Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 19:55

iPad-3-ün hansı üstünlükləri var?


Britaniya - iPad-3-ün Londonda jurnalistlərə təqdimatı, 7 mart, 2012
Britaniya - iPad-3-ün Londonda jurnalistlərə təqdimatı, 7 mart, 2012
Yeni iPad-dan inqilabi yeniliklər gözləyən bəzi "Apple" həvəskarları bir qədər məyus olublar.

Çünki şərti olaraq iPad-3 adlandırdığımız, rəsmi adı isə "Yeni iPad" olan yeni qurğu faktiki olaraq iPad-2-nin təkmilləşdirilmiş variantı sayıla bilər.

İndi bir çoxlarında sual yaranıb ki, yaradıcısı və əsas ideyalarının müəllifi olan Steve Jobs xərçəngdən dünyasını dəyişəndən sonra "Apple" planşet bazarında liderliyini qoruyub saxlaya biləcəkmi?

Həmin liderlik isə daha çox ilk iPad-ın uğuru ilə bağlıdır.

iPad-3-ün dizaynı da, ölçüləri də demək olar ki, iPad-2-dəki kimidir. Sadəcə, çəkisi bir az ağırdır, çünki daha böyük batareya ilə təchiz edilib. O batareya ki, yaradıcılarının təbirincə "inqilabi" ekranı qidalandırır. Ekranın göstəriciləri iPad-2-dən 4 dəfə güclüdür, pikselləri standart televiorun ekranından daha çoxdur. Halbuki bu üstünlüyə baxmayaraq yeni iPad-a özündən əvvəlki ilə demək olar ki eyni qiymət qoyulub: yaddaşının həcmindən asılı olaraq qiymət 500-800 dollar arasıdır (ABŞ-da).

"Apple" əsas ümidlərini iPad-3-ün 4G - dördüncü nəsil mobil rabitə standartlarına uyğunlaşdırılmış variantı ilə bağlayır. Bu, videosiqnalın ötürülməsi sürətini artıracaq, görüntünün keyfiyyətini isə xeyli yaxşılaşdıracaq.

Mobil rabitəli iPad-2 alıcılar arasında təkcə ona görə çox da populyar deyildi ki, qiyməti baha idi, həm də ona görə ki, videogörüntüdə defektlər vardı. Bu baxımdan, nəzəri cəhətdən, iPad-3 videoya mobil olaraq baxmaq həvəskarlarının diqqətini mütləq cəlb etməlidir.

Keçən il müxtəlif istehsalçıların buraxdığı planşet sahiblərinin sayı 67 milyona çatdı. Bunların əksəriyyəti "Apple" şirkətinin məhsullarıdır. Halbuki "aypəd"lər cəmi 2 il qabaq peyda olublar.

"Steve Jobsun dünyaya ilk dəfə olaraq təqdim etdiyi qurğu özündə bütün məlum informasiya platformalarını - telefon, kompüter, audiopleyer, fotoaparat funksiyalarını cəmləşdirirdi. Və həmin yenilik də kommersiya baxımından böyük uğur qazandı".

Bunu "Vətəndaşlar məsuliyyətli İnternet uğrunda" İctimai Hərəkatının rəhbərlərindən olan Loren Vaynstin deyir: "Amma dəqiq bilinmir ki, bu kommersiya uğuru daha çox nəylə bağlıdır: iPad-ın texniki göstəriciləri ilə, yoxsa, sadəcə, android tipli planşet buraxan rəqib şirkətlərin meydana çıxmasına qədər "Apple"ın hazırladığı müxtəlif proqramlarla müştəriləri özündən asılı vəziyyətə salması, onları bir növ "özünün girovu"na çevirməsi ilə?".

Bu səbəbdən planşet bazarındakı oyunçuların sayının artdığı indiki dövrdə bəzi ekspertlər iPad-3-ün böyük uğur qazanıb-qazanmayacağı ilə bağlı birmənalı proqnoz vermirlər.
XS
SM
MD
LG