Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:44

«Cədvəldə talış dili var, amma keçilmir»


Foto: Arxiv
Foto: Arxiv
-
Astara rayonun Ərçivan kəndinin 3 orta məktəbindən yalnız birində talış dilini öyrədən müəllimə rast gəldik.

MÜƏLLİMLƏR TALIŞ DİLİNİN ÜSTÜNDƏ İŞLƏMİRLƏR?

Adının çəkilməsini istəməyən müəllim bizə bildirdi ki, talış dilinin keçirilməsi ilə bağlı onlara proqram verilib. Lakin bu dil lazımi şəkildə tədris olunmur:

«Cədvəldə var talış dili, amma bunu keçmirlər. Bunu verirlər ana dilinə, riyaziyyata. Görür, sinif geridə qalır, ona görə talış dilinin saatını başqasına verirlər».

Ərçivan kənd 3 saylı məktəbin müəllimi Malik Həsənov isə bu sahədə kifayət qədər problemlərin olduğunu deyir:

«Ümumiyyətlə, Azərbaycan məktəblərində, talış məktəblərində talış dili rəsmi qaydada keçilmir. Çünki müəllimlər ona ikinci dərəcəli iş kimi baxırlar. Halbuki, dövlət səviyyəsində o qeyri-azərbaycanlı şagirdlər üçün rəsmi şəkildə proqrama salınmış dildir. Amma ona biganə yanaşırlar. Çünki müəllim özü işləmir o dil üzərində».

Astara təhsil şöbəsinin əməkdaşı Əhmədağa Əliyev rayonda 63 ümumtəhsil məktəbindən 62-sində müntəzəm talış dilinin tədris edildiyini deyir. Onun bildirdiyinə görə, talış dilində olan dərsliklər azlıq təşkil edir. Sonuncu dəfə 2010-cu ildə 2-ci siniflər üçün 100 ədəd dərslik alınıb.

TALIŞLARIN SAYI AZALDILIR?

Rəsmi məlumata görə, Azərbaycanda milli azlıqlar ölkə əhalisinin 10 faizə yaxınını (9.4%) təşkil edir.
Talış qadın
Talış qadın
Bunlar ləzgilər, ruslar, ermənilər, talışlar, kürdlər, yəhudilər və digər millətlərin nümayəndələridir.

2009-cu ilin siyahıyaalınmasına əsasən, talışların sayı 110 min nəfərə çatıb. Onlar ölkənin cənub bölgələrində, əsasən Lənkəran, Masallı, Astara, Lerik rayonlarında yaşayırlar. Onlar məişətdə özlərinin talış dillərində, eləcə də Azərbaycan dilində danışırlar.

AZƏRBAYCANDA MİLLİ AZLIQLARIN SAYI

Astara rayon sakini, tarixçi Vaqif Məmmədov deyir ki, Rusiya imperiyasında da, Sovetlər dövründə də talışlara münasibət eyni olub. Həmişə talışların sayını azaltmağa çalışıblar.

O deyir ki, bu münasibətin kökləri indi də qalmaqdadır. Müstəqilliyin ilk dövrlərində Azərbaycanda yaşayan azsaylı xalqlar barəsində qanun verildi. Bu qanuna görə, azsaylı xalqların kompakt yaşadıqları ərazilərin məktəblərində o dildə dərs keçirilməlidir:

«Əslində talış dili rayon mərkəzindəki məktəblərdə keçilməlidir. Bunlar talış dilini rayon mərkəzindən uzaq kəndlərdə – Sımdi, Pəlikəşdi, Hamuşamdidə tədris edirlər. Oğlum orta məktəbdə oxuyur. Guya talış dili birinci sinifdən dördüncü sinfə kimi keçilir. Əslində tədris olunmur, ad var. Talış dili tədris olunmur. Jurnalda yazılır, amma başqa dərslər keçirlər».
AZƏRBAYCANIN TOLERANTLIQ NÜMUNƏSİ

Yevda Abramov
Yevda Abramov
Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, deputat Yevda Abramov deyir ki, Azərbaycan keçmiş sovetlər məkanında milli azlıqlara qarşı tolerantlıq baxımından ən münbit respublika olub. Heç kim burada milli mənsubiyyətinə görə sıxışdırılmır. Azərbaycanda vicdan, etiqad azadlığı yüksək səviyyədədir. Burada bütün milli azlıqların, o cümlədən də talışların hüquqları yetərincə qorunur:

«Mən talışlarla milli azlıqların hüquq konfranslarında da olmuşam. Heç vaxt da eşitməmişəm ki, Azərbaycanda kimsə milliyyətinə görə təhdid olunsun. Mənə elə gəlir ki, hazırda Azərbaycanda digər millətlərə nisbətən talışların çox böyük üstünlükləri də var. Öz dilləri, qəzetləri, orta məktəbdə ana dili dərsləri keçilir, dərslikləri var. Deputatların sayına gəlincə, maşallah, talışların sayı ruslardan, yəhudilərdən daha çoxdur».

Yevda Abramovun fikrincə, İsmayıllı rayonunun İvanovka kəndində rusların istəyi ilə dövlətin kolxoz təsərrüfatını qoruyub saxlamasını xatırlamaq kifayətdir ki, Azərbaycanda milli azlıqlara münasibətin səviyyəsi aydın olsun. Eləcə də Qubada yəhudilərin Qırmızı Qəsəbəsi, dövlətin öz hesabına tikdiyi sinaqoq və başqa milli azlıqlarla da bağlı sadalanacaq xeyli nümunələr də var.

«ƏZİYYƏTİ HEÇ BİR MİLLƏT DİGƏRİNDƏN AZ ÇƏKMİR»

Bu yaxınlarda «Tolışi sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov narkotik maddə ittihamı ilə saxlanıb. Hüquq müdafiəçisi Səidə Qocamanlı isə deyir ki, ölkədə hüquq pozuntusu var və bunun əziyyətini heç bir millət digərindən az və ya çox çəkmir. Azərbaycan milli, dini, irqi baxımdan həqiqətən də çox tolerant bir ölkədir.
Səidə Qocamanlı
Səidə Qocamanlı
Burada konkret olaraq hansısa milli azlığa qarşı hər hansı diskriminasiya hallarına yol verilmir. Xüsusilə də talışlara qarşı:

«Qonşu Ermənistanda bir nəfər də azərbaycanlı olmadığı və torpağımızın 20 faizinin işğal olunduğu halda hazırda Azərbaycanda 30 mindən çox erməni yaşayır. Çox düzgündür ki, heç kim onları milliyyətinə görə təhdid etmir. Ortada elə bir fakt olduğu halda, Azərbaycanda milli azlıqların-xüsusilə də talışların hüquqlarının pozulduğunu iddia etmək düzgün deyil. Çünki hazırda talışlar digər azərbaycanlılarla ən çox qohumluq əlaqələrinə malik olan-qız verən, qız alan millətdir».

Rəsmi məlumatlara əsasən, hazırda Azərbaycanda onlarla milli mədəniyyət mərkəzi fəaliyyət göstərir. Onların arasında Talış Mədəniyyət Mərkəzi, «Mada» Beynəlxalq Talış Assosiasiyası, «Avesta» Talış Assosiasiyası da var. Astara və Lənkəran rayonlarında talış folklor qrupları fəaliyyət göstərir.
XS
SM
MD
LG