Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 02:31

Səfər Əbiyev: «Azərbaycan ərazisindən İrana qarşı istifadə olunmayacaq»


Səfər Əbiyev
Səfər Əbiyev
«Azərbaycan öz ərazisindən İrana qarşı hücum üçün istifadəyə icazə verməyəcək». İranın rəsmi Press TV televiziyasının məlumatına görə, bunu İranda səfərdə olan Azərbaycanın müdafiə naziri Səfər Əbiyev deyib.

Əbiyev onu da bildirib ki, Bakı regionda sülh, sabitlik və təhlükəsizlik istəyir, İranla daha yaxın hərbi əməkdaşlıq regionda sülhü təmin edər.

AHMADİNEJAD ƏMİNDİR

Əbiyev martın 12-də Tehranda İranın müdafiə naziri Əhməd Vahidi ilə danışıqlar aparıb.
İranın rəsmi «İRNA» agentliyi isə xəbər verir ki, İran prezidenti Mahmoud Ahmadinejad Səfər Əbiyevlə görüşündə əminliyini bildirib ki, Azərbaycan hücum edən qüvvələrə öz ərazisindən istifadəyə icazə verməyəcək:

«Biz əminik ki, dostumuz və qardaşımız Azərbaycanın ərazisindən İrana qarşı heç bir problem olmayacaq,» Ahmadinejad Əbiyevə belə deyib.

Bakı və Tehranın münasibətləri ötən aydan bəri gərginləşib. Ötən ay Azərbaycan İsraildən 1.6 milyard dollarlıq pilotsuz təyyarə, zenit-raket qurğuları və hava hücumundan müdafiə sistemlərinin alınmasına dair saziş imzalayıb.

SİLAHI İRANDAN DA ALMAQ OLAR

Əbiyev Tehranda bu sazişi dolayısı ilə əsaslandırıb: «Azərbaycan öz ordusunu təkmilləşdirməlidir, bu məqsədlə silah və avadanlıq almağa məcburdur».

Vahidi isə İranın Azərbaycana hərbi məhsullar satmağa hazır olduğunu bildirib.
İranı nüvə silahı hazırlamaqda ittiham edən İsrail bu ölkənin nüvə qurğularına zərbə endirəcəyinə eyham vurur. Digər qərb ölkələri bu sarıdan qorxularını bir neçə dəfə dilə gətiriblər.

İran nüvə silahı olduğunu inkar edir, İsrailin guya Azərbaycan ərazisində kəşfiyyat fəaliyyəti ilə məşğul olması barədə məlumatlardan narahatlığını bildirib.
XS
SM
MD
LG