Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:29

Aytən Nəsibbəyli. Qara kvadrat


Bu gün
Mən də bir qara kvadrat çəkib
Içindəki mənəm desəm,
Qorxuram,
Bağışlamaz içimdəki həsrət bunu.
“eh, məni bu dörd cızığın yaratdığı
Axmaq dar qəfəsə bənzətdin sən deyər.
Sən ki bilirsən
Içimdə böyütdüyün bu həsrət
Bu rəngsiz ölü yalnızlıq
Nə bir rəssamın təxəyyülündən doğan qara kvadrata
Nə də sənin kimi minlərlə şairin
Qaralanmış kağızından gələn
Şeir adlandırdığı
cızma-qaraya sığışmaz
Gəl,
Anlatma məni, incitmə
Hər dəqiqəbaşı
Könlünə əylənmək düşən
Uşaq təxəyyülünlə.
Adi,
Qaranlıq ulduzsuz gecədə
qoy sakitcə yatırdım mən də
Gözünə yuxu getməyən uşaq yalnızlığımı .
Bəlkə mən də bir şair kimi
Demirəm sənin kimi
Bəlkə səninkilərdən də sönük adi şeirlərimi
Ana laylasıtək ,
Ana doğmalığı ilə
Pıçıldayım qulağına yalnızlığımın
Qoy, yatsın sakit olsun.
Bir az yuxu gedər gözlərimə
bəlkə mənim də.
Bəlkə bir az uşaqlığıma qayıdaram
O arıq, çəlimsiz qızı görərəm yuxumda.
Qırmızı donu olan,
Sarısaçlı gəlinciyi
çimizdirərik birgə.
Həyətdə gizlənqaç oynayanda
Böyük uşaqlar bzi oyuna yenə almasa
Qaşımızı çatıb bir dayanarıq küncdə.
Xəyalından,
Elə o andaca qəfildən
Böyümək keçən balaca dostuma
Başa salaram.
Başa salaram ki,
Böyümə.
Böyümə ,böyüdükcə
Böyüyür sənin kimi .
Bəlkə səndən də tez
Indi nə olduğunu bilmədiyin
Qara kvadrat.
Və bir gün sığmırsan o kvadrata.
Və onda bilmirsən
Axmaq kimdi
Sən
yoxsa
Kvadrat?
Beləcə yaşayırsan
adını yaşamaq qoyduğun
özündən başqa heç kimin dözmədiyi
məqsədsiz sabahsız böyüklüyünü
bir gün uşaq olmaq ümidiylə.
Onda asan olur
küsüb küncdə dayanmaq
Həyatın
Bütün qaranlıq künclərini görmüş
“bəxtəvər” böyük
Uşaq olmaq istəyir sənin kimi,
Balaca qız,uşaq.
Və bir gün nifrət etdiyi,
Bəyənmədiyi
O qara kvadrata sığmaq istəyir .
Sığa bilsə.....
XS
SM
MD
LG