Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:52

Seyfəddin Hüseynli. Seymur “Quqark”da


Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli
Seyfəddin Hüseynli bu yazısı ilə yazıçı Seymur Baycanın “Quqark” romanının “Oxu zalı”nda keçirilən müzakirəsinə qoşulur.


Seyfəddin HÜSEYNLİ


SEYMUR "QUQARK"DA


(POSTMODERN ANTİDİABET VƏ KONSPİRATİV ANTİDEPRESSANT)


«Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: «Dağlarda, acağlarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal);

…(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxır. Şübhəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!»


(Qurani-Kərim, ən-Nəhl (Bal arısı) surəsi,
ayə 68-69)



…Seymur Baycana nə var ki, iki qaşıq xalis BALdır, onun da canı, hər səhər udur, qanındakı şəkər qaydaya düşür, o da girişir “qaydasız döyüş”ə - bütün günü onu-bunu arı kimi sancıb-sancılandırmağa.

Dərd o kəsin dərdidir ki, nə balı var, nə iynəsi! Di otur baş sındır, gör bu «tatlı yeyəlim, tatlı konuşalım»ı necə özümüzünküləşdirməli ki, hər iki türkcənin ruhu inciməsin?

Hərfi-lüğəti çevirmələri, fərqli alternativlər aramağı kənara qoysaq, bəlkə «şirni yeyək, şirin danışaq» şəklilə bu deyim öz yerinə «cuk oturar», söhbətimizin üstünə iki qaşıq gerçək BAL kimi süzülər.

Bu da olar Seymur Baycanın «Quqark»ı haqqında yazını əvvəlcədən «dinc-yanaşı yaşayış», «qarşılıqlı anlaşma», “xoşməramlı söhbət” məcrasına çəkmək baxımından avansımız.

Yəni, bu başdan bilinsin ki, qəsd-qərəzdən xali, kitabın açar-kilidindən, mətləb-məzmunundan haliyik.

Bu avans qazanmaq haqqımızı da kimsə çox görməyə gərək, məsəl var ki, BAL tutan barmaq yalar…

BALım EEEYY!..

«Quqark»ın janrı ətrafında, kitab ortaya çıxar-çıxmaz, elə bir çək-çevir yarandı ki, deyərdin bəs, Azərbaycan ədəbi mühiti çoxdan belə bir müzakirəyə təşnə imiş.

Bir vurhavur düşdü ki, “guya bu saat dünya və aləm dağılacaq”.

Elə bil hamı illərdən bəri əl-əl üstündə, mat-məəttəl oturub gözləyirmiş ki, nəzəri çəkişmələrə rəvac verə biləcək bir kitab çıxsın, janr təyin eləmək sahəsində fikir toqquşdurmağa meydan açılsın.

Seymur Baycan yazdı, «Quqark» çıxdı, meydan açıldı.

Janr söz-söhbəti o qədər geninə-dərininə işlədi ki, bir ara «Quqark»ın hansı ədəbi növdə olduğu məsələsi də mübahisəyə açılacaq kimi göründü.

Nədən ki, kimsə qəfildən «Quqark»ı epik yox, məsəl üçün, epik-lirik növə aid etsəydi, çarə yoxdu, bu haqda da əməlli-başlı fikir qovğası yaşanmalıydı.

Əvvəla, Baycan ki dedin, «qəziyyə məlum», ondan belə qəliz-qarışıq işləklər çıxa bilər.

Öndən-sona ARI, BAL, PƏTƏK deyib haray təpməsi üzündən «Quqark»dakı Anuşi-İrəvanla əlaqəli və digər hicr-vəsl, hüsn-eşq söhbətlərinin lirika dozası, şirinliyi o qədər yuxarıdır ki, içində şeir-nəğmə formatlı hissələr, nəsr-nəzm növbələşməsi yoxdursa da, kitaba başdan-başa o ünlü «ARIM, BALIM, PƏTƏYİM» ovqatı hakimdir.

O qədər «iç səs», «dəruni söhbətlər”, “lirik ricətlər” varsa ortada, durub bir az da epik-lirik növdən danışmaq olmazdımı? BAL kimi də olardı.

Yapışardıq ondan ki, bəs, yəqin, Füzuli də hardasa Baycan kimi BALbaz olub, heç də yox yerdən deməyib bu beyti-bərcəstəni:

“Daş dələr ahim oxu şəhdi-ləbin şövqündən,
Nola ZƏNBUR EVİnə bənzəsə beytül-həzənim…”


Ya da Seymurdan Füzuliyə lap çox var hələ, odur ki, eləcə bu yaxınlardan

“Əmdim ləbini, BAL kimi ağzım dada düşdü!”

kimi məşhur misranı irəli çəksək də kifayət edərdi bəlkə. Ola da bilərdi ki, «Quqark»dakı Baycananə təbiət təsvirlərini, dağ-dərə, çöl-meşə təqdimatlarını əldə dəstəvuz edək, vaxtilə o yerlərdə çox məclislərə urvat vermiş Aşıq Ələsgəri ehtiramla xatırlayıb

“Zənbur çiçəyindən BAL alı, dağlar!”

- deyək, həmin o «növ söhbəti» də burda beləcə TATLIya bağlansın.

ARIM VAR, ARIM VAR… BUYNUZLU ROMAN!

«Quqark»dan söz düşəndə, bal-şəkər dadında müzakirəni «Belə də roman olarmı?» tipli, zəhər-zəqqutun tamı verən suallar qırır əzəldən bəri.

Belə götürəndə, niyə olmur, olar! Təkcə ona görə yox ki, bura Azərbaycandır, Seymur da öz yazarımızdır, nə bilim, gerçək nəsrimiz cavandır, romanımız ondan da cavandır, başqalarına baxanda, biz də bu işdə naşı sayılırıq hələ, yüz il olar ya olmaz romançılıq cəhdlərimizin tarixi.

Üstəlik, dünya da bu saat başını itirib, romanəsilli əcnəbi romançılar özləri də karıxıblar, romanın səddi-sərhədi itib, nəyin roman, nəyin qeyri-roman olduğunu dəqiq bilən yoxdur, bir yandan da bizlərdə bu «meta-roman haqq-hesabı» çıxıb, vəziyyət lap qarışıb.

Bunlar da var, təbii ki, bunlar da özünə görə şərtlərdir. Ancaq təkcə belə şərtlər içində qalmır «Quqark»ın roman sayılması məsələsi.

Ayrı-ayrı dövrləri, həm də epoxal fərqlərə malik zamanları əhatə etməsini, məkan rəngarəngliyini, coğrafi genişliyini, sayagəlməz hadisələrdən, insanlardan, heyvanlardan, bitkilərdən, əşyalardan başlayan və ya onlardan keçib gedən başqa-başqa, onlarla, bəlkə yüzlərlə xətti nəzərə alanda, əlbəttə, «Quqark» romandır, özü də lap BAL kimi romandır.

Romanın buynuzu olmaz ki! Amma bəlkə də olar buynuzu, ya da olmalıdır indilərdə. Yəni ən azı «Quqark»ın buynuzu var kimi görünür, çünki Seymur Baycan burada - ənənəvi, klassik, modern, postmodern… – hər cür məlum romançılığa buynuz taxıb, yəni köklü-köməcli xəyanət eləyib.

Önhökmlü, bədniyyət olmasaq, onun bu xəyanətinə eksperiment də deyə bilərik. Hər cür ənənəviliyə, məlum-məşhura arxa çevirib xəyanət etməyin adına əksərən eksperiment deməyə bəşər çoxdan öyrəşib axı.

Bəzən həmin eksperimentlərdən geriyə bas-bayağı ekskrement qalsa da. (Bu son
ifadənin ümumən, sözgəlişi, yayğın miqyasda işləndiyini, konkret şəkildə «Quqark»a aid olmadığını buradaca xüsusi vurğulamaqda fayda var).

Sözün məğzi bundadır ki, «Quqark» ənənəviliyə xəyanətin - eksperimentin nəticəsi kimi, bic bir nəticə halında hasilə gəlsə belə, nə fərqi, bic ya düz - roman elə romandır. Buna da bic əvəzinə, «yeni tip roman» demək çətin olmaz, qəlblərdə, beyinlərdə hikkə-qərəz yuva qurmayıbsa.

Bu əsnada, bir balaca dəqiqlik, sərrastlıq üçün «Quqark»a bəlkə «süjetli memuar», «xatirə-roman» təyinləri də vermək mümkündü.

«XATİRAT DƏFTƏRİM DURUR QARŞIMDA…
...O CƏNNƏT QUQARKDA, CAVAN YAŞIMDA...


Seymur «Quqark»da yaddaş-memuar nümunələri ilə publisistik mətnləri, epistolyarla tarixi-xronikal məzmunlu materialları bir arada, özü də orijinal ədəbi-bədii dillə yox, tərcümə ədəbiyyatını davamlı mütaliə etməkdən gələn standart-sxematik dil fiqurlarıyla, sinkretik və eklektik ifadə bazası əsasında yazıya alıb.

Tərcümə ədəbiyyatının dil imkanlarını özünün fərdi yazı vasitəsinə, bədii ifadə alət və tərtibatlarına çevirmək Seymur Baycanda çoxdan şakərlikdən çıxıb, ŞƏKƏRə çevrilib. Bu da hardasa bir növ «yazar xəstəliyi»dir, yəni.

NƏLƏR, NƏLƏR YADA DÜŞƏR,
XATİRƏLƏR ODA DÜŞƏR…


«Quqark»dakı hadisəçilik, əhvalatları sıralamağa aludə olmaq, təxəyyül kasadlığı, yazıçı xəyalatının, təsəvvürlərinin qıtlığı, hətta yoxluğu Seymura ən rahat irad tutula biləcək cəhətlərdir.

Xatırladıqlarını, yaddaşının anbarından tapıb çıxardıqlarını təxəyyülə tabe tutub nizamlamadığı, əsl yazıçı səliqəsi ilə ipə-sapa düzmədiyi göz qabağındadır.

Elə bil açıb bir böyük bazanın qapısını, «alın, bu belə, bu da belə, bax, bu da bu…» deyə, içəridə nə varsa, hamısını çıxarıb töküb ortaya.

Budur onun hələm-hələm yazarda rast gəlinməyən dərəcədə zəngin yaddaşını, yaşantı xəzinəsini hörmətdən salan, baş qaxıncına döndərən.

O cür yaddaşla bu cür rəftara, yəqin, heç bir yazarın insafı yol verməz, Seymurdan savayı.

“ŞİRİN XATİRƏLƏRLƏ XATIRLA MƏNİ”

Kitabdakı məktublarda yer verdiyi bu etiraflar da nədənsə səmimiyyətdən artıq, məsuliyyətdən qaçmağa, bacarıqsızlığını pərdələməyə, edə bilmədiklərinə bəraət qazandırmağa çalışan adamın bəhanələri kimi səslənir: «Mən xəyal qurmaqda çox naşıyam.

Xatırlamağı isə gözəl bacarıram…», ya da belə: «… bütün hallarda mənim üçün xatirə danışmaq, ümumiyyətlə, xatırlamaq, xəyal qurmaqdan, nəyisə arzulamaqdan daha asandır.

Mənim gücüm ancaq xatırlamağa çatır. Arzulamaq, xəyal qurmaq mənlik deyil...» Belədirsə, onda gərək sonadək səmimi, prinsipial davranasan.

Yəni, xatırlayıb yazdıqlarını roman adıyla yox, tutalım, Herodotdan, Strabondan, ət-Təbəridən, Salnaməçi Nestordan, Afanasi Nikitindən, daha kimlərdən günümüzə gəlib çatanlar, ya da elə özcə Manaf Süleymanovumuzun «Eşitdiklərim, oxuduqlarım, gördüklərim»i kimi camaatın ixtiyarına verəsən.

Çox sevdiyin Tolstoyun, Qorkinin uşaqlıq-yeniyetməlik-gənclik qaynaqlı memuarları, heç sevmədiyin Əli Vəliyevin «Budağın xatirələri» kimi də üzə çıxarsan, xəta sayılmazdı. (Misalları artırmaq da olar, əlbəttə, amma bunlar eləcə rastgələ buraya düşənlərdir).

“XATIRLA, SEVGİLİ...”

Məlumdur, Seymurun özünün də yazdığı kimi, xatırlamağı kimsə ona qadağan edə bilməz, buna elə bir ehtiyac da yoxdur, çünki çox da ciddi, təhlükəli, qeyri-adi mətləblər deyil xatırladıqları.

Sadəcə, kəskin-melanxolik təbiəti, həyata, dünyaya, hər kəsə ürkək-qorxaq gözlərlə baxması, hər hadisəni sarsıntıyla yaşaması Seymurun yaddaşını aşırı dərəcədə yükləyib.

Hər şeyə izafi əhəmiyyət verib ürəyinə yaxın buraxması, sonra da uzun-uzadı bunların fikrini, dərdini, üzüntüsünü çəkməsi Seymurda belə bir yanlış qənaət yaradıb ki, guya onun yaddaşındakılar fövqəladəlik kəsb edir, guya onlar mütləq yazılmalıdır, yayılmalıdır. Hərçənd orda maraqlı məqamlar da yox deyil, amma məhz seçmə-yerləşdirmə üsuluyla yanaşanda normal əsərlərə qida verə biləcək mahiyyətdədir.

Seçib yerləşdirmək - Seymurda olmayan yanaşma tərzi!

«QƏLBƏ TƏSƏLLİDİR XATİRƏLƏRİN…»

Başqa bir tərəfdən baxanda amansız bir gerçəklik özünü iri plana sürüyüb salır: Seymur özü hər zaman, elə «Quqark»da, tez-tez uzun-uzadı xatirələr danışan, yaddaşını hardagəldi çözələyən, bundan təsəlli tapan adamlara istehza edir, onları lağa qoyur, dözülməz adamlar kimi təsnifləndirir. Amma belə görünür ki, özü də onlardan fərqlənmir.

«XATİRƏLİ GÜNLƏR KÖNLÜM ƏLACI…»

Bu nədir belə? Prinsipsizlikmi, öz gözündə tiri görməməkmi, yoxsa «gülmə qonşuna…»
Seymur Baycan
Seymur Baycan
məsəlinin növbəti təntənəsi?! İstənilən variantda vəziyyət Seymurun əleyhinədir.
Nəticeyi-kəlam budur ki, yaddaşı BALaxanı zibilliyi kimi görmək, onunla o cür rəftar eləmək düzgün deyil.

Həm də buna tutarqa kimi «nə olub BALaxanı zibilliyinə, odur ha, orda zavod tikiblər, min cür zir-zibildən nələrsə düzəldirlər» fikrindən yapışıb, bu əsfəh düşüncəni qənşərə sürümək heç düzgün deyil!

Yeriykən, o biri kitablarındakı kimi, «Quqark»da publisistika yükünün ağırlığı, Seymurun hələ də yaxşı publisistlikdən normal romançılığa keçə bilməməsi təkrarlanan söhbətlərdəndir.

Haqqüçünə, əsassız da deyil bu söhbətlər, üstəlik, təzəcə yazmağa, çap olunmağa başladığı dövrə – təxminən 10 il əvvələ dirənən bir kökü-keçmişi də var bu söhbətlərin.

Mən Seymuru xatırlayıram:

O vaxtlar Seymur yeni-yeni yazır, çap olunurdu. Dəvət aldı, ya təklif verdi, hər nəysə, gəldi, tanış olduq, yazıb gətirdi, oxuyub redaktə etdik, çapa verdik, yenə belə, elə yenə belə… İnsafən, o vaxtdanca aşkardı ki, Seymurda publisistika alınır, hələ lap yaxşı da alına bilər.

Bircə yol, söhbət əsnasında onun elə bu xətlə də davam edib irəlilələməsini bir arzu kimi (qətiyyən məsləhət, öyüd-nəsihət tərzində yox ha!) dilə gətirəndə, Seymurun üzdə sakitcə razılaşdığını, amma dərinlikdə bunu rişxəndlə qarşıladığını sezməyim heç çətin olmadı.

Üzünün ifadəsində, təhər-tövründə çox tezliklə bədii yazılara girişəcəyinin siqnalı vardı.

Aradan 10 ilə yaxın vaxt keçib, hələ də, yenə də «publisistizm» damğası Seymurun sinəsini-kürəyini yandırırsa, bu təyinat onun yaxasından indiyədək asılı qalıbsa, neyləməli?! «Bu dərdi kimə söyləməli?!» «Quqark»dakı mətn, eynən normal publisistika kimi, düz-düzünəquludur, mürəkkəb, çoxqatlı, labirintvari yazıçı gedişlərindən, müəmmalı manevrlərdən, dərin və miqyaslı stilistik kombinasiyalardan xalidir.

Zərrəbinlə baxmağa, forma-struktur xüsusiyyətlərində qeyri-adilik, əlahiddə ustalıq axtarmağa qəti ehtiyac yoxdur. «Quqark»a bəlkə «bic roman», «eksperiment məhsulu» deyildi burada, ancaq yazıçı bicliklərinə, eksperimaentlərinə gələndə, şkala minimumu göstərir, əqrəb sıfrın üstə ilişib qalır.

Saya, sadə, sözəbaxan, gözəyaxın, ələyatan mətndir «Quqark». Mal yiyəsinə oxşamazmı?!

Bütün ziddiyyətlərinə, dərin və dəqiq müşahidələrinə, izləmə qabiliyyətinə, hərdən ərşə qalxan tərs-avandlığına rəğmən, axı, müəllif özü də sayadır, safdır, səmimidir, ürəyi dilində, gözünün yaşı əlindədir.

Hər halda, Seymur bu işdə, dünyanın usta yazıçılarına az-maz bənzəmək tamam bir kənara dursun, heç ağlagəlməz manevrlər, dolanbac gedişlər, gözlənilməz mülahizələr, hipotezalar, ehtimallar, «komplo teoriləri» əsasında, budur e, neçənci romanını yazan can dostu Əli Əkbərin tozuna da yetə bilməz!

Baxmayın altdan-altdan hər kəsi, hər yeri diqqətlə, şübhəylə süzüb, bic-bic irişib-qırışmağına, göydən damcı düşüb duz nəm çəkməmiş, gönü suya verər.

Mən Seymuru xatırlayıram:

Onun hadisələrə, insanlara həm real simsar, həm də potensial düşmən kimi yanaşması, sadəlövh qorxularının sonradan davamlı sarsıntılara çevrilməsi, gülüşünün uşaq qəhqəhəsindən bu yana keçməməsi, dünyaya hər addımda heyrətdən geniş açılan gözlərlə baxması yadımdan çıxmır.

Elə ilk söhbətlərimizdə o danışırdı ki, adamlar onu bezdirirlər, cürbəcür suallarla divara dirəməyə çalışırlar, hədyanlarla təzyiq edirlər, qınayıb ruhdan salırlar, ağıl öyrətmək istəyirlər…

Sonralar bunu, özünəməxsus vurğuyla, indinin özündə, lap elə «Quqark»la bağlı da ona qınaq-töhmət gətirən təkrarçılıqla, bir dəfə dediyini beş dəfə demək adəti üzrə, Allah bilir, neçənci dəfə mənə nağıl eləyəndə, axırda dözmədim.

O an mən hirslənəndə, həmin adamları «hara göndərmək lazım olduğunu» Seymura
Seymur Baycan
Seymur Baycan
açıq mətnlə deməyim, folklorumuzun andeqraund saxlancına müraciət etməyim də yadımdadır.

Seymurun isə, o «məşum» dəqiqələrə qədər sakit, səbrli, onun özüylə də, bir çox başqalarıyla da rahat davranan, hər gün cürbəcür adamların «sicilləmələr»inə dözməyi bacaran biri kimi tanıdığı yaşıdının – bəndeyi-həqirin indi qəfil tamam «ayrı not»a keçməsini təəccüb, çaşqınlıq, məyusluq, qorxu içində izləməsi də yadddaşımda öz yerini tutub.

Amma bunlar uzun-uzadı yazılası, tez-tez xatırlanası, Seymuranə tərzdə ciddi əhəmiyyət veriləsi məsələlər deyil… Apokalipsis-zad deyil ki!

«Quqark»da təkcə dağ-meşə, çöl-çəmən mənasında, yəni coğrafi anlamda yığcam təbiət təsvirləri verilməyib. Bu kitabdan Seymurun daxili təbiətinin təsvirini, ifadəsini də yerli-yataqlı oxumaq olar.

Sağ olsun, çəkinib-daldalanmayıb, özü barədə ən mübhəm, ən məhrəm məqamları da açıb-ağardıb.

Qəsdənmi, bilmədənmi – burasını demək müşküldür, amma heç maraqlı da deyil. Maraqlı olan burasıdır ki, məsələn, doyunca yeyə bilmək iştiyaqı, dadlı yeməklər həsrəti ona elə bir qəribə həvəs, şövq gətirir ki, qonaqlıqların, yeyib-içmək məclislərinin, ziyafət süfrələrinin təsvirində Seymur qeyri-adi məharət nümayiş etdirir, bunları yazıya alanda qələmindən BAL damır.

Belə məqamlarda «Quqark»dakı Seymur Akutaqavanın doyunca sıyıq yeyə bilmək arzusuyla ömrü gödələn binəva samurayına çox oxşayır!

Bəs daha necə bir Seymur var «Quqark»da, yəni onun kitabdakı qəhrəmanı – köhnə tənqidçilərin təbirincə, «epik-lirik O»su hansı xasiyyətdədir? – «Dili lal, başı aşağı, Evin ən mağmın uşağı» tipində, yorğun, naxoş, miskin, çəkingən, «allahvara, dünya yansın, içində yorğanım yox ki» düsturunca laqeyd, vecsiz… Özünün yazdıqlarına dirsəklənir bu qənaət.

Yekunda Quqarkın Janna D,Arkı, nami-digər Anuşi-İrəvan kitabdakı Qaryaginli Qaragündən, yəni Seymurdan çox-çox diribala, cəsur, təəssübkeş, hər cür fədakarlığa hazır çıxır. Haqlıdırlar «Quqark»la Şeyx Sənan-Xumar, Əsli-Kərəm, Bahadır-Sona… kimi məşhur süjetlər arasında bağlılıqdan danışanlar.

Dərd budur ki, dünyanın belə gen vaxtında, hər fürsət varkən, «Quqark»dakı Seymur yüzillər əvvəlin Sənanı, Kərəmi, ya da «Zəmanəmizin Bahadırı»nca da olmağa cürət eləmir.

Açığı, bu baxımdan, «Quqark»ın BALbaz yazıçı qəhrəmanını BALzakın həmməsləki saymaq heç cür yerinə düşmür. Çünki təxminən bu babətdə davranır: «Anuş, git başımdan, Ben sana göre deyilim...»

Nə olur, axırda əldə nə qalır? Yenə də xatırlamalar, anma-yanmalar:

SƏNDƏN MƏNƏ BİR KİTABLIQ XATİRƏ…

Bu xatırlama meylinin, xatirə məsələsinin burda dönə-dönə vurğulanması, təkrarlanması qətiyyən qəribçiliyə salınası söhbət deyil.

Əlbət, var bir səbəbi. İş ondadır ki, ifrat təkrarçılıq, eyni hadisəyə, epizoda, adama, heyvana, əşyaya dəfələrlə qayıtmaq da Seymurun BAL-şəkər kimi şirin bildiyi adətlərindəndir.

Məqbul təkririn tez-tez naməqbul təkrarçılığa keçməsilə bağlı ona tutulan iradlar, xüsusən də «Quqark»da bu cəhətin qabarması barədə tənqidlərdə haqq-həqiqət var. Bunlardan arınmaq, sığortalanmaq olardı, ən azı o təkrarlananları birdəfədə sıxıb dolğunlaşdırmaq, daha keyfiyyətli və bitkin verərək üzülüşmək olardı. Amma hardan?

Kim eləsin bunu? Müəllifin öz durumu bəlli, redaktorlar da, sağ olsunlar, hər halda, onsuz da kifayət qədər zəhmət çəkib, vaxt, enerji sərf ediblər, təbii ki, onların gündəlik iş-güc, güzəran qayğısı arasında bir də maddi səmərəsi olmayan bu işi öhdəyə götürüb mümkün qədər yarıtmalarını ancaq dost və söz təəssübkeşliyinə, bundan qaynaqlanan fədakarlığa bağlamaq olar.

Yük qayıdır yenə müəllifin özünə, çünki belə də olmalıdır, tanıdığım üçün bilirəm ki, təkrarçılıq, «çevir tatı-vur tatı», «daşı dəmirə, dəmiri daşa döyümək» xüruşu Baycanda əzəldən var. Burda bir xatırlama gətirməsəm, rahat olmaram, necə ki, şair deyib:

«Pətəkdə çalışıb, şanda əlləşib,
Qışda BALsız qalan ARILAR kimi
Eləmədiklərim yandırar məni…»


Mən Seymuru xatırlayıram:

O vaxtlar yazılar gətirəndə artıq bir müddətdən sonra göründü ki, Seymur özü-özünü təkrar edir, mövzular, tezislər, mətləblər, bəzən lap mətləbsizliklər təkrarlanır, bir dediyini iki də deyir, dayanmayıb 3-ə, 4-ə də çıxır.

Azərbaycan insanının, müsəlman-Şərq adamının nöqsanlı bulduğu cəhətlərinə - yemək, geyim, danışıq, əxlaq məsələlərinə, yazıçılıq, jurnalistlik barədə özünün həqiqət bildiyi söhbətlərə təkrar-təkrar qayıdırdı.

Jurnalistlik demişkən, ANS barədə dəfələrlə təxminən eyni məsələləri yazır, vurğulayır, doymayıb bir də, bir də üstünə gəlirdi. İndi millət vəkili, o zaman jurnalist olan Qənirə xanım Paşayeva, onun süjet və verilişləri, İraqdan, əsasən də Suriya-İraq sərhədindən reportajları ( Seymur o reportajların həqiqiliyinə şübhəylə, rişxəndlə yanaşırdı) barədə yersiz rişxəndləri, lüzumsuz sataşmaları oxumaqdan, redaktə, sonralar da lap birbaşa ixtisar eləməkdən (neosenzorluqda qınanmaq ehtimalını bilə-bilə) mən yorulurdum, Seymur təkrar-təkrar yazmaqdan usanmırdı.

Bu mənada, Seymurdan ötrü «təkrar biliyin anası» olmaqdan çıxıb, nəsə qəribə, anlaşılmaz və ayrılmaz bir xassə kəsb eləməyə başlamışdı hələ o vaxtlardan. Aradan 8-9 il keçib, ondakı bu vərdiş daha da irəliləyib, möhkəmlənib, yeni-yeni «əlamətlər» qazanıb.

Belə görünür ki, sinni 40-a yaxınlaşan Seymurun bu adəti boşlamaq fikri də yoxdur, bəlkə elə boşlamasa yaxşıdır, necə ki, fars deyir: «Tərke-adət be movcibe-mərəz əst», yəni adəti tərgitmək naxoşluğa səbəb ola bilər, salamat adamı xəstə salar! Bu mənada, «Quqark»dakı Seymur Baycan hələ də sağ-salamatdır!
XS
SM
MD
LG