Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:27

SALAM SARVAN. SIXINTILAR SİLSİLƏSİ


Salam Sarvan
Salam Sarvan
Salam Sarvan

SIXINTILAR SİLSİLƏSİ


VƏZİYYƏT

Eynən qatarların vəziyyətindəyəm.
Onlarçün qandal relslərdən
çölə, azadlığa çıxmağın
bircə yolu var – QƏZA!

YAŞAYIŞ

Tufanda qaçıb evə girirəm,
zəlzələdə qaçıb çıxıram çölə.
Başqa heç bir səbəb yoxdu
gəl-get üçün.

KİŞİ

Zülmnən tapdığı çörəyi
hər axşam bölər evində
bir tikə hərəyə –
özünə, arvada, uşaqlara
və siçançün qurulmuş tələyə.

XƏTLƏR

Falçının qarşısında açılmış
bu qoca əllərin içi
hələ də eyni şeyi göstərirdi:
«17 yaşında məhəbbətini tapacaqsan…»

SƏRNİŞİN XANIM…

Bir boş oturacaq olmayan qatarda
ayaq üstə qalmış Sərnişin xanım…
Dünyada nə qədər yerim vardısa
durdum hamısından, əyləşin, Xanım.

BİR SƏHƏR

Ya tez, ya gec olacaq bu,
ya sabah, ya birigün:
Bütün həmvətənlərimizin bir səhər
salamlaşmaq əvəzinə
bir-birindən üzr istəyəcəkləri gün…

XƏRİTƏ

Orta məktəb şagirdi
baxıb düşünürdü
insan skletinin şəklinə:
– dünyanın kontur xəritəsi budurmu?

OVQAT

Dəhşət oymuş ki
könlündən ağlamaq keçə,
ancaq bilməyəsən ki
nə ad eləyib ağlayasan…
bütün doğmalar sağ-salamat,
bir əziz ölənin də olmaya ki,
yad eləyib ağlayasan.

SEVGİ – 1

Zibil qutularında hər gün
çörək tullantılarını yığan bomj
bu dəfə tullanmış solğun gülləri yığırdı
qadınına bağışlamaqçün.

SEVGİ – 2

Darıxıram…
Başımda Sənin fikrin –
gərdiş eləməkdən bir cığır açmışam
parket döşəmə üstündə…
Hərdən o «cığırda» balaca oğlum
velosiped də sürür.

SEVGİ – 3

Mən sənin qarşına
pəncərə şüşəsi kimi çıxdım ki,
mənə baxanda dünyanı görəsən…
Sənsə mənə güzgüyə baxan kimi
baxıb keçdin.

SEVGİ – 4

Bizimki çoxdan qurtarıb –
Çoxdandı mən Səndən çıxıb gedirəm…
Sən də Məndən çıx get,
get çat mənə.

SEVGİ – 5

Səni elə sevdim ki, xəbəriN olmadı –
məsələn, səni «qardaş» kimi
başını qatıb sevdim…
Səni elə sevdim ki xəbəriM olmadı –
səni, ürəyimdə başqa birisini
tutub sevdim.

VƏTƏN

Mən bu Ana Torpağı
öz üst-başımda yalnız
toz-torpaq kimi gördüm.

HƏYAT

Nəyi gözləyirsən, övlad?..
Anan ki belə gözəl ağı deyə bilir,
niyə ölmürsən?

AD GÜNÜ

Ad günü…
Şir bürcü, At ili, İt günü.

QISMƏT

Biz – günəşin ucalıqlarda
unudub atdığı qar tullantıları

CƏBRAYIL ÜÇÜN

Daha nələr?..
Kötük postamentlər
üzərində həmişəyaşıl abidələr.

Daha haralar?..
Asfalt yolların üstündə
yolundan çıxmış çalalar.

Daha kimlər?..
Pəncərəsi kamera divarından
təqvim kimi asılmış məhkumlar.

ZARAFAT

Ömrünün bir gününü sevib,
qoşulub ona çıxıb gedəsən bu dünyadan.
Ta şorgöz kimi gəzməyəsən
bu günlərin gündə biriynən.
İNTİHAR QƏRARINA GƏLMİŞ QADIN

İntihar qərarına gəlib
döşlərini qucaqlamış bu qadın
qolları qoynunda
düyün düşmüş kimi görünər.

Son dəfə qışqırar:
– şilləni sığaldan gözəl çəkə bilirsizsə,
qadınçün fərqi yoxdu.

İntihar qərarına gəlib
eyvanda dayanmış bu qadın
özünü atmaq istəyər
göydə sürətlə axıb keçən
bir ulduzun altına.

AZADLIĞIN YİYƏLİK HALI

Əvvəl «azadlıq» qışqırıb
səsini qaldırdın.
Sonra imperiyaya
yumruğunu qaldırdın.

Sonra bayraq qaldırdın.

Sonra saray divarlarına
daş qaldırdın, taxta qaldırdın.
Sonra kimlərisə seçib TAXTa qaldırdın.

Sonra baxıb gördün ki,
bütün qaldırdıqlarından aşağıda qalan
yenə sənsən.
XS
SM
MD
LG