Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 07:36

Zaqatala: zəlzələnin dağıntıları arasında həyat... [Video]


Zaqatalada zəlzələdən sonrakı vəziyyət
Gözlə

No media source currently available

0:00 0:06:40 0:00
Direct-ə keçid

Zaqatalada zəlzələdən sonrakı vəziyyət

-

Ramazan Cəbrayılov
18 yaşlı oğlunun əlil arabasını uçmuş evinin qalıqları altından çıxarır. Mayın 7-də Zaqatalada baş verən zəlzələdən sonra onun 3 otaqlı evi qəzalı vəziyyətə düşüb, evin bir hissəsi uçub. 5 nəfərlik ailə üzvləri ilə həyətdəki at arabasında gecələyən Zaqatala rayonunun Qımır kənd sakini Ramazan Cərbayılov deyir ki, onun vəziyyəti ilə maraqlanan yoxdur:
«Uşaq xəstədir. Ona görə onu çadıra apara bilmirik. Qalmışıq çıxılmaz vəziyyətdə. Bilmirik nə edək? Bizimlə də heç kim maraqlanmır».
Ramazan Cəbrayılov Zaqatalada baş vermiş zəlzələdən əziyyət çəkən sakinlərdən biridir. Rəsmi məlumatlara görə mayın 7-də baş vermiş zəlzələ nəticəsində 3000-dən çox ev və 100-dən çox sosial obyekt ya uçub, ya da qəzalı vəziyyətə düşüb. İnsanlar zəlzələni belə xatırlayır:
«GƏLİNİ BETONUN ALTINDAN ÇIXARMIŞDIQ»
«Gəlinim elə evdən çıxanda ev uçdu. Bax bu taxtaları əlimizlə kəsib, bu lomla bir neçə qonşu yığışıb gəlini betonun altından çıxarmışdıq».
Zaqatalanın Gözbarax kənd sakini Yusib Yusibov deyir ki, zəlzələ zamanı uçmuş evinin qalıqları altında qalan gəlinini xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti kafidir. Əlavə edir ki, zəlzələdən bir neçə gün keçməsinə baxmayaraq vəziyyətlə maraqlanan yoxdur:
«Gəlib baxan, maraqlanan yoxdur ki, ay insan, vəziyyət necədir? Nə gələn var, nə maraqlanan. Heç kim maraqlanmır».
Yusib Yusibov dağılmış evinin qarşısında
Yusib Yusibov dağılmış evinin qarşısında
Yolların kənarında tam, ya da yarı uçmuş hasarların arasından dağılmış evlər görünür. Kənd sakinləri əşyalarını evlərindən çıxarıb həyətə yağıblar. Yenidən təkan olarsa olan-qalan əşyaları da zədələnməsin deyə. Özləri də ya həyətdə, ya da dövlətin qurduğu çadırlarda gecələyirlər.
Fövqəladə Hallar Nazirliyinin məlumatında isə göstərilir ki, evləri zərər çəkmiş ailələrə ərzaq və paltar paylanılır, ehtiyacı olan yerlərə xüsusi təyinatlı avtomobillərlə içməli su paylanır.
Söhbətləşdiyimiz sakinlər isə nə su, nə də ərzaq gördüklərini deyirlər.
«Kənd sovetindən gəlib baxıblar, eləcə çatları qeydə alıb çıxıb gediblər. Amma bizim evimizə əsas ziyan ikinci - güclü zəlzələ zamanı dəyib. Ondan sonra da bu tərəfə gələn olmayıb».
«NƏ ÇÖRƏK, NƏ SU GƏTİRİBLƏR»
Mayın 9-da prezident İlham Əliyev də zəlzələ bölgəsinə səfər edib. Zəlzələnin nəticələrinin tez bir zamanda aradan qaldırılacağını vəd edib.
Prezident səfərdə olduğu müddətdə yollar bağlanıb, nəqliyyat və piyadaların hərəkəti məhdudlaşdırılıb. Zəlzələdən əziyyət çəkən sakinlərsə deyirlər ki, çoxları prezidentin qəbuluna düşməyi ümid edirlərmiş. Amma yolları bağlayıb onları da qəbula buraxmayıblar:
- Prezidenti kim görə bilib?
Sakinlər:
- Kim gördü ki, prezidenti!? Prezidenti görmədik ki, biz. Yolda post qurdular bizi qoymadılar.
İlham Əliyev Zaqatalada
İlham Əliyev Zaqatalada
- Nə bilim... Heç bilmədik hara getdi. Bizə əvvəlcə dedilər ki, məktəbə gəlib kəndlilərlə görüşəcək. Biz də məktəbdə gözlədik amma gəlmədi.
Zaqatalada təkrar təkanlar bir neçə gün davam edib. Sakinlər təkrar təkanlar zamanı daha böyük təhlükə ilə üzləşəməkdən ehtiyatlanırlar. Deyirlər ki, mayın 7-də baş vermiş zəlzələ zamanı yaranan çatlar kiçik bir təkan zamanı tamamilə uça bilər:
- Sadə bir təkanla güclə canımı qurtardım. Mən evdən çıxan kimi bütün divarlar çökdü.
- Heç evdən bir iynə də belə çıxara bilmədim. Ev beləcə 10 saniyənin içində yerlə bir oldu.
Elə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov da zəlzələnin vurduğu zərərin bundan sonra artacağını istisna etmir. Nazirliyin Zaqatala, Balakən və Qax rayonlarında yaradılmış operativ qərargahları fəaliyyətlərini davam etdirirlər. Rayona dəyən zərər dəqiqləşdirilir.
«ARABANIN İÇİNDƏ, AT ARABASINDA YATIRIQ»
Jurnalistlərə açıqlamasında nazir Kəmaləddin Heydərov deyib ki, evləri uçulmuş sakinlərin hamısına çadırlar paylanıb, onların rahatlığının maksimum təmin edilməsinə çalışırlar.
Söhbət etdiyimiz zəlzələdən əziyyət çəkən sakinlər isə deyirlər ki, onların əksəriyyəti elə həyətlərindəcə gecələyirlər:
«Arabanın içində, bax bu at arabasında yatırıq. Bu dövlət məmurları bizə çadır vermirlər. Kəndimizin 1800 nəfər əhalisi var, təxminən 100-120 nəfərlik çadır var. Qalan camaat maşında, maşının altında yatır. Heç bir yardım yoxdur, evlərin də 90-95 faizi yararsız haldadır. Gedək istənilən evə baxaq, görəcəksiz ki, orda oturmaq da mümkün deyil. Hətta 90 faiz camaat evindən əmlakını çıxara bilmir. Yağış da hər gün yağır. Bir rəhbər gəlib maraqlanmır ki, harada qalırsız, nə edirsiz».
Çadırlar evlərdən kənarda bir-birinin yaxınlığında boş sahələrdə qurulub:
«İstidən, havadan yata bilməmişik. Gecə yağış da yağıb, baxın, bütün üstümüz yaşdır»
Bunu isə sakinlərdən Ədalət Əliyev deyir. O, ailəsi, 2 azyaşlı nəvəsi ilə Qımır kəndində Fövqəladə Hallar Nazirliyinin qurduğu çadırlardan birinə sığınıb. Dediyinə görə, 24 nəfər üçün nəzərdə tutulan çadırda 30 nəfər gecələyib. Onun dediklərini çadırın digər sakinləri də təsdiqləyir:
- 30 nəfər burada qalmışıq, az qala bir-birimizin üstündə yatmışıq.
- Yata bilməmişik. Kiminin başı, kiminin böyrəyi, ayaqları ağrıyır. Hər dəqiqəmiz də qorxu, həyəcandır. Ürəyimiz artıq üzülüb qorxudan, həyəcandan.
XS
SM
MD
LG