Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:05

Gəncədə süpürgəçilər gecə uşaqlarını da özləri ilə işə aparırlar...


Süpürgəçilər
Süpürgəçilər
Gecə yarısı qaranlığı yaran işıq dirəklərinin altında 13 yaşlı Nuran balaca əllərini üzünə qoyub anasının nə vaxt işini bitirəcəyini gözləyir. Hərdən uzun tutqaclı süpürgəni var gücü ilə o tərəf, bu tərəfə aparıb yorğun anasına kömək də edir. Mikrofona danışmağa çəkinsə da, yol süpürməkdən utanmadığını deyir.

Soyuq küçələrdə sürətlə keçib gedən maşınların arası ilə yolları təmizləyən Nuranın anası Məhbubə Tahirova gecə yol Süpürməyin çətin olduğunu deyir:

«KÜÇƏDƏ KEFLİ-ZAD OLUR QORXURUQ»

«Tək getmirəm, qorxuram, ona görə uşaqla gedirəm. Küçədə kefli-zad olur, qorxuruq. Kömək də edir, hərdən yanımda da durur. Mən 1 ştat işləyirəm, 80 manat alıram».

Yolların təmizliyinə baxan digər qadınlar da işlərinin çətin, maaşlarının az olduğundan gileyləndilər. Onlar deyir ki, gecədən işə çıxıb, səhər açılana kimi öhdələrinə düşən əraziləri süpürüb, təmizləyirlər.

Mahizər Məmmədova:

«MƏN ÜZEYİR HACIBƏYOV KÜÇƏSİNİ SÜPÜRÜRƏM»

- Çətindir, gecə körpə uşaqları qoyub gedirik. İşləyirik, soyuqdur artıq.

- Nə qədər maaş alırsınız?

- 80 manat. Gedib süpürüb gəlirik. Aydan-aya da kartımızla maaş alırıq. Ərazimizi tanıyırıq, gedib öz ərazimizi süpürürük. Mən Üzeyir Hacıbəyov küçəsini süpürürəm.

Süpürgəçi qadınların əksəriyyəti Tikiş Fabrikinin yataqxanasının sakinləri olduqlarını dedilər. Danışdılar ki, yataqxana yaşayışa yararlı deyil. Nə suyu var, nə də qazı:

«DEYİRLƏR MÜƏLLİMLƏRİN PULU ARTANDA...»

Süpürgəçi qadınların əksəriyyəti Tikiş Fabrikinin yataqxanasının sakinləridir
Süpürgəçi qadınların əksəriyyəti Tikiş Fabrikinin yataqxanasının sakinləridir
- «Narazılığımız var, su yox, fəhlə adamıq, şəraitim yoxdur. Başçı bizə bir kömək eləsin. Ya da bir ev versin. Deyirlər müəllimlərin pulu artanda, süpürgəçilərin də pulu artacaq».

- «İşləyib az, çox maaşımızı alırıq. Şikayətimiz yataqxanamızdandır. Suyumuz yoxdur. 2 gündən bir gəlir, bir az su götürürük. Qazımız yoxdur. Bu dəqiqə hamını dindir, prospekti süpürənlərin hamısı yataqxananın sakinləridir».

Gəncə şəhər Mənzil Kommunal Təsərrüfat və İstehsalat Birliyinin rəisi Elgün Məmmədov isə süpürgəçilərin maaşlarının artıb-artmayacağı haqqında heç nə bilmir. Ancaq onu deyir ki, Gəncədə 300-ə yaxın yol süpürgəçisi var və onlar neçə ştat iş görərsə, ona uyğun da əmək haqqı alırlar:

«80 MANAT, 90 MANAT, 106 MANAT ALAN DA VAR».

«1124 nəfər kommunal işçi var. «Oklad»a uyğun alırlar. 80 manat, 90 manat, 106 manat alan da var».

İcra hakimiyyətində Mənzillərin Uçotu, Bölüşdürülməsi və Dəyişdirilməsi şöbəsinin rəisi Tofiq Quliyev danışır ki, əvvəllər kommunal sahədə işləyən xidmətçilərə ya ev verilirdi, ya da ev şəraitləri yaxşılaşdırılırdı:

«YALNIZ İMTİYAZLI İNSANLAR, MƏNZİL NÖVBƏSİNƏ DURA BİLƏR»

«Sovet dövründə - Kommunist Partiyasının vaxtında verilirdi. 1991-ci ildən elə şey yoxdur. İndi elə qərar qəbul olunub. Yalnız imtiyazlı insanlar şəhər icra hakimiyyətində mənzil növbəsinə dura bilər».

Nuran isə hər səhər tezdən məktəbə getməlidir. Gecəyarısı yolları təmizləyən anasını gözləyən məktəbli bəzən elə yol kənarında yuxulamalı olur.
XS
SM
MD
LG