Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:58

Şərif Ağayar "Haramı" (Romandan parça)


"Oxu zalı"nda Qarabağ haqqında daha bir romanı müzakirəyə çıxarırıq. Aqil Abbasın "Dolu" və Seymur Baycanın "Quqark" romanları ilə paralel olaraq tənqidçilər Şərif Ağayarın "Qanun" nəşriyyatında "Ən yeni ədəbiyyat" seriyasında çap edilmiş "Haramı" romanı haqqında da rəylərini bildirəcəklər.


Şərif Ağayar


HARAMI

(Romandan parça)

Haramı... Adını çox eşidib özünü görmədiyim məkan!

Xocavənd rayonunun cənubundan taa Füzulinin Alxanlı, Qaraxanbəyli kəndlərinin taxıl zəmilərinəcən uzanan, ordan Araz boyunun üzüm bağlarına, Ağcabədinin, Ağdamın qış yataqlarına qədər genişlənən balaca, yamyaşıl təpələrdən və göz işləyən düzənliklərdən ibarət çöllük.

Allah buraları qoyun saxlamaq üçün yaradıb elə bil. Ha baxırsan nə bir kənd-kəsək, nə bir ağac gözə dəyir, hər yan yataq yerləri, otlaq sahələri, taxıl zəmiləridir.

Deyilənə görə əsrin əvvəllərinəcən kolluq, şax-şəvəllik olub Haramı düzü. Məxmər dərisi ilə ovçuların ağlını başından alan ceyranı-cüyürü də varmış. Sonralar iqlim dəyişməsi buraları yaşıl səhralığa çevirib. Soyuq küləkləri yovşan qoxuyan səhralığa... Haramının yovşanları nə qışın sazağına can verir, nə yayın nəfəs kəsən istisinə.

Haramı tarixən oğruların-həramilərin məskəni olub. Eşitdiyimə görə Haramı sözü də burdan yaranıb. Ancaq bəzi mütəxəssislər Haramı sözünü bu yerlərin əl dəyməyən, insan yaşamayan xam torpaqlar olması ilə əlaqələndirir. Bəziləri isə, iddia edir ki, ərəb istilası zamanı bu ərazidə yurd salan qoşun-ləşkəri həramilər, onların məskənini isə Hərami adlandırıblar.

Haramı el-elat camaatının karvan yolu olub. Bu yollara “Dəvə yolu” da deyirlər. Zəngəzur dağlarına gedən karvan yolunun biri Arazboyu Qubadlı ərazilərindən indiki Mehri üzə keçib Ermənistanın şimal dağlarına dikəlirdisə, o biri Ağdam, Vəng və Uzun yalı keçərək Laçın-Kəlbəcər yaylaqlarına yön alırdı. Üçüncü köç yolu isə İmişli, Beyləqan, Ağcabədi ərazilərindən Haramıya adlayır, oradan Şuşanın dağlarına qalxırdı.

Haramı yolları istər sərkərdələr, istərsə də el-elat tayfaları üçün qorxulu idi. Bu sahibsiz dərə-təpələrdə, yolunu azmış insanlara, cin-şəyətinlərə rast gəlmək adi hal idi. Deyilənə görə Teymur kimi cahangir Haramının yastı-yapalaq təpələrini xeyli gözdən keçirəndən sonra soruşub: “Bu yerin adı nədir?” Kimsə təzim edərək cavab verib: “Harami, hökmdarım!” Qocaman fateh gözlərini qıyaraq qamçısını çox uzaqlardan görünən bir kəndə tərəf uzadıb: “Bəs o kəndin adı nədir?”. Başqa bir əyan yaltaqlanaraq fəxrlə buyurub: “Yağıbənd”. Teymur bir az düşünəndən sonra deyib: “Bir yerin ki, adı Harami, kəndinin adı Yağıbənd ola, burdan xeyir gəlməz! Atlanın gedirik!”

Haramıda yer üstə kəbirli, avşar, mərzili, təhlə, aşıqlı, kürd tayfalarının el davaları çox olub. Qışlamağa gələn ermənilərlə də çoxlu mübahisələr düşüb. El davalarında səriştəsi olmayan maymaq ermənilər çox zaman uduzub aşağıdan əkməyə məcbur imişlər. Ruslar köməyə çatana qədər ermənilər Haramının ən məzlum sakinləri olublar. Bəlkə də qorxaq adamlar üçün işlədilən “erməni qan gördü” ifadəsi Haramı dərələrinin məhsuludur.

Haramı ətrafındakı kəndlərdə yaşayan qoca adamlar danışırdılar ki, hələ sovet hökuməti qurulmamış iranlılar tez-tez basqın edərmişlər buralara. Heyvan oğurlayar, insanları soyar, yataqlara od vurub gedərmişlər. Bəzən ac və əzazil oğrular qoyunların quyruğunu diri-diri kəsib apararmışlar. Bəzən isə iri mal-qaranı örüşdə müsəlman qaydası ilə kəsər, dərisini soyub apararmışlar. Paltar və ayaqqabı üçün ən gözəl xammal olan qara-mal dərisi o zaman çox qiymətli imiş.

Haramıda cənublu qardaşlarımızla çox davalar düşüb. Deyilənə görə bir dəfə Haramıya 160 İran atlısı hücum edib. Yerli tayfalar birləşərək iranlılara qarşı çıxıblar. 19 dəliqanlısını itirən cənublu qardaşlarımız suyu süzülərək geri qayıdıblar.

Hələ kənddə ikən Haramı ilə bağlı çoxlu əhvalatlar eşitmişdim. Uşaqlığımın ən vahiməli, ən anlaşılmaz rəvayətlərinin məkanı buralar olub. Bir dəfə Beyləqan bazarından gələn bir kişi dumana düşür, Haramı düzündə azır. Saatlarla yol getsə də yaşıl təpələrdən başqa qarşısına heç nə çıxmır. Sanki dünya bu tumarlı təpələrdən ibarətmiş. Birdən çal-çağır səsi eşidir, sevinə-sevinə yaxınlaşır ki, toydur: kabab çəkən kim, bozbaş bişirən kim, samovar qalayan kim, çalan kim, oynayan kim... Kişini iri xalçanın üstünə sərilmiş ipək döşəkdə otuzdurur, qarşısına bir qab yemək qoyurlar. Kişi yeməyə başlayanda toy əhlindən biri qolundan yapışıb yalvarır: “Nə olar, ağzındakı sözü demə.”

Acından qarnı quruldayan kişi heç nə başa düşmür, “Bismillah” deyib əlini çörəyə aparınca bayaqdan gördüklərinin hamısı qeyb olur. Baxır ki, çəmənlikdə oturub, qarşısında bir topa at peyini var. Kişi cin yığnağına düşdüyünü bundan sonra anlayır. Guya “Bismillah” deməyib, həmin yeməkdən yesəymiş, çevrilib cin olacaqmış.
Haramıda çoxlu ilan vardı. Nə vaxtsa çobanların biri buralarda böyük ilan dəstələrinin vuruşmasının şahidi olub. İlanlar eynən insan kimi dəstə ilə düzülüb padşahlarının əmrindən sonra hücuma başlayıblar. Dəstənin birində qızıl, o birində şahmar ilanlarmış. Qızıl ilanlar qələbə çalsa da, başında taca oxşar parlaq buynuzu olan padşah ağır yaralanır. Çoban yaylıq tapıb ilanlar padşahının qan sızan yarasını sarıyır. İlanlar padşahı dilinin altından bir mirvari çıxarıb çobana verir. Çoban o mirvarini bir ətək pula satıb buralardan köçür və ömrünün sonuna qədər şah balası kimi yaşayır.


Daha bir əhvalatda deyilir ki, bir nəfər Haramıda yeddi qardaş ilanın altısını öldürür, birini tapa bilmir. Ona başa salırlar ki, harda olsan ilan səni tapıb qisasını alacaq, buralardan çıx get. Həmin adam çobanlıqdan əl çəkib Təbrizə köçür, ticarətlə məşğul olur. Bir gün Qarabağdan gələn xalçalardan birini açanda arasında həmin yeddinci ilanı görür, haray salır, adamlar yığışıb kişini qızmış ilanın əlindən zorla alırlar. Yeddinci qardaşı öldürəndən sonra kişi öz vətəninə qayıdıb rahat yaşamağa başlayır.

Haramıda həmişə az-çox adam yaşasa da buralarda heç vaxt qəbiristanlıq salınmayıb. Görünür insanlar bu torpaqlara ürək qızdırmayıblar. “Torpaq – uğrunda ölən varsa vətəndir” – deyiblər. Məncə əksinə, insan əziz adamlarını basdırdığı torpağa vətən kimi baxır, buna görə də uğrunda ölüb-öldürməyə qalxır. Görünür heç kəs Haramıya vətən kimi baxmayıb. Hətta erməni də Füzuli rayonunun işğalından sonra çox qalmayıb Haramıda, çöllüyün şimalındakı yataqları qarət edəndən sonra Martuninin güneyindəki boz dağlara çəkilib.

Haramıda yalnız bir məzar olub, bildiyim qədərilə. O da adam yox, it məzarıdır. Hansısa şah səfərdən qayıdan vaxtı onun çox sevdiyi iti Haramıda ölür. Şah əmr edir ki, iti basdırın, əsgərlərin hərəsi bir torba torpaq atsın onun üstünə. Qoşun o qədər böyük imiş ki, bu torpaqlardan böyük bir təpə əmələ gəlir. Həmin təpə Qaraköpəktəpə adlanırdı.

Haramıdakı Məngələnata təpəsindəki dik daşlar haqqındakı rəvayətdə isə deyilir ki, susuzluqdan ciyəri yanan ata qızını su gətirmək üçün kəhrizə göndərir. Nə qədər gözləyirsə qızı gəlib çıxmır. Axırda ata özü kəhrizə tərəf gedir və qızının rəfiqələri ilə danışıb güldüyünü görür. Hirsindən özünü saxılaya bilməyən ağzı dualı kişi qızına qarğış edir və qız rəfiqələri ilə birlikdə daşa dönür.

Haramı öz bərəkətini insanlardan əsirgəməyib, otunu ot verib, taxılını taxıl, yoncasını yonca... Soyuq küləkləri ilə saçlarını oxşayıb adamların.

Hərdən mənə elə gəlir ki, əgər dərviş olsam Haramı çöllərində sərgərdanlıq edərəm. Bircə yataqlardakı vəhşi çoban itləri qorxudur adamı. Təsəvvür edirsinizmi, kimsə əhvalat danışır: “Bir dəfə itlər bir dərvişi qovalayıb yatağa gətirmişdi...” Bundan sonra yəqin, heç kəsin haqqı vəsf etməyə həvəsi qalmayacaq.

Haramının üzü dönəndə, Allah saxlasın! Yaşamaq mümkünsüz olur buralarda. Haramıya iki dəfə bahar gəlir: yazda və payızda... Yamyaşıl qoynunu xalça kimi ilmə-ilmə bəzəyən bu torpaqlar birdən elə olur ki, dəri çəksən çöp ilişmir, göz işlədikcə boz torpaqdan və qarağan-gəvil kollarından başqa heç nə görünmür. Əkinin-biçinin ixtiyarını da insanlardan alıb Haramı düzü. Demyə tarlalar verimli olanda taxıl-yonca atın sinəsini vurur, verimli olmayanda bütün zəhmətlər boşa gedir. Bəlkə bu dönüklüyündəndir ki, oturaq insanlar Haramıda kənd salmaq barədə düşünməyiblər. Köçərilər isə, kəbinli qadın deyil, məşuqə kimi baxıblar Haramıya: bu gün var, sabah olmaya bilər! Təbiət bəzən bunu duyur sanki, qulun donduran şaxtası, sümük çatladan çovğunu ilə adamlara hücum edir. Yayda isə tozu-tozanağı, dözülməz istisi, ilanı-şayanı ilə... Adamları özləri hiss etmədən qatilə çevirib biri-birinin üstünə salır, tökülən qanı düyüyə yağ hopan kimi ləzzətlə canına çəkir.

Bu torpaqlarda özündən deyən oğul baş çıxara bilməz!

“Haramı qəhbə yerdir!” – Səməndər deyir bunu – “Bu xoşqeyrət təpələrə arxa çevirmək olmaz.”

Haramının istənilən nöqtəsindən hər yerə, hər səmtə yol var, qarşıda heç bir maneə yoxdur: kanal, xəndək, daş, ağac... heç nə! Hardan istəyirsən atın başını burax, hara istəyirsən çap. Adam yaxşı atın üstündə olanda elə bil üzür Haramıda, balıq kimi hər tərəfə gedə bilir. Bəlkə elə bəlli bir yolu-ərkanı, maneəsi, dalanı yoxdu deyin gözlənilməz hadisələri çox olur Haramının, göz qırpımında məcrasını dəyişir, biri-birinə qarışır, idarə olunmaz, müdaxilə edilməz şəkil alır.

Sovet vaxtı buralarda nisbətən qanun-qayda yaradılıb, yataqlar salınıb, çoxlu artezian vurulub. Mən biləli, Haramıda bircə kəhriz var, o da “Şpartının gözü.” Vəssalam! “Şpartının gözü”nə elə Haramının gözü də demək olar. Ən bərəkətli, ən gözəl yerlər bu ətrafdadır. Bumbuz dağ suyunu xatırladan kəhrizdən aşağı iki böyük göl var. Yay vaxtı heyvanlara can verir bu göllər.

Şpartıdan gündoğana tərəf axan su Ağcabədi – avşar torpaqlarınacan gəlib çıxır. Daha bir qobu Şpartının qüzeyindədi. Qara su deyirlər həmin qobuya. Qara su başlanğıcını Füzulinin Aşağı Veysəlli kəndindən götürür.

Aşağı Veysəllini erməni alanda Qara su həndəvərində olan fermalar hamısı köçüb gedib. Şpartını da bir müddət boşaldıblar, ara sakitləşəndə camaat geri qayıdıb. Ermənilər Qızıl qayadan, Ağ burundan aşağıda – Haramı düzəngahında qala bilməyib. Düzəngahda mövqe tutmaq çətindir, yan-yörəsi açıqlıqdır. Bundan istifadə edən çobanlar boş torpaqları tədricən tutmağa başlayıb. Müharibə bölgəsi olan yiyəsiz ərazilərdə qanun o qədər də işləmədiyindən, qoçaq, qorxmaz adamlar daha da fəallaşıb. İnsan az olan yerdə təbiət qanunları irəli düşür. Belə bir vaxtda Səməndər Qəmər atını minib və Qara suyun Haramı düzünə tərəf olan sahələrinə yiyələnib.

Təbii, mən bütün bunları sonralar öyrəndim. Haramıda aylarla çobanlıq edəndən sonra. Onu da öyrəndim ki, Səməndərin uyuq qoyduğu yerlərə quş səkə bilməz. Haramının adamları bir yana, itləri, yovşanları, qarağanları belə tük salır Qoç Səməndərin adı gələndə.

Hələ heç nə bilmirdik. Nə mən, nə arvadım Sərəngül, nə də qağam İdris... Təzəcə tökülmüşdük fermaya.

İlk işimiz Səməndərın ailəsi ilə tanışlıq oldu: anası Qərənfil, arvadı Xalidə və uşaqları – iki oğlan, üç qız. Ən böyüyü oğlan idi, bir də ən kiçiyi. Böyük oğlunun adı Şiruyə idi. Kiçiyinin adını Laçın qoymuşdu Səməndər. Doğulduğu yurdun xatirəsinə ehtiram olaraq... Yəqin düşünürdü ki, özü olmasa da oğlu Laçın əvvəl-axır qayıdacaq oralara, atasının doğulub boya-başa çatdığı, silaha qurşanıb at oynatdığı oylaqların necə yer olduğunu gözləri ilə görəcək. Ona “Qoç” ləqəbi verən dağların ilahi əzəmətini ürəkdolusu seyr edəcək, məğrurluğu, əyilməzliyi təbiətin öz dilindən anlayacaq.
Səməndər Laçının Dəlidağ yaylağında da eynən Haramıdakı kimi yer-yurd tutubmuş özünə... Onun dağdakı gərdişini Koroğluya bənzədirmişlər.

Səməndərin anası Qərənfil xala bizi evlərinə apardı. Ev deyəndə, yerdən qazma dam idi... İçəridə adama rahatlıq verən xoş bir səliqə-səhman vardı.

Süfrə açdılar, çay gətirdilər, südlü aş verdilər bizə. Qərənfil xala Sərəngülə elə ilk gündən isinişdi:

“Utanma qızım, bundan sonra olduq birevli! Mən sənin ananam, Xalidə də bacın. Bu Allah-əkbərin qurtaran yerində başqa həyanımız, simsarımız var ki?! Ye sən Allah, yemək ye...”

Səməndər mənə nə qədər qorxunc görünmüşdüsə ailəsi o qədər mehriban, canıyanan idi. Uşaqları canavar balalarına bənzəyirdilər. Balaca-balaca qızlar aslan boyda itlərlə helləşir, dırmaşıb ata minir, sürünü döşdüyüb aparırdılar. Oğlu lap körpə idi, təzə iməkləyirdi. Bu halıyla damı biri-birinə qatır, təzə gələn adamlar üçün sevindiyi açıqca hiss olunurdu. Arvadı bir balaca qaradinməz idi. Üzündə mübhəm bir kədər vardı. Yorğun gözləri çuxura düşdüyündən onu yaşlı göstərirdi. Qərənfil xalanın da sifətindəki cizgilər əzabkeşlik ifadə edirdi. O, gəlinindən fərqli olaraq gülərüz idi.

Qaçqın olduğumuzu biləndə Qərənfil xala bir köynək də yaxınlaşdı bizə:

“Oy! Oy! Sizin də ocağınız viranə qalıb” – əlini dizinə çırpdı.

Axşama doğru Səməndərin sürücüsü Eyvaz bizi balaca təpənin yaxasındakı yeraltı dama apardı. Veş-vüşümüzü bu dama yığdıq.

Eyvaz:

“Fermada yeraltı dam bütün tikililərdən rahatdı. Qışda isti, yayda sərin...”

Daha sonra dedi:

“Səməndər sizə bəri başdan 10 qoyun, 1 inək verir”, ayda da 50 “şirvan” maaş. Taxılınız, ununuz, pendiriniz, yağınız da fermanın hesabınadı.”

Qağamın gözləri işıqlandı. Deyilənlər doğru idisə, həqiqətən də Allah üzümüzə qapı açmışdı.

Səməndərin beş yüzə yaxın qoyunu vardı. Gəldiyimiz günün səhəri ağacımı alıb
Qarabağ qaçqını
Qarabağ qaçqını
sürünü qabağıma qatdım. Pəh! Qarşıdakı tumarlı təpənin başına çıxanda hayıl-mayıl qaldım. Payız ilk bahar kimi gəlmişdi Haramıya. Yağıntı bol olduğundan yerin altından ot qıcqırırdı. Ətrafda güllər-çiçəklər açılmış, çoxlu göbələk çıxmışdı. Heç yüz metr getməmişdim ki, papağımı göbələklə doldurdum.

Hava necə gözəldi ilahi! Dağlar da lap yaxınlıqdadı. Dağlarla üzbəüz təpəciklərdə bizim hərbçilər görünürdü.

Ruhuma bir sakitlik hopmuşdu buralarda.

Günortaya doğru Səməndərin oğlu Şiruyə atla yanıma gəldi, yerlərinin sərhədini göstərdi mənə. Yataq çox geniş idi, sürünü buraxıb uzanır, sonra qalxıb yavaş-yavaş arxasınca gedirdim.

Çobanlığımın ilk həftəsini hava öz gözəlliyi ilə tamamlayırdı. Həmişəki kimi sürünü buraxıb yaşıl otların üstündə uzandım, çobanlıq qəribə sənətdir deyə düşündüm. Məsələn, bildiyim qədəri ilə bütün peyğəmbərlər çoban olublar nə vaxtsa. Deməli həyatın elə üzü var ki, çoban olmadan öyrənə bilməzsən heç zaman. Necə ki, övladın dünyaya gəlmədən atalıq, analıq hissinin nə olduğunu anlamırsan. Çoban üçün dünya geniş, asiman hüdudsuzdur. Bax mən kənddə, evimizdə olanda heç vaxt göy üzünün bu qədər cazibəli, eyni zamanda vahiməli olduğunun fərqinə varmamışdım. Buludlar sağa-sola necə axışır, günəş şüalarının altında rəngdən-rəngə düşür. Fəqət göyün rəngi dəyişməz olaraq qalır: mavi. Çöldə olanda qaranlığın da mavi rəngə çaldığnı hiss edirsən. Axşam düşən kimi yerlə göy birləşir sanki, sərhədlər itir. İnsan gün ərzində hansı ovqatda olur-olsun qürub vaxtı kədərlənir. Bəlkə də ömründən bir günün getməyinə, bəlkə də günəşin batmağına... Bilmirəm. Qürubu seyr eləmək hüznlüdür. İllah da biz olan yataqdan. Günəş Şuşanın üstündəki Kirs dağına elə ehtiyatla qonur ki... Sanki bu dəqiqə dağın maili yerindən aşağı yuvarlanacaq.

Vaxtı-zamanı sürü də hiss eləyir. Günorta bir az yatışır, evə gələn vaxtı daha acgözlüklə otlayır, hava qaralanda yavaş-yavaş yatağa yaxınlaşır.
Sürü bütöv bir orqanizmdir elə bil. Nə illah etsən qoyun təkbaşına sürüdən aralanmır. Başını heç vaxt qaldırıb ətrafa baxmayan sürü hər şeyi görür amma... Bəzən nisgillə mələşir, bəzən sevinclə oynaqlayır. Ürkəndə bir ürkür, yatanda bir yatır, qaçanda bir qaçır. Qoyuna diqqətlə fikir verəndə insanın içində qəribə mərhəmət hissi yaranır. Məncə adam açıq səma altında bu əlacsız varlıqlara baxa-baxa Allahı daha çox yad edə bilir, özünü lazımlı, ən azı bu sürü tapşırılacaq qədər gərəkli hiss edir.

Dünyada bütün heyvanların yırtıcılardan müdafiə imkanı var: at qaçır, təpik atır, inəyin, camışın iri və güclü buynuzları var, keçi qayalara dırmanır, fəqət qoyun əlacsızdır. Qoyun sürüsü öz əlacsızlığı ilə bilmədiyi oyunlara düşən millətləri, xalqları xatırladır. Allah peyğəmbərləri çoban etməklə bir işarə verir bəlkə də... Çoban sürü üçün nədirsə, peyğəmbər qövm üçün odur. Mən Quranı oxumuşam. İbrahimi oda atan, Musaya, Məhəmmədə olmazın zillətini çəkdirən qövmün aqibəti çobansız sürününkü kimi olub.

Çobanlıqda bir sir, bir hikmət var, təbii. Nizamidən tutmuş Səməd Vurğuna, Məmməd Araza qədər bütün şairlər çobanları seviblər, onların şəninə gözəl sözlər deyiblər. Təkcə ona görə ki, çobanlar mərd olur, çörəkli olur? Əsla yox! Çoban ruhən təmizdir, saf qəlblidir, əsas məsələ budur məncə!

Tarixdə peyğəmbər aşiqi kimi tanınan yəmənli Veysəl Qərani cüzi zəhmət haqqına kəndin varlı adamlarının – ona hər addımbaşı pislik etməyə çalışan cahil insanların qoyunlarını, dəvələrini otarırmış. Nə qədər arzulasa da, bu vüsal üçün içi alov-alova yansa da heç vaxt İslam peyğəmbəri ilə görüşmək qismət olmur ona. Peyğəmbər Veysəl barədə eşidibmiş, hansı kəramət sahibi olduğunu bilirmiş. Odur ki, bir dəfə Veysəl Qəranini düşünərkən deyib: “Yəmən tərəfdən rəhmət yellərinin əsdiyini hiss edirəm.”

Peyğəmbər öz əbasını Veysəl Qəraniyə vəsiyyət edir və hədiyyəni aparmağı Həzrət Əliyə tapşırır. Həm sevdiyi mübarək zatın ölümü, həm xirqə əhvalatı, üstəlik bu hədiyyəni Əli kimi bir şəxsin Mədinədən Yəmənə gətirməsi Veysəli kövrəldir, o, göz yaşları içində əlləri əsə-əsə peyğəmbər hədiyyəsini qəbul edir.

Sual oluna bilər, əcəba, minlərlə islam üləmasının gəlib çata bilmədiyi bir məqam adi bir çobanın qədəmlərinə necə sərilə bilər? Bəli, geniş çöllər, sonsuz göyüzü, saysız ulduzlar Veysəl Qəraninin həssas qəlbində iman çırağı yandırmış, içini ilahi nurla doldurmuşdu.

Veysəl Qərani bu böyük eşqi ilə ən nadan insanları belə tərksilah etməyi bacarır, yaxşılıq və sevgi qarşısında bütün pisliklər məğlub olur.

“Çoban” sözünün fars dilindəki qarşılığı daha möcüzəvi səslənir: “pasiban.” Şeirimizdə “Pasibanı oldum dost irahının” deyə məşhur bir misra var. Buradakı “pasiban”ı bizim “çoban”la əvəz eləsək misra öz mistik enerjisini itirəcək. Bəlkə də ona görə ki, bəzən “çoban” sözü səhv olaraq “savadsız”, “bilməyən” sözlərinin sinonimi kimi işlənir.

Ədəbiyyatımızda çoban qara qoyunun südünü insanın quru kəlləsinə sağıb əlacsız xəstəlikləri sağaldan, Xeyirə qahmar durub onun gözlərini açan və qızı ilə evləndirən, yoxsula əl tutan, kimsəsizə həyan olan, yol azana simsar çıxan xeyirxah obraz kimi təsvir edilir. Çobanın tütəyi isə, mənə ulu Mövlanənin neyini xatırladır. Tütək də ney kimi yalnız musiqi çalmır, həm də nələrsə deyir, eşidənləri düşünməyə vadar edir.

Çobanlıqla bağlı rəvayətlərin birində deyilir ki, bir sufi gəmi qəzasına düşür, taxta parçasının üstündə üzərək tanımadığı adaya gəlib çıxır. Balaca adada yalnız bir çoban yaşayırmış. Çobanla tanış olur, birlikdə namaz qılırlar. Çobanın “ağ qoyun, qara qoyun, başımı yerə qoyum” deyib səcdəyə getdiyini görən qonaq ona namaz qılmağı öyrədir. Günlərin birində uzaqdan gəmi görünür, işarə ilə adaya tərəf çağırırlar. Sufi çobanla halallaşıb gəmiyə minir. Adadan bir az aralananda baxır ki, çoban haray sala-sala dənizin üzüylə gəmiyə tərəf qaçır, suya batmır. Gəmini saxladır, çoban gəlib çıxır ki, namazın sözlərindən hansınısa unudub, yadına sala bilmir.

Sufinin gözləri dolur, çobanı qucaqlayıb deyir:

“Qardaşım, sən içindəki kəramətdən, Allahın yanında tutduğun məqamdan bixəbərsən. Get bildiyin kimi qıl namazını, necə bilirsənsə ən doğrusu odur.”
İçimdə qəribə bir sızıltı gəzdi, “Görəsən biz hansı adaya düşmüşük” – deyə pıçıldadım.

Məni xəyallarımdan siqnal səsi ayırdı. Eyvaz idi, başını nolonbirin pəncərəsindən çıxarıb qışqırdı: “Səməndər çağırır.” Gəldiyim gündən Səməndərlə bir kəlmə belə kəsməmişdim, görəsən nə baş verirdi.

İxtiyarsız dilləndim:

“Bəs qoyunlar necolacaq?”

“Bir şey olmaz” – Eyvaz əminliklə dilləndi – “Səməndərin yatağına canavar da gəlmir... ” Güldü. Bir az yol getmişdik ki, gözünü yaşıl çəmənliyin ortası ilə burulub gedən torpaq yoldan ayırmadan soruşdu:

“Sənin borcun var?”

İlan vuran kimi diksindim...


"Oxu zalı"nda roman müzakirələri (ARXİV)
XS
SM
MD
LG