Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:38

Kanalizasiya, yoxsa qrunt suları?


Foto: Arxiv
Foto: Arxiv
«EVİN İÇİNDƏN DƏ SU ÇIXIR»

«Yağış yağanda vəziyyət lap pis olur. Həftələrlə küçəyə çıxa bilmirik. Qəsəbə kanalizasiya sularının içində olur. Evimizin içindən də su çıxır».

Bunu AzadlıqRadiosunun «Qaynar xətt»inə Rəsulzadə qəsəbəsi, Stroydetal küçəsinin sakini Günay Rüstəmova deyir. Vəziyyət o yerə çatıb ki, küçələr artıq sulara tab gətirmir, onları evlərə ötürür.

Günay Rüstəmova:

«Qəsəbədə «Azərsu»yun nasosxanası var. Ancaq kefləri istəyəndə işlədirlər, istəməyəndə yox. Dünən evə gəldim, gördüm bütün mebellərim, xalçalarım suyun içindədir. Kanalizasiya suları hamamın döşəməsindəki trapdan vurub çıxıb. Bizim evimiz 5 pilləkən hündürlükdə tikilib, bununla belə həyət o qədər kanalizasiya suyu ilə dolur ki, yenə su evə girir. 5 pilləkəndən də hündürə qalxır və evə dolur. Gah deyirlər nasoslar köhnədir, suyu çəkə bilmir, gah deyirlər elektrik yoxdur, nasoslar işləmir. Qonşularla yığışıb hər yerə şikayət etmişik. Hara şikayət ediriksə, Binəqədi rayon İcra Hakimiyyətinə göndərilir. İcra hakimiyyəti də bir əncam çəkmir. Keçən il həyəti təmizləmək üçün 1200 manat xərc çəkdik, yenə pis günə qaldı».

İCRA HAKİMİYYƏTİ DEYİR PROBLEMİ «AZƏRSU» HƏLL ETSİN

Binəqədi rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə dedilər ki, problemi «Azərsu» Açıq Səhmdar Cəmiyyətinin Su Kanalı İdarəsi həll etməlidir:

Foto: Arxiv
Foto: Arxiv
«İcra hakimiyyəti tərəfindən həmin ərazilərdə bəzi işlər aparılır. Ancaq sakinlər bizə yox, «Azərsu»ya müraciət etməlidirlər. Ora kanalizasiya suları axır. Kanalizasiya borularını yenilənmək «Azərsu»yun işidir».

«Azərsu» Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə əraziyə axan suların kanalizasiya suları deyil, qrunt suları olduğunu dedi. Bildirdi ki, qrunt sularını Binəqədi rayon İcra Hakimiyyətinin fövqəladə hallar komissiyası qurutmalıdır.

«AZƏRSU» DEYİR BİZLİK HEÇ NƏ YOXDUR

Anar Cəbrayıllı:

«Həmin ərazidəki evlər qanunsuz tikililərdir. Bizim orda kanalizasiya şəbəkəmiz yoxdur. Necə kanalizasiya suları axa bilər axı? Qış olan kimi o tərəflərin yolları keçilməz olur. Çünki evlər çökəklik ərazidə tikilib, qrunt suları evlərin zirzəmilərinə dolur. Qrunt suların qurudulması ilə icra hakimiyyətlərindəki fövqəladə komissiyalar məşğul olur».

Günay Rüstəmova isə deyir ki, rəsmi qurumlar neçə ildir axan suların mənşəyini «müəyyənləşdirir», ortada isə sakinlərin rahatlıqları və əziyyətlə tikdikləri evləri əllərindən gedir.

Buna da bax:

XS
SM
MD
LG