Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:29

Ermənistan London Olimpiya Oyunlarına hazırlaşır


Ermənistan prezidenti idmançılarla görüşərkən
Ermənistan prezidenti idmançılarla görüşərkən
Ağır atletika, atıcılıq, boks, güləş üzrə idmançılar, bir sözlə 13 idmançının Ermənistanı 2012-ci il London Olimpiya Oyunlarında təmsil edəcəyi artıq bəllidir. Milli Olimpiya Komitəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yuri Aleksanyan:
«Olimpiadaya gedəcək idmançılardan 6-sı ağır atletlərdir. Onlardan 4-ü kişi, 2-i isə qadındır. Bu 6 idmançının Ermənistanı təmsil edəcəyi dəqiq olsa da, hələ ki onların adları açıqlanmır. İdmançıların kimliyi olimpiadaya bir neçə gün qalmış elan olunacaq. Bundan başqa Ermənistanda ilk dəfə olaraq Norayr Baxtamyan atıcılıq üzrə, Andranik Akopyan boks üzrə, Roma-yunan güləşi üzrə Arsen Julfalakyan və sərbəst güləş üzrə Miran Cavuryan olimpiadada iştirak etmək üçün lisenziya alıblar».
«SİYAHIYA YENİ ADLARIN DAXİL OLACAĞINA ƏMİNƏM»
Yuri Aleksanyan deyir ki, bu hələ tam siyahı deyil və hələ ki Ermənistanı London Olimpiya Oyunlarında hansı idman növləri üzrə neçə idmançının təmsil edəcəyi bəlli deyil. Turnir oyunları iyun ayınadək davam edəcək. Yuri Aleksanyan siyahıya yeni adların daxil olacağına əmindir. Deyir ki, uzun fasilədən sonra Ermənistan bu ilin yanvar ayında gimnastika üzrə dünya kubokunda uğura imza atıb:
«Bu ilin yanvarın 9-da Artur Davtyan gimnastika üzrə dünya kubokunda çox uğurlu çıxış edib. Ermənistanın bu vaxta kimi bu idman növü üzrə üç olimpiya çempionu və bir gümüş medalı olub, amma 1996-cı ildən bu yana gimnastika üzrə bir iştirakçımız belə olmayıb».
«YOXSULLUQ OLAN ÖLKƏDƏ İDMAN İNKİŞAF EDƏ BİLMƏZ»
Yerevanda şəhər sakinlərindən bir neçəsinə yaxınlaşırıq və onların ölkənin idmanı ilə bağlı fikirlərini soruşuruq. Onların idmanla bağlı vəziyyəti necə qiymətləndirdiklərini öyrənirik.
- İndi idmanla heç kim məşğul olmur. Əvvəllər bizim demək olar ki, bütün idman növləri üzrə olimpiada iştirakçılarımız olub, məsələn, suya tullanma üzrə idmançılarımız, çoxsaylı boksçularımız olub, indi isə yoxdur.
- Yoxsulluq, çoxsaylı problemlər olan bir ölkədə idman inkişaf edə bilməz. Əgər idmanda uğur varsa o da tək-tükdür, sistemli şəkildə deyil. Amma əvvəllər biz bilirdik ki, güclü idmançılarımız həmişə var – ola bilsin bir neçə nəfər az və ya çox, amma var. Ancaq indi bizim şahmatçılarımız və futbolçularımız həqiqətən də güclüdürlər. Şahmatçılar ona görə güclüdürlər ki, idmanın bu növü fərdi növdür və o qədər də investisiya tələb etmir. Və əlbəttə ki, bizim xalqda idmanın bu növünə xüsusi sevgi və uğur əldə etmək üçün istedad var.
Bir çoxları isə idman məktəblərinin və yaxşı məşqçilərin azlığından gileylənir və ölkədə idmanın inkişaf etməməyinin əsas səbəbini də məhz bununla bağlayır.
«İNKİŞAF GÖZ QABAĞINDADIR»
Ermənistanı təmsil edən idmançılar Pekin Olimpiyadasında. 2008
Ermənistanı təmsil edən idmançılar Pekin Olimpiyadasında. 2008
«Ermənistanın bölgələrində vəziyyət çox acınacaqlıdır. Mənim fikrimcə idmanın inkişafına məhz elə yerlərdən başlamaq lazımdır, çünki insanlar öz yaşayış yerlərini tərk etməli olurlar. Amma əgər insanlar görsələr ki, uşaqları idmanda uğur qazanırlar, bu onları mühacirətdən saxlayar».
Həmsöhbətlərimizin bir qismi isə əmindirlər ki, yaxın gələcəkdə Ermənistan idman sahəsində yeni uğurlar əldə edəcək, belə ki, inkişaf və uğurun ilk qığılcımları artıq görünməkdədir:
«Deyirlər ki, komanda oyunlarında biz uğur qazana bilmirik, mən bununla qismən razıyam, amma hər şey dəyişir və biz indi bir neçə il əvvəllə müqayisədə xeyli yaxşılığa doğru dəyişmişik. Məsələn, bizim milli futbol komandamız məni çox ruhlandırır, komandanın uğurları və hazırkı vəziyyəti məndə optimist əhval-ruhiyyə yaradır. Mən inanıram ki digər komanda oyunları da inkişaf edəcək. Ağır atletika və güləşdəki uğurlarımız da məni sevindirir».
Ermənistan Milli Olimpiya Komitəsinin nümayəndəsi də son üç olimpiadadakı idmançıların sayı və uğurlarının müqayisəsini aparır:
«2000-ci ildə Sidney Olimpiya Oyunlarında biz cəmi bir bürünc medal qazandıq, 2004-cü ildə Afinada isə bircə medal belə əldə edə bilmədik. Amma 2008-ci ildə Pekindən idmançılarımız 6 medalla qayıtdılar. 2004-cü ildə Ermənistanı olimpiadada 18 idmançı təmsil edirdisə, 2008-ci ildə bu göstərici birdən-birə 25-ə yüksəlmişdi. Həm medalların, həm də idmançıların sayı ilə bağlı inkişaf göz qabağındadır. İdman növləri üzrə də artıq müxtəliflik var – məsələn, bizim artıq gimnastika, taekvondo üzrə də idmançılarımız var. Ümid edirik ki, bu il atıcılıq üzrə də iştirakçımız olacaq».
XS
SM
MD
LG