Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 01:47

Qarabağ haqda belə bayağı yazmaqdansa... heç yazmayaq


İradə Musayeva
İradə Musayeva
Tənqidçi İradə Musayeva bu məqaləsi ilə yazıçı Əlabbasın "Qaraqovaq çölləri" romanının "Oxu zalı"nda başlanan müzakirəsinə qoşulur.


İradə Musayeva


QARABAĞDAN YAZMAYAQ…

Bu dünyada hər şey kimi müharibələrin də obrazı, siması, portreti varmış. Pun müharibəsi, Livoniya müharibəsi, Yüzillik müharibə, Şimal müharibəsi, Krım müharibəsi və s.

Başlanğıcı, sonu, qalibi, məğlubu, mərdi, namərdi bilinməyən, gedişatını çözə bilmədiyimiz, səhifələrini rayon-rayon çevirdikcə xəcalət çəkdiyimiz (Xocalı, Laçın, Şuşa, Ağdam…) Qarabağ müharibəsinin şəklini kim çəkər, obrazını kim yaradar, görəsən? Siyasətimizdə «bir daş altda, bir daş üstdə» — iki daş arasında sıxılıb qalmış Qarabağ sirlərini kim açar, bu qorxulu, xərçəng xəstəliyi kimi hamını – partiyaları, cəbhələri, qurumları, hakimiyyəti, məhkumiyyəti, ölkədə hər kəsi sarmış bu fəsadlı, təhlükəli yaraya barmağını kim toxundurar görəsən?

Görünür, bu yaranı açmaq olmaz, bu yaranı basdırmaq, qanı axıb qurtarana qədər atəşkəs bayrağına büküb unutdurmaq olar ancaq…

Ona qədər də meydanı vermişik saza, sözə, «xəbərlər»ə…

"Əlabbas adlı yazarın ilk əsəri idi ki, oxuyurdum, əsər boyu bir xitabət kürsüsü və bu kürsüdə əsəbi, kövrək, tez-tez nədən danışdığını unudub çıxışının əvvəlinə qayıdan, əl-qolunu ölçə-ölçə qəhrəmanının haqqını tələb edən, onun vəkilinə çevrilmiş müəllifin ancaq özünü görür və səsini eşidirdim. Özü yorulanda fikirlərindən bir qismini eyni ahəng, eyni leksikon və eyni standart cümlələrlə nümunəvi sovet müəllimlərinə – Sidqi müəllimə, Zülfü müəllimə, Səfurə müəlliməyə və Arsak müəllimə də dedizdirirdi"

İyirmi ildir dünya siyasətində «qondarma Qarabağ problemi ilə əlaqədar uğurlu və məqsədyönlü danışıqlar» gedir. İyirmi ildir irəliləyirik. İyirmi ildir «düşmən cavab atəşilə susdurulur».

İyirmi ildir Qarabağa həsr olunmuş şeir, mahnı, inşa, rəsm müsabiqələri keçirilir, qaliblər elan edilir. Bu mövzuda dissertasiyalar yazılır, elmi dərəcələr verilir, insanlar «alim» adı alır. Bədii əsərlər, romanlar, hekayələr yazılır, kişilər, qadınlar «yazar», «romanist» olur, mükafat alır və bütün bunlar hamısı insanı iyrəndirir.

Hətta 7-8 yaşlı rəssamın Xocalıda şəhid olmuş həmyaşıdları ilə bağlı çəkdiyi rəsmlər, məktəblərdə balaca qızların başına qara yaylıq bağlayıb qəhərli səslə söylədiyi ağılar, bayatılar və müəssisələrin tədbirlər planındakı «Qarabağ» – ədəbi-bədii kompazisiyaları, işğal olunmuş rayonlara həsr edilmiş televiziya «üçgünlük»ləri…

Bunların hamısı bizi Qarabağa yaxınlaşdırmaqdansa, ondan uzaqlaşdırır. İncəsənət nümunələrinin maskası altında Qarabağ müharibəsi həqiqi simasını itirir, bayağı, qurama və saxta məzmunlu nağıl, macəra assosiasiyası yaradır. Qarabağ bütün çirkin oyunlarda vasitə oldu və bu günün özündə də «dolanışıq», «yeyinti mənbəyi» obyekti olaraq qalır («Qaçqınkom»lar, qrantlar və s.)

Bu günlərdə rejissor M.Ələkbərzadənin Azadlıq Radiosuna verdiyi müsahibəsində daha eybəcər bir fakt eşitdik:

«…Qarabağ haqda film çəkən bir rejissorla görüşdüm, mən də ad çəkməyəcəm, çünki rejissor məsələnin mətbuata çıxarılmasını istəmədi. Amma dedi ki, filmə 12 milyon manat ayrılsa da, çox davadan, yalvar-yapışdan sonra 4 milyon manatı zorla qoparıblar».

Bəli, bu müharibə bizim genetik kodumuzu açdı, bizi bizə tanıtdı.

Ey Qarabağşünaslar, (siyasətçilər, şərhçilər, tarixçilər, alimlər, rəssamlar, şairlər, yazıçılar, rejissorlar, tədbir təşkilatçıları) gəlin Qarabağdan danışmayaq və danışan hər kəsi susduraq.

Ayağa duraq, başımızı sinəmizə əyərək Qarabağın xatirəsini qarşıdan gələn növbəti iyirmi illik sükutla yad edək və sadəcə düşünək. Qarabağın nicatı bu kədərli sükutdadır…

***

Əlabbas «Qaraqovaq çölləri» əsərində bir Azərbaycan insanının ön cəbhədən daha çox arxa cəbhədə yaşadığı sarsıntılardan bəhs edir.

Əsərin qəhrəmanı Əfsunun hökumətə, elə-obaya, həmyerlilərinə qarşı qaldırdığı üsyanın, etirazın və nəhayət intiharının səbəbi də məhz həmin «arxa cəbhə» təzyiqinə və haqsızlığına dözümsüzlükdən doğur.

«Qaraqovaq çölləri» əsərinin yazılmasının səbəbi də məhz müəllifin Qarabağ qəhrəmanlarının, onlarla, bəlkə də daha çox Əfsun taleli —qəhrəmanlığın istehzalı aqibətini yaşayan gənclərin faciəsinə göz yuma bilməməsindən irəli gəlir. Müəllif əsərini ürək ağrısı ilə qələmə alsa da, nə yazıq ki, ədəbiyyat adına yazılacaq materiala çevirə bilməyib.

Qarabağ haqqında yazılan ən zəif, şablon, bayağı, patetik nitqlər və müəllif hay-küyündən ibarət mətnin təqdimi ədəbiyyatda Qarabağ mövzusunu bir az da nüfuzdan saldı…

«Əsərin qəhrəmanı Əfsunun obrazını yaradanda da ilk olaraq gözüm önünə Vətən uğrunda şirin canından, qızıl qanından keçən igid eloğlumuz Natiq Qasımov gəlib» - deyən müəllif bu sevdiyi qəhrəmanın dərdini bizə yana-yana və demək olar ki, ədəbiyyatın nəzəri qanunlarına boyun əymədən, ədəbi-estetik prinsiplərə məhəl qoymadan «qəhrəmancasına», kefi istədiyi tərzdə nəql edir.

Bir abzaslıq fikirdə on cümlədən beşi bir-birini məntiqi baxımdan inkar edir, hər obrazdan qoşa-qoşa yaradılıb (Məsələn, Sidqi müəllim və Zülfü müəllim).

Bədii əsərdə təbiət təsvirinin zəruriliyi-tövsiyəsinə əməl etmək xatirinə hadisələr və ovqata uyğun olmayan, yerinə düşməyən məqamda yay-qış, dağ-dərə, ay-ulduz, gecə-gündüz, yer-göy «anti»lərini təsvirə çəkən hazır, qəlib peyzaj görüntüləri ilə səhifələri «bəzəyib».

Məsələn, Əfsun bacısı Əfruz ilə dəyişmək üçün erməni əsiri gətirməkdən ötrü düşmən ərazisinə (Uz kəndinə) keçir. Kol-kosun arasında gizlənib Uz kəndinin sakinlərini izlədiyi
zamanda, qəhrəmanın ac-susuz, həyəcanlı, təşvişli, yorğun və hətta yuxulu halında onun təbiətlə təmas və ünsiyyətinə də meydan açır.

Təbiətin qısa bir vaxtda göstərdiyi şouya (küləyi, günəşi, yağışı, buludu, tozanağı – hamısı bir arada) kəşfiyyatçı qəhrəmanın reaksiyası təəccüblü göründü: «Fikrə dala-dala gözünün acısını almaq adıyla-gecəki yorğunluq, həyəcan və aclıqdan tamam keyləşmişdi – bir də o vaxt ayıldı ki, nəsə ustufca onu incitmədən üzünü yalayır.

Meh idi… Axşamın sərini onun müvəqqəti sığınacağına da gəlib çatmışdı. Demək, fürsəti əldən verib. Gümanınca, yuxulamasaydı, həm yerini dəyişə, həm də ətrafa göz qoya bilərdi.

Olsun ki, bu, hər şeyin göründüyü kimi olduğuna inanmamaq qədərində sadəlövh bir düşüncə idi, amma tərpənib heç nədən yerini nişan verəcəyi təqdirdə haralarda ola biləcəyini xəyalına gətirəndə hazırkı halına da şükür elədi. İndi yalnız su istəyirdi, su…

Sonra tozanqı yağış… Azcana islanmış torpağın düz-dünyanı bürüyən bənzərsiz ətri… balaca çobanın uzaqlarda yandırdığı gəvənin ərşə bülənd olan əyrim-üyrum tüstüsü… Dünya bu qədər gözəlkən, hər şeyin də ondan xəbər verdiyi bir vaxtda necə hissə qapılmaq olardı? Bu, bəlkə nəyəsə işarə idi?

Sonra yağış kəsdi. Buludları sanki qəfil qalxan külək pərən-pərən saldı. Gün üz göstərən kimi dünya bir az da gözəlləşdi. Meydan indi də göylərin lacivərd ətəklərinəcən ucalıb gedən əzəmətli dağlardan da yüksəklərdə gözə dəyən səma şahinlərinin idi. Sanki beş-on dəqiqənin qonağı olan yeddirəngin şərəfinə təntənəli büsat qurmuşdular; qıy vurur, can-dildən pərvaz edir, yorulmaq bilmədən enib-qalxırdılar.

Günəşin quruba yenməyinə hələ bir xeyli qalanda qara köhlən cıdırın o başında, yolun o biri üzündəki taxıl zəmilərinə meh elə bil daraqla tumar verirdi, yenidən peyda oldu» (? – İ.M.)

Və yaxud: «Az sonra gün batdı, qaranlıq çökməklə sanki göy üzünün tülünü də dəyişdilər. Sonra toran qovuşdu, şər qarışdı». Bu yerdə başını bulamayasan nə edəsən? Necə olur bu? — «az sonra gün batdı, sonra toran qovuşdu, qaranlıq çökdü, şər qarışdı»…

Aydınca görünür ki, bu «təsvirlər» doğulmur, ehtiyac duyulan yerdə, zərurətdən yaranmır, sanki, müəllif əvvəlcədən «tərtib edib» bir qovluğa yığdığı mənzərə materialından bala-bala istifadə edir.

Süjet çox bəsitdir: Qaraqovaqlı Qüdsi Əliybəylinin oğlu Əfsun Xabarovsk vilayətində orduda xidmət elədiyi zaman Qarabağda müharibə başlayır. Vətənində olmaq, mübarizədə yaxından iştirak etmək üçün bütün təhlükəni göz önünə gətirsə də qaçmaq qərarına gəlir. Ata-anası ölüb, özü ilə əkiz olan bacısı Əfruz erməni əsirliyindədir. Əfsun intiqam hissi ilə mübarizəyə başlayır, 3 il döyüşür, igidliklər göstərir, lakin «ordudan tərxis olunmaq barədə sənədlərini rayon hərbi komissarlığına təqdim etmək üçün özüylə gətirəndə tərif yerinə, qulağı ayrı avaz aldı: 17 saylı hərbi hissənin qarətçilərinə ölüm!» «Oğurluq», «Silah alveri», «düşmənlə sövdələşmə» kimi ittihamlara da hədəf olur. Bacısını əsirlikdən qurtarmaq, özünə ev-eşik qurmaq arzularının uğrundakı cəhdləri baş tutmur, qardaşı İmdad məhbus və dəlixana həyatı yaşayır və s.

Müəllif kitabın əvvəlində «Üç zəruri qeyd» adlı ön sözdə yazır: «Bircə yol da ağlımdan keçmədi, bu yazının dili, üslubu necə olacaq, janrı, həcmi, kimisə açacaq (? – İ.M.) ya yox? Necə gəldi, elə də yazdım… Səhv-düz, özümçün bircə onu ayırd eləyə bildim ki, Natiq (Əfsunun proobrazı – İ.M.) qəhrəmanlıq etmək, tarixə düşmək, şan-şöhrət qazanmaq barədə düşünmədiyinə görə yaddaşlarda qala, qəhrəman ola bildi». Qəribə məntiqdir…

Ədəbiyyatımızda yazıçı kimi özünü təsdiq edə bilməyəndə, zəif və diqqətdənkənar mövqe kompleksliliyindən qurtulmaq üçün bəzi yazarlar son bir cəhd kimi güclü bir qəhrəman, döyüşçü tapıb, girir onun qoluna və hamını (oxucunu, tənqidçini, bir sözlə, əsər haqqında düz söz demək istəyən hər kəsi) günahlandıra-günahlandıra ədəbiyyatın qapısını təpiklə açır, istedadsızlığını qəhrəmanının hünəri ilə ört-basdır etməyə çalışır.

Təbii, hər bir azərbaycanlı Qarabağ şəhidlərinin ruhu, veteranlarının varlığı qarşısında
Əlabbas
Əlabbas
müntəzir dayanmalı və hörmətlə yanaşmalıdır. Ancaq əgər söhbət ədəbiyyatdan, romandan, bədii mətn komponentlərinin düz işlənib işlənməməsindən gedirsə, əsərdəki obrazların prototipinin silahından və qəhrəmanlığından qorxmamalıyıq. Tənqidin obyekti bədii mətndir.

Əlabbas adlı yazarın ilk əsəri idi ki, oxuyurdum, əsər boyu bir xitabət kürsüsü və bu kürsüdə əsəbi, kövrək, tez-tez nədən danışdığını unudub çıxışının əvvəlinə qayıdan, əl-qolunu ölçə-ölçə qəhrəmanının haqqını tələb edən, onun vəkilinə çevrilmiş müəllifin ancaq özünü görür və səsini eşidirdim.

Özü yorulanda fikirlərindən bir qismini eyni ahəng, eyni leksikon və eyni standart cümlələrlə nümunəvi sovet müəllimlərinə – Sidqi müəllimə, Zülfü müəllimə, Səfurə müəlliməyə və Arsak müəllimə də dedizdirirdi. Həqiqət, ədalət, vicdan, mənəvi dəyər, ləyaqət, humanizm, vətənpərvərlik, dostluq, sədaqət, fədakarlıq və s. bu kimi kəlmələr dillərdən düşmür.

S.Rəhimovun «Mehman» povestində Məlikə müəllimənin son zəngdə Mehmana dediyi qulaqda sırğa olacaq tipik müəllim nəsihətlərinin bu əsərdə sayı-hesabı yoxdur. Ancaq faciədən-faciəyə yol ölçən Əfsunu həyatı boyu müşayət edən müəllim öyüdləri və tapşırıqları xoşbəxt edə bilmir. Və qəribədir ki, bu vətənsevər müəllimlərin yönləndirməsinin məğzi qəhrəmanlığa yox qəhrəmanlıqdan çəkinməyə səsləyir.

Zülfü müəllim Əfsuna deyir: «O adamlar ki, yaxşı-pis xalqın sözünü deyirdilər, onları da ələ aldılar. Birini qorxuyla, birini şantajla, digərini pulla… Bu günün naqis tərbiyəsi bizləri gətirib bura çıxardı. Vətən kəlməsi bu gün yalnız mənən zəngin olanların dilində böyük anlamda işlədilir. Qoy onlar da olsun on min nəfər. Əksəriyyət isə, sənin sözün olmasın, vətən deyəndə dörd divarının arasından başqa, heç nə düşünmür… bilirsən də onu? Yaponiya dəmir filizi sarıdan yer üzünün, bəlkə də, ən qıt ölkəsidi. Amma maşın və texnika avadanlıqları istehsalçısı kimi bu dəqiqə bütün dünyaya meydan oxuyur. Nəyin hesabına? Yalnız zəka sahiblərinin».

Sidqi müəllimin məktubu və Səfurə müəllimənin də müdaxilələri bu cümlələrin davamı kimi səslənir.

Əsərdə təhkiyə ustalığı və mətnaltı mənalar yox dərəcəsindədir. Müharibə və onun fəlakətlərini yaşayan insanların əhvalının, sarsıntı və faciələrinin spesifikası və bütün bu dəhşətlərin içindən sağ-salamat qurtulan insanlıq (saysız-hesabsız düşmən öldürən, ad, titul almaq üçün sənədlər toplayan qəhrəman olmasa da olar) məhz xilas olan və yanğınların, meyidlərin, uçuq-sökük evlərin, məzarların arasından, altından boy verib xilas olan, bəşəri dəyər meyarına əsaslanan insanlıq obrazı görünmədi.

Müharibə bəşəri mövzudur. Bu bəşəri mövzunu Qaraqovaq və qaraqovaqlıların qalmaqalı fonunda idarə etmək bəsit və primitiv yanaşmadan qaynaqlanır. Tərəflərin böyük və ya kiçik dövlət olmasından asılı olmayaraq müharibənin, müharibə ölkəsinin və müharibə insanının sənətkarlıqla işlənmiş obrazı görünmədi. Əlabbasın qəhrəmanı Əfsun itkilərdən, laqeydlikdən və haqsızlıqdan əzab çəkən fədakar, zəhmətkeş, mübariz insandır. Məlum məsələdir ki, Qələbə üçün təkcə dövlətin büdcəsi, ordusu, hərbi texnikası yetmir, ən böyük güc onun vətəndaşının içində olan ruh, mübarizə və qalibiyyət inadıdır. Amerika yazıçısı Con Ernest Steynbek yazır: «Xalq məğlub kimi yaşamaq istəmir. Vəhşi ordu döyüşü, azad xalq müharibəsini udur».
Qarabağda döyüşlər dayandırılıb, müharibə isə bitməyib…

Əsərdə sadəcə nifrət, etiraz və üsyan var. Təhlükəli və ciddi fəsadlar törədən problemlər bədii həllini tapa bilməyib.

Höte deyirdi ki, sənətkarın işi danışmaq yox, yaratmaqdır. «Qaraqovaq çölləri» əsərində məhz Hötenin dediyi yaradıcılığı görmədik, danışılan, anladılan hekayələr var. Anlatma prosesində isə texnika, metod və ifadə professionallığı ədəbi-estetik meyarlardan çox-çox uzaqdır.

Müəllifin aşılamaq istədiyi yeganə fikir dövlətin və cəmiyyətin ədalətsizliyi ucundan vicdanlı, namuslu bir insanın zərərli, kinli, qiyamçı birinə çevrilməsi ideyası ilə bağlıdır.
«Necə olub günün günorta çağı iri narıncı buldozeri bələdiyyənin ikimərtəbəli binasının altını üstünə çevirən görüblər. Kölgədə əyləşib çay içən adamlar, uçuq divarlar arasından yol tapıb vahimə içində ora-bura qaçışan yaralılara necə qorxu ilə tamaşa edirmişlər, rayon polis idarəsindən köməyə gələn günahsız mühafizəçilər birdən-birə atəşə necə məruz qaldılar, heç bir müqavimətə məhəl qoymadan ağır texnikanı tank kimi rayon prokrorluğunun lap qənşərinə sürüb kabinənin üstə qalxandan sonra hamının, axır-axırda tanıdığı Əfsun əlindəki qumbaranı binadan hay-harayla çıxıb başını siçovul təki hara gəldi soxmağa can atanların arxasınca necə tullayıb, deyibmiş:

— Məni öz vətənimdə, öz elimdə, düşməndən qoruduğum torpaqda da ev tikməyə qoymadınız! Alçaqlar! Cəlladlar! Qaniçənlər! Bu, İmdadın qisası! Bu, Əfruzun intiqamı! Bu, yerlə yeksan etdiyiniz evimin əvəzi!..»

Zamanın sosial-siyasi, mənəvi-əxlaqi ziddiyyətlərlə dolu diktəsi, onun dəyişən
İşğal olunmuş Şuşa
İşğal olunmuş Şuşa
insanlarının xarakteri əslində daha mürəkkəb və fəlsəfi konstruksiyalı roman materialı ola bilərdi.

Altı azərbaycanlı öldürüb, son nəfəsdə «Tüpürüm sizin mənfur simanıza!» — deyən Qarabağ döyüşçüsü Qarabağ müharibəsi mövzusunda yazılmış romanın baş qəhrəmanıdır…

Əslində hər bir xalqın dilinin ən gözəl bilicisi onun yazıçıları olur. Bizim yazıçıların böyük əksəriyyəti nəinki dilin incəliklərini, sözlərin çalarlarına görə işlənmə məqamını müəyyənləşdirə bilmir, hətta cümlə qura bilmir: «Bir allah şahiddi ki, elə bir qurğu icad olunsaydı ki, ürəkdən keçənləri oxuya bilsin. Həmin an oğlandakı qəfil dəyişikliyə səbəbin yalnız və yalnız kəsilən ömür olduğunu dərhal qeydə alardın — «Mübahisə təzədən qızışır, əlindən başqa heç nə gəlməyən adamlar bu dönə də dilinə güc verib sübuta çalışırdı ki, biqeyrət onu deyənin özüdü? «Hər şey, gerçəkdən də, oğlanın dediyi kimi, yeri-göyü yoxdan var edən kişinin əlində imiş; əvvəla, kimsənin gözləmədiyi halda, o, beş ildən deyil, iki ildən sonra geri döndü, özü də kök əhvalla, yaxşıdan yaxşı ovqatla…»

«Sən ordudan fərar etmisən». «Sinninin altmışı haqlamasına baxmayaraq, yavaşımış maarifçi bir saniyə bir yerdə qərar tutmaz, təhlükəli yollarla müəllimlərin maaşı dalınca pay-piyada gah rayona qaçar, gah əlləri işdən soyunmasın deyə az sayda şagirdlərini başına yığıb sözalan, adamsız yurd yerlərində nəsə qurub-yaradır, gah da onu qoşunların təmas xəttində, sərhədçilər arasında şeir oxuyan görərdilər». «Uzaqlarda şaxından ayrılan nəhəng budağın şappıltısı ardınca isə hansı canlanmasa zingiltisi aydınca eşidilirdi» və s.

Müəllif dilindən deyilmiş cümləyə diqqət edin: «O da durub-oturub, məlum səbəbə görə, dili uzunluq eləyir, harda düşdü, nə gəldi danışır, yekə-yekə qırıldatmağından da qalmırdı».

Bu məqaləni çox əzab çəkə-çəkə yazdım və hətta elə düşünürəm ki, tamamlaya bilmədim. Əlimdəki material köpük kimi idi. Heç nəyi tutmaq olmurdu…

Həmçinin oxu
ƏLABBAS "Qaraqovaq çölləri" (Romandan parça)
XS
SM
MD
LG