Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:13

Hüquq müdafiəçiləri prezidentlə görüşmək istəyirlər


Novella Cəfəroğlu
Novella Cəfəroğlu
Bir neçə hüquq müdafiəçisi və jurnalist marta qədər prezidentlə görüşmək istəyir. Bunu AzadlıqRadiosuna hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib.

«QƏBUL ELƏSƏ...»

- Görüşdə məqsəd nədir?

- Prezident insan haqları ilə bağlı sərəncama qol çəkib. (İlham Əliyev İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiqlənməsi haqda sərəncam verib. Sərəncamda məhkəmə və prokurorluq orqanlarına tövsiyə edilir ki, insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasına nəzarəti gücləndirsinlər – Ş.B.). Orda çox maddələr var, xüsusən məhkəmələrlə bağlı. Biz də istərdik ki, onunla görüşək. Prezidentlə sərəncamda göstərilən bu məsələlərin işləməsi mexanizmlərini, 2 aprelçilərin, ümumən siyasi məhbusların məsələsini müzakirə edək. Görüşdə 3-4 jurnalist, 3-4 hüquq müdafiəçisinin iştirakını istəyirik. Çünki biz həmişə bir yerdə işləyirik.

- Bu qərarı kimlərlə vermisiz?

- Mehman Əliyevlə danışmışıq. Görüşə gedəcək jurnalistləri onlar özləri seçəcəklər. Elçin Şıxlı olmalıdır bir də. Hüquq müdafiəçilərindən də özümüz bilirik kimlər gedəcək. Qəbul eləsə... Hələ biz plan cızırıq.

«JURNALİSTLƏRƏ, QƏZETLƏRƏ BASQI OLMASIN, MƏHKƏMƏYƏ VERİLMƏSİNLƏR»

- Jurnalistlər hansı məsələləri qaldırmaq istəyirlər?

- Diffamasiya haqda qanun qəbul olunsun. Jurnalistlərə, qəzetlərə basqı olmasın, məhkəməyə verilməsinlər. Daha dəqiqini jurnalistlər bilir. Biz isə istəyirik ki, hüquq müdafiəçilərinə qarşı təzyiqlər bitsin. Vidadi İsgəndərli həbsxanada oturub. Bir neçə cavan hüquq müdafiəçisi də həbsdədir. Siyasi məhbus, söz azadlığı, toplaşmaq azadlığı məsələsini qaldıracağıq. Bu, artıq sərəncamda da var. Biz isə nə cür işləsin deyə, mexanizmlər təklif edəcəyik.

«BU, HƏM MODERNLƏŞMƏDİR, HƏM KORRUPSİYANIN YOXA ÇIXMASIDIR»

- Məhkəmələrlə bağlı da danışacaqsız?

- Mütləq. Dövlətin demokratik imici üçün 3 şey vacibdir. Birincisi, qanun hamıya şamil olunur! Süpürgəçidən prezidentə qədər. İkincisi, məhkəmələr asılı olmasın, düzgün qərar çıxarsın. Üçüncü də vətəndaşların mülkiyyət hüququnun təmin olunmasıdır. Bu 3 şey təmin olunsa, bu, həm modernləşmədir, həm korrupsiyanın yoxa çıxmasıdır, həm də Azərbaycanda iqtisadi dirçəliş deməkdir. Bu 3 şey tətbiq olunsa, ən birinci dövlət olacağıq. Bacarsaq.

- Sizcə, prezident bunları bilmir?

- Niyə bilmir? Bilir. Sadəcə mexanizmlər lazımdır.

YA AMNİSTİYA, YA ƏFV

- Bəs niyə martda görüşmək istəyirsiz?

- Marta qədər Amnistiya Aktı hazırlanır, həbsdəki uşaqların azadlığa buraxılması da ora düşə bilər. Ya Amnistiya Aktına, ya əfvə. Mehriban Əliyeva amnistiya aktının hazırlanması təşəbbüsündə bulunub. Biz də istəyirik ki, bunları prezidentlə danışaq. Marta qədər görüşmək istəyirik.

- Amnistiya haqda söhbət dəqiqdirmi?

- Mənə də mətbuatdan dedilər.

«DEYİRİK Kİ, BƏLKƏ PREZİDENT BELƏ ADDIM ATAR»

- Yəni prezidentlə görüşün müsbət nəticələnəcəyinə inanırsız?

- Vallah çalışırıq. Bunun üçün deputatların, Avropa Şurası nümayəndələrinin, Prezident Aparatında 1-2 adamın, parlamentdə İnsan Haqları Komitəsinin lobbiçilik etməsini istəyəcəyik. Amma özümüz də məktub yazacağıq. İstəyirik ki, prezidentə mükəmməl məktub yazaq.

- Yəni prezidentin sizi qəbul edəcəyinə inanırsız?

- Vallah... İnanıram ki... Bütün dövlətlərdə hüquq müdafiəçilərinə ayrıca hörmət var. Rusiya kimi totalitar dövlətdə Prezident Aparatında İctimai Palata var. Orda bütün hüquq müdafiəçiləri iştirak edir. Bütün dünyada hüquq müdafiəçiləri prezidentlə görüşürlər. Niyə Azərbaycanda olmasın? Deyirik ki, bəlkə burda da prezident belə addım atar. Bu, tək bizim yox, Azərbaycanın da xeyrinədir.
XS
SM
MD
LG