Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:01

«Ümummilli lider haqqında qanun»a ehtiyac varmı?


«Ümummilli lider haqqında qanun qəbul edilməlidir». Bu fikri son vaxtlar parlamentin iclaslarında tez-tez eşitməli oluruq. Sonuncu dəfə belə təkliflə bitərəf deputat Jalə Əliyeva Milli Məclisin noyabrın 15-də keçirilən iclasında çıxış edib. O özündən əvvəl bu təklifi parlamentdə və mətbuatda səsləndirən deputatların adlarını sadalayaraq artıq belə bir qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradılmasını məqsədəuyğun sayıb:

«Xalq artıq ulu öndərə, Heydər Əliyevə öz qiymətini verib və onu özünə milli lider seçib. Təbii ki, milli liderin irsinin, şəxsiyyətinin, şərəf və ləyaqətinin bütün dövrlərdə qorunması hər bir azərbaycanlı kimi biz millət vəkillərinin də üzərinə düşən böyük bir borcdur. Mən təklif edirəm ki, Milli Məclisdə bu məsələ ətrafında bir işçi qrup yaradılsın və yaz sessiyasında bu məsələ müzakirəyə çıxarılsın».

Yeri gəlmişkən, əvvəllər bu təklifi parlamentdə əsasən hakim YAP-ın və iqtidar yönlü partiyaların nümayəndələri səsləndirirdilər. Sonradan bu təşəbbüsə bitərəf deputatlar da qoşuldu.

TƏKLİFƏ PREZİDENT ADMİNSTRASİYASINDAN YAŞIL İŞIQ?

İndi artıq bu istiqamətdə Prezident Adminstrasiyasından da fikirlər eşidilməyə başlanıb.

Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Trend agentliyinə açıqlamasında deyib ki, Azərbaycanda «Ümummilli lider haqqında» qanun layihəsi qəbul edilə bilər:

Əli Həsənov
Əli Həsənov
««Ümummilli lider haqqında» qanun layihəsinin qəbuluna dair təklif varsa, onun müzakirəyə haqqı var. İdeyanı irəli sürən insanların hər biri müəyyən intellekt sahibidir və dünyada mövcud olan bu tipli qanunlar haqqında məlumatları var».

Bəs vətəndaşlar bu barədə nə düşünür? Bakı sakinləri arasında apardığımız qısa sorğudan bəlli oldu ki, belə bir qanunun qəbulunu istəyənlərlə yanaşı, ona ehtiyac görməyənlər də var. Üstəlik söhbətləşdiyimiz adamların bir qisminin ümummilli liderin kimliyi məsələsində fərqli fikirləri var:

- Artıq qanunların hamısı qəbul olunub. Mənə elə gəlir ki, ümummilli lider haqqında ayrıca qanun qəbul edilməsinə ehtiyac yoxdur...

- Bu söhbəti heç sorğu-sual etmək də olmaz. Məncə belə bir qanunun qəbulu lap yaxşı olar...

- Azərbaycanda qəbul olunmalı o qədər qanunlar var ki, məncə onları qəbul etsələr yaxşıdır...

- O qanun kimə lazımdır bilmirəm, ancaq bu zəmanədə yaşamaqdansa, ölmək yaxşıdır.

- Heç bir qayda-qanuna ehtiyac yoxdur. Heydər Əliyev öz işi ilə hər kəsin qəlbində özünə yer eləyib.

Bəs sıravi vətəndaşlar kimi ümummilli lider hesab edir?

- Mənim üçün ümummilli lider Məhəmməd Əmin Rəsulzadədir.
- Mən bilən ümummilli lider Heydər Əliyevdir.
- Əgər gələcəkdə də ümummilli liderlər olacaqsa, qəbul eləsinlər...

«BU YOLLA NƏ ÖZLƏRİNİ TARİXƏ SIRIYA, NƏ DƏ AZƏRBAYCAN XALQININ ONLARA MÜNASİBƏTİNİ DƏYİŞƏ BİLƏCƏKLƏR»

Əli Kərimli
Əli Kərimli
AXCP sədri Əli Kərimli isə bu təklifə çox sərt şəkildə cavab verir. Onun fikrincə, əgər hakimiyyət bu qanunu qəbul etsə, bu Şərqin geridə qalmış, avtoritar rejimləri ilə Azərbaycanı bir sırada tutmaq üçün atılmış son addımlardan biri olacaq:

«Bu yolla nə özlərini tarixə sırıya, nə də Azərbaycan xalqının onlara olan münasibətini dəyişə biləcəklər. Əksinə bu addım Azərbaycan cəmiyyətində etirazları daha da artıracaq. Cəmiyyət bir daha fərqində olacaq ki, hakimiyyəti zəbt eləmiş sülalə onunla necə davranır, onu necə aşağılayır. Ona görə də hesab edirəm ki, hökumət üçün heç bir pozitiv nəticəsi olmayan və ölkəni dünya miqyasında daha da gözdən salan bir addımdır».

Əli Kərimli hesab edir ki, belə bir addımı atmaq, birmənalı şəkildə hakimiyyətin səhvi olacaq. Onun fikrincə bu, Azərbaycan cəmiyyətində qarşıdurmaları artıran bir addımdır.

Bəlkə siz də bu müzakirəyə qoşulasınız? Bizə yazın «Ümummilli lider haqqında qanun»a ehtiyac varmı?
XS
SM
MD
LG