Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:19

Qubada saxlananlar hardadır?


Quba. 1 mart
Quba. 1 mart
Quba hadisələri ilə bağlı saxlananlar barədə yaxınlarına heç bir məlumat verilmir.

31 yaşlı Alxas Dənyalovun qardaşı Yusifin dediyinə görə, bir neçə gündür rayondan Bakıya gedib-gəlirlər, amma qardaşının harda saxlanması ilə bağlı onlara konkret məlumat vermirlər.

PALTARLAR CIRILMIŞ OLUB?

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (1-ci hissə)

Yusif Dənyalov:

«Mənə dedilər Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsindədir. Ora getdik, orda dedilər göndərmişik Kürdəxanıdakı təcridxanaya. Orda isə dedilər ki, bura elə bir adam gətirilməyib».

21 yaşlı Samir Xammədovun atası Valeh Xammədov bir neçə günlük axtarışlardan sonra oğlunu Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində tapıb. Dediyinə görə, evdən apardığı yemək və paltar qəbul olunsa da onun görüşünə icazə verilməyib:

«Mənə oğlumun paltarlarını verdilər, paltarlar hamısı cırılmış halda idi. Yəqin onu saxlayanda təzyiqlər ediblər. Bir də onun yanından çıxan uşaqlar dedilər ki, oğlunuz ayaqyalın olub. Çıxan uşaqlar öz ayaqqabılarını və paltarlarını veriblər»

FƏRHAD ABDULRƏHMANOV KÜRDƏXANIDADIR

QUBADAN CANLI VİDEOYAYIMIN TƏKRARINA BURADA BAX (Təkrar - 2)

Quba hadisələrinə görə, saxlanılan digər rayon sakini Fərhad Abdulrəhmanovun Kürdəxanıya aparıldığı bildirilir. Vəkili Səfər Hüseynov onunla iki dəfə görüşdüyünü deyir. Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxs 1 mart aksiyasında iştirak etsə də yanğın törədilməsi və dağıntılarda iştirak etmədiyini bildirir:

Qubada 1 mart aksiyası
Qubada 1 mart aksiyası
«Müdafiə etdiyim şəxs etiraf edir ki, icra başçısı qubalıları təhqir etdiyi üçün aksiyaya çıxıb və onun istefasını tələb edib. Amma dağıntılarda və icra başçısının evinin yandırılmasında iştirak etmədiyini deyir».

Martın 1-də Qubada sabiq icra başçısının rayon sakinlərindən üzr istəməsi və istefa verməsi tələbi ilə etiraz aksiyası keçirilib.

İcra hakimiyyəti və rayon polis idarəsi qarşısında bir müddət davam edən aksiya icra hakimiyyətinin yardımçı binasının və icra başçısı Rauf Həbibovun iki villasının yandırılması ilə nəticələnib. Rəsmi məlumatlara görə, 3 nəfər saxlanılıb. Amma rayon sakinləri saxlananların daha çox olduğunu bildirir.

MƏTBUATA İNFORMASİYA VERMƏK OLMAZ?

Qubadan mətbuata informasiya verənlərə xəbərdarlıq olunur.

Adının açıqlanmasını istəməyən rayon sakininin AzadlıqRadiosuna verdiyi məlumata görə, martın 7-də icra hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Sahib Məmmədov onu qəbul edib. S. Məmmədov onu rayondan mətbuata düzgün olmayan məlumatlar verməkdə günahlandırılıb. Ona deyilib ki, verdiyi məlumatlarda rayondakı vəziyyətin sabit olduğunu və hər şeyin qaydasında olduğunu desin.

Quba rayon icra hakimiyyətinin səlahiyyətlərini icra edən Sahib Məmmədovdan deyilənlərə münasibət öyrənə bilmədik.
XS
SM
MD
LG