Keçid linkləri

2024, 15 Noyabr, Cümə, Bakı vaxtı 16:11

«Elə şərait yaradırlar ki, hamı kəndi qoyub qaçsın»


Arxiv foto
Arxiv foto
Qazaxın cəbhə xəttindəki Quşçu Ayrım kəndindən Nuru Hacıyev «Qaynar xətt»ə zəng vuraraq anasına məxsus evin az qala başlarına çökməsindən, evin təmir-bərpası ilə bağlı müraciətlərinə baxmayaraq problemin müsbət həllinə nail ola bilməmələrindən danışıb.

«Özüm Qarabağ veteranıyam, 30 manat təqaüd alıram. Evimiz başımıza uçur, dəfələrlə kənd icra nümayəndəsinə, Qazax rayon icra hakimiyyətinə müraciət etmişik, Bakıdan da komissiya gəlib baxıb, məəttəl qalıblar ki, bu evdə də adam yaşayar? Divarlarda güllə deşikləri, demək olar ki, evin damı yoxdur, qış gəldi, otaqlarda vedrə, vanna əlindən tərpənmək olmur, yağış evin içinə axır, biz bu şəraitdə yaşayırıq. Gəlirlər, siyahıya alırlar, gedirlər. Ancaq tədbir görmürlər. İcra nümayəndəsi 80 yaşında olan anama kağızlara qol çəkdirib, aldadıb ki, bura qol çək, evini təmir etdirəcəyəm. Anam da sevincək olub, qol çəkib. Ancaq nəticə yoxdur».

Nuru Hacıyev iddia edir ki, əlaqədar təşkilatlar qəzalı evləri siyahıya alıb onların təmiri adı altında büdcədən ayrılan pulları mənimsəyirlər.

Nuru Hacıyev: «Təkcə bizim evimiz bu vəziyyətdə olsaydı, dərd yarı idi. Kənddə 50-60 ev var, hamısı bu gündədir. Erməni mərmini atır, gəlir düşür 3-5 metrliyimizə, evlərimiz davam gətirmir. Bunları gərək təmir, bərpa etsinlər ki, camaat da kəndi qoyub qaçmasın. Belə getsə, bu kənddə adam qalmayacaq, hərə başını götürüb bir tərəfə qaçacaq. Bunların məqsədi nədir, kəndləri bu yolla boşaltmaq?».

EVLƏR NÖVBƏ İLƏ TƏMİR OLUNUR

Qazax rayon İcra Hakimiyyətinin Quşçu Ayrım kəndi üzrə icra nümayəndəsi Elman Nəsibov «Qaynar xətt»ə bildirib ki, kənddəki qəzalı evlərin bərpası və təmiri işləri növbəli qaydada aparılır.

Elman Nəsibov: «Respublika Bərpa Agentliyinin xətti ilə burda komissiya olub, o komissiya kənddəki evlərə baxış keçirib. O adamın yaşadığı evə də baxış keçirilib və yəqin ki, agentlik tərəfindən yaxın vaxtlarda tikinti materialları ayrılacaq. Tək bizim kənd deyil, başqa kəndlərdə də belə evlər var, bu işlər növbəli qaydada həyata keçirilir. Bu yaxınlarda bir yeri sökürdülər, mən Nuru Hacıyevi çağırdım, təklim elədim ki, gəl bu materialları götür, apar, evin üstünü hələlik birtəhər bərkit, tikinti materialları ayrılanda yenə material veriləcək, o isə razılaşmadı. Bununla belə, bütün evlər diqqətdədir, material ayrılan kimi evlərə paylanacaq».

İcra nümayəndəsi dedi ki, tikinti materiallarının ayrılacağı tarixi bilmir, növbənin Nuru Hacıyevin yaşadığı ünvana nə vaxt gəlib çatacağını da dəqiq deyə bilməz.
XS
SM
MD
LG