Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 14:56

Turac Zeynalovun atası: 'Gəlini aldadıblar'


Şuriyyə Zeynalov
Şuriyyə Zeynalov
Ötən ilin avqustunda Naxçıvan MR MTN-ninə çağırılan və müəmmalı şəkildə ölən Turac Zeynalovun atası Şuriyyə Zeynalov deyir ki, ona hədə-qorxu gəlirlər. Onu da, övladlarını da az qala hər gün MTN-ə çağırırlar:

«Bizə hədə-qorxu gəlirlər, deyirlər ki, barışın. Mən də deyirəm ki, mənim oğlumu niyə öldürüblər? Bu işi açın».

Bu günlərdə Turac Zeynalovun həyat yoldaşı Gülnar Ağayevanın internetdə «Mənim etiraflarım» adlı videoçıxışı yayılıb. O, həyat yoldaşının ölümündə rəsmi qurumları günahlandırmır. Turac Zeynalovun xəstəlikdən və etdiyi əmələ görə stressdən öldüyünü deyir.

Şuriyyə Zeynalovun buna münasibəti belə oldu:

«Gəlinlə mənim nə işim var? Övlad mənimdir. Bu işi açsınlar. Gəlini sadəcə Culfa MTN-i başdan çıxarıb, başını tovlayıblar. Mənim onunla işim yoxdur. Oğlumu niyə öldürüblər?».

Gülnar Ağayeva qaynı Ülfət Zeynalovla bağlı da fikirlər səsləndirib. Ülfət Zeynalovla söhbəti təqdim edirik.

- Onu nəsə aldadıblar, şirnikləndiriblər. Başqa səbəb yoxdur.

- Kim aldada bilərdi?

- MTN. Başqa kim olacaq?

- Sizin başqa ailə üzvlərinizə də təzyiqlər olurmu?

- Atama. Təzyiq deyəndə ki, onu çağırırlar ki, gəl, görüşək-filan. Atam da getmir. Təzyiq əlbəttə var. Mənə təzyiq etdilər, işdən çıxmaq məcburiyyətində qaldım. Biz başqa bir şey istəmirik. Sadəcə, qardaşımızın haqqını tələb edirik. Bəraətini istəyirik. Günahı varsa, sübut etsinlər, yoxdursa, bəraət versinlər.

- Gülnar Ağayeva həmin video müraciətində deyir ki, həyat yoldaşının dəri xərçəngindən və etdiyi əmələ görə stressdən öldüyünü indi dərk edib.

- Yalandır, özü də ağ yalandır. Onun etdiyi hansı əməldir? Etdiyi əməl varsa, hanı bunun sübutu? Niyə indiyə kimi göstərmirlər, üzə çıxarmırlar? Ağ yalandır. İkincisi, deyir ki, dəri xərçəngindən Türkiyədə müalicə alıb. O, Türkiyəyə işləmək məqsədilə gedib. O zaman heç Gülnar onun həyatında olmayıb. Ondan sonra Turac Türkiyə adı çəkməyib. Bu yalandan deyir ki, İranda müalicə alıb, Bakıda müalicə alıb, Türkiyədə müalicə alıb. Yalandır, hamısı uydurmadır. Gülnar kim tərəfindən öyrədilib, bəllidir. Nə oldu, dəri xərçəngi bunu elə 4 günə öldürdü? Dəri xərçənginə tutulan elə bir adamla rastlaşmışıqmı ki, 4 günə ölsün? Həm də bu, həbsxana şəraitində baş verir. Belədə, hər şey videoda görünür. Bəllidir ki, dəri xərçənginin heç bir rolu, əlaqəsi yoxdur. Videogörüntü də bütün saytlarda yerləşdirilib. Bədənində açıq-aşkar işgəncə əlamətləri var. Bu işgəncə əlamətləri olan videonu internetə yerləşdirən də birbaşa Gülnar özüdür. İndi də deyir ki, mən səhvimi başa düşmüşəm. Bəs yaxşı, sən niyə indi işgəncə əlamətlərini inkar edirsən? Niyə? Səbəbi məlumdur. Ona 100 faiz təzyiq var.

- Gülnar Ağayeva deyir ki, naxçıvanlı hüquq müdafiəçisi onun vəziyyətindən istifadə edib, onu mətbuata çıxmağa məcbur edib və bunun sayəsində xeyli pul da qazanıb.

Turac Zeynalovun YAP vəsiqəsi
Turac Zeynalovun YAP vəsiqəsi
- Gülnar şikayətə gələndə, Məlahət xanım (Demokratiya və QHT-lərin İnkişaf Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibovanı nəzərdə tutur - Ş.B.) heç burda olmayıb, onun xəbəri olmayıb. Gülnar şikayət edəndən sonra Məlahət xanım işə qoşulub. Gülünc şeylərdir. Guya, mən demişəm ki, sən müsahibə verməsən, Məlahət xanım ac qalacaq, işsiz qalacaq. Bu nə dərəcədə məntiqə uyğundur? Belə şey olarmı? Mən Məlahət xanımın müdiriyəm? Onun valideyniyəm, nəyəm, o cür söz deyim? Ağılsız, mənasız sözlərdir.

- Ümumiyyətlə, Məlahət Nəsibova bu işə necə qoşuldu? Sizin xahişinizlə, yoxsa öz təşəbbüsü ilə?

- Gülnarın və atamın xahişi ilə. Yəni, Məlahət xanım özü gəlib birbaşa bu işə qoşulmayıb. Bəli, hadisə baş verəndə, o, təsadüf nəticəsində gəlib hadisələri çəkmişdi. Amma sonra biz bir ara gözlədik ki, yəqin bəraət verəcəklər, qışqır-bağır salmadıq, sakitcə gözlədik. Gördük ki, biz gözlədikcə, bunlar üstümüzə gəlirlər, bizi günahkar çıxarırlar. Ondan sonra Gülnarla atam Bakıya gəlib şikayət etdilər. Onlar AzadlıqRadiosuna müsahibə verdilər. O zaman Məlahət xanım Gürcüstanda olub. Qayıdandan sonra onunla əlaqə yaratdılar, bu işə qoşuldu. Belə deyək, onların ilk müsahibələrindən mənim də xəbərim olmayıb. Mən işdəydim. Mənə MTN-dən zəng vurdular ki, atanla gəlin internetə çıxıb, nə qazandız? Dedim ki, heç nə qazanmadıq, sadəcə, haqqımızı axtarırıq.

- Vəkil Əshabəli Mustafayev deyir ki, gəlininiz məktub vasitəsilə şikayətini geri götürüb. Siz neyləyəcəksiz, şikayət edəcəksizmi?

- Atam təkrar Əshabəli Mustafayevə vəkalətnamə verib, bunun əsasında vəkil iş davam etdirəcək.

- Gülnar Ağayeva indi sizinlə yaşayırmı?

Gülnar Ağayeva
Gülnar Ağayeva
- Gedib atası evinə. 10-15 gün olar.

- İzahat verdimi niyə gedir?

- Səbəb elə bunu göstərdi. Yəni, bu fikirlər Gülnarın beynində 2 ay əvvəl yaranmışdı. İki ay əvvəl Məlahət xanıma mesaj yazmışdı ki, bu işdən nə qədər qazanmısan, gətir yarı bölək. Belə səhv addımları, səhv düşüncələri də olmuşdu. Bilmirəm bu düşüncələr haradan yarandı? Ancaq iki ay əvvələ qədər yoldaşının uğrunda ölümə belə getməyə hazır idi. Nə oldusa, bu 2 ayda oldu. Yavaş-yavaş Gülnar döndü, bizdən imtina etdi, bizi atdı, sonra da belə müsahibə verdi.

- Ola bilərmi ki, hansısa psixoloji problemlər yaşayıb, ya son 1 ildə baş verənlər onu yordu və belə qərar verdi?

- Maddi problemləri deyirsiz?

- Həm maddi, həm mənəvi.

- Heç bir maddi, mənəvi problem yaşaya bilməz. Mən heç vaxt övladımın üzündən öpməmişəm, onun övladını öpmüşəm. Öz övladıma almadığımı onun övladına almışam. Həm maddi, həm mənəvi baxımdan onu sıxıntı çəkməyə qoymamışıq. Hətta yenə də razı deyilik və olmayacağıq. Atdığı addıma baxmayaraq, qardaşımın, qardaşım balasının xatirinə onun arxasında duracağıq. Mən evimdə bir loxma yeyirəmsə, o da yeyəcək. Düzdür, onun hərəkəti bizi yandırır, təsir edir, ancaq düşüncəmiz belədir.
XS
SM
MD
LG