Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:42

Vyanadakı Yaradıcılıq Evinə "putyovka"nı necə almaq olar?


Annamarie Turk
Annamarie Turk

Nərmin Kamalın “KulturKontakt Austria”nın nümayəndəsi Annamarie Türklə söhbəti.

NƏRMİN KAMAL "OXU ZALI"NA VYANADAN YAZIR


Annamarie Türk
, əvvəlcə onu deyim ki, türk deyil. 1992-ci ildən “KulturKontakt Austria”da (KKA) işləyir.

1995-ci ildən KKA-nın Mədəniyyət və Sponsorluq departamentinə rəhbərlik edir.

Onu Avstriyada incəsənət və mədəniyyətin himayəçisi, ədəbiyyat və vizual incəsənət sahələrində müxtəlif yeni proqramların və tədbirlərin təşkilatçısı, incəsənət adamları, yazarlar və ədəbi tərcüməçilər, rəqqaslar və xoreoqrafiya müəllimləri üçün təşkil etdiyi qonaqlama (rezidensiya) proqramları ilə tanıyırlar.

Henkel İncəsənət Mükafatı (“Henkel Art Award”) və Şərqi Avropa Ədəbiyyatı üçün Böyük Mükafatın (“The Great Award for Eastern European Literature”) yaradıcısıdır.



- “KulturKontakt Austria” 1989-cu ildə, Avstriyanın biznes və incəsənət sektorları arasında körpü olmaqdan ötrü yaradılıb.

1990-cı ildə SSRİ ilə aramızda olan dəmir pərdə aradan qalxandan sonra “Kulturkontakt” önünə Şərqi və Cənub-Şərqi Avropadakı yeni demokratik ölkələrlə mədəni əlaqələri inkişaf etdirmək məqsədi qoyub.

1994-cü ildə bizim idarəmizdə sözügedən ölkələrlə təhsil əlaqələri şöbəsi də işə başlayıb. Bütün bu illər ərzində “KulturKontakt” Avstriya, Şərqi və Cənub-Şərqi Avropa coğrafiyasında təhsil, mədəniyyət və incəsənət üzrə səriştəli resurs mərkəzinə çevrilib.

Bizim Avstriya Mədəniyyət Nazirliyindən maliyyələşən təşkilatımızın fəaliyyətinin əsas sahələri mədəni əlaqələr yaratmaq və inkişaf etdirmək, incəsənətə sponsorluq etmək, məktəblərdə mədəniyyət təhsili aparmaqdır. “Kulturkontakt” özünü Şərqi və Cənub-Şərqi Avropa ölkələrindən olan ədəbiyyat və incəsənət adamları üçün platforma hesab edir, həmin regionda yaranan ədəbiyyat və incəsənətin müxtəlif növlərini Avropaya təqdim edir.

Bu gün bizim coğrafiyamıza 17 ölkə - Rusiya, Belarus, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Serbiya, Kosovo, Makedoniya, Xorvatiya, Bosniya-Herseqovina, Çernoqoriya, Albaniya, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan daxildir.

- “Kulturkontakt”ın “Yazıçılar üçün rezidensiya”, “Rəssamlar üçün rezidensiya” proqramlarının fəlsəfəsi nədir?

- Rəssamlar və yazıçılar üçün rezidensiya proqramı adını çəkdiyim ölkələrdəki, deməli, həm də Azərbaycandakı yazarlara, rəssamlara, ədəbi tərcüməçilərə Avstriyaya gəlmək, burada iki aya qədər yaşamaq və işləmək, Avstriya incəsənət və ədəbiyyat mühiti ilə təmasda olmaq imkanı verir.

Öz ölkəsindən başqa bir mədəniyyətdə işləmək imkanı hər zaman insanı zənginləşdirir, insanın şəxsiyyətinin və karyerasının inkişafında irəliyə doğru bir addım olur.

Bu proqramlar təkcə sizin ölkələrdən olan rəssamlar, yazıçılar üçün deyil, ev sahibi kimi bizim özümüz üçün də vacibdir; biz xarici ölkələrin ədəbi mühitləri və incəsənət səhnələri ilə şəxsən təmas qurmaq, həmin ölkələri özəl bir yolla öyrənmək imkanı əldə edirik.

- Mənim ölkəmdə yazıçılar sadəcə yazırlar və ümid edirlər ki, nə vaxtsa uzaqlardan kimsə gələcək, onların istedadını kəşf edib, əsərlərini tərcümə edəcək və aparıb Qərb ölkələrində nəşr etdirəcək.

Özləri isə bu qaynayıb-qarışmaq prosesində aktivlik etmirlər.

Azərbaycandakı yazıçıları sizin “Yazıçılar üçün rezidensiya” proqramında iştirak etmək fikrinə salmaq üçün nə demək istərdiniz?


- İndi heç yerdə, heç bir sahədə sadəcə kəşf olunmağı gözləyərək uğur
Vyana Kitab Sərgisi
Vyana Kitab Sərgisi
qazanmaq olmaz.

Güclü şəxsi səy, yazdığını ortaya çıxarmaq yolunda çalışma olmadan heç kəs uğur qazanmır.

Sizin ölkədən olan bütün yazıçıları və rəssamları xarici şəbəkələr, institutlarla əlaqə yaratmağa səsləyirəm.

Bizim proqram bu imkanlardan biridir. Azərbaycandan bizim proqramda iştirak edənlərin sayının çox olmasına şad olardıq.

Lakin proqramımızın mövcud olduğu bütün ötən illər ərzində digər ölkələrin hərəsindən on-on beş nəfər rəssam və yazıçı rezidensiyamızda yaşamaq və işləmək imkanı qazandığı halda, Azərbaycandan yalnız on il öncə bir rəssam gəlmişdi və budur, indi də sən.

Biz Azərbaycan haqda çox şey bilmək istəyirik, Azərbaycanın tarixi, mədəniyyəti bizə çox maraqlıdır, ümid edirəm ki, səndən sonra da Azərbaycandan bir çox rəssamlara, yazıçılara Vyanada ev sahibliyi edəcəyik.
Vyanada bizim yazıçı rezidensiyası proqramı çərçivəsində yaşayan yazıçılar tez-tez bizə deyirlər ki, öz ölkələrindəki gündəlik həyat qayğılarından uzaqda olub sadəcə əsərləri üzərində işləmək belə proqramlar çərçivəsində xaricdə qalmağın ən önəmli cəhətidir.

- Sizin Şərqi və Cənub-Şərqi Avropa ölkələrindən olan yaradıcı insanlarla böyük iş təcrübəniz var.

Burada eşitdim ki, Şərqi Avropadan olan bir çox yazıçılara Avstriyada almandilli oxucular üçün nəşr olunmaqda kömək etmisiz.

Əlbəttə, həmin dillərin alman tərcüməçilərinin də bunda rolu böyükdür. Burada mənə “Traduki” şəbəkəsi haqda danışdılar, bu, Avropada özünə yenicə yer etmiş ölkələrin ədəbiyyat üzrə Avropa şəbəkəsidir.

Vyanada bir çox ədəbiyyat və incəsənət tədbirlərinə getdim, orada Bosniya, Belarus, Türkiyə, Gürcüstan, Ermənistan və s. ölkələrdən olan gənc yazıçılar çox fəaldırlar. Niyə bəzi ölkələrin yaradıcı gəncləri belə proqramlarda aktiv, bəziləri çox passivdir?


- Sizin ölkəniz də daxil olmaqla, Şərqi və Cənub-Şərqi Avropa ölkələrindən olan ədəbiyyatı irəli aparmaqdan, təbliğ etməkdən ötrü Avstriyada və digər almandilli ölkələrdə bir neçə proqram var.

Bu proqramların bir çoxu KKA-nın adıyla bağlıdır, yəni ciddi təşəbbüskarlardan biri bizim təşkilatdır. Məsələn, “Traduki” ədəbiyyat, kitab məsələləri üzrə Albaniya, Avstriya, Bosniya-Herseqovina, Bolqarıstan, Xorvatiya, Almaniya, Kosovo, Makedoniya, Çernoqoriya, Rumıniya, Serbiya, Sloveniya və İsveçrənin daxil olduğu Avropa şəbəkəsidir. Bu nə deməkdir?

Adı çəkilən ölkələrdən olan gənc yazıçılar və tərcüməçilər bir-birinin əsərlərini
Nərmin Kamal
Nərmin Kamal
tərcümə edir, bir ölkədən olan roman şəbəkəyə daxil olan bütün ölkələrdə nəşr olunur, böyük ədəbiyyat toplantıları təşkil edilir və s.

Bu şəbəkənin yaradıcısı və fəal üzvü “KulturKontakt Austria” olub. Lakin gördüyünüz kimi, burada Cənubi Qafqaz ölkələri yoxdur. Təəssüf edirəm ki, sizin regionunuz bu cür təşəbbüslərdə yoxdur.

Oradan belə təşəbbüslərə qoşulmaq üçün əl uzadan olmur. Halbuki, bizim proqramlarımız sizin ölkədən olan yazıçılar və ədəbiyyat tərcüməçiləri üçün də açıqdır, ilk əlaqələri yaratmağa, oradakı yazarları və rəssamları Qərbi Avropaya təqdim etməyə çalışırıq.

Ola bilsin ki, “KulturKontakt Austria” Qafqaz bölgəsində hələ çox da yaxşı tanınmır, ola bilsin ki, biz öz proqramlarımızı o bölgədə indiyə qədər etdiyimizdən daha artıq təbliğ etməliyik.

Ədəbiyyat sahəsində əlaqələr üçün keyfiyyətli, ixtisaslaşmış tərcüməçilərin yoxluğu kimi bir problem var, tərcüməçilik ətrafında daha çox maraq oyadan yeni proqramlar haqda düşünməliyik.

- Proqramda iştirak etmiş ölkələrdən hansıların ədəbiyyat sahəsində potensialı daha böyükdür, sizcə?

- Bizim işbirliyi qurduğumuz bütün ölkələrin maraqlı ədəbiyyatı var və irəli çəkilməyə, dəstəklənməyə layiqdir. Problem - vasitəçilərin, “ədəbiyyat səfirləri” və tərcüməçilərin olmamasındadır.

Bu, zaman məsələsidir – bəzi regionlarla yeni proqramları digər regionlarla müqayisədə daha sürətlə inkişaf etdirirsən, amma ədəbi mübadilə onların hamısıyla mümkündür.


MÜSAHİBƏ İLƏ BAĞLI ELAN:

“KulturKontakt Austria” Şərqi və Cənub-Şərqi Avropa ölkələrindən olan 40 yaşa qədər yazıçıların və tərcüməçilərin Vyanada yaşaması üçün təqaüdlər təklif edir.

Vyanada qalmaq müddəti iki aya qədərdir, pulsuz ev, aylıq maaş, səfər xərclərinin bir hissəsinin ödənilməsi, tibbi sığortanı ehtiva edir.

Albaniya, Ermənistan, Azərbaycan, Belarus, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, Xorvatiya, Kosovo, Makedoniya, Moldava, Çernoqoriya, Rumıniya, Rusiya, Serbiya, Türkiyə və Ukraynadan olan yazıçılar Milo Dor adına bu təqaüd üçün müraciət edə bilərlər.

Müraciət edənlər öz CV-ləri ilə yanaşı, alman və ya ingilis dilinə tərcümə olunmuş əsərlərindən nümunələr və motivasiya məktubu təqdim etməlidirlər. Son tarix avqustun 30-dur. Növbəti il yazıçılar üçün rezidensiya proqramının qalibləri payızda Avstriyadan olan jüri tərəfindən seçiləcək.
KulturKontakt Austria

Brigitte Burgmann-Guldner

Universitätsstraße 5, A-1010 Vienna


brigitte.burgmann@kulturkontakt.or.at
XS
SM
MD
LG