Keçid linkləri

2024, 09 Noyabr, şənbə, Bakı vaxtı 06:13

Tağı Şahbazi (Simurğ). İki qəm


-

Tağı Şahbazi (Simurğ)


İKİ QƏM

Qışın soyuqlu gecələrindən biri idi. Bir az əqdəm başlamış qar şiddətlə yağırdı. Külək də hələ davam edirdi. Biz kürsü başında oturub çay içməyə məşğul idik. Otaq isti, qabağımızda çay, özümüz də isti kürsüdə olduğumuz halda, otaqdan kənarda qar boranının nə mərəkə etdiyini heç də nəzərə almayırdıq, şirin söhbət edirdik. Bir də bizim dayı adlandırdığımız, ümumun məhəbbətini qazanmış Rəşid, uşaqlardan birinə üzünü tutub:
- Adə, bir bayıra bax gör, hələ yağırmı? - dedi. Qapıya yaxın oturan uşaqlardan biri cəld yerindən qalxıb otaqdan dişarı çıxdı və qayıdıb qarın hələ şiddətlə davam etməsini xəbər verdi. Dayı əlindəki stəkanı yerə qoyub bir öskürdü və dedi:
- Bu gecə mənim xatırıma Qurbanqulunun toy gecəsini salır, onda da belə bir qarlı, çovğunlu gecə idi.
- Qurbanqulu, dediyiniz kəndli deyilmi? - deyə müsahiblərdən biri dayıdan sordu. Dayı cavabında:
- Həmin kəndli, bizim kəndlidir, a kişi, Qara İsrafılin oğludur da. Külçə oğurlayan Fətinin qardaşı oğlu!
Uşaqlar Fətinin "ləqəbini" eşidən kimi güldülər, böyüklər də onlara baxıb balaca gülümsündülər.
- Yaxşı, kəndlilərdə qaydadır ki, yayda-baharda toy edərlər, Qurbanqulu bəs nə səbəbdən qışda toy etmişdir.
- Üç ay idi ki, adaxlanmışdı, dedi ki, mən yaya dayana bilmərəm, mən evlənmək istəyirəm, mənimçün indi toy ediniz. Labüddən toy etdilər. Qurbanqulunun adaxlanmağı, həm də təzə gəlin ilə əvvəl görüşü böyük nağıldır. Ay sənin canınacan, Qurbanqulu, - deyərək dayı güldü...
Biz hamımız birdən, - sən allah danış, axşamdan bizə vədə vermişdin ki, söhbət edəcəksən; indi bəs bu əhvalatı danış, - deyə Qurbanqulunun əhvalatını danışmağı dayıdan yerbəyerdən təvəqqe etdik. Dayı razı oldu və Qurbanqulunun hekayəsinə başladı.
- Qurbanqulunun atası və babası bizim kəndli olmuşlardır. Qurbanqulu çox işsevən bir cavan idi. Sübh hamı qonşularından ertə durub, oduna, biçinə, alağa, xıra, bağa gedərdi. Subay olduqda, çox vaxt çox iş olanda evə qayıtmayıb çöldə qalardı. Zərrə qədər qorxu-zad bilməzdi. Bunlarla işimiz yox, ancaq güclü, həm də hünərli bu cavanın iki eybi var idi; onu da Allah bieyib yaratmamışdı. "Dünyada heç bir gözəl yoxdur ki, onda bir eyib olmasın" - bu bizim dədə-babamızdan qalma sözdür. Amma hər cür olsa da Qurbanqulunun eyibləri üzdə idi.
Əvvəl bir gözü çiçəkdən kor olmuşdu, ikinci də burnu qəribə idi, belə ki, buna hamı "uzunburun", ya "taxtaburun", - deyə ad qoymuşdular. "Odunu kimdən aldın?" - deyə bir kəndli soranda, o birisi cavabında: "Uzunburun Qurbanquludan almışam", yainki: "Çəpəri sənə kim satdı?" - deyə bir-birindən sual etdikdə, əgər cavabında "Qurbanqulu" deyilsə idi, onda çəpər alandan sual olunacaqdı: "Hansı Qurbanqulu?" - çünki kənddə bir də "qazançı" oğlu Qurbanqulu, bir də "Uzunburun Qurbanqulu" var idi. Bir də "Boş Qurbanqulu" var idi. Bu, dördüncüsü idi. Bunu da onlardan fərq etmək üçün adının yanına bir "uzunburun", ya ki "taxtaburun" əlavə etmək lazım idi.
Kənddə Qurbanqulu hünəri və məhəbbəti sayəsində cümlə kəndin hüsn-rəğbətini qazanmışdı. Camaatdan ötrü doğrudan Qurbanqulu heç bir şeyini əsirgəmədiyi kimi, canından belə keçməyə hazır idi. Bir dəfə naxıra öz inəklərini ötürən uşaq kənd kənarında olan quyuya düşür. Qurbanqulu da quyunun yaxınlığında taxıl döyürdü. Birdən inəyin böyürtüsü bunun diqqətini cəlb edir. Qurbanqulu uşağı görər-görməz xırman çəkdiyi atı buraxır və quyunun yanına qaçır. Quyunun içində uşağın əllərini görür. Haman saat Qurbanqulu özünü quyuya salır və uşağı dalına mindirib quyudan çıxardır; uşağı balaca hala gətirəndən sonra yenə əvvəlki kimi öz işinə məşğul olur... Qurbanqulu həmişə xalqın xeyirxahı hesab olunardı. Zatən də belə idi. Nə qədər özünün xüsusi işi olsaydı, cümləsini camaat işindən ötrü tərk etməyə hazır idi. Bir gün camaat şəhərə - qubernatorun yanına dörd nəfər vəkil göndərmişdi ki, təvəqqe etsinlər camaatın hazırda təvanəsi olmadığından vergi pulunu verməyə bir, ya yarım il möhlət verilsin. Bu danışıqdan ötrü camaat məscidə yığılmışdı. Dərhal Qurbanqulu əhvalatdan müxbir olub, ərizəni şəhərə aparıb vəkillərə verməyi öhdəsinə götürdü və haman saat atına süvar olub yollandı.
Bir yerdə bir araba atını yıxılmış, ya bir araba oxundan və ya da çarxından sınan görsəydi, dərhal kömək edərdi...
Bəli, neçə müddət idi ki, Qurbanqulu subay idi və heç evlənmək məsələsini xatırına gətirməyirdi.
Bir gün anasına deyir:
- Ana, gəl sən məni evləndir, nə qədər subay qalacağam? Şəriətimizə gərək əməl edək.
Anası xoşnud olur, zira nə qədər Qurbanquluya təklif etmişdisə də, rədd cavabı almışdı... Anası da bu əhvalatı Qurbanqulunun bibisi şah Zeynəbə xəbər verir. Bunlar fıkirləşib, işi bu yerdə qoyurlar ki, qonşu kənddən Fərəc kişinin yetim qızını ona alsınlar. Fərəc kişigil yaxın kənddə sakin idilər; iki arvad almışdı ki, onlardan biri günülüyə davam etməyib, ikinci arvad alandan sonra o dünyaya köçmüşdü. O arvaddan iki oğlan, iki də qız qalmışdı. Qızların biri - ən böyüyü gözəl deyildi; qız həm çopur, həm də bir ayaqdan şikəst idi. O idi ki, nə qədər elçi Fərəcgilə gəlirdisə, hamısı kiçik qızı seçirdi, fəqət Fərəcin yeni arvadı bunu bilirdi ki, balaca qızın "müştərisi" çoxdur, ancaq böyüyü qabaqcadan başdan olmalıdır. Elçilər də böyüyü istəməyirdilər. Onda da Fərəcin arvadı deyirdi ki:
- Əgər balacasını istəyirsinizsə, dayanın, gözləyin, əvvəlcə böyüyü verək, sonra balacası sizindir.
Bir çoxları da vaqlən gözləyirdilər; bibi və ana məsləhət və məşvərətdən sonra Fərəcin balaca qızı olmasa, böyük qızını almağa qərar verdilər. Bu barədə söz yox idi ki, Qurbanqulunun rəyi sual olunmamışdı. Bir gün baldız, gəlin kitab açdırıb, xoş gün seçib qonşu kəndə yollandılar. Qızlar ikisi də evdə hazır idi. Böyük qız dərhal qonaqların hansı "qonaqdan" olduğunu duyur, qaçıb gizlənir. Yazıq qız bilirdi ki, onsuz da elçilər onu bəyənməyəcəklər... Xəmir gəldiyinə görə çörəyi yapmaq (bişirmək) lazım gəlir. Fərəcin arvadı əziz qonaqları təkid ilə saxlayır ki, çörək bişirilsin, təzə çörək yesinlər, sonra getsinlər... Qərəz, Qurbanqulunun bibisi nə üçün gəldiklərini Fərəcin arvadına təklikdə bildirir; Fərəcin arvadı böyüyünü verməyə, hər halda, razı olduqlarını məlum edir. Elçilər sözləşib evə qayıdırlar. Qurbanquluya xəbər verirlər ki, ona bir qız almışlar. Əvvəlcə Qurbanqulu kimi, necə qız olduğunu sual etmir.
Bir neçə gündən sonra üzük aparırlar; Fərəcin böyük qızı Qurbanqulu üçün alınır. Bir neçə vaxt keçəndən sonra, Qurbanqulu bibisindən, söhbət əsnasında adlısının necə qız olduğunu sual edir. Bibisi də tərifə başlayır: "Uzunboylu, qarasaçlı bir cavanə qız, özü də 19 yaşında, səndən də bir 8-9 il balaca - saçlı-birçəkli qız. Daha sənə nə lazımdır? Özü də işbacaran, işli-güclü; səhər tezdən xəmir yoğurub çörək yapar, inəkləri sağar, atları yemlər, qoyunları görər... Belə bir qızı sən daha tapa bilməzsən". Qurbanqulu razı olur, amma yenə bir görmək istəyir. Onda bibisi: "Xalqın qızını sənə necə göstərək?" -deyə məəttəl qalır. Qurbanqulu isə deyir ki, mən özüm gedib hasardan, qapıdan baxaram, bəlkə gördüm.
İttifaqən Qurbanqulunun bacısı azarlayır.
Məlum şeydir ki, kənddə həkim-doktor zad tapılmaz. Bir qədər "türkəçarə" edəndən sonra, belə məlum olur ki, guya Qurbanqulunun bacısı qorxmuş, ona görə bina qoyulur ki, qızı K. kəndinə aparıb çıldaqlasınlar, qorxuluğunu götürsünlər. Bu kənd də Fərəc olan kənddir ki, orada bir köhnə pir var. Bu pirə qorxmuşlan, naxoşları gətirib nəzir-niyaz edirlər.
Qurbanqulunun bacısını bu kəndə gətirmək lazım idi. Bir gün cümə axşamı idi; Qurbanqulu arabasını qoşub, anasını, bacısım mindirib həmin pir olan kəndə yollandılar. Fərəc kişinin evi pirin yolu üstündə vaqe imiş. Qurbanqulu arabanı evin yanından sürəndə, arabanın üstündən boylanıb həyətə baxır və həyətdə bir qız görcək: "Ana, söylə görüm, bu qızdırmı Tükəzban xanım?" - deyə sual etdikdə, anası da boylanıb Fərəcin balaca qızını tanıyırsa da, ancaq oğluna deyir ki, "o qız sənin adlındır". Bunu eşitcək Qurbanqulu şad olur ki, aldığı qız gözəl imiş. Yazıq nə bilsin ki, gördüyü qız onun adlısı deyilmiş... Pirdən qayıdandan sonra Qurbanqulunun da bacısı sağalmağa başlayır. Bir az müddət keçəndən sonra gəzməyə başlayır. Bu hində Qurbanqulu anasına xəbər verir ki, artıq gözləmək mümkün deyildir, indi bu saat evlənəcəkdir. Nə qədər buna təkid olurlar ki, toyu yayda etmək münasibdir, guya toyda qonaqları cəm edib pul yığmaq mümkün olar, Qurbanqulu razı olmur. Aşkar deyir ki, mən pullu toy etməyəcəyəm, ona görə də yaya saxlamağa ehtiyac yoxdur...
Bir ay bu əhvalatdan sonra toy edib Fərəcin böyük qızı Tükəzban xanımı Qurbanqulu üçün gətirirlər. Əhvalatın ləzzətli yeri bura imiş. Zifaf otağında təzə gəlini görcək Qurbanqulu təəccüb edib dala çəkilir: "Bumudur mənim üçün aldıqları qız?!" Halbuki, bir-iki ay bundan əqdəm bacısını pirə aparanda gördüyü qız ilə bunun heç oxşayışı yoxdur, fıkrilə: "Vay, mənim evimi yıxan, evin yıxılsın!" - deyib otaqdan bayıra çıxır və anası ilə, bibisi ilə davaya başlayır:
- Siz mənə bir gözəl qız almışdınız, bu qızın ki, bir gözəlliyi yoxdur, siz mənim evimi yıxdınız! - deyə şikayət edib ağlayır.
Bu halda Qurbanqulunun bacısı, otaqda tək qalmış təzə gəlinin yanına gedib, belə bir mənzərə görür: otağın bir küncündə gəlin dizlərini qucub ağlayır.
- Balam, nə üçün sən ağlayırsan, gəlinimiz? Qız cavab vermir, bir də sual etdikdə, gəlin:
- Məni bu kişiyə veriblərmiş, mən heç buna getmək istəmirəm, heç xoşuma gəlmir! - deyə ağlamaqda davam edir.
Təzə gəlinin bəyi bəyənməyib ağlamasından bəyi xəbərdar edirlər. Qurbanqulu bir çox fıkirdən sonra:
- Fələk yazanı biz pozmayacağıq ki: qismət belə imiş! - deyə otağa daxil olub, gəlinin əlindən tutub deyir: - Balam, nə sən ağla, nə mən ağlayım, bizim qismətimiz belə imiş. Sən də, mən də, ikimiz də bir dərdə, bir qəmə mübtəla olmuşuq, qoy bizi evləndirənlər şad olsunlar. İkimizin qəmi birdir.
Əhvalat bu yerə çatdıqda kişi dayandı. Bir azdan sonra ahəstə səslə:
- Hə, Qurbanqulu belə evləndi, - deyib qəlyanını kök etməyə başladı.
Uşaqlar yuxu ilə mübarizə edirdilər. Dayı dayanandan sonra xamuşluq oldu. Bir kəs bir söz deməyə sanki cürət etməyirdi.
- Görürəm uşaqların yuxusu gəlir. Uşaqlar, yatınız, sabah gecə sizdəyəm, yenə danışanq, - deyə kişi qalxıb qəlyanı çəkməyə bayıra çıxdı. Və bayırdan: - Soyuq daha da şiddət edir, aləmi qar bürüyüb, bizim xəbərimiz yox. - dedi.
Uşaqlar yatacaqlarına girdilər, bir saatdan sonra tamam ev yuxuya qərq oldu.

1914
XS
SM
MD
LG