Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:44

İran-Azərbaycan sərhədində nə baş verir?


Foto: Arxiv
Foto: Arxiv
HƏRBİ GƏMİ VƏ KATERLƏR HARADA TOPLAŞIR

Son 2 gündə İranın hərbi gəmiləri Xəzərin Azərbaycan sərhədinə yaxın ərazidə toplaşmağa başlayıb.

Bu haqda xəbəri AzadlıqRadiosunun bölgə müxbiri Müstəcab Məmmədov verir. Onun dediyinə görə, mayın 24-dən İranın həm hərbi gəmiləri, həm də hərbi katerləri sərhəd yaxınlığında üzürlər. Həmin gəmilərin sayı əvvəlcə 3 olub:

«Az sonra 2 gəmi gedib, amma biri hələ də qalmaqdadır. Düzdür, bizim sərhədi pozmayıblar, öz ərazilərində manevr edirlər. Amma açıq-aydın görünür ki, orda dayanıblar. Dünən də, bu gün də ora baş çəkmişəm».

RƏSMİ AÇIQLAMA

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzinin mayın 25-də yaydığı məlumatda isə deyilənlərə belə aydınlıq gətirilir:

«İrana məxsus hərbi gəmilərin Azərbaycanın dəniz sərhədlərində düzülməsi və hərbi manevrlər etməsi barədə məlumatlar yayılıb. Bu məlumatların heç bir əsası yoxdur və təxribat xarakteri daşıyır».

Dövlət Sərhəd Xidmətinin məlumatında daha sonra deyilir ki, Azərbaycanla İranın dəniz sərhədlərində sərhəd mühafizəsi həmişəki qaydada həyata keçirilir. Xidmət və əməliyyat şəraitində heç bir dəyişiklik yoxdur.

İranın Azərbaycandakı səfirliyindən isə məsələyə münasibət bildirməkdən imtina etdilər.

VƏFA QULUZADƏ: «MƏN İNANMIRAM Kİ...»

Sabiq dövlət müşaviri Vəfa Quluzadə:

«Mən inanmıram ki, İran Azərbaycana hücum etsin, əsgəri müdaxilə etsin».

«Bu, İranın Azərbaycana növbəti əzələ nümayişidir». «Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə belə deyir.

Bir neçə il öncə İran təyyarələri, gəmiləri Azərbaycan sərhədini pozmuşdu. Amma o zaman Türkiyənin dəstəyi ilə bu məsələ qapandı. Elxan Şahinoğlu:

Elxan Şahinoğlu
Elxan Şahinoğlu
«Bu, mənə 2000-ci illəri xatırladır. O zaman da İranın təyyarələri Azərbaycanın hava sərhədini pozurdular. «Türk Yıldızları» Bakıda Azadlıq Meydanında bir göstəri düzənlədilər. Bununla da mesaj verildi ki, Azərbaycanın arxasında Türkiyə dayanır. Düşünürəm ki, Azərbaycanın yenidən bu dəstəyə ehtiyacı var».

Elxan Şahinoğluna görə, Azərbaycan həmin dəstəyi yenə də Türkiyədən alacaq. O, Azərbaycan prezidenti İlham Əliyevin ABŞ-da keçirilən NATO sammitindəki görüşlərini yada salır. Onun fikrincə, İran məsələsi Çikaqo sammitində bağlı qapılar arxasında müzakirə edilib:

«Təsadüfi deyil ki, Abdulla Güllə görüşdən sonra Türkiyənin Qara Qüvvələr komandanı Azərbaycana gələcəyi haqda xəbər yayıldı».

TƏBRİZ KONSULLUĞUNU MƏŞĞUL EDƏN MƏSƏLƏ

Bölgə müxbirimiz Müstəcab Məmmədov deyir ki, son günlər İran Azərbaycan quru sərhədində də problemlər yaşanmaqdadır. Azərbaycandan İrana gedənləri ciddi-cəhdlə yoxlamağa başlayıblar. Bunu AzadlıqRadiosuna adının çəkilməsini istəməyən bölgə sakinləri də təsdiqləyiblər.

Bir qədər əvvəl bu ölkəyə səfər edən iki Azərbaycan şairi Fərid Hüseyn və Şəhriyar Hacızadə də həbs olunub. Amma onlar haqda nə səfirlik, nə də Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat verir. İran səfirliyi sualdan yayındı. Amma XİN-dən dedilər ki, indi iki şairin aqibəti Azərbaycan tərəfini daha çox maraqlandırır və bütün işləri qırağa qoyaraq Təbriz konsulluğu bununla məşğuldur.

Elxan Şahinoğluna görə, bunlar da təzyiqin bir elementidir:

Vəfa Quluzadə
Vəfa Quluzadə
«Əslində İran bununla Azərbaycanı Qərblə ittifaqa sürükləyir. Buna qədərsə Bakı balanslaşdırılmış siyasət yürüdürdüsə, artıq bunun iflasa uğradığını görür».

İRANLA ƏLAQƏLƏRİ QORUMALI

Sabiq dövlət müşaviri Vəfa Quluzadə də bu fikirdədir ki, bugünkü gərginlik İranla münasibətlərin düzgün qurulmamasından xəbər verir. O, bəzi məsələlərdə güzəştin tərəfdarıdır.

Vəfa Quluzadə yada salır ki, sabiq prezident Heydər Əliyev İran faktorunu nəzərə alaraq İsraildə Azərbaycan səfirliyini açmamışdı. O hesab edir ki, Azərbaycan İranla əlaqələrini yenə də qorumalıdır:

«Amma bəzi məsələlərdə imtina edə bilərik, qurban verə bilərik. Milli maraqları yox, prinsipial məsələləri yox. Məsələn, İsraillə silah məsələsini başqa vaxta saxlaya bilərdik. İranın reaksiyasını nəzərə almalıydıq. İran daim İsrailin, ABŞ-ın təhdidləri altındadır. Bunları nəzərə almalıyıq. Mən məsləhət vermirəm. Mən inanmıram ki, İran Azərbaycana təcavüz etsin. Amma basqılarını davam etdirəcək».

Vəfa Quluzadə hesab edir ki, İranın aqressivliyi, Azərbaycana təhqiramiz münasibəti və Azərbaycanın olduqca sərt reaksiyaları münasibətləri gərginləşdirib. «Amma Bakı çalışıb milli mənafeləri qorumaqla beynəlxalq hüquq normalarından kənara çıxmamalıdır», - deyir politoloq.
XS
SM
MD
LG