Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:49

Azad Qaradərəli "Əstal" (Hekayə)


Azad Qaradərəli
Azad Qaradərəli
-
...Yenə həmin bina, həmin redaksiya, fəqət indi baş redaktor Sabir Əhmədli özüdür. (İndi soyadını belə yazırdı) Camaat əmisgilə, dayısıgilə, qardaşıgilə gedər, o da durub Sabir müəllimin yanına gəlib... özü də əliboş...


Azad Qaradərəli


ƏSTAL

(hekayə)


“Amin.
Mən iki poema öldürmüşəm.
Doğurmadan dəfn etmişəm.
Sən necə də oğlunun şıq gəzməyini,
Düz yeriməyini istərdin!
- Qalx, ana,
mən iki poema öldürmüşəm...
Rəhmət diləməyə,
goruna and içməyə
Əbədi xatirə olsun deyə...”

A.Voznesenski

“ Sındırırlar qapını. Basırlar, mən bu üzdən
var gücümlə saxlamağa çalışıram, qapının bir
taxtası qopur, oradan, yarıdan onları görürəm.
Sir-sifətlərindən qatillik yağır.”

Sabir Əhmədli,
“Kef” romanından.

“Birinci cümlə necə idi?”

Neçə müddət idi ki, bu suala cavab tapa bilmirdi. O, uzun illər ilk cümləni necə başlamağın əzabını çəkirdi. Yazı beynində hazır olsa da, o zəhrimar birinci cümlənin ucbatından əyləşib yaza bilmirdi. Yazmırdı, yazmırdı, bir də görürdü ki, həvəsi içində ölüb.

Ona belə gəlirdi ki, yazı prosesi, əsas da nəsr, itin, pişiyin kürsəyə gəlməsi kimi bir şeydi. Kürsək vaxtı o heyvanlar bu dünyayla deyil, tamam ayrı bir dünyayla bağlı olurlar. Yazı adamı da belədi. Gərək həmin o vaxtı əldən verməsin...
.
..Yadına uşaqlıqda gördüyü bir əhvalat düşdü. Aprelin axırları idi. İydə çiçəklərinin, qızılgüllərin ətri bağı-bağatı başına götürmüşdü.

Dostu Nadirlə Cuqqanın bağı deyilən yerdən adlayıb mərəvçə (onların kəndində qulançara belə deyirdilər) yığmaq üçün Qəlbi kövşənə gedirdilər. Yoncalığa çatmışdılar ki, bir dəstə it süpürləşə-süpürləşə təpildi bağa. Nadir it ölüsü idi deyə, it xılına tərəf cumdu. İtdən qorxsa da, istər-istəməz o da Nadirin dalınca bağa girdi.

Ona yaxın it haradansa gəlib çıxmış bir qancığın üstünə tökülüşmüşdü. Amma İsfəndiyar dayının Pələşi qancığı nə təhər qamarlamışdısa, o biri itlərə bir-birinə kərkinmək və qapışmaq qalırdı. Qəribəsi bu idi ki, artıq Pələş özü də qancıqdan aralanmaq istəyirdi, amma nə qədər çalışsa da, qancıqdan qopa bilmirdi, ya da qancıq onu buraxmırdı.

Nadir gülməkdən qəşş eləyərək əyilib Pələşlə qancığın cütləşməsinə baxır və deyirdi:

-Ə, bınnar kayfdadılar ki!

“...Bəs birinci cümlə necə idi axı?...”

...Cəmi dörd makina səhifəsi həcmində olan həmin hekayə artıq çapa hazırlanırdı. Sabir Əhmədov “Əstal”ı (hekayə belə adlanırdı) o ki var tərifləmişdi. Sevinə-sevinə demişdi ki, bu sənin bizdə çap olunan üçüncü hekayəndir. Yavaş-yavaş keç povestə, romana. Genişliyə çıx...

Uça-uça qayıtmışdı rayona.

Hər həftə əlləri əsə-əsə “Ədəbiyyat və incəsənət” qəzetini açar, hekayəsini görməyib məyus olar, gələn həftəyə kökləyərdi özünü. Aylar ötdü, “Əstal” çıxmadı ki, çıxmadı. Axırı dözməyib durub gəldi Bakıya. Qatardan düşüb birbaş Avakyan küçəsinə (o vaxt belə adlanırdı) - qəzetin doqquzuncu mərtəbədəki redaksiyasına yollandı.

Sabir müəllim onu həmişəki kimi gülərüzlə qarşılamadı. Hekayənin indiyəcən görmədiyi, səhifənin bir üzündə çap olunmuş, qəzetçilərin diliylə desək, “ottisk” variantını sərdi masanın üstünə. Qırmızı rəngli qələmlə xətt-xətt olmuş yazını iri əlləri ilə sığallaya-sığallaya dedi:

-Təzə baş redaktor qoymadı çap olunmağa...

Boğuq səslə soruşdu:

-Niyə?

-Deyir anti-sovet hekayədir...Tanıyırsan onu?

-Kimi?

Kişi hirslə:

-Nə kimi?! Şairi deyirəm də...

Sabir müəllim elə bil qocalmışdı. Romanlarında yerlə-göylə əlləşən bu kişi elə bil gücdən düşmüşdü. Siqaretini səliqə ilə sümürüb gülümsəməyə çalışdı, əlini saçına çəkib dedi:

-Fikir eləmə, mən belə şeyləri çox görmüşəm...

Sonra Sabir müəllim daha nələrsə danışdı. O isə onun dediklərini eşitmirdi. Gözünü qıpqırmızı rəngə boyanmış birüzlü qəzet səhifəsindən ayıra bilmirdi. Qulağına bıçaq səsləri gəlirdi...

...Avakyan küçəsi, Azərbaycan Nəşriyyatı, təzə baş redaktorun - şairin kabineti. Masanın üstündə ucu enli perolu “kitayski”, ”sovetski” qələmlər bircə anda dönüb ovxarlanmış bıçaqlara, mişarlara, dəhrələrə, baltalara... çevrilirlər.

Şair ən iri “bıçaq”lardan birini götürüb “Əstal”a yaxınlaşdı. Masanın üstünə uzadıb başladı kəsməyə. Qan vərəqlərdən sıçrayıb onun üzünə, oradan da Sabir müəllimin ağ köynəyinə sıçradı. Sabir müəllim dözmədi:

-Adını da şair qoymusan... O xırdaca hekayəni niyə o boyda qələm... eee... bıçaqla kəsirsən?

Şair isə bağıra-bağıra hekayəni qol-bud eləyirdi:

-Dayan görüm, ə! Mən bu məqamda şair-filan döyüləm... Mən indi Kamçatkadan Kalininqradadək böyük Sovet elinin məmuruyam! Qoymaram dana otaranın biri onun qanunlarına rişxənd eliyə! Bını elə doğram-doğram eliyim ki, yerində bir hərf nədi, heç vergül də qalmasın!

Xırhaxır xırıldayan kəsik başın çıxardığı səs bıçaq-mişar səslərinə, ”kitayski”, ”sovetski” peroların dəftər üstə çıxardığı səslərə qarışıb onun beyninə dolurdu...

...Əlləri əsirdi. Yıxılmamaq üçün Sabir müəllimin pencəyinin ətəyindən tutdu. Qan onun üzünə, sinəsinə yayılırdı.

-Ə, Sabir, ə bura gəlin... Bu uşağı qan apardı axı...

(Burada onun özündən başqa üç Sabir işləyirdi.)

...Dodağı iki yerdən partlamışdı. Qan dayanmaq bilmirdi. Həkim buz qoydu, dərman içirdi. ”Stressdəndi”,- deyib bir iynə də vurdu. ”Qanın gec laxtalanandır, hansı məşğuliyyət səni bu günə salıbsa, ondan gen qaç”,- deyib bir qırmızı onluğunu aldı və soruşdu:

-Bəs indi mən bura nə yazım? Hadisəyə səbəb nə göstərim?

-Yazın ki, it tutub.

Ağlına gələn cavabdan çox məmnun olmuşdu.

...Hekayə ortadan yadında qalmışdı. Cəmi dörd makina səhifəsinin birinci, ikinci səhifələrini elə bil yaddaşından siləcəklə silmişdilər. (Siləcəyi adətən məktəbdə qızlar düzəldərdilər. Bambazı parçanın içinə yun, yaxud pambıq yığar, qıraqlarını səliqə ilə tikərdilər. Bəzi qızlar hətta eləməyib tənbəllik, qırağına naxış da salardılar. Bu da riyaziyyatdan dərs deyən Telman müəllimi hövsələdən çıxarardı: ”Yazmağa can çəkirlər, pozmağa naxış salırlar”.) Diktofondakı lent yazısını bilərəkdən, yaxud bilməyərəkdən pozan kimi... Hə, axı o indi radio işçisidir. Lentin birini işlədir, o birini onun üstünə yazır, yəni pozur. İnsafən, o heç pozmur, yenisini yazır, sadəcə olaraq avtomatik pozulma baş verir. Bir dəfə başına qəribə bir iş gəlmişdi...

Məşhur bir cərrahdan müsahibə alırdı. Bu yerə-göyə sığmayan ağsifət, toppuş kişinin belə şeylərə sərf edəsi vaxtı olmasa da, saqqızını oğurlayıb birtəhər razı sala bilmişdi.

Kabinetə ayaq basanda onu ilk qarşılayan iri gözlü, yekəbaş bir it oldu. (Yenə it!) Kəndlərindəki Pələş boyda idi. Fərqləri o idi ki, Pələşin qulaqları kəsilmişdi, bununku yerində idi. Hərdən başını qaldırıb mırıldanırdı. Diktofonu işə salanda yarıkönül “bəlkə iti...” deyə mızıldansa da, həkimin narazı baxışlarını görüb xırp kəsdi. Axırı da o oldu ki, iki cümlədən bir it hürdü, özü də cərrahın sözləri ilə üst - üstə...

...Çıxışı təmizləyən operator qıza “itin səsini montaj eləyib atarsan” deyib girmişdi studiyaya. Qız gözünə döndüyüm də (təzə işçi idi) eləməyib tənbəllik, itin hürüşün saxlayıb, cərrahınkını pozmuşdu.


...Birinci cümləni tapa bilsə, qalanı yadına düşəcək. Tapa bilsə...

...Yenə atırdılar. Amma bu dəfə ayrı cürdü məsələ. Qrad susurdu, top başlayırdı, top susurdu, tank başlayırdı. Xəbər gəlirdi ki, mühasirə halqası yavaş-yavaş daralır.

Rayonun diribaşları için-için evlərini çıxarmışdılar. Onun da üstünə adam salmışdılar ki, evdən yatacaq- filan çıxarsın. Razı olmamışdı. ”Mən bu rayonun yeganə yazıçısıyam”,- demışdi: - “Mən evimi çıxarmağa çıxardaram, bəs torpaq necə olsun?”

Minnətə gələnlər başlarını bulayıb getmışdilər. ”Bəlkə əlyazmalarımı..?” Beynində dolaşan bu qəfil sualı da qovmuşdu. ”Torpağın yanında heç nəyin dəyəri yoxdur...”

Beləcə, rayon işğal olunanda quruca canlarını görürüb çıxmışdılar. Hər şeyi qoyub gəlmişdi - əlyazmalarını da, içi “Əstal” qarışıq...

...Yenə həmin bina, həmin redaksiya, fəqət indi baş redaktor Sabir Əhmədli özüdür.(İndi soyadını belə yazırdı) Camaat əmisgilə, dayısıgilə, qardaşıgilə gedər, o da durub Sabir müəllimin yanına gəlib... özü də əliboş.

Sabir müəllim ondan çox şey soruşdu, o da həvəssiz-həvəssiz danışdı. Sabir müəllim qəfildən dedi:

-“Əstal” yadındadı?

-Əvvəli yadımda deyil. İllah da birinci cümləsi tamam silinib yaddaşımdan. Ortadan qalıb yadımda...

“...Qış qəhər gəlmişdi. O qədər qarlamışdı ki, tövlələrin qapısını açmaq olmurdu.Yem tükəndiyindən kişilər növrəs böyürtkənin (böyürtkənin yarpağı çox, tikanı az olan növünə belə deyirdilər) qarını təmizləyər, oraqla biçib heyvana tökərdilər. Onda mənim 12 yaşım vardı. Babama çöl işlərində əl tuta bilirdim. Həmin qəhərli qış günündə babam iki iri çuvalı eşşəyin üstünə atıb məni də özü ilə götürdü. Babam qabağa düşdü, qarı yara-yara Səvəcir meşəsinə tərəf yollandıq. Buna yollanmaq demək olmazdı. Nədən ki, yol-riz yoxa çıxmışdı. Elə bil hər tərəf ağ şalla örtülmüşdü. Yox, ağ yox, bu ağ rəng deyil ki! Bu qar rəngidir; kədərli, vahiməli. Qəribədir, kəndimizdə çox sevdiyim bu qar, meşədə əsl vahimə, qorxu yaradırdı. Adama elə gəlirdi ki, hər yeri basıb-bağlayan bu göy cismi indi bizim də üstümüzü örtəcək. Əslində mən də, babam da, qara eşşəyimiz də ağappaq idik, amma hərəkət etməyimizdən bilinirdi ki, qarın hələ bizə gücü çatmayıb.

Nəhayət, Səvəcirə çatdıq. Bu meşədə palıd, vələs, (bizdə ulas deyirlər ) vən, yemişan, saqqız, qarağac, bir sözlə, hər cür ağac vardı. Amma ən çox palıdlıq idi bura.

Babam cibindən kağız, kibrit çıxarıb kolların arasından yığdığı quru ot-ələf və çör-çöplə ocaq qaladı. Sonra yanından asdığı dəsmaldakı pendir-çörəkdən hərəyə bir dürmək yedik. Babam iri palıd ağacını göstərib dedi:

-Çıx bu ağaca, amma ehtiyatlı ol, sürüşüb yıxılmıyasan. Bərk-bərk budaqları silkələ ki, qarı tökülsün.

Təpikləyib qarı tökdüm və gözlərimə inanmadım. Qarı tökülən budaqların üstündə yamyaşıl yarpaqlar görünürdü. Fevral ayında palıd necə yarpaqlaya bilərdi?

-Bu nədi, ay baba? Mən heç belə palıd yarpağı görməmişəm.

-Sən belə elə... Danışmağı sonraya saxla. O budaqları əlinlə qır, tök yerə. Qorxma, kövrəkdi, öz-özünə qırılasıdı.

Bir palıdda nə qədər yaşıl budaq var idi? Amma elə əlimi atan kimi qopub düşürdülər yerə. Növbəti qanada çıxanda hiss elədim ki, iri palıd qanadı dibindən qopur. Qurumuşdu deyəsən. Babam qanadın şaqqıltısını eşidib qışqırdı:

-Yavaş, a bala! Yadımdan çıxmışdı deyəm... Bu bitkinin adı əstaldı. Düşür palıdın budağının üstünə, sümürür, ağacın canını alır, qurudur. Palıd quruyur, əstal göyərir. İndi bax, o çıxdığın qanadı da qurudub, Gözlə, yıxılarsan.

Bir az aralıda bir palıd böyrü üstə uzanmışdı. Amma bu quruyub yıxılmış ağacın üstü yamyaşıl əstalla dolu idi.

Çuvalları doldurduq. İki bağ da ayıboğanla bağlayıb qoyduq çuvalların arasına.Yol boyu babam danışırdı:

-Bu əstal ki var, çox yağlı olur. Palıdın şəhdini, şirəsini sümürür axı... Heyvanları yaman kökəldir...

-Kolxoz sədrimiz kimi,- mən belə dedim, babam təəccüblə dönüb mənə baxdı:

-Nə?!

Yol boyu daha bir kəlmə də kəsmədik...”

... (Anam rayon sovetinin deputatı idi. Hər il xırman komissiyonunun sədri olurdu. Beş-altı tayını da bizə verdikləri kolxozun o boyda taxılının yarıdan çoxunu anamın qolu ilə satdırırdı sədrimiz. Babamın bu yekəqarın kişidən xoşu gəlməsə də o beş-altı taya görə susurdu. İndi mənim sözümə təpkisi o səbəbdən idi.)


...-Sən “Əstal”ı gör təzədən yaza bilsən, yaz gətir, çap eliyək.

İndi “Əstal” hayında deyildi. Amma neyləsin Sabir müəllim, bir söz deməli idi, ya yox...

Bircə anda yenə gözlərinin qabağını qan tutdu, təzə baş redaktor, onun kabineti, bıçaqlar, ”Əstal”ın doğranması, qan fışqırtısı... Sonra top səsi, tank səsi, qrad səsi... Meşədə qar vahimə doğuran kimi qan vahiməylə basırdı hər tərəfi... Elə bil göydən qar əvəzinə qan yağırdı...

...Üzünü tutub otaqdan tülyan çıxdı. Deyəsən, hansısa damarı partlamışdı; qan şırhaşır içinə axırdı.

Zəngilan-1978,
Bakı-2008
XS
SM
MD
LG