Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 19:42

Zabit İlqar Verdiyevin övladları onun ölümündən xəbərsizdir [Video]


Zabit İlqar Verdiyevin uşaqları hələ də ona zəng edirlər...
Gözlə

No media source currently available

0:00 0:03:37 0:00

Zabit İlqar Verdiyevin telefonuna zəng çatmır...

«Bu nömrəyə zəng çatmır», Azərbaycan Ordusunun minaya düşmüş zabiti İlqar Verdiyevin ölümündən xəbərsiz azyaşlı uşaqları hələ də ona zəng etməyə davam edirlər. İlqar Verdiyev 7 gün əvvəl (iyunun 14-də) Goranboy rayonu istiqamətində minaya düşərək ağır yaralanıb, bir neçə gün sonra isə hospitalda vəfat edib.

«HAMININ HÖRMƏTİNİ QAZANMIŞDI»

Ölümünün 7-ci günündə zabitin yas mərasiminə qohumlarla yanaşı, keçmiş əsgərləri, onların valideynləri, hərbçi dostları toplaşmışdı.

«Hamının hörmətini qazanmışdı», deyə anası Rəna Verdiyeva sözə başlayır:

Rəna Verdiyeva
Rəna Verdiyeva
«Heç mən bilmirdim İlqar bu qədər hörmət qazanıb. Mən oğlumu öləndə tanıdım, o hadisə olanda tanıdım ki, İlqar nəyə nail olub yaşadığı müddətdə, işlədiyi müddətdə, qonşuda, qohumda, el arasında…».

İlqar Verdiyev 1975-ci ildə Bakıda anadan olub, 1992-ci ildə Türkiyə Cümhuriyyəti Quru Qoşunları məktəbində mühəndis-istehkamçı ixtisası üzrə təhsil alıb. O, uzun müddət Müdafiə Nazirliyi mətbuat xidmətinin rəis müavini vəzifəsində çalışıb. 2008-ci ildə isə Goranboyda yerləşən hərbi hissənin bölük komandiri təyin olunub.

Rəna Verdiyeva oğlu ilə söhbətlərini xatırlayır:

ƏSGƏRLƏRƏ KABAB VERƏN ZABİT

«Deyirdi paltaryuyan maşın almışam, hamam düzəltmişəm. Dedim ay bala, necə qızdıracaqsan? Dedi yayda «bak»ı qoyuram, qızır. Onlar tez-tez çimirlər, iş görürlər, tərləyirlər, iy gəlməsin. Gəlib orda çimirlər əsgərlər. Qışda aparırlar, qışda soyuq olur. Deyir «mən onlara öz cibimdən kabab vermişəm, mama».

İlqar Verdiyevin komandiri olduğu hərbi hissədə xidmətdə olmuş əsgər valideynləri də yas mərasimində iştirak ediblər.

Zabitin nənəsi
Zabitin nənəsi
«Əsgər anası deyir ki, İlqar mənim oğluma ata olub orda, qardaş olub orda. İlqar öz telefonunu verirdi oğluma, bizlə əlaqə saxlayırdı. Sonra da zəng elədi ki, ana, daha bu nömrəyə zəng eləmə, İlqar şəhid oldu».

Zabitin xalası deyir ki, Qarabağ münaqişəsi davam etdiyi müddətdə onun təqaüdə çıxmaq fikri də yox imiş:

NİŞAN TORTUNU QILINCI İLƏ KƏSİB

«Dedim, İlqar biz də səndən narahatıq axı. Dedi, xala, mən orda olmasam, sən evində oturub rahat çay içə bilməzsən».

İlqar Verdiyev Türkiyədə NATO-nun «Sülh naminə tərəfdaşlıq» proqramı çərçivəsində dil kurslarını bitirib. Rus, ingilis, türk dillərinə yiyələnib. «Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi» yubiley medalı və «Qüsursuz xidmətə görə» üçüncü dərəcə medalı ilə təltif edilib.

«Bu qılıncı Türkiyədə oxuyanda vermişdilər ona. Nişanında bununla nişan tortunu kəsib. O qədər sevirdi ki bu dövləti… Dedi, mama, mən qılıncımla kəsəcəm tortu», deyə anası xatırlayır.

İlqar Verdiyevin 2 oğlu, bir qızı var. Həyat yoldaşı Dilarə Verdiyeva deyir ki, ölüm xəbərini hələ ki övladlarına deməyə cürət etmir.
XS
SM
MD
LG