Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:36

Zamin Hacı. Qızdırmalı çiçəyin sayıqlaması


-

QIZDIRMALI ÇİÇƏYİN SAYIQLAMASI

"Qaranlıq" silsiləsindən

Bu ömürdən gecələrdi yadımda qalan,
Ağzımdadı qaranlığın zəhrimar dadı.
Gecələri nahaq yerə yaratdın, Allah,
Ürəyimi boşaltmağa yer tapammadım.

Gözlərimin yaşın içir, çətin kiriyər
Qumluqları suya həsrət kimsəsiz ada.

Qaranlıqda qulaq yumsa it səslərinə
Mələklərin qarğışına gələrmiş adam.

Qaranlığı məlhəm bilib od yarasına
Çəkildilər pərvanələr gözüm nurundan.
Yaman düşdüm, yol gedirdim əl havasına,
Ömrüm boyu qurtarmaram sözün torundan.

Bitdi hər şey, gecdi daha - çox sular axmış,
Ayda çıxmır işığından özümü asım.
Ulduzları göy üzündən qoparacaqmış
Qızdırmalı çiçəklərin sayıqlaması...
XS
SM
MD
LG