Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:48

Sevinc el Sevər. Sarı pişik uyuyur yatağımda... (Yeni şeirlər)


-

Sevinc el Sevər


ŞEİRLƏR


Yalnız deyiləm

yalnız deyiləm ki, bu dünyada
lap elə bu otaqda
pəncərəmdə çiçəklər var
nəfəs alırlar
mətbəximdə qarışqalar
hamam böcəkləri vanna otağında
sarı pişik uyuyur yatağımda
yalnız deyiləm ki, sevgilim...

quşların səsi durur
pəncərəmin ardında
qoyub getdiyin kimi
eyni quşlar
eyni nəğmələr oxuyurlar
yarpaqların xışıltısı da eynən belə
nə pəncərəm
nə də onlar
tərk etmədilər
yalnız deyiləm ki, sevgilim...

televizorun yerini dəyişdim
yatağımla da
süfrəmlə də üzbəüz oturtdum
akvariumda bir balıq əksildi
yenisini alıb suya buraxdım
çox keçmədən alışdı...
köhnə qoltuqları satdım
yerin çox da görünmədi, yəni...
yalnız deyiləm ki, sevgilim...

bir ağlar
bir gülərdim əvvəllər
artıq nə ağlayır
nə gülürəm
bir işə girdim
çalışıram
vitrinlərindən manekenlər əl sallayan
dükanların
pişiklərə ət tullayan qəssabların
süpürgəçi badamgözlü qadının
yanından ötürəm hər səhər
rəngbərəng maşınlar
yol verir
yolu keçmək istəsəm...

bir tində oturub dilənən
çocuğun saçlarını qarışdırıram
fıstıq satan yaşlı qadından fıstıq alıram
aramızdan bir-iki söz keçsin deyə
fıstıq istədiyimdən deyil...
kitab dükanına girirəm
iş çıxışında
marketə baş çəkirəm
evə gəlib çıxdığımda
şam yeməyini yeyib bitirmiş olur
bütün xoşbəxt insanlar
axşam yeməyinə gecikmiş biri kimi
tək-tənha otururam
masamın arxasında
şərab udumlayıram ki,
dərin yatım gecəni
o qədər dərin
səni belə görməyim yuxumda

başım elə bir qarışdı yalnızlığıma
çox sürmədi ardında buraxdığın acım
vicdanın ağrımasın.


Unutmaq istədiyim dünya

Unutmaq istədiyim dünyadı bu
Hər addımbaşı bir fotoyla qarşıma çıxır
Evimin içində
Divara söykənib dayanıb
Ordadı
Üyüdür tökür
Adını dəyişib televizor qoyub

əlimə aldığım romanlardadı
baxdığım filmlərdədi
multfilmlərdədi...

unutmaq istədiyim dünyadı bu...

mindiyim avtobuslarda radiodu
yenə ölümlərindən-itimlərindən danışır
aldığım çörəklər bükülən kağızlardadı
gözümə soxur
Suriyada güllələlədiyi adamların meyitlərini
Mənasız bir qəzetin üz səhifəsində.

Unutmaq istədiyim dünyadı bu
Hər addımbaşı özünü xatırladır
Qorxur ki, onu unudub yeni dünya taparam
Başqalarına da tanıdaram.


Ömrüm

Ömrüm mənim,
Səhər yeməklərindən sonra
yarımçıq qalan tikələrini yemək
Tələsə-tələsə hortladıb
yarım qoyduğun çayını içmək
Tər və eşq qoxusu çökən yastığını qucaqlamaq
Yorğanına bələnmək
Üstünə şəklini çəkdiyin
Döşəyinə sərilmək qədər
Heç nə xoşbəxt eləmir məni.

Ömrüm, səhər təlaşlarından sonra
Çıxıb getdiyində
Oyuncaqlarını töküb dağıtmış uşaq həvəsiylə...
Arxanda qoyduğun dağınıqlığa baxıram
Bir sonrakı səhərədək
O dağınıqlığı yığışdırmaq kimi
Heç nə xoşbəxt eləmir məni.

Hər axşam uşaqlara gətirdiyin
Qənimətlərin arasında
Öpüşlərini axtarmaq
Bir göz qırpımı qədər
Səni uşaqlardan oğurlamaq kimi
Heç nə xoşbəxt eləmir məni

Sən yeganə adamsan ki
Diş fırçalarımızı qarışdırdığına hirslənmirəm
Ömrüm, o qədər uzansın həyat
Dişlərimiz tökülənədək
Gecələr stəkanlara qoyduğumuz
protezlərimizi qarışıq salanadək...

sevgimizin uzanması qədər
heç nə xoşbəxt eləmir məni.
ən sevdiyim film
ən sevdiyim nəğmə
ən sevdiyim roman
bu qədər uzansaydı
bezərdim mən
ömrüm, cənnətdə belə darıxardım sənsiz.


Yay

Ey iyul, avqust gəlmədən bitirək hər şeyi
Bu mənasız kədəri
Içəri axıdılan yaşları...
Xatirələrlə döyüşməyi
Bir az da yayın dadını çıxardaq hə, nə deyirsən?

Yuxularıma girən köhnə kabusları,
“Onu neyləyim
Bunu necə eləyim” düşüncələrini
Qovmaq istəyirəm həmişəlik
Ey iyul, mənə kömək elə...
Qan tər içində oyandırdığın gecələrində
Başımın üstündə sayrışan mığmığalarınla
Sən ancaq qorxulu yuxularımı sonlandırmağı bacarırsan
Unutdurmağı yox.

Axşamlar atam hələ işdən qayıtmamış
Anamın əlimyandıya düşdüyü o zamanlarda
Mən də hiss edərdim hiss etdiklərini
Xörəyin üstünə cumar
Bir göz qırpımında əlini kəsər
Qolunu yandırar
Üstünə pomidor dağıdardı...
O bilirdi ərinin ürəyinə yol
Onun axşamlar qaynayan qazanından keçir...
Evlə bir elədiyimiz oyuncaqları
Qazanları
Qaşıqları
Təlaşla yığışdırmağımızı yalvarardı
Atamın ayağına ilişib
Anama hirsləndirməsin deyə...
O təlaş var indi içimdə, ey iyul
Avqust gəlmədən bitirməliyik çox şeyi...

Avqust gələcək,
Mən ona yalvaracağam bax elə beləcə, bilirəm...
Çünki səndən əvvəl iyuna yalvarmışdım...
Ey iyul, onda sən mənimçün təkcə bir şey elə
Elə et ki, mənim göz yaşlarımı heç kim görməsin
Keçmişlə,
Hətta ordakı uşaqlıq sevgilərimlə
hesabı həmişəlik bitirib
Yeni həyata başlamaq üçün
Uçan bir gəmiyə minib həmişəlik getməyə razıyam

Ey iyul, sən ürəyimi sıxdın
Dənizinlə, günəşinlə, qumunla
Heç bitməyəcək kimi görünən günlərinlə
Sən elə bil deyirsən:- başqalarının yaşadığı hər şeyi
Mən hələ indi yaşayıram
Həm də heç bir nəticə çıxartmadan...
Ey iyul, sən haqlısan,
Yığışdır ürəyimi sıxan hər şeyi
Qoy sentyabr gəlsin
Özüylə sərinlik
Bir də çoxlu yağış gətirsin...
Eybi yox, qoy heç nə təzələnməsin
Sadəcə təmizlənsin, vəssalam...
XS
SM
MD
LG