Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:16

Xədicə İsmayılova istintaqın gedişindən narazıdır


Xədicə İsmayılova
Xədicə İsmayılova
AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova istintaqın gedişindən narazıdır. Dediyinə görə, hətta onun şəxsi həyatına müdaxilə ilə bağlı işi aparan müstəntiqlə görüşmək belə problemə çevrilib:

«MÜSTƏNTİQLƏ GÖRÜŞMƏK İSTƏYİRƏM»

«Mən xaricə gedəndə, vəkilin adına etibarnamə yazmışdım, prokurorluğa da ərizə ilə müraciət etmişdim ki, mən olmadığım müddətdə bütün istintaq əməlləri vəkil Adil İsmayılovun iştirakı ilə aparılsın. Amma bu müddət ərzində Adil İsmayılova heç bir müraciət olunmayıb. Mən Azərbaycana qayıdandan bəri də müstəntiqlə görüşmək istəyirəm, amma buna da nail ola bilmirəm».

Xədicə İsmayılova deyir ki, xaricə getməzdən əvvəl onun konkret istintaq əməllərinə dair müraciətləri ilə bağlı da addımlar atılmayıb:

«Mən artıq məcburam ki, özümün bir jurnalist kimi apardığım araşdırmaların nəticələrini, həmçinin müstəntiqin və istintaqın hansı istintaq əməllərini keçirməkdən imtina etdiyinə dair məlumatları açıqlayam».

HƏR ŞEY APRELİN 4-DƏ AÇIQLANACAQ

Vəkil Adil İsmayılov da üzləşdikləri problemlərlə bağlı bütün açıqlamaları aprelin 4-də zərərçəkən Xədicə İsmayılova ilə birgə keçirəcəkləri mətbuat konfransında söyləyəcəyini deyir.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun AzadlıqRadiosuna verdiyi məlumata görə, aprelin 3-də Bakı şəhər Prokurorluğunun rəhbərliyi Xədicə İsmayılovanı qəbul edib. İstintaqın gedişi barədə ona ətraflı məlumat verilib. Eldar Sultanov həmçinin bildirir ki,
Baş Prokurorluq
Baş Prokurorluq
X.İsmayılovanın ifadəsində göstərdiyi xüsusatlar hərtərəfli və obyektiv araşdırılmaqla iş üzrə istintaq davam etdirilir.

AzadlıqRadiosunun əməkdaşı digər bir məsələdən də şikayətçidir. Xədicə İsmayılova bildirir ki, mətbuat konfransı keçirmək üçün Beynəlxalq Mətbuat Mərkəzinə (BMM) etdiyi müraciətə əvvəlcə müsbət cavab verilsə də, sonradan ona imtina olunub:

BMM-DƏ BOŞ OLAN YER NECƏ DOLDU

«Zəng etdim, razılaşdıq. Dedilər yer boşdur, gəlin behi verin, müqaviləni imzalayın. Amma sonradan biləndə ki, mətbuat konfransı hansı məsələ ilə bağlıdır, birdən məlum oldu ki, yer ayırmaq mümkün deyil».

BMM isə deyilənləri təkzib edir. Mərkəzin meneceri Ülviyyə Yunusova deyir ki, Xədicə İsmayılova ilə o danışıb, sadəcə boş yer olması barədə səhvə yol verib:

«Mənim xəbərim olmayıb, həmin vaxt konfrans zalı başqa tədbir üçün tutulubmuş. Bu, mövzu ilə bağlı olmayıb. Biz tədbirlə bağlı heç ətraflı məlumata malik olmamışıq. Ətraflı məlumat olsaydı, bəlkə məsələnin mövzu ilə bağlı olduğunu demək olardı. Bu, təsadüfdür».

Xədicə İsmayılova
Xədicə İsmayılova
BMM-DƏN GÖZLƏNİLƏN CAVAB

Amma Xədicə İsmayılova bu fikri bölüşmür. O, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin nəzarəti altında olan BMM-dən belə bir cavabın gözlənilən olduğunu deyir.

Martın əvvəlində naməlum şəxslər Xədicə İsmayılovanı şantaj etmək istəyiblər. Martın 7-də jurnalistin ev ünvanına gələn poçtda ondan susması tələb olunub, əks halda, intim şəkillərini yaymaqla hədələyiblər.

Əvvəlcə hüquq-mühafizə orqanları buna reaksiya verməyiblər. Yalnız jurnalistin intim həyatına aid video internetdə yayımlandıqdan sonra reaksiya verilib.

Jurnalistin Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə etdiyi müraciətdən sonra martın 15-də Baş Prokurorluq onun şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi qaldırıb. CM-nin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması) üzrə qaldırılan cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğuna həvalə edilib.
XS
SM
MD
LG