Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:29

İnsan haqları gününü həbsdə keçirən fəal kimdir?


Həbsdə olan gənc fəal Elnur Məcidli
Həbsdə olan gənc fəal Elnur Məcidli
Doğum günü dekabrın 10-u olduğundan valideynləri həbsdə olan gənc fəal Elnur Məcidli ilə cəzaçəkmə yerində dekabrın 9-da görüşüblər. Atası Arzuman Məcidli AzadlıqRadiosuna deyir ki, Beynəlxalq İnsan Haqları Günündə 22 yaşı tamam olan oğlunun ad gününü həbsxanada qeyd etmək çətindir:
«ELNUR QONDARMA CİNAYƏT İŞİ İLƏ HƏBS OLUNUB»
«Elnur qondarma cinayət işi ilə həbs olunub. O gəncdir, bu gün təhsilini davam etdirməlidir. Oğlumun haqsız həbs olunması bizə çox ağrılı gəlir. Tək Elnur deyil. Onun kimi 17 vicdan məhbusu var. Gənclərin həbsdə olması məni çox narahat edir. Tək Elnura yox, bütün gənclərimizə azad cəmiyyətdə yaşamaq arzu edirəm. Elnura tezliklə azadlığa çıxmasını, Azərbaycanda demokratiya, azad cəmiyyətin qurulması uğrunda yaxından iştirak etməyi arzuladım».
Atası deyir ki, oğlunun üzvü olduğu AXCP Gənclər Komitəsi Elnurun doğum günü ilə bağlı «Məhbəsdəki Gənc» adlı kampaniya aparıblar. Kampaniya çərçivəsində onun saxlandığı 17 saylı cəzaçəkmə yerinə onlarla məktub gəlib.
Elnur Məcidli aprelin 2-də müxalifətin İctimai Palatasının Bakıda keçirdiyi etiraz aksiyasında iştirak edib. O, ictimai qaydanı pozmaqda ittiham olunaraq bu il oktyabrın 10-da 2 il azadlıqdan məhrum edilib. Həmin aksiyada ümumilikdə 14 müxalifət fəalı saxlanıb. Onlara 1 il yarımdan 3 ilədək cəza verilib.
2011- Cİ İL SİYASİ MƏHBUSLAR ARTIB
Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus deyir ki, 2011-ci il siyasi məhbusların artımı ilə yadda qaldı. O deyir ki, bu il siyasi məhbuslar siyahısına 26 nəfər əlavə olunub, onların ümumi sayı 70-dən çoxdur:
Leyla Yunus
Leyla Yunus
«Bu il Beynəlxalq Amnistiya təşkilatı 17 nəfəri vicdan məhbusu kimi tanıyıb. Birinci dəfədir Azərbaycanda bu qədər adam vicdan məhbusu kimi tanınır. Bu günə qədər belə bir rəqəm olmamışdı. 5 olub, 8 olub, ancaq 17 olmayıb. Beynəlxalq Amnistiya 40 ildən çoxdur ki, vicdan məhbusunun kim olduğunu aydın göstərir – vicdan məhbusu o şəxsdir ki, o heç bir qanun pozuntusu törətməyib, heç bir kriminal işlə məşğul olmayıb. Ancaq siyasi motivlərlə tutulub və qanunsuz olaraq həbsxanaya göndərilib».
Leyla Yunus 2011-ci ildə insan haqları sahəsində vəziyyətin ciddi şəkildə pisləşdiyi sahələrdən biri kimi söz və ifadə azadlığını da qeyd edib. Ən təhlükəli fakt kimi publisist Rafiq Tağının qətlini göstərib. Hüquq müdafiəçisinə görə, insan haqlarının pozulması kimi mülki hüquqların pozuntusu üçüncü yerdə gəlir.
GÖRÜLƏN İŞLƏRLƏ KİFAYƏTLƏNMƏK OLMAZ
Ədliyyə Nazirliyi İnsan Haqları şöbəsinin müdiri Faiq Qurbanov isə deyir ki, insan haqlarının qorunması sahəsində böyük addımlar atılır:
Faiq Qurbanov
Faiq Qurbanov
«Ancaq bu elə bir prosesdir ki, kifayətlənmək olmaz. Bu tədbirlər davam etdirilməlidir. Hələ 1998-ci ildə ulu öndər tərəfindən dövlət proqramı qəbul olunub. Bu gün də möhtərəm prezidentimiz tərəfindən insan haqlarının müdafiəsi ilə bağlı yeni fəaliyyət proqramı qəbul olunub. Bu da hər bir dövlət orqanının qarşısında vəzifələr qoyur. Bu vəzifələrin də həyata keçirilməsində həssas, diqqətli olmaq lazımdır. Şübhəsiz ki, hər bir işdə həlli tələb olunan məqamlar ola bilər. Əsas odur ki, bunların həlli üçün siyasi iradə olsun. Bu iradə də bizdə var».
«HƏR SAHƏDƏ ÖZBAŞINALIQ VAR»
Bəs, Bakı sakinləri üçün 2011-ci il öz hüquqlarının təminatı baxımından nəylə yadda qaldı? Bakı sakini Nailə Əliyeva:
«Hər bir sahədə özbaşınalıq baş verir. Daha çox mülki hüquqların pozulmasını qeyd edərdim. Mənim qohumlarım hazırda bundan çox əziyyət çəkir. Əgər bu gün bu hadisələr onların başına gəlirsə, sabah mənim də başıma gələ bilər. Bu gündən sabaha ümidimiz yoxdur».
Hilal Məmmədov isə bunları qeyd edir:
«2011-ci il azad fikirli insanların həbsi, söz, ifadə azadlığının pozulması kimi yadımda qaldı».
HÜQUQU POZULAN SAHİBKAR, UÇURULAN EVLƏR
Fikrini soruşduğumuz digər Bakı sakinləri arasında da mülki hüquqların pozulmasını da qeyd eləyən oldu, əksinə, ölkədə insan haqlarının qorunduğunu bildirənlər də:
- Evlər qanunsuz sökülür, mitinqlərdə adamları tutub basdılar, hər şey göz qabağındadır...
- Mənim sahibkar kimi hüquqları pozulub, İlham Əliyevə müraciət etmişəm.
- Məncə insan haqları ən yaxşı bizdə qorunur.
- Bizdə yiyəsizlikdir.
- Çox sağ olsun prezidentimiz, mən hər şeydən razıyam.
- Nə deyim, çox ədalətsiz işlər var...
XS
SM
MD
LG