Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:58

Kür daşqınına görə korrupsiya ittihamları da aşıb-daşır


Sabirabad rayonunda seldən zərərçəkənlər evlərini tərk edirlər. 8 may 2010
Sabirabad rayonunda seldən zərərçəkənlər evlərini tərk edirlər. 8 may 2010
-

"Şəffaflıq" proqramında həmsöhbətlərimiz araşdırmaçı jurnalist Rövşən Hacıbəyli və “Kür” Vətəndaş Cəmiyyətinin əlaqələndiricisi Oqtay Gülalıyevdir.

- Rövşən bəy, siz bir müddətdir ki, Kür daşqınları ilə bağlı silsilə yazılar hazırlayırsız. Qeyd edirsiniz ki, “Kürü daşıran korrupsiya olub”. Niyə bu nəticəyə gəlibsiz?
- Tək mənim üzə çıxardığım faktlar deyil. İqtisadçıların, “Kür” Vətəndaş Cəmiyyətinin üzə çıxardığı rəqəmlər, faktlardır. Mən də onlara istinad etmişəm, daşqın bölgəsində yaşayanlarla görüşmüşəm.

“Kürü korrupsiya daşırdıb” deyəndə mən əsasən iqtisadçıların üzə çıxardığı və Meliorasiya və Su Təsərrüfatı ASC-yə bəndbərkitmə üçün 2004-2011-ci illərdə ayrılan pulların aqibətini nəzərdə tutmuşam. Burda 1 milyard manatdan çox puldan söhbət gedir.

Sən demə uzun illər bəndlərin bərkidilməsinə külli miqdarda pullar ayrılıb. Araşdırma apararkən Kürboyu müxtəlif rayonlarda oldum, adamlarla söhbətləşdim. Amma heç kim 2010-cu il, daşqınlar baş verənə qədər bəndlərin bərkidilməsi işinin aparıldığını görməyib. Bu da mənə əsas verdi ki, yazıya belə bir başlıq qoyum ki, “Kürü korrupsiya daşırdıb”.

Yəni bəndlərin bərkidilməsinə sərf olunacaq vəsait mənimsənilib və nəticədə də zəifləmiş bəndlər daşqınlara tab gətirə bilməyib. Görüşdüyüm adamların hamısı deyirdi ki, sonuncu dəfə bənd bərkitmə işləri sovetlər dövründə olub.

- Dediyiniz məbləğə daşqından zərərçəkənlərə evlərin tikilməsi üçün ayrılan vəsait də daxildirmi?
- Qətiyyən! Bu məbləğ yalnız bəndbərkitməyə ayrılan pullardır.
- Oqtay bəy, İmişli rayonunda daşqından zərərçəkənlərə tikilən evlərlə bağlı Azadlıqradiosunun da araşdırmaları olub. Sakinlər iddia edirdilər ki, bir evin tikintisinə 16-20 min manat pul xərclənsə də həmin evlərin tikintisi 35-40 hətta 50-65 min manata sənədləşdirilib. Siz də bununla bağlı araşdırmalar aparmısız, yeni tikilən evlərə baxmısız. Sizdə bu evlərin neçəyə başa gəlməsi barədə hər hansı rəsmi sənədlər varmı?
- Daşqınlardan sonra Nazirlər Kabinetinin (NK) verdiyi 197S saylı sərəncamda daşqından zərərçəkən, bərpası mümkün olmayan evlərin digər infrastrukturla birgə tikintisinə 202, 3 milyon manat vəsait ayrıldığı göstərilib. Bizim indiyə qədər apardığımız araşdırmalara və rəsmi qurumlara verdiyimiz sorğulara baxmayaraq, bizə bir evin neçəyə başa gəlməsi ilə bağlı heç bir məlumat verilmir.
Bu il, mayın 24-də “Kür” Vətəndaş Cəmiyyətinin forumunda Fövqəladə Nallar Nazirliyinin (FHN) nümayəndəsi öz çıxışında bildirdi ki, bir ev 43-45 min manata başa gəlib.

- Rövşən bəy, siz də dediniz ki, sorğular göndərmisiz, amma cavab verilməyib. Sizcə, niyə bir evin neçəyə tikilməsi açıqlanmır. Problem nədədir?
Rövşən Hacıbəyli
Rövşən Hacıbəyli
- Niyəsi yoxdur. Səbəbi odur ki, burda korrupsiya var. Mən yazımda da qeyd etmişəm. Adamlarla söhbətdə onlar dedilər ki, bizə tikilib təhvil verilən evlərin biri 16 min manata başa gəlib.
Həm də bilirsiz ki, bu işlər tender elan edilmədən aparılıb. NK işin operativliyini əsas gətirərək belə bir addım atılmasına razı olub. Amma bu da şübhəsiz ki, korrupsiyaya yol açan bir məsələdir. Bu işlər 2-ci, 3-cü və hətta 4-cü ələ verilib. Nəticədə hər ötürmədə də hansısa şəxsdir, şirkətdir, firmadır öz payını götürüb. Bu səbəbdən də qiymətlər beləcə qalxıb.
Adamlar dediyi kimi evlər yenə də 16 min manata tikilib, amma hərə öz vəsaitini götürdüyündən evlərin qiyməti belə bir səviyyədə bahalaşıb. Hərə bir birinə işi ötürməklə “deyir mən sənə iş tapmışam, sən də mənə ordan payımı ver” və nəticədə də belə bir vəziyyət yaranıb. Bu yolla vəsaitin xeyli hissəsi mənimsənilir və bu səbəbdən də rəqəmlər açıqlanmır.

- Oqtay bəy, sizin FHN rəsmiləri ilə bir neçə dəfə görüşləriniz olub, bir evin neçəyə tikilməsi ilə bağlı məsələ qaldırmısızmı, əgər qaldırmısızsa hansı cavabı almısız?
- Mən bir neçə dəfə bu məsələni qaldırmışam və mənə deyiblər heç bir problem yoxdur. Biz FHN-dən o məlumatları əldə etmək üçün sonuncu müraciətimizi hazırlayırıq, əgər bu dəfə də cavab almasaq, məhkəməyə müraciət edəcəyik. Rəsmi məlumatlara görə, indiyə qədər 2714 ev tikilib istifadəyə verilib. 417 evdə tamamlama işləri aparılır. Ümumilikdə 3124 ev tikilməli idi.

- Oqtay bəy, daşqınların fəsadlarının aradan qaldırılması ilə bağlı NK-nın yeni bir sərəncamını da üzə çıxardığınızı deyirsiz, bu sərəncam nə ilə bağlıdır və orda yeni vəsaitin ayrılması nəzərdə tutulurmu?
Oqtay Gülalıyev
Oqtay Gülalıyev
- Bu sənəd avqust ayında imzalanmış 231S saylı sərəncamdır. Birinci sərəncam kimi bu da ictimaiyyətdən gizlədilib.
Bununla bağlı bizim etiraz bəyanatımız oldu. Daha sonra həmin sərəncamı əldə edə bildik. Həmin sənəddə diqqət çəkən məqam odur ki, əgər əvvəlki sərəncamda 3124 evin tikilməsi və 3220 evin təmiri üçün büdcədən 202, 3 milyon manat nəzərdə tutulmuşdusa, yeni sərəncamda əvvəlki sənədə dəyişiklik nəzərdə tutulub. Bu dəyişikliyə görə, bütün işlərin görülməsi üçün ilkin məbləğ 189, 3 milyon manata endirilib. Həm də bu sərəncamda 4525 evin təmir olunması nəzərdə tutulur. Maraqlıdır vəsait azaldılıb, amma evlərin sayı çoxalıb.
2010-cu ilin daşqınlarına məruz qalan Saatlı rayon Dəlilər kənd sakini Lazım Umud da dağılmış evinin yenidən tikintisinə yalnız məhkəmə yolu ilə nail olduğunu bildirir. O deyir ki, tikintinin başa çatmasına az qalsa da nə o rəsmi qurumlardan, nə də tikintini aparan iş icraçılarından evin neçəyə başa gəldiyini göstərən smeta-layihə sənədlərini heç cür ala bilmir.
- Lazım müəllim, istədiyiniz sənədləri sizə nə deyib vermirlər?
- Bilmirəm niyə vermirlər. Biz oturub bazar qiymətləri ilə hesablayanda mənə tikilən evin 15 mindən baha olmadığını görürük.
- Rövşən bəy, evi tikilən adama da bu məlumatlar verilmir. Niyə?
- Mənim yazım qəzetdə çıxandan sonra zəng edib dedilər ki, həmin evlərin tikintisində əsasən yerli materiallardan istifadə olunsa da Rusiyadan gətirilən mallar kimi sənədləşdirilir. Burda da böyük qiymət fərqi var. Qiymət fərqindən də xeyli vəsait mənimsənilir. Qiymətlərin gizlədilməsinin bir səbəbi də budur.
Bir evin neçəyə tikilməsi sualını Azadlıqradiosu da FHN-nin Tikintiyə Nəzarət Dövlət
Agentliyinin rəis müavinə ünvanlayıb. Rəis müavinin cavabı belə olub:

- İndi bu saat o smeta əlimin altında deyil, ona görə, bunu deyə bilməyəcəyəm.
Rövşən Hacıbəyli:
- Sənəd adamın üstündə olmaya bilər, amma işdə o sənədə açıb baxmaq belə çətin məsələdir ki, sadəcə açıqlamaq istəmirlər.

- Oqtay bəy, mən İmişlidə yeni tikilən qəsəbədə olanda sakinlər dedilər ki, onlar vəsaitlərin iş icraçıları səviyyəsində mənimsəndiyinə əmindirlər. Sakinlərin fikri odur ki, dövlət bu işlərin görülməsi üçün xeyli vəsait ayırıb. Sadəcə işi icra edənlər mənimsəyirlər. Sizin fikriniz nədir?
- Bəzən iş bir mənbədən alınıb, bir neçə mənbəyə ötürülür. Əldən-ələ ötürüldükcə məbləğ də qalxır.

Yəni, adamların bu fikirlərinə haqq qazandırmıram. Kənd yerində bir evin 60-65 min manata başa gəldiyi deyilirsə, buna inanmaq olmaz. Burda korrupsiya qaçılmazdır.
Korrupsiya faktlarını daşqından əvvəl və sonrakı dövrə bölməklə iki yerə ayırmaq olar. Söhbətimizin əvvəlində Rövşən Hacıbəyli Meliorasiya və Su Təsərrüfatı ASC-yə 7 il ərzində ayrılan pullarla bağlı danışdı. O siyahı belədir:
İllər
Məbləğ (milyon manatla)
2004
39,4
2005
48,6
2006
67,7
2007
141,1
2008
153,3
2009
199,2
2010
205,8
2011
219,2
Ümumilikdə 2004-cü ildən 2011-ci ilə qədər 1 milyard manatdan çox pul ayrılıb.

Bundan başqa, beynəlxalq təşkilatlardan da 200 milyon dollar kredit alınıb. Bu pulun bir hissəsi Dünya Bankından (DB) alınıb. Mən hesab edirəm ki, DB şəffaf olmayan, maliyyə məlumatlarını vətəndaşlara açıqlamayan, korrupsiyaya yol verən belə qurumlarla əməkdaşlıq etməməlidir. Bu qeyri-şəffaf əməkdaşlıqdır.

- Oqtay bəy, Meliorasiya və Su Təsərrüfatı ASC-yə ayrılan vəsaitlərlə bağlı rəqəmləri hardan əldə etmisiz?
- Bu rəqəmlər dövlət büdcəsindən götürülən rəqəmlərdir, bu, QHT-lərdən ibarət Milli Büdcə Qrupunun bizə təqdim etdiyi məlumatlardır.

- Bu rəqəmlər, həm də vəsaitlərin necə xərclənməsi ilə bağlı Meliorasiya və Su Təsərrüfatı ASC ilə yazışmalarınız olubmu?
- Bu rəqəmlərin bəzilərini sorğu əsasında elə Meliorasiya və Su Təsərrüfatı ASC-dən almışıq, özü də məhkəmə yolu ilə. Biz həmin quruma göndərdiyimiz məktubda həm də soruşmuşduq ki, 1 km. bəndin qurulmasına nə qədər vəsait ayrılıb. Cavab verilmişdi ki, 1 km. bəndin qurulmasına 110-125 min manat vəsait xərclənir. Bu rəqəm elə korrupsiyanın ən bariz göstəricisidir. Çünki bəndlərin bərkidilməsi üçün torpaq yaxın məsafədən daşınır. Bu halda həmin işlərə heç vaxt bu qədər vəsait getmir.
Rövşən Hacıbəyli:
- Bəndlərin bərkidilməsi üçün torpaq 5-10 metrlikdən daşınır ki, buna da ən yaxşı halda 20-25 min pul xərclənə bilər. Belə görünür ki, hər km. üçün nəzərdə tutulan pulun 100 min manata qədəri mənimsənilir.

- Oqtay bəy, Kür daşqınları ilə bağlı həm bəndlərin salınması, həm evlərin tikilməsi ilə bağlı bu qədər korrupsiya hallarının olmasından danışırsınız, buna görə cəzalananlar olubmu?
- Olub, amma çox aşağı səviyyələrdə. İmişli rayon icra hakimiyyətinin memarlıq və arxitektura şöbəsinin müdiri ilə müavini işdən uzaqlaşdırılıb.

Bundan başqa, Sabirabad rayonun Əsgərbəyli, Qasımbəyli və Axtaçı kəndləri üzrə icra nümayəndəsi vəzifəsindən azad olunub.
Rövşən Hacıbəyli:
- Cəzalandırılan adamların heç birinin korrupsiyaya dəxli olmayıb. Çünki yerli strukturların bu məsələlərə demək olar ki, müdaxiləsi yoxdur.

- Rövşən bəy, siz araşdırma apardız və yazdız ki, “Kürü korrupsiya daşırdıb”. İndi gözləntiniz nədir, bu yazdıqlarınıza. Araşdırma aparılacaqmı, sizcə, Kürün korrupsiyadan daşmadığı sübut olunacaqmı?
- Biz bu məlumatları son aylarda əldə etmişik, amma tədbir görəsi adamlar o korrupsiyadan çoxdan xəbərdardırlar. Ona görə də mən hansısa nəticə gözləmirəm. Korrupsiyanın başında duranlardan hansısa problemin çözülməsini gözləmək olarmı? Bu mümkün deyil. Aşağılarda korrupsiya yoxdur, korrupsiya ancaq yuxarılardadır. Mən gözləmirəm ki, korrupsionerlər korrupsiyaya qarşı hansısa mübarizə aparsınlar.


SEKTOR MÜDİRİ İCTİMAİ FƏALLARI "FANTAZİYA MƏHSULU" SÖYLƏMƏKDƏ İTTİHAM EDİR
Studiyadakı qonaqlarımızın səsləndirdikləri ittihamlarla bağlı Melorasiya və Su Təsərrüfatı ASC-nin də mövqeyini soruşduq. Cəmiyyətin su anbarları və hidroqovşaqların istismarı sektorunun müdiri Əbdülrəhim Hacıyev 7 il ərzində cəmiyyətə ayrılan pullarının hamısının bəndbərkitməyə ayrılan pul kimi qələmə verilməsini düzgün hesab etmir. Onun fikrincə, bu barədə səslənən fikirlər araşdırmanı aparanların fantaziyasıdır.
Əbdülrəhim Hacıyev
Əbdülrəhim Hacıyev
- Bu, “Kür” vətəndaş cəmiyyətinin, Oqtay Gülalıyevin fantaziyasıdır. Mən neçə dəfədir onlara izah etmişəm, məktub vermişəm. Sonra tədbirlərində çıxış etmişəm və soruşmuşam ki, o 1,2 milyard manat hardandır, o məlumatı hardan götürmüsüz.
Dövlət büdcəsinin hansı qanununda var, onu bizə göstərsinlər biz də bilək. Mən bu cəmiyyətdə işləyirəm bunu bilmirəm, sən hardan bilirsən bunu? Bu, 1 milyard 200 min bilirsiz hansı rəqəmdir. Bu həmin illər ərzində ümumilikdə cəmiyyətə büdcədən ayrılan vəsaitdir. Bunlar da bütün cəmiyyətə ayrılan pulları götürüb ancaq bəndbərkitməyə ayrılan pul kimi yazıblar. Bu elə deyil axı.
Bu vəsait 350 min hektar suvarılan əkin sahəsinə, 110 mindən artıq hidroqurğuya, suvarma, kollektor drenaj şəbəkəsinə, 140 su anbarına, 8 min subartezian quyularına, 1000-ə yaxın nasos stansiyasına, 16 hidroqovşağa və nə bilim daha nələrə nəzərdə tutulub.
Bunların hamısına göstərilən xidmət, işçilərin əməkhaqqı, mühafizə, istifadə olunan elektrik enerjisi və s. hamısı üçün nəzərdə tutulan pullar hamısı bu 1 milyard 300 milyonun içərisindədir. Bunu onlara bir-bir izah etmişəm, amma yenə də öz bildiklərini yazırlar.

- Əbdülrəhim müəllim, bəndlərə nə qədər pul xərclənib indiyə qədər?
- 2003-cü ildən indiyə qədər bəndlərin bərkidilməsinə 16 milyon manat xərclənib. Yalnız 2010-cu il daşqınlardan sonra Nazirlər Kabineti 60 milyon manat pul ayrılması ilə bağlı sərəncam verib. Həmin pulun hesabına da 600 km. bənd yüksək səviyyədə təmir olunub.

Polemikanı ətraflı burada dinləyin:


BƏLKƏ, DAŞQIN BÖLGƏSİNDƏ BAŞ VERƏNLƏRƏ SƏN DƏ ŞAHİDSƏN, BUYUR, GÖRÜB-EŞİTDİKLƏRİNİ ŞƏRHLƏR BÖLMƏSİNƏ YAZ, POLEMİKAYA SƏN DƏ QOŞUL!
XS
SM
MD
LG