Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 08:41

«Rəis qardaşımın çənəsinə necə ilişdiribsə...»


Foto: Arxiv
Foto: Arxiv
-
AzadlıqRadiosunun «Qaynar xətt»inə Göyçaydan zəng vuran Bəxtiyar Tarverdipurun şikayəti Ucar rayon yol polisi şöbəsinin rəisindəndir. Deyir, qardaşı Mehman Tarverdipur iyunun 18-də axşam saatlarında «Qazel» markalı maşınla Göyçaya su daşıyan bir dostuna yol yoldaşlığı edərkən işə düşüb. Yolda onların maşınını yol polisi saxlayıb və bir sıra qaydaları, qanunları pozduqlarını sadalayıb. Sonra da sürücünü və Mehman Tarverdipuru rayon polis şöbəsindəki yol polis bölməsinə dəvət edib. Bu vaxt rayonun yol polisi rəisi Eldar Həsənov da «Hyundai» markalı yol polis avtomobilində olub.

«İŞ ÖRT-BASDIR EDİLİB»

Bəxtiyar Tarverdiyev deyir ki, qardaşının çənəsi yol polis rəisinin vurduğu yumruqlardan pis vəziyyətə düşdüyünə görə ağzını açıb kəlmə kəsə bilmir. Ona görə də, qardaşının başına gələnlərdən Bəxtiyar Tarverdipur özü danışdı:

«Rəis sükan arxasında olub, qardaşım da yanında oturubmuş. Arxada da polislər oturubmuş. Qardaşımın telefonuna atamdan zəng gəlib, atam bildirib ki, ananın vəziyyəti ağırdır, təcili evə qayıt. Qardaşım da deyib ki, bizi polisə aparırlar. Atam ikinci dəfə qardaşıma zəng vuranda, rəis əl atıb qardaşımın əlindən telefonu alıb. Qardaşım də telefonunu geri tələb edib. Rəis qardaşımız üzünə, gözünə yumruq zərbələri vurub. Çənəsini sıradan çıxarıb. Polis bölməsinə çatanda, görüblər qardaşımın vəziyyəti pisdir, çənəsi əyilib, rəis telefonunu qaytarıb. Deyib get, ancaq heç yerə şikayət etmə».

Bəxtiyar Tarverdipur deyir ki, qardaşı polis bölməsindən çıxandan sonra DİN 102 xidmətinə zəng edərək başına gələnlər barədə məlumat verib.

Hadisənin növbəti günü Mehman Tarverdipur xəstəxanaya yollanıb. Həkimlər bildiriblər ki, xəsarətlər barədə mütləq polisə məlumat verməlidirlər. Belə də ediblər. Polisə məlumat veriləndən sonra xəstəxanaya müstəntiq gəlib. Ancaq xəsarətlərin arxasında yol polis rəisinin dayandığı bəlli olanda, iş ört-basdır edilib. Bəxtiyar Tarverdipur belə deyir.
Orxan Mansurzadə
Orxan Mansurzadə

«TELEFONU RƏİSƏ UZADIB DEYİB Kİ, «BU ADAMLA DANIŞ»

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə deyir ki, məsələni araşdırıb:

«O ərazilərdə yol hərəkəti qaydaları tez-tez pozulduğu üçün yol polisləri mütəmadi reydlər keçirirlər. Həmin gün də reyd zamanı 23 DF 937 dövlət nömrə-nişanlı «Qazel» markalı mikroavtobus Ucar rayon polis şöbəsinin dövlət yol polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Səbəb sürücü Tural İbrahimovun avtomobilin işıq sistemindən düzgün istifadə etməməsi olub. Sənədlərə baxış keçirilərkən məlum olub ki, mikroavtobusun oturacaqları çıxarılıb və avtomobil təyinatı üzrə düzgün istifadə olunmur. Ondan yük maşını kimi istifadə olunur. Üstəlik, o da məlum olub ki, sürücünün yük maşını idarə etməsi üçün müvafiq kateqoriyası yoxdur. Yerindəcə inzibati protokol tərtib olunub və avtomobil cərimə meydançasına aparılıb. Bu vaxt sürücünün yanında olan Mehman Tarverdipur polis əməkdaşlarına mane olmaq istəyib. Öz telefonu ilə kiməsə zəng vurub və telefonu yol polis bölməsinin rəisi Eldar Həsənova uzadıb deyib ki, «bu adamla danış». Rəis telefonu söndürüb özünə qaytarıb. Mehman Tarverdipurun rəis tərəfindən döyülməsi, çənəsinin əzilməsi faktları və onun qardaşının dedikləri həqiqətəuyğun deyil».

Bəxtiyar Tarverdipur isə deyir ki, qardaşı Mehman Tarverdipur rəisin hərəkətlərindən rayon prokurorluğuna şikayət edib, Daxili İşlər nazirinə məktub yazıb.
XS
SM
MD
LG