Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 15:48

Azərbaycan vətəndaşı kim ola bilər?


Milli pasport
Milli pasport
1963-cü il təvəllüdlü İran vətəndaşı Aqşin Muradian 2003-cü ildən Azərbaycanda yaşayır. Deyir qanunla əcnəbi vətəndaş 5 il Azərbaycanda yaşayırsa, vətəndaşlıq almaq üçün dövlət orqanlarına müraciət edə bilər. Amma o, 9 ildir burada yaşamasına və Azərbaycan vətəndaşı olan xanımla evli olmasına baxmayaraq, vətəndaşlıq ala bilmir:

«2011-ci ilin noyabrından sənədləri toplamağa başladım. Nikah haqqında şəhadətnamə və digər sənədlər, hətta Azərbaycan dilini bilməyim barədə Təhsil Nazirliyindən arayış da aldım. Bunların hamısını dekabr ayında təqdim etdim Dövlət Miqrasiya Xidmətinə, qəbul etmədilər. Dedilər qeydiyyatınız, rəsmi iş yeriniz olmadığı üçün sizə vətəndaşlıq verə bilmərik. «Miqrasiya Mərkəzi» İctimai Birliyinin köməkliyi ilə sənədləri təkrar hazırlayıb poçtla göndərdim. Aylarla cavab vermədilər. Sonra qəbul şöbəsinə müraciət etdim, sənədlərimi qaytardılar».

Aqşin Muradian deyir ki, 2003-cü ildə İranı qaçaq yolla tərk etdiyinə görə geriyə qayıtmaq həyatı üçün təhlükəlidir. Azərbaycan isə nə onu üçüncü ölkəyə göndərir, nə də vətəndaşlıq verir. Halbuki, mövcud qanunvericiliklə vətəndaşlıq almaq üçün onun yetərincə əsasları var. Aqşin deyir ki, vətəndaşlığı olmadığı üçün onu işə də götürmürlər. Həyat yoldaşının ailəsinin köməkliyi ilə dolanmaqdan da artıq utanır. İran-İraq müharibəsində kimyəvi silahlardan səhhəti pozulan Muradian işə girə bilmədiyi üçün tibbi sığortasının olmamasından da əziyyət çəkdiyini bildirir.

QANUN NƏ DEYİR?

Aqşin Muradianın məsələsinə Dövlət Miqrasiya Xidmətindən gün ərzində aydınlıq gətirə bilmədik. Ancaq 1998-ci ildə qəbul edilmiş «Vətəndaşlıq haqqında» qanuna görə, Azərbaycan Respublikasının ərazisində son 5 il ərzində yaşayan və Azərbaycan dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs öz vəsatəti ilə vətəndaşlığa qəbul edilə bilər. Mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq. Yəni, bu maddələr Aqşin Muradianın Azərbaycan vətəndaşı ola bilməsini artıq şərtləndirir.

Qanunda o da yazılıb ki, Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş əsaslar və başqa əsaslar olduqda da şəxs vətəndaşlığa qəbul oluna
Əlövsət Əliyev
Əlövsət Əliyev
bilər.

ƏN PROBLEMLİ MƏSƏLƏ

«Azərbaycan Miqrasiya Mərkəzi» İctimai Birliyinin rəhbəri Əlövsət Əliyev deyir ki, «başqa əsaslar» fəxri vətəndaşlıq, prezident tərəfindən müstəsna hallarda elm, incəsənət xadimlərinə vətəndaşlığın verilməsi ilə bağlıdır:

«Ümumiyyətlə, Azərbaycanda vətəndaşlıq məsələləri ən pis tətbiq olunan, ən problemli məsələlərdən biridir. Hazırda Azərbaycanda 20 mindən çox insan öz vətəndaşlıq mənsubiyyətini müəyyən edə bilmir. 1988-ci ildə SSRİ pasportu ilə 3-cü ölkəyə gedib 1999-cu ildə Azərbaycana qayıdan 100-lərlə insan var ki, hazırda Azərbaycanda vətəndaşlığı olmayan şəxs kimi yaşayırlar».

Əlövsət Əliyev deyir ki, ikili vətəndaşlıq məsələsində də Azərbaycanda ciddi problemlər var. Belə ki, «Vətəndaşlıq haqqında» qanuna görə, Azərbaycan Respublikası öz ölkəsinin vətəndaşının başqa dövlətin vətəndaşlığına mənsubiyyətini tanımır:

«Məsələn, hazırda bir milyona yaxın şəxs həm Rusiya, həm də Azərbaycan vətəndaşıdır. Amma onların heç biri gəlib Azərbaycanda Rusiya vətəndaşı kimi qeydiyyata düşə və ya dövlət orqanları qarşısında məsələ qaldıra bilməz. Eləcə də Türkiyədə vətəndaşlıq almış şəxslər».

BEYNƏLXALQ KONVENSİYAYA DA QOŞULMAYIB

Əlövsət Əliyev deyir ki, Azərbaycan Respublikası nədənsə Vətəndaşıq haqqında Avropa Konvensiyasına qoşulmaqdan imtina edib. Ona görə də, hazırda ikili vətəndaşlıq məsələsi Azərbaycanda ciddi problem olmaqda davam edir. Halbuki, həmin konvensiyada ikili vətəndaşlığı olan şəxslərin hansı dövlətin qarşısında hansı məsuliyyətləri məsələsi daha ətraflı qeyd olunub.
Fazil Mustafa
Fazil Mustafa

TƏHLÜKƏSİZLİK MARAQLARI

Mili Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Fazil Mustafa isə mövcud vəziyyəti qanunlarda boşluq ilə əlaqələndirir. Deyir «Vətəndaşlıq Haqqında» qanunda konkret göstərilmir ki, vətəndaşlıq almaq istəyən şəxsin müraciəti hansısa müddətdən sonra mütləq təmin olunmalıdır. Deputatın fikrincə, bunun da səbəbi var:

«Vətəndaşlıq alma, eləcə də ikili vətəndaşlıq kimi məsələlərə dövlətin özünün təhlükəsizlik maraqları baxımından yanaşılır. Burada həmçinin başqa hüquqi xarakterli məsələlər də rol oynayır. Ona görə də, bu məsələlərin həlli subyektiv dəyərləndirməyə buraxılır qanunda. Yəni, müvafiq qurumlar vətəndaşlıq almaqla bağlı müraciəti müsbət və mənfi həll etməkdə müstəqilliyə malikdirlər. Bu, onların hüququdur. Kimsəni vətəndaşlığa qəbul edib etməmək barədə qərar qurumdaxili müzakirədən sonra verilir».

Fazil Mustafa deyir ki, rəsmi müraciət edən şəxsin bütün sənədləri qaydasında olsa belə, ona vətəndaşlıq verilə də bilər, verilməyə də. Amma dövlət qurumları daha çox verilməmək imkanından istifadə edirlər. Bu isə onlara qarşı heç bir məsuliyyət yaratmır. Çünki bu subyektiv mülahizəyə tabe olan məsələdir.
XS
SM
MD
LG