azərbaycanlıların həyatından razılığı 4.2 balla qiymətləndirilib.
Azərbaycan əhalisinin 65.4 faizi havanın təmizliyindən razılıq edir, 51 faizi suyun təmizliyindən.

Ümumilikdə İnsan İnkişafı İndeksində ilk sıraları Norveç, Avstraliya və Hollandiya tutur. Siyahıda ən son yerlərdə isə Konqo, Niger, Burundi qərarlaşır.
XS
SM
MD
LG