Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 23:23

Yersiz gəldi, yerli qaç?


Nərminə Məmmədova
Nərminə Məmmədova
Bakı Tikiş Evinin keçmiş işçisi Nərminə Məmmədova AzadlıqRadiosunun «Qaynar xətt»inə şikayət edib ki, vaxtilə ona fabrikin qabaqcıl işçisi kimi verilmiş mənzilə indi fabrik rəhbərliyi başqa ailə yerləşdirib.

«MƏNƏ OTAĞIN YARISI İLƏ AYAQYOLU QALIB»

Nərminə Məmmədova: «Sənəddə yazıblar ki, guya hazırda bu evdə iki qız uşağı yaşayır. Əslində isə Səbinə Əsədova 2004-cü ildə ailə qurub, məskunlaşdığı yerdən ərinin Yasamal rayonu, Şərifzadə küçəsindəki evinə köçüb. Şəhri Nurəhmədova da 2006-da fabrikə işə girib, əri Ələt qəsəbəsində Şıxlar küçəsində qeydiyyatdadır. İndi evimdə Şəhri Nurəhmədova iki uşağı və əri ilə yaşayır. Mənzili ortadan bölüblər, yarısını ona veriblər. Mənzilin 12 kvadratı onlardadır, 12 kvadratı məndə. Hamam, mətbəx onlarda qalıb. Mənə otağın yarısı ilə ayaqyolu qalıb».

Nərminə Məmmədova deyir ki, məhkəmə qapıları döysə də, mənzilinə yerləşdirilən adamları çıxarda bilmir: «Nəsimi rayon və Bakı Apellyasiya Məhkəməsində prosesləri uduzdum. Çünki fabrikdən məhkəməyə sənəd verilmişdi ki, guya, mən fabrikdə 30 il yox, az işləmişəm. Mənə fabrikdən iş stajımla bağlı sənədi o vaxt verdilər ki, artıq gec idi, apellyasiyanı da uduzmuşdum».

MƏNZİLİN TƏZƏ SAKİNİ DEYİR Kİ...

Nəsimi rayon Məhkəməsində Nərminə Məmmədovanın iddiası əsasında keçirilən məhkəmə prosesində cavabdeh Şəhri Nurəhmədova deyib ki, Zəngilandan məcburi köçkündür. Bacısı Ziyafət Əsgərova 1987-ci ildən 2003-cü ilə kimi Bakı Tikiş Evində işləyib. Ona yaşaması üçün Cavadxan küçəsi, 64 saylı evin 29a nömrəli mənzili verilib. (Nərminə Məmmədovanın yaşadığı mənzil nəzərdə tutulur – E.C.) Həmin mənzildə məskunlaşaraq qeydiyyata alınıblar. O və bacısı Səbinə Əsədova hazırda Bakı Tikiş Evində tikişçi işləyirlər. Ailə qurduqdan sonra da həmin mənzildə həyat yoldaşı və uşağı ilə birlikdə yaşayır. Hesab edir ki, həmin mənzildə qanuni əsaslarla yaşayırlar. Buna görə də mənzildən çıxarılmalarına dair Nərminə Məmmədovanın iddialarını qəbul
Bakı Tikiş Evinin direktoru Fədail Rəhimov
Bakı Tikiş Evinin direktoru Fədail Rəhimov
etmir.

ADAMLARI ÜZ-ÜZƏ QOYUBLAR

Ancaq Nərminə Məmmədovanın problemləri bununla bitmir. Dava-dalaş o yerə çatıb ki, bir mənzildə yaşayanlar bir birlərindən polisə şikayət ediblər. Hətta məhkəmə Nərminə Məmmədovanı və mənzilin təzə sakini Şəhri Nurəhmədovanı Cinayət Məcəlləsinin döymə maddəsi ilə təqsirləndirərək hər ikisinə cərimə də kəsib.

Nəsimi rayon İcra hakimiyyətindən bildiriblər ki, Cavadxan küçəsindəki 64 saylı bina rayon icra hakimiyyətinin balansında deyil, həmin binadakı mənzillərə hüquq müəyyənedici sənəd vermək səlahiyyəti yoxdur.

Bakı Tikiş Evinin direktoru Fədail Rəhimov isə deyir ki, məsələnin ona heç bir aidiyyəti yoxdur:

TƏZƏ SAKİNLƏRİ MƏNZİLƏ KİM YERLƏŞDİRİB

«Həmin yataqxana Bakı Tikiş Evinin balansında deyil, yataqxana 1998-ci ildə bizim balansımıza verilmişdi. 3-4 il əvvəl isə Bakı şəhər İcra Hakimiyyətinin nəzdində olan departamentə verilib».

Nərminə Məmmədova isə hesab edir ki, Bakı Tikiş Evinin direktoru və Nəsimi rayon İcra Hakimiyyəti əlbir olaraq Nurəhmədovları onun mənzilinə yerləşdiriblər. O, mənzilinə yerləşdirilmiş adamların mənzildən çıxarılmasında israrlıdır.
XS
SM
MD
LG