Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:46

Lalə Məhərrəmli. Sevginin tərifi (20-likdən)


Martın 27-də "Ədəbi Azadlıq-2012" Milli Müsabiqəsinin 20-liyi açıqlanır (ƏTRAFLI).


Lalə Məhərrəmli


SEVGİNİN TƏRİFİ

Sevmək...bir bətndə yaranmaqdır..
Bir bətndə dəyişməkdir... böyüməkdir...
O bətndən doğulmaqdır.
Bir qucağa sığınmaq...bir ürəyə yığılmaq..
Sevmək..bir az iməkləməkdir, bir az sürünməkdir
Bir az da yıxılmaq...
Sevmək..ayağınla gəzərkən ürəyinlə uçmaqdır..
Bir az mələyə dönmək, bir az şeytana uymaq,
Hisslərinə bürünüb ağlını soyunmaqdır..
Ağılsız üşüməkdir, hisslərinlə yanmaqdır.

Sevmək..ağlamaqdır...
bir az səssiz, bir az möhkəm ağlamaq.
Göz yaşınla islada bilməkdir buludları.
Və boşalmaqdır
Sevgiyə susayan küçələrin, insanların üstünə.
Içirdib doyurmaqdır insanları sevgiyə.
Və niyə ?
Niyə deyə soruşmamaqdır ayrılarkən..
Bir az da ayrıla bilməkdir sevmək.
Bir az borc götürüb səbrin əlindən
Həsrətin borcunu ödəyə bilmək..
Bir az həsrət çəkə bilməkdir sevmək.

Bir xəyalın dizlərinə baş qoymaq,
Yuxuların yalanıyla ovunmaq,
Bəzən ağıllanmaq,
Bəzən dəli kimi gülməkdir sevmək.
Sevmək..sürgün olmaq kiminsə gözlərində
Edam olmaq..kipriklərdən asılmaq...
Bir az susmaq..biraz susmaq...
Və bağırmaq, və ulamaq..
Itlərin kölgəsində, canavar təkliyində
Və içində gizlətdiyin heyvanın səsində ulamaq...

Sevmək..bilmədən öyrənməkdir həyatın hər üzünə.
Sevginin tərifini öyrənmədən bilməkdir.
Bir az cəsur olmaqdır, bir az da gizlənməkdir.
Sevmək..bilmədiyin üzün güzgüsü olmaq.
Bildiyin yolların özgəsi olmaq.
Bir az ayağından asmaq yolları
Bir az parçalanıb yola dağılmaq.
Sevmək..azad olmaq küləklər kimi.
Bir az da azadlıqda boğulmaq...
Hərdən yorulmaq,hərdən dincəlməkdir.
Sevmək...bir az da ölməkdir.
Gülə- gülə, bilə -bilə ölmək.
Özündə ölüb, başqasında doğulmaq.
Canını ruhuna yükləmək,
Sevdiyinə sürüməkdir....
Ölümə sevə - sevə yürüməkdir..
Bir ürəyə dəfn olunmaq, bir ürəkdə çürüməkdir.

Sevmək...bir az doğulmaq...bir az yaşamaq... bir az da ölməkdir...
XS
SM
MD
LG