Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 10:53

Yerli serialların aktyor və rejissor problemi


Foto: Arxiv
Foto: Arxiv
«Mən çoxdan seriallara baxanlardanam. O vaxtlar «Santa Barbara», «İzaura» məşhur idi. İndi də türk seriallarını izləyirəm. Yerli seriallardan isə «Susmuş vicdan», «Hörümçək toru», «Bacanaqlar», «Aramızda qalsın», «Qayınana», bu yaxınlarda başlamış «Qaranlıqlar çiçəyi» seriallarına baxıram».

«İSTƏRDİM YERLİ SERİALLARA BAXIM»

Fəridə Paşayeva evdar qadındır. Özü demiş, çalışır ki, ekrandakı serialları buraxmasın. Deyir ki, müqayisə edəndə üstünlüyü xarici seriallara versə də, yerlilərə də çox baxır. O, yerli serialların daha uğurlu, keyfiyyətli, baxımlı çəkilməsini istəyir:

«Düzdür, xarici seriallar çox güclüdür. Bizdəkilər elə bil onların təkrarıdır. Onlar daha maraqlıdır. Yaxşı çəksələr, daha çox yerli seriala baxarıq. Bəlkə pul yoxdur, ona görə bizimkilər zəifdir. Ancaq son vaxtlar pis-yaxşı nəsə çəkilir. Mən istəyərdim maraqlı, ssenarisi həyatdan götürülmüş yerli seriallara baxım. Çünki mən seriala baxanda özümü istirahət etmiş hesab edirəm. İstirahətin keyfiyyətli və maraqlı olmasını istəyirəm».

Serial azarkeşi Fəridə Paşayevanın keyfiyyətli serial istəyini yerli serial ulduzlarından biri Elməddin Cəfərov da bölüşür.

50 MANATA - 500 MANATLIQ İŞ

Elməddin Cəfərov Azərbaycan tele-seriallarından olan «Bacanaqlar»da Tale obrazını yaradır və filmin prodüseridir. Həm də bu filmin istehsalçısı olan «Arı Production»ın rəhbəridir:

«Ürəyim istəyən serialın çəkilməsi üçün ilk növbədə mənə ürəyim istəyən pul lazımdır ki, prodüser kimi peşəkar aktyorlar dəvət edə bilim. Bir seriyaya görə aktyora 50 manat verib ondan 500 manatlıq iş almaq olmur. Bir var 500 manat verirsən, 500 manatlıq iş də tələb edirsən. Onda aktyorun da fikri toyda qalmır ki, bircə çəkiliş tez qurtarsaydı, gedib toyda tamadalığımı edib pul qazanardım. Həm də aktyorun üstündə çox haqqın olmur. 50 manat pul vermisən, sən ondan nə istəyə bilərsən? Elə onu deyə bilirsən ki, «mənim yazdığımı danış, özünə hörmət qoy, yaxşı oyna». Yəni, istəyirsən verilişdən sonra kimsə deməsin nə zəif idi. Bir də var ki, 500 manat verirsən, deyirsən ki, bu gün ancaq filmdəsən, toy-zad yoxdur».

PREZİDENTDƏN 5 MİLYON MANAT

Milli televiziya filmlərinin çəkilişini dəstəkləmək məqsədilə sentyabrda prezident İlham Əliyev 5 milyon manat ayırıb.

Milli Televiziya və Radio Şurasından bildirdilər ki, şuranın qərarı ilə filmlərin çəkilməsi üçün həmin 5 milyondan 7 telekanalın hər birinə 300 min manat ayrılıb: «Filmlərə baxış keçiriləndən sonra daha sonrakı maliyyələşmə müəyyənləşəcək». Hansı filmlərin hansı telekanallarda çəkilməsi hələ məlum deyil.

TELE-SERİALLARDA AKTYORLAR GÜLÜNC GÖRÜNÜR

«Azərbaycan telekanallarında çəkilən teleserialların əksəriyyəti peşəkarlar tərəfindən ekranlaşdırılmır. Bizim seriallarda çəkilən aktyorlar isə çox vaxt gülünc görünürlər».

Bunu Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, kinorejissor Şamil Nəcəfzadə deyir:

«Çünki o rejissorlar o aktyorlarla işləyə bilmirlər. Həmin aktyorlar mənə etiraf ediblər ki, «gəlirik çəkiliş meydançasına, bizə deyirlər ki, aktyorsunuz də, gedin nəsə oynayın». Halbuki rejissor aktyora halı, vəziyyəti, personajı başa salmalıdır. Aktyorla işləməyi bacarmaq, kamera ilə, işıqla, dramaturgiya ilə işləməyi bacarmaq, təsvir vasitəsilə hadisəni danışmaq çox önəmli məsələlərdir. Bunun üçün də peşəkarlar dəvət olunmalı idi».

«TENDER ELAN OLUNSUN»

Şamil Nəcəfzadə deyir ki, keyfiyyətli seriallar çəkilməsi üçün peşəkarlardan ibarət komissiya yaradılmalı, tender elan olunmalı idi:

«Hesab edirəm ki, indiyə qədər bu teleseriallar necə çəkilirdisə, bundan sonra da o səviyyədə çəkəcəklər. İstəyərdim ki, mən səhv edim. Doğrudan da peşəkarlar dəvət olunsun. Ancaq indiyə qədər eşitməmişəm elan versinlər ki, milli serial çəkilməsi üçün tender elan olunur, mövzular bunlardır, layihələr təqdim edin».
XS
SM
MD
LG