Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:46

Rusiyada miqrantlara qarşı yeni qadağalar təklif olunur


Baş nazir Vladimir Putin Federal Miqrasiya Xidmətində çıxış edir. 26 yanvar 2012
Baş nazir Vladimir Putin Federal Miqrasiya Xidmətində çıxış edir. 26 yanvar 2012
Rusiyanın Əmək və Miqrasiya qanunvericiliyini pozanların 10 il müddətinə ölkəyə girişi qadağan olunmalıdır. Rusiya Baş naziri Vladimir Putin Moskvada Federal Miqrasiya Xidmətində çıxışında belə deyib.

Putinin sözlərinə görə, miqrasiya xidməti, Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti regionlardakı biznes sahibləri ilə birgə çalışmalıdırlar ki, harada, nə qədər, hansı peşələr üzrə işçilərə ehtiyac olduğunu müəyyənləşdirsinlər.

Martın 4-də növbəti dəfə prezident seçkilərində iştirak edəcək Putin həmçinin qanunsuz fəaliyyətlə məşğul olan miqrantların və onlara yardım edənlərin cərimə olunmaqdansa cinayət məsuliyyətinə cəlb edilməsini təklif edir.

Putin deyib ki, miqrantlar Rusiya cəmiyyətinə inteqrasiya olmalıdırlar və qapalı etnik icmaların yaradılmasına yol verilməməlidir. Çünki belədə həm miqrantların özləri, həm də cəmiyyət üçün əlavə risklər ortaya çıxır.

Putin çıxışının sonunda bildirib ki, təklif edilən dəyişikliklərə baxmayaraq MDB ölkələri ilə vizasız gediş-gəliş qaydasının da davam etdirilməsində maraqlıdır.

Putin seçki kampaniyası başlayandan bəri artıq 4-cü dəfədir ki, diqqəti miqrantlar məsələsinə çəkir. Daha öncə Baş nazir ölkədə artan millətçilik meyllərindən şikayət edən məqaləsində bunun qarşısını almaq üçün miqrantlarla bağlı qaydaların da təkmilləşdirilməsinə ehtiyac olduğunu bildirmişdi.

Post-sovet ölkələrindən, xüsusən də Orta Asiya və Qafqazlardan olan milyonlarla miqrant Rusiyada rəsmi və qeyri-rəsmi şəkildə çalışırlar.
XS
SM
MD
LG