Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 12:54

«Təhsil haqqımı ödəmək üçün qarpız da satmalı olmuşam»


Erməni tələbələr
Erməni tələbələr
Təhsil haqqını, mənzil kirayəsini ödəmək, bir şəxsiyyət kimi formalaşmaq – tələbələri işləmək məcburiyyəti ilə üz-üzə qoyan əsas səbəblər bunlardır. Tələbələrin əksəriyyəti xidmət sahəsində iş tapa bilirlər, çünki, məsələn, dərsləri buraxmamaq şərtilə ofisiant kimi çalışaraq yaxşı qazanmaq olur. 17 yaşlı Ruben ayda təxminən 400 dollar qazanır. Yerevan kafelərinin birində o, bir ilə yaxındır ki, ofisiant kimi çalışır. Deyir ki, oxuya-oxuya çalışmaq çətindir, amma artıq özünü işsiz təsəvvür edə bilmir. O, Dövlət İnformatika Kollecinin 3-cü kurs tələbəsidir, həm də musiqi ilə maraqlanır:

«Ailəmdən asılı olmaq istəmirəm. Bu, həm də bir şəxsiyyət kimi formalaşmağın özünəməxsus metodudur. Eyni zamanda özünü böyümüş hiss etmək yaxşıdır. Mən əsasən gecə növbəsində çalışıram ki, işim dərsimə mane olmasın. Pisi odur ki, çox yoruluram və boş vaxtım çox az qalır. Amma müsbət tərəflər daha çoxdur. İndi mənim öz arzularımı reallaşdırmaq üçün xeyli imkanım yaranıb. Məsələn, gitara almışam. Burada mənim dostlarım da çalışır. Onları bura mən gətirmişəm. Bir yerdə çalışırıq və konsert təşkil etməyi planlaşdırırıq».

«BU, GƏLƏCƏKDƏ MƏNƏ ÇOX KÖMƏK EDƏCƏK»

Yerevan Dövlət Universitetinin 4-cü kurs tələbəsi, gələcəyin psixoloqu Lusini də bir il əvvəl ofisiant kimi çalışmağa başlayıb. İndi o, menecerdir. Universiteti bitirəndən sonra öz ixtisası üzrə çalışmağı planlaşdırsa da, hesab edir ki, bu təcrübə ona gələcəkdə çox kömək edəcək. Qazandığı pulları hara xərcləyir sualımıza isə Lusini belə cavab verir:

«Təhsil haqqımı ödəyirəm, həmçinin ailəmin mənim üçün paytaxtda tutduğu mənzilin kirayə haqqını verirəm. Biz Yerevandan deyilik, çalışaraq mən ailəmə çox kömək edirəm».

Lusini yalnız ailəsinə kömək etmir, həm də öz psixoloq biliyini işdə tətbiq edir. Bu da çoxlu münaqişəli vəziyyətləri çözməyə kömək edir. Onun çalışdığı kafenin direktoru Qayane Vandilyan deyir ki:

«Lusini psixologiya üzrə təhsil alır və öz biliyini tez-tez işdə də tətbiq edərək konfliktli situasiyaları həll etməyə yardımçı olur.
Foto: Arxiv
Foto: Arxiv
Məsələn, müştəri razı qalmayanda və ya iradını bildirəndə, o, psixoloji cəhətdən məsələyə düzgün yanaşma tapır ki, bu da müqayisələrdən qaçmağa kömək edir. Müştərilər isə razı qalırlar».

«İŞÇİLƏRİMİN ƏKSƏRİYYƏTİ TƏLƏBƏLƏRDİR»

Qayane Vandilyan qeyd edir ki, işçilərinin əksəriyyəti tələbələrdir. Bu da, onun fikrincə, biznesə köməkdir. O deyir ki, buna baxmayaraq, bunun bir mənfi cəhəti də var – dərslərə mane olmamaq üçün iş cədvəlini daim yeniləməli olursan:

«Pis olan odur ki, tələbələr çox məşğuldurlar və qeyri-sabit cədvəl üzrə çalışırlar. Amma müsbət cəhətlər daha çoxdur – onlar təhsil alırlar və öz biliklərini işdə tətbiq edirlər. Məsələn, elə olur ki, onlar menecer ixtisası üzrə təhsil alırlar və bu onlar üçün yalnız iş yox, həm də yaxşı təcrübədir. Bizim üçün isə bu, müştərilərlə peşəkarcasına ünsiyyət quran və onlara xidmət edən savadlı işçi qazanmaq imkanıdır».

Sona isə 4-cü kurs tələbəsidir. İşləməyə ötən ildən başlayıb, özünü işsiz təsəvvür edə bilmir. Yaşadığı mənzilin kirayə haqqını və təhsil pulunu da özü ödəyir. Lusini kimi Sona da işləməyində müsbət məqamların çoxluğundan danışır:

«Qızların ofisiant işlədiyini eşidəndə, reaksiyalar birmənalı olmur. İlk vaxtlar bu, mənim üçün də stress idi, sonra başa düşdüm ki, burada pis heç nə yoxdur. Əksinə, biz çoxsaylı insanlarla ünsiyyətdə oluruq. Hər insanın özünəməxsus xarakteri var, nəticədə biz çox dözümlü, təmkinli insana çevrilirik. Həm də bura tez-tez gələn insanlar bizim dostumuza çevrilirlər. İşimin çox, həddən artıq çox müsbət məqamları var».

«QARPIZ DA SATMALI OLMUŞAM»

Foto: Arxiv
Foto: Arxiv
​Sonadan fərqli olaraq Teatrşünaslıq İnstitutunun 3-cü kurs tələbəsi Aykanuş işindən zövq ala bilmir, amma təhsil haqqını ödəmək üçün müxtəlif yerlərdə işləmək məcburiyyətindədir. Deyir ki, hətta yayda qarpız satdığı vaxtlar da olub:

«Yayda qarpız satırdım və bütün tanışlarım təəccüblənirdi ki, axı sən qızsan. Amma mən fikir vermirdim. Bir dəfə satdığım məhsulu reklam etmək fikrinə düşdüm, yaxınlığımdan keçən hər kəsə deyirdim ki, qarpız, yaxşı qarpız var. Gördüm ki, insanlar reaksiya verməyə və almağa başladılar. İnzibatçı kimi də, hətta Yeni il ərəfəsində qar qızı kimi də çalışmışam. Birillik təhsilimə görə 1000 dollara yaxın pul ödəyirəm, ailəmdə isə yalnız anam işləyir. Anamın əməkhaqqı 150 dollardır. Ehtiyacım olmasaydı, işləmək məcburiyyətində qalmazdım və yalnız təhsilimlə məşğul olardım».

Yerevan Dövlət Universitetinin 21 yaşlı tələbəsi Kristina bir ay əvvəl işləməyə başlayıb. İlk maaşından əyin-baş, ayaqqabı alıb. İndi isə fiziki yorğunluğu və cəmiyyətdəki stereotiplərdən irəli gələn psixoloji problemlərlə mübarizə aparmağa çalışır:

«Bura işləməyə və özümü maddi baxımdan təmin etməyə gəlmişəm. Artıq kifayət qədər böyümüşəm, ailəmə narahatçılıq yaratmaq istəmirəm. Əvvəlcə məndən harada işlədiyimi soruşanda ofisiant kimi çalışdığımı deməyə utanırdım. Amma indi hər şey qaydasındadır».
XS
SM
MD
LG