Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:39

Şəhriyar Hacızadə. Bütün yoxluqlar üçün


Darıxa bilməyin özü də istedaddı. Adam harasıyla darıxırsa, orasıyla da unudur. Mənimsə yalnız özümü unutmağa gücüm çatır, özümü.

Hərdən anamın ayaqqabılarını geyinib həyətdə gəzişirdim ki, həyət-baca darıxmasın. O zamanlar hələ anam xəstə yatırdı. Hər şey qəfil oldu, bir-birə, nə bilim külək kimi, şimşək kimi, yuxu kimi...

Yadıma yol düşür. Bir dəfə Meşgində bizi yağış tutdu. Külək də bir yannan. Saat 15-ə həkimin qəbulunda olmalıydıq. Maşınsa yerimirdi. Düşüb çiyni küləyə, üzü yağışa irəlilədim.

- küləy, ay küləy, hara əsirsən belə? Kimə tələsirsən axı? Yağış,buluduna qurban, dayan bir az, biz gedək, heç olmasa anamnan utan... - deyib üşüyürdüm.

Yol kənarı alma ağacları diş-diş sıralanmışdı. Gedib anam üçün birini dərdim.

- ana, gəl bundan bircə dilim ye – dedim. Oysa üzünü turşutdu. Və yorğun baxışlarla:

- oralar nədi elə?


Dünən telefon kitabçamda “anam” yazılan nömrəni gördüm. Kaş biləydin telefonumun yaddaşından nömrəni silə bilməməyim nə qədər yaşanılmaz və keçilməzdi.

- meyvə ağaclarıdı, gedib dağın ətəyinəcən çıxır. Əlimi uzadıb – o tərəflər də dağlardı, yamacında atlar, quzular otlayır.

- deyirəm... başua dönüm, ay Şəhriyar, kaş ki yeriyə bilsəydim... gedib o dağların ətəyindəcə atlara baxıb ölərdim.

- belə danışma ay ana, sağalanda gəlib gəzərik bu yerləri. Bura bizim tərəflərdi eee, bizim tərəflər – deyib yenə üzü yağışa bir siqaret yandırıb kənara çəkildim.Həmin alma ağacının dibində oturub ağladım. Bir az anamın halına, bir az cibimə, bir az da yağışa, küləyə ağladım...

Bütün dillərdə qəmli səslənir “ayrılıq” sözü. Biz ayrıldıq... Ağrılardan azad oldu anam, canı dincəldi. Məni apardı özüylə, bala ağrısı, yoldaş ağrısı apardı. Son nəfəsində də darıxdı mənimçün. Getməyindən 2 gün qabaq bacıma deyirmiş:

- Şəhriyar hardadı, görünmür?

- Bakıdadı, oxumağa gedib, gedəndə gəlib görüşdü axı sənlə, yadında deyil?

- hə-hə, yadımdadı eee, deyirəm bə gəlmədi?

- gələcəy, Təbrizə gedəcəyimiz günün əvvəli gələcəy, birgə gedəciy. Nolub, darıxırsan?

- həə, elə darıxıram ki... bə sən darıxmırsan?

bacım göz yaşlarını gizləyə-gizləyə:

- yoox, gələcəy dənə...niyə darıxım ki...

- elə demə, ay bacı, darıx,sən də darıx, tək uşağdı, mən də belə, çox əziyyət çəkir, həm oxuyur, həm də ... hamınız darıxun, yanında olun həmişə, çox istiyün onu...

başımda min ilin ayrılıqları,
nə bilim hayana düşəcək yolum...
sən də xatirimdən çıxmayacaqsan,
ay anam, ay mənim müqəddəs qulum...


Daha bütün yazılarımı səninçün yazacam. Mən o qədər də pis oğul deyiləm. Vəfalı yoldaşam. Heç səni tək qoymadım ki... Təkcə indi yanına gələ bilmirəm. Atama görə özümü öldürmədim bilirsən. Həm də bunu sən istəməzdin.

Cəmi bircə dəfə yuxuma gəlmisən. Sapa-sağlamsan, ana... Lap əvvəlki kimi. Yenə yanaqlarına gülüş qonmuşdu, yenə mənə başına dönüm deyirdin. Həmin qırmızı donun əynindəydi. Sənə əcəb yaraşırdı...

Sən gedəndən sonra yeməyim soyuq olur, yerimi özüm salıram. Heç kəs sənin kimi məni qucaqlayıb başıma sığal çəkə bilmir. Heç olmasa əllərini qoyub gedəydin. Heç olmasa bacılarıma öyrədəydin, heç olmasa...

Dünən telefon kitabçamda “anam” yazılan nömrəni gördüm. Kaş biləydin telefonumun yaddaşından nömrəni silə bilməməyim nə qədər yaşanılmaz və keçilməzdi. Nömrən də donub qalıb 27-si 10-cu ay 2011-ci ildə. Təqvimin bu günündə doğuldu sənsizlik...

Bağışla, səni heç cürə yaza bilmirəm, bağışla. İstedadsızlığıma, zəifliyimə, anasızlığıma bağışla... ANA!

Adını böyük həriflərlə yazmaq yoxluğuna olan sədaqətimdi...
XS
SM
MD
LG