Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:30

Bəxtiyar Vahabzadə. Torpaqdan pay olmaz


Biz yaxın olmuşuq qədimdən, yaxın.
O qədər yaxın ki, bizim dağların
Kölgəsi düşübdür sizin dağlara.
Mən əfsus demirəm ötən çağlara.
Baxşının kamanı bizi ağladıb,
Cabbarın cəh-cəhi sizi ağladıb.

Babam baban ilə dost olub, ancaq
Dostluqdan bir kəlmə danışmazdılar.
Biri-birimizə diş qıcardaraq
Dostqludan deyirik o ki var.

Nədir bu eyhamlar, bu atmacalar,
Yenə şeytan girib araya bəlkə?
Deyirəm, kənardan barmaq basan var
Köz tutan o köhnə yaraya bəlkə?

Torpaq istəyirsən sən indi məndən,
Bu necə qardaşlıq, yoldaşlıq oldu?
Özgə torpağına göz dikdiyindən
Sənin neçə dəfə gözün oyuldu?
Sənə dərs olmadı yenə də bunlar,
Yoxsa tökülməli artıq qanın var?

Mənə üzəvari qardaş deyirsən,
Ancaq altdan-altdan iynələnirsən.
Əyyami-qədimdən sadədiləm mən,
Baş aça bilmədim hiylələrindən.

Əgər düşmənsənsə, hiylədən əl çək,
Açıqca davalıq məramın olsun.
Mənimlə min ildir kəsdiyin çörək,
Aldığın kirvəlik haramın olsun!

Hardan sənin oldu bizim Qarabağ?
Adı sahibini demirmi aşkar?
Xoşluqla verməzlər torpağı. ancaq
Qanla möhürləyib, zorla alarlar.

Hələ göz dikmisən Naxçıvana da.
Təbriz də. Sərab da bəlkə səninmiş?
Vartazar yaşayan bütün ölkələr -
Yəni bütün dünya öz vətəninmiş?..

Günahım nədir ki, qanqal kimi sən
Bütün yer üzünə səpələnmisən?..

Arxını gəl selimə bənd eləmə,
Bu, qan davasıdır, bu, qan davası.
Xəbərimiz yoxdur... yamaqmış demə
Sərçə yuvasına qartal yuvası?!

Yatır bu torpaqda əcdadım mənim.
Şərəfim,
Şöhrətim,
Öz adım mənim...

Cəddimin yatdığı ulu torpağı,
Sinəsi sərvətlə torpağı,
Mən sənə pay verim?
Mən qul, sən ərsən?
Sən məni bu qədər axmaq bilirsən?

İsa bulağının zümzüməsini,
Cabbarın, Seyidin, Xanın səsini,
Dalğalı Qarabağ şikəstəsini,
Babək türbəsini necə pay verim?

Oğuz nəslindənəm, ər oğlu ərəm,
Özgə bağçasından bir gül dərmərəm,
Doğma torpağımdan çərək vermərəm,
Əgər dardasansa, sənə "hay" verim!

"Dığalar" yenə də yolunu azmış,
Məndən yuxarıya şikayət yazmış,
Neçə yol vermişəm, görünür azmış,
İstəyir mən ona yenə pay verim!

22 oktyabr, 1966
XS
SM
MD
LG